adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Sentyabr 2018 23:19
23133
ƏDƏBİYYAT
A- A+

BİR ELİN TƏBİB OĞLU

Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist.

Pəncərədən çölə boylanıram. Axşamdan yağan yağış dayanıb. Bağda körpə otların üstündə şeh damcıları görünür. Xəfif külək ağacların budaqlarını oynatdıqca saralmış yarpaqlar qopub düşür. Dağlara payız gəlib, özü ilə qayğılar gətirib. Günəş üfüqdən boylanan kimi yollarda gediş-gəliş başlanır. Əkinçilər səpinə, bağbanlar məhsul yığımına çıxır, çobanlar qoyun-quzunu yaylaqdan endirib köçə hazırlıq görürlər
Yolum Çayruda, Lerikin abad kəndinədir. Maşın yamaclara qalxıb dərələrə enir. Bu yolu ilk dəfə rayon qəzetinin əməkdaşı olanda at belində getmişdim. 1951-ci ildə respublika Ali Sovetinə deputatlığa namizəd xalq şairi Süleyman Rüstəm yol çəkənlərlə görüşüb bu misraları qələmə almışdı:

Qəşəng talış qızları daş yığır, daş tökürlər,
Dodaqlarında nəğmə Çayruda yol çəkirlər.
Fəxr edirəm dağların qəşəng gözəlləriylə
Can verir dilsiz daşa onlar öz əlləriylə.

Çayrud ağsaqqalları, ağbirçəkləri, ziyalıları, elm və incəsənət adamları ilə tanınır. Bir əsrin dizini qatlayan Həsrət Məlikov, Fazil Rzayev burada ömür sürüblər. Kolxoz sədri Hacı kişi kənddə nadir ağaclardan park saldırıb. Onun davamçıları parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə abidə ucaldıblar. Kənddəki varlı təsərrüfata rəhbərlik edən Şirzaid Əliyev respublika Ali Sovetində Piran elini təmsil eləyib. Qardaşı Nemət müəllim Lerik təhsilinə rəhbərlik etdiyi dövrdə yaddaqalan işlər görüb. Rayonda ilk yerli həkim qadın, tibb elmləri namizədi Balanaz xanım Kəlbiyeva Çayrudda doğulub. Gülağa və Arifə Rüstəmovlar, Əlihüseyn və Zahidə Siyabovlar, Baxşıəli Seyfullayev, Nəriman Rəfiyev, Əli Əlicanov, Mirzə Rzayev, İbadulla Qulamov, Bəyiş Hüseynov təcrübəli pedaqoqlar olublar. Bu kəndin yetirməsi Baba Rzayev Moskvada Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra Lənkəran Dövlət Dram Teatrının baş rejissoru işləyib.
Yeniyetmə yaşlarımdan tanıdığım xeyirxah insanlardan biri Çayrudda sayılıb seçilən ağsaqqal, meşələrin etibarlı keşikçisi Qasım əmi olub.
Xatirə. Üç il olardı ana-bala köçüb Cəngəmiran kəndinə gəlmişdik. Altıncı sinfi bitirmişdim. Yay tətilində qışın tədarükünü görürdük. Düşdüyümüz evin sahibinin oğlu Qulamla (o, yaşca məndən böyük idi) meşəyə odun gətirməyə getmişdik. Təzəcə ağacın budağını kəsib doğrayırdıq. Meşəbəyi Qasım əmi başımızın üstünü kəsib baltaları əlimizdən aldı. Qulamı tanıyırdı. Dayısı Davudla arası sazdı. Üzünü mənə tutub:- Oğlan, sən kimlərdənsən?- soruşdu.
-Zuvandın Təlbəyəğ kəndindənəm, Cəngəmirana köçmüşük.
-Albaba kişinin nəyisən?
-Mən Albaba dayını görməmişəm, adını eşitmişəm. Anamın əmisi olub. Qazamatda ölüb.
Araya ani sükut çökdü. Yaxınlaşıb qolumdan yapışdı, başıma sığal çəkdi və sözünü tamamladı:
-Mərd kişiydi Albaba. Lerikdən tutmuş Yardımlıya kimi dostu-tanışı vardı. Duz-çörək kəsmişdik. Bir nakişinin böhtanına qurban getdi.
Qasım əmi baltaları bizə qaytardı. Odunu doğrayıb kiçik arabaya yüklədik. Yola düşəndə mənə tapşırdı:
-Odun lazım olanda yanıma gələsən. Ağac kəsmək günahdır. Sənə verməyə quru odun tapılar.

***
Aradan illər keçdi. Qasım əminin ailəsi ilə tanışlığım başlandı. Üç qız, bir oğlan atasıydı. Oğlu Mirzəcan məndən iki yaş böyük idi. Yeddillik təhsilini kənd məktəbində almışdı. 1952-ci ildə Lənkəran Tibb Məktəbinə tərifnamə ilə imtahansız qəbul olunmuşdu. Texnikumda oxuduğu illərdə fitri istedadı, işgüzarlığı, hadisələrə çevik münasibətilə tələbə dostlarının hörmətinin qazanmışdı. Məktəbi fərqlənmə diplomu ilə bitirmişdi. Təhsildaşları boya-başa çatdıqları rayonlara dönüb işləməyə başlamışdılar. Mirzəcan orta təhsillə kifayətlənməmişdi. 1955-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdu. Qrup yoldaşları elə onu ilk aylardan çalışqan, elmə daha çox meyl göstərən , sadə və səmimi tələbə kimi tanımışdılar. Tələbə elmi cəmiyyətində çıxışları professorların diqqətini çəkmişdi.
Mirzəcan Səfərov institutu qurtaranda çoxları onun elm dalınca gedəcəyini, gələcəyin alimi olacağını gözləyirdi. Ancaq o, praktik işi seçdi, rayona qayıtdı. Səhiyyə şöbəsinin rəhbərliyi Kirəvud kənd xəstəxanasının baş həkimi işləməyi təklif elədi. Bu təyinatla razılaşdı. 1961-ci ilin yayında ilk əmək fəaliyyətinə başladı.
Kirəvud ərazisindəki yaşayış məntəqələri bir-birinə yaxın olsa da , yolları narahat idi. Nəqliyyat çətin işləyirdi. Gənc həkim çağırışlara ya at belində, ya da piyada getməli olurdu. Yağışlı, qarlı günlərdə gediş-gəliş daha çətinləşirdi. Mirzəcan bu çətinliyə uşaqlıq çağlarından alışmışdı, bərkdən-boşdan çıxmışdı. Birinin başı ağrıyan kimi özünü çatdırırdı. Böyük ərazisi olan Nücünün əhalisi də bu xəstəxanaya ayaq açmışdı. Gündə qəbuluna neçə-neçə xəstə gəlirdi, müayinədən keçib məsləhətlər alırdı.
Veri Lerikin əhalisi çox olan ərazi vahididir. Kəndlər meşələrin ətəyində, dağ yamaclarında salınıb. Ötən əsrin əllinci illərində iki kənddə feldşer məntəqəsi fəaliyyət göstəriridi. Yerli camaatın təşəbbüsü, kolxozun vəsaiti ilə bağlar qoynunda xəstəxana tikildi. 1965-ci ildə Mirzəcan Səfərov öz xahişi ilə bu sağlamlıq ocağına baş həkim təyin olundu. Təzə iş yeri həkimin doğma kəndinə yaxındı. Cəngəsər dağının bu üzündə Çayrud, o biri üzündə Veriydi. Adamların çoxu baş həkimi tanıyırdı, dərdlərini ona deməkdən çəkinmirdi. Palatalar avadanlıqla təchiz olunmuşdu, xəstələrin müalicəsindən ötrü yaxşı şərait yaradılmışdı. Həkimin analara verdiyi məsləhətlər səmərəsini göstərdi. Bu ərazidə uşaq ölümü xeyli azaldı.
Ömrünün yarım əsrini meşələrin qorunmasına həsr etmiş Qasım əmi 95-i haqlamışdı. Həyatda arzularına çatmışdı, bircəciyi qalmışdı: oğul toyu görmək.Kənddə gözəllər çox idi. Mirzəcan həkim Bilal kişinin qızı Zəhra xanımı seçdi, evləndilər. Allah onlara beş övlad verdi: Fikrət, Sevil, Təranə, Sevda, Elazə. Ayaqları sayalı oldu. Ailə təzə evə köçdü. Bu ocaqdan nəvə səsi eşidildi.

***
Çayrud kənd xəstəxanası Lerikə işləməyə gələn təbiblər üçün təcrübə məktəbinə çevrilmişdi. Kamilə xanım Əliyeva, Xanoğlan Şıxəliyev, Akif Kəlbiyev, Hacımirzə Hüseynov, Şahmirzə Xəlilov ilk əmək fəaliyyətinə burada başlamışdılar. Onlar sonralar rayon mərkəzində, respublikanın iri sənayə şəhərlərində çalışdılar, bacarıqlı təbiblər kimi ad-san qazandılar.
1972-ci ildə Mirzəcan Səfərov fəaliyyətini bu xəstəxanada baş həkim kimi davam etdirdi. Müəssisənin maddi bazasını möhkəmləndirmək üçün rayon təşkilatlarına müraciət elədi. Xəstəxanaya yol çəkdirdi, əlavə otaqlar tikdirdi. Az keçmədi təcili yadım maşını almağa müvəffəq oldu. Həkimlərə ehtiyac rayon rəhbərliyi tərəfindən nəzərə alındı. Tibb İnstitutunu bitirən gənc həkimlər Çayruda təyinat aldılar. Xəstəxana rayonda ikinci böyük sağlamlıq ocağına çevrildi, 12 kəndin əhalisinə xidmət göstərdi, səhiyyə maarifinin təbliğində dönüş yarandı, həkimlərin söhbətləri maraqla dinlənildi.
Astaralı Sultan Məmmədov Lənkəran Tibb Məktəbində Mirzəcan Səfərovla təhsil almışdı. Sultan müəllimin tibb sahəsində işləməsi çox çəkməmişdi. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra rəhbər vəzifələrə etimad göstərilmişdi. Astara Rayon Partiya Komitəsinin katibi, rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmişdi. 1980-ci ildə Lerik Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Həmin dövrdə rayon mərkəzi xəstəxanasının rəhbərliyini möhkəmləndirmək zəruriyyəti yarandı. Bu vəzifəyə namizədlərin fəaliyyəti nəzərdən keçirildi. Mirzəcan Səfərovun göstəriciləri rəhbərliyi razı salırdı. O, "Şərəf nişanı" və "Oktyabr inqilabı" ordenləri ilə təltif olunmuşdu, rayon Sovetinin deputatı, ali dərəcəli terapevt həkimdi. İki dəfə respublika Həkimləri Təkmilləşdirmə İnstitutunun müdavimi olmuşdu.
Rayon Partiya Komitəsinin təqdimatı ilə Mirzəcan mərkəzi xəstəxananın baş həkimi vəzifəsinə məsləhət görüldü. Respublika Səhiyyə Nazirliyində təqdimat bəyənildi. Beləliklə, bacarılqlı təşkilatçı təbib daha bir məsul vəzifəni daşımağa başladı və etimadı doğrultdu. Bu vəzifədə "SSRİ səhiyyə əlaçısı" döş nişanına layiq görüldü.
Mirzəcan Səfərov Çayrud kənd xəstəxanasına yenidən qayıtdı və Piran elinin sakinlərinin xidmətində dayandı. 1988-ci ildə onu SSRİ həkimlərinin qurultayına nümayəndə seçdilər. Qurultayda ölkənin hər yerindən cərrahlar, uroloqlar, travmatoloqlar, terapevtlər, ginekoloqlar iştirak edirdilər. Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Mirməmməd Cavadzadə də vardı. Akademik Mirzəcan həkim haqqında xatirələrində yazır: "Günlərin birində fasilə zamanı Mirzəcan mənə yaxınlaşıb dedi ki, mən rus dilini yaxşı bilsəydim xitabət kürsüsündən deyərdim ki, bizim problemlərimiz bu ali məclisdə həll olunmalıdır. Nədir sənin problemlərin?- deyə soruşdum. Mirzəcan həkim bizi daim düşündürən, həlli çətin olan problemləri gündəmə gətirdi. Mən onda bir daha onun həkimlik potensialına, məğrurluğuna məftun oldum".
Yadımdadır, 1974-cü ildə Kiyev Gerentologiya İnstitutunun əməkdaşı uzunömürlülərlə tanış olmaqdan ötrü Lerikə gəlmişdi. Yaşlı insanların həyat tərzini yaxşı bilən, bu sahədə uzun illər müşahidə aparan Mirzəcan həkimlə Barzavu kəndində görüşdü. Həkim müşahidələri barədə qonağa elmi əsaslarla məlumat verdi, bizim bölgənin adət-ənənələrindən, təbiətindən, yeməklərindən söhbət açdı. Həmin il rejissor Eduard Davidoviç Azovun "Uzunömürlülər diyarı" filmində bir neçə kadr Çayrudda lentə alındı.
2006-cı ildə Mirzəcan həkimin avtobioqrafiyasına daha bir əlamətdar hadisə yazıldı. Rayonun tibb ictimaiyyəti, Çayrud kəndinin ağsaqqalları və ziyalıları anadan olmasının 70 illiyini qeyd etdilər. Ünvanına yaxınlardan, uzaqlardan təbrik məktubları, teleqramlar gəldi, zənglər vuruldu. Övladları, nəvələri, qohum-əqrəba, dost-tanışlar bir yerə cəmləşib yubileyi qeyd elədilər.
Yubileyindən bir ay keçməmiş həkimin həmyerlisi Əjdər Kazımovun "Dağların təbib oğlu" kitabı çapdan çixdı. Mirzəcan Səfərovun şərəfli ömür yoluna həsr edilmiş nəşrdə həkim haqqında xatirələr, sənədlər, həyatın bir anını əks etdirən fotoşəkillər toplanmışdı.
Şair- publisist Ağacəfər Həsənlinin xatirəsi maraqla oxunur: "Altmışıncı illərin sonlarında, o gözəl günlərdə biz müəllimləri yarımallah hesab edirdik. Və İbadulla müəllimlə Əli müəllimin söylədikləri indiyə kimi yaddaşımdan silinməyib:
-Heç bilirsiniz doktor Mirzəcan Səfərov nə qədər şeir bilir, biz ədəbiyyatçılar onun yanında poeziyadan danışmağa çəkinirik. Kişi əməlli-başlı sinədəftəridir, saatlarla klassiklərdən, müasir şairlərdən əzbər deyir, yorulmur..."
Şair Xanlar Həmidin xatirələrindən sətirlər: "Mirzəcan həkimin yetmiş illik ömrünün enişli-yoxuşlu, keşməkeşli çağları sanki bəyaz qara dönüb saçlarına hopmuşdu. Kamillik zirvəsində dayanmış hündürboylu, qamətli həkim işlədiyi 45 il müddətində kimlərin köməyinə çatmayıb? Şəfalı əllərini həmişə insanların sağlamlığı üçün səfərbər edib. Çox çalışıb, əvəzində "sağ ol" lar qazanıb".

***
Son dəfə Mirzəcan həkimlə 2010-cu ilin payızında görüşdüm. Əvvəlki görkəmindən əsər-əlamət qalmamışdı. Xəstəlik ayaqlarını heydən salmışdı, dağ kimi bədəni ərimişdi. Ancaq yaşamaq ümidini itirməmişdi. Uşaqlarını sağalacağına inandırır, ağrılarını dilinə gətirmirdi. Çox sevdiyi ədiblər Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Cabir Novruzun, Nəriman Həsənzadənin əsərləri xəstə yatdığı otaqda masanın üstündəydi. Zəhra xanım dedi ki, bu ağır günlərdə də mütaliəsindən qalmır.
2011-ci ilin oktyabrın 8-də Çayruddan üzücü bir xəbər gəldi: Mirzəcan həkim haqq dünyasına qovuşub. Xatirələrdə səmimi təbib, mehriban ailə başçısı, xeyirxah ziyalı, özünəbənzər pak insan kimi qaldı. Eldə-obada bu gün də xatırlanıb yada düşür, ruhuna dualar oxunur.