adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Sentyabr 2018 23:27
9699
ƏDƏBİYYAT
A- A+

İYDƏLİ PİR


Firudin
Süleymanov


İydəli Pir, qulaqların səsdədir,
Qocalıbsan, ayaqların xəstədir.
"Kalba Nəsrin" görən neçə yaşı var,
Çox qocalıb yerişi ahəstədir.

İydəli Pir, keçmişlərin sədası,
Gedənlərin dərdi-qəmi, cəfası...
İllər keçir xəyalımdan getməyir,
O dağların qarı, çəni, səfası.

İydəli Pir, günlər necə ötüşür?
Çaylar kimi yollar necə görüşür?
Görən bir də görərəmmi mən səni?
Bu xiffətdən ürəyimə xal düşür.

İydəli Pir, gözün yolda qalmasın,
İntizarın, dərdin-qəmin olmasın.
Biz gələndə yolun-izin olacaq,
Biz getsək də çiçəklərin solmasın...

GƏL YUXUMA

Gəl yuxuma, gəl, anacan,
Gəl bircə yol görüm səni.
Göz-qaşına sığal çəkim,
Saçlarını hörüm sənin.

Gəl yuxuma, gəl, anacan,
Yuxuların sahibi yox.
Yeriyənin dərdi olmaz,
Yıxılanın sahibi yox.

Gəl yuxuma söhbət açım,
Sənsizliyin acısından.
Qohumların vəfasından,
Qardaşından-bacısından...

Gəl yuxuma deyim sənə -
Sənsiz qalıb o yurd-yuvan.
Həsrətinlə barışmadım -
Gəl yuxuma, gəl, anacan.

BİR GİLƏ DÜŞDÜ
OVCUMA...

Göz yaşlarımdan
Bir gilə
Düşdü ovcuma.
Buxarlanıb sözə döndü.
"Nə qədər
dərd olarmış
canda?!
Nə qədər
həsrət olarmış"
insanda?!
Bəlkə ona görə
soyumaq bilməyir
nə qədər
küləklər,
yellər əssə də,
Heç azalmaq bilməyir
gözlər
nə qədər
ağlasa da,
gülsə dəg

Haqq sözü...

1-ci şeir

Haqq sözü dildə gəzər,
Nahaq çaşar, üzülər,
İnanmırsan?
Mərc edək
Gəl haqq üçün ataq zər.
Nə qədər fırlatsan da,
qursan da min bir kələk,
Heç nə dəyişməyəcək...
Zərin bəxti belədir:
fırlanıb
"yenə haqqa" düşəcək.

2-ci şeir

Bir oyunçu
zərdən
şeş istəyirdi,
zər yek verdi.

Oyunçu
hirslənib
əhd etdi
öz sözündə,
diləyində-
dünyada
nə qədər
zər varsa,
alıb divar hörəcək
öz ürəyində...

3-cü şeir

Qəm-kədərə
çox ad qoyma,
onda
o da çoxalıb
gecələri
sənlə yatır,
gündüzləri
"ox" atır...

Minməsəm də kəhəri...
Minəmmirəm kəhəri,
Çünki yoxdur yəhəri.
Qazanc dərmana çatmır,
Boğmaq olmur qəhəri.

Minəmmirəm kəhəri,
Yolum hələ öndədir.
Dağlar məndən aralı,
Çaylar məndən gendədir.

Neyləyim ki taleyim,
Bəxtim belə yazılıb,
Yuxum belə yozulub:
Görməsəm də səhəri,
Minməsəm də kəhəri
Yormalıyam illəri...

Çalxanqala qalası

1-ci şeir

Qalxdım dağın zirvəsinə,
Vüqarına baxam mən.
Duman düşmüş qırova,
Baharına baxam mən.

Gördüm dağın bağrını
Palan kimi sökürlər,
Vüqarını daşıyıb
ətrafma tökürlər.

Dözəmmədim bu işə,
Canım düşdü təşvişə,
Dedim enim aşağı
Qorxdum ki, dağ sürüşə...

2-ci şeir

Yaralanmış dağam mən
Çökürəm dizim üstə.
Bu da belə taledir:
Yanıram közüm üstə.

Dərddən dağa çıxanlar,
Daha o dağ qalmayıb.
Qəlbi oda yaxanlar,
Daha ocaq qalmayıb...

Deyirəm görəsən...

Deyirəm görəsən
dünya böyükdür,
yoxsa mənim ürəyim?
Çəkə bilirsə,
çəksin dünya
başımdan keçənləri,
ürəyim çəkənləri.
Budur bircə diləyim.
Dünya böyükdürsə
ürəyimdən
nədəndir
qurtarmır
davası,
qırğını,
savaşı?
Nədən
bölünüb qurtarmır
pendiri,
əti,
yuxası,
lavaşı?
Niyə bu qədər azdı
dovğası?
Niyə belə çoxdur
yekəsi,
yekəxanası,
lovğası?
Yox,
ürəyimlə
bacarmaz
bu dünya
nə qədər
çalışa-vuruşa...

Qar yağdıqca...

Qar yağdıqca
Qara yağar,
Düşünürəm bayaqdan
Bu dünyada əvvəldən
Bilirsənmi
Qar hara yağmaz,
Hara yağar?
Dünyanın işləri
belədir, balalar,
Nə qədər
Qarı var,
Bir o qədər də
Ahu-zarı var...

Zəvvar kimi...
Mən yollarda yüyürən
Bir qocaman zəvvaram.
Yolum haqdan gəlibdir,
İstərəm haqqa varam.

Yapışdım həqiqətin
ətəyindən sarvan tək.
Gecə-gündüz bilmədim-
Gözüm ulduz axtardı,
Əllərimsə bir çiçək.

Bilirəm bu yolların
İntiqamı yamandır.
Dayanmaram bir an da,
Söyləmərəm: amandır!

Üstümə gecə gəlsə,
Səhralar çəksə haray,
Yol verməsə biyaban-
Nə karvanım dayanar,
Nə yorular bu sarvan.

Mən yollarda yüyürən
Bir qocaman zəvvaram.
Yolum haqdan gəlibdir,
İstərəm haqqa varam...
Başım belə qarışır...
Həm də zarafatyana

Uşaqlığım hardadır?
Axtarıb tapa bilsəm,
Anamın əllərindən
bir dəfə tuta bilsəm...

Cavanlığım hardadır?
Üz-üzə gələ bilsəm,
O gözəli soruşam...
O sözə gələ bilsəm...

Qocalığım hardadır?
Oturmuşuq yanaşı...
İndi mənəm dinləyən,
O durmadan danışır...
Danışar gecələrin
Bitməyən həsrətindən,
Danışar ürəyimin
Uzaq məhəbbətindən.

Qaytarar keçmişimi,
Axşam, səhər soruşar.
Sanki müttəhim kimi,
Nələr, nələr soruşar?...

Ayı ilə calayır,
Hər anımla savaşır.
Gah çarmıxa çəkir o,
Gah xəlvətcə barışır...

Gah da gedir harasa,
Bir gecəyə qarışıb...
İndi günüm belədir:
Gedir-gəlir danışır,
İşim çıxıb yadımdan,
Başım belə qarışır...

Nəfsinə sahib olan...

Nəfsinə sahib olan
Bəxtinə sahib olar,
Olmasa da Nəsimi,
Balaca Sabir olar.

Davası-haqq davası,
Savaşı bayraq olar-
Qılıncı söz tək kəsər,
Andı "ənəlhaqq" olar.

Yapışar zəmanənin
Yaxasından-buraxmaz.
Dağlar haraya gələr,
Şahə qalxar Xan Araz.

Quşlar da qanad salar
Bu söhbət bitməyincə,
Nəfsin-qəlbin davası-
Müsibət bitməyincə.

Yetməyincə o haqqa
Yatmayınca insanın
Qəlbindəki fırtına,
O dünyanın əlində
Bir ağılsız fırfıra...

Nəfsinə sahib olan
Bəxtinə sahib olar,
Olmasa da Nəsimi,
Balaca Sabir olar.

Görəydim...

Sevgisi dərya olan,
Nifrətini görəydim...
Ağrısı kitab olan,
Söhbətini görəydim...

Sakitcə baxan oğlan,
Şöhrətini görəydim...
Haqq söyləyən, qovrulan,
Qeyrətini görəydim...

Saçlarıyla oynayan,
Həsrətini görəydim...
Yeyən-içən, doymayan,
Qismətini görəydim...

Bu sevda dənizində
Bu sevda dənizində
Avar çəkən çoxdu, çox
Dalğaya sinə gərən
Aşiqlərsə yoxdu, yox...

Ədalətdən dəm vuran
Minlərlədir insanlar.
Qismətiylə oynayan
Divanələr nə arar...

Tufan mənə neyləyər,
O xəyalı görsəydim...
Həqiqətdən doymayan
Bir sevdalı görsəydim.

Bu sevda dənizində
Avar çəkən çoxdu, çox
Dalğaya sinə gərən
Aşiqlərsə yoxdu, yox...