adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Sentyabr 2018 23:13
17059
ƏDƏBİYYAT
A- A+

AYDIN TAĞIYEV OLDUĞU KİMİ

Oqtay ABBASOV,
Azərbaycan Dillər
Universitetinin dossenti

Tanınmış nasir Aydın Tağıyev ali məktəbi bitirdikdən sonra ədəbi mühitin daha qaynar olduğu bir şəhərdə, Bakıda qalıb yaşaya bilərdi. Artıq maraqlı hekayələri ilə həm tənqidin, həm də oxucuların diqqətini cəlb etmişdi. Yəqin ki bir iş də tapa bilərdi. Daha rahat yaşayardı və daha çox çap olunardı. Amma o bunlardan könüllü şəkildə imtina edərək, işləmək və daimi yaşamaq üçün doğma rayonunu, orta təhsil aldığı, boya-başa çatdığı Dəvəçini (indiki Şabran rayonunu) seçdi.
Deyim ki, Sovet dönəmində yazıçıların, digər yaradıcı insanlardan bəzilərinin böyük şəhərlərdən üz çevirib, ucqarlada məskunlaşması, burada yaradıcılığını davam etdirməsi halları olurdu. Səbəb də "mujiklə kvas içmək" istəyi ilə əlaqələndirilirdi. Aydını tanıyanlr, dostları hesab edirdilər ki, o da axına düşüb və bundan şöhrətlənmənin bir vasitəsi kimi istifadə edib, məqəsədə çatandan sonra üz tutacaq çoxlarına mehriban ana kimi qucaq açmış Bakıya. Nə edək, belə düşünürdük və düşüncəyə görə heç o vaxtlarda da adamı qınamırdılar. Amma mən burada daha incə bir məqamın olduğunu duyurdum.
Aydınla sonrakı münasibətlərimiz, görüşlərimiz, özümüzün düşündüyümüz kimi, ürəkdən gələn söhbətlərimiz qənaətimdə yanılmadığıma məni inandırdı. Rayonun iki kəsişən küçəsinin bu başından o başına çatana qədər verilən və alınan salamlar, üzlərdəki təbəssüm deməyə ciddi əsas verir ki, şəhərdən ucqara çəkilmək ilk baxışda tənhalıq təsiri bağışlayır. Əslində bu, daha doğma mühitə könül vermək kimi bir şeydir. Bu mühit ilk növbədə ünsiyyət "aclığı"nın aradan qaldırılması deməkdir. Son dövrlərin qlobal bəlası (bəlanın qlobal olmayanı da var görəsən?) ünsiyyət azlığı, ünsiyyət kasadlığı, bunun üstünə fiziki hərəkət azlığını da əlavə edəndə insanlığı nələrin gözlədiyini təsəvvürə gətirmək olur.
Aydın Tağıyev doğma Şabrana qayıtmaqla, özü bunu duydu, duymadı, bimirəm, axı artıq sübut olunmuşdur ki, insan fəaliyyətinin böyük bir hissəsi, bizim bir qədər "nifrətlə" qəbul etdiyimiz şüursuzluq səviyyəsində baş verir. Nəzərə alaq ki, bu şüursuzluq tənbəl şagirdlərdən danışarkən tez-tez işlətdiyimiz şüursuzluqdan deyil. Bəlkə də belə şüursuzluq tarixi təcrübəni ancaq ən zəruri anlar üçün qoruyan və beləliklə, insanın həyat uğrunda mübarizəsinə gizli bir istiqamət verən nə isədir. Hər halda, düşüncələrimin elmi psixologiyanın gəldiyi nəticələrlə üst-üstə düşməməsi faciə deyil. Çox uzun bir zaman keçib o dövrdən. Aydın Bakıya qayıtmağa təşəbbüs götərməyib. Dostalrı təkidlə təklif etsələır də, sözündən dönməyib, rayondan üz çevirməyib. Dəyişənlər zamanla müqayisədə daha çoxdur.
Aydın ədəbiyyat aləmində daha çox "Bir tay ayaqqabı" adlı hekayəsi ilə məşhurlaşdı desəm, yəqin ki, səhv olmaz. (Azərbaycan ədəbiyyatında müharibədə "qalmış" insan əzaları yeni mövzu deyil. Ə.Salahzadənin "Sağ ayağın ağrısı" şeirini yada salmaq kifayətdir ki, bu müdhiş mövzunun nə qədər əbədi olduğunu təsdiqləyəsən.) Sanki cəmiyyətə müharibə fəsadlarının necə əbədi olması ilə bağlı bir ismarıcdı bu hekayə. Ədəbi mühitin və oxucuların diqqətini tez cəlb etdi. Onsuz da İkinci Dünya müharibəsindən çox keçməmişdi. Yaralar hələ təzə-təzə qaysaq bağlayırdı. Əcaba, bu yaraların isti közünü qoparmaqda Aydın nə qədər haqlı idi? Ümumiyyətlə, haqlı idimi? Görünür, haqlı idi. Özü də kifayət qədər. Dünyada, elə bizim doğma Azərbaycanımızda baş verən hadisələr, bədniyyət qonşularımızın torpaqqapma istəyindən yaranmış müharibənin ağrıları yazıçı fəhminin, yazıçı duyumunun nə qədər vacib olduğunu göstərdi.
İndi ayağı protezli və ya bir qolu olmayan cavan oğlanlarla rastlaşanda, bəlkə də fəlakət heç müharibə ilə bağlı deyi, ilk növbədə yada düşən müharibə olur. Torpağının 20 faizi düşmən tapdağı altında qalmış ölkənin vətəndaşında yaranan ilkin assosisiyanın başqa cür olacağını düşünmək çətindir. Aydın Tağıyevin mövzuya yanaşma tərzi maraqlı, həm də qeyri-adidir. Hekayə çox yığcamdır, deyərdim ki, orta məktəblərdə yazılan inşalardan da yığcamdır. Buna baxmayaraq seçilmiş hər bir ifadə, hər bir söz insanda daxili bir sızıltı yaradır. Əlbəttə, həyatda müxtəlif təsadüflər, qəzalar nəticəsində insanlar şikəst ola bilərlər. Lakin müharibə nəticəsində yaranan şikəstlik sanki insanın özünə, hər birimizə-sənə, mənə,ona bir töhmətdir. Fərqi yoxdur müharibəni kim başlayıb-nəticə birdir: siyasətçilər başlayır, kütlə yerinə yetirir, bir qrup adam bundan fayda götürür.
Yazıçı bəsirət gözü ilə baxır dünyaya. Görmək istədiklərini tapa bilməyəndə sarsılır. Sarılır qələmə. Belə məqamda iç dünyada bir vulkan püskürür. Bəsirət gözü və gələcəyə istiqamətlənən düşüncələrin kağıza köçməsi. Yəqin, böyük Nizami Gəncəvinin "İnsanların azad və xoşbəxt yaşadıqları" şəhər də bu zərurətdən yaranıb...
Aydın çox istiqanlı insandır. Məclis sevəndir. Məclisə şuxluq qatmağı yaxşı bacarır. Bir də görürsən bir atmaca ilə nədənsə, bəlkə də meyin təsirindən, yaranmış gərginliyi aradan götürməklə hamının əhvalını yaxşılaşdırır. Necə müqayisə aparım? Elə bilirəm, Aydının həyatı yaradıcılığı, daha çox da hekayələri qədər maraqlıdır. Günlərin bir günündə üçümüz- o vaxtlarda Dəvəçi adlanan indiki Şabranda İdman idarəsinin rəisi işləyən dostumuz Mirkamil Hüseynov (sonralar o, bir dövr Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdı), mən və Aydın Yevlaxda keçirilən Respublika nərd yarışında Dəvəçinin nümayəndələri kimi iştirak etdik.
Çox maraqlı günlərdi.Yazanda qızarsam da, deməliyəm, yarışın elə ilk günlərində məğlubiyyət bizi haqladı. Mirkamil idmançı kimi bir qədər dözüm göstərdi, amma bu da çox çəkmədi. Bunlara baxmayaraq axıra qədər qalıb yarışları izlədik. Bu bizə təsəlli oldu. Bəlkə də təsəlliyə görə qalmamışdıq. Üçümüzün söhbətimiz elə tutmuşdu ki, yarışların nə vaxt başa çatdığını da unutmuşduq. Aydın da, mən də o vaxtlar Dəvəçi rayonunda müəllim işləyirdik. O, Əmirxanlı kəndində, mən Çaraqda. Aydının təhsilimizlə bağlı düşüncələri, qayğıları, bir sadə kənd müəllimi kimi fikirləri belə deməyə əsas verirdi ki, onun gələcək fəaliyyəti də bu istiqamətdə olacaq.
Söz-sözü çəkər, dərslərim olmayan boş günümün fürsətini buraxmadan gəlmişdim Dəvəçiyə. Əslində o dövrdə "Dəvəçiyə gedirəm" ifadəsi də çox vaxt "Bazara gedirəm" formasında işlənirdi. Qışın da sərt vaxtları idi. Nə isə, ilk işim Aydınla Mirkamili tapmaq oldu. Görüşdük. Xoş-beşdən sonra Aydın həmişəki təbəssümü ilə:- Bildin də, Oqtay, başıma nə gəldi? Cavabımı gözlərimdən oxuyub, davam etdi:- Dərslərim başa çatandan sonra çöldə- bayırda söhbətləşməyə heç kəs olmadığından gəldim qaldığım evə. Özün görürsən də necə soyuqlar keçir. Əmirxanlı da soyuq olan yerdir axı. Məktəbin hesabına yaxşı doğranmış odun gətiriblər mənə. Pilətəni yandırdım. Evin istisi artdıqca elə bil mənə yeni qüvvə gəlirdii. Üşüyən adamam. Pilətənin dəmiri yavaş-yavaş qızarır, mən yazı-pozumla məşğul oludum. Birdən nəsə bir xof, bir naməhrəm nəfəs hiss etim. Dönüb ətrafıma baxanda, otağı nəzərdən keçirəndə nə görsəm yaxşıdır?
Aydın danışır, mənsə huş-guşlə ona qulaq asıb "görəsən nə görüb?" deyə öz-özümə sual verirdim.
Aydın elə bil Əmirxanlıda bir qış günündə gördüyü o qorxulu anları yenidən yaşayırmış kimi, həyəcənla danışırdı:- İlan, ilan gördüm, Oqtay, ilan! Özü də bilirsən nə boyda? Diqqətlə mənə baxırdı. Görünür, əlimdəki yazını tamamlamağımı gözləyirmiş ki, işimi bitirsin (Aydın bu həyəcanın içində də yumor hissini itirmirdi). Amma Allah məni qurtardı. Evdən necə, haradan, qapıdan, ya pəncərədən çıxdığımı xatırlamıram. Bir də onda gördüm ki, ev paltarında Əmirxanlı-Dəvəçi yolundayam. Yenə Allah dadıma çatdı. Gördüm bir maşın göz vura-vura gəlir. Saxladı. Saldım özümü içəri. Birtəhər hadisəni danışdım. Nə qədər təkid etsə də, qayıdıb paltarlarımı götürmədim. Beləcə, Əmirxanlı ilə vidalaşmadan ayrıldım.
Aydın həyat hadisələrini müşahidə edib yadda saxlamağı yaxşı bacarır. Gördüklərini təhlil edə bilmək qabiliyyəti onda çox güclüdür. Tam səmimiyyətlə demək olar ki, onun hekayələrində təsvir olunan hadisələrin böyük əksəriyyəti özünün başına gəlib. Lap pis halda o hekayələrin süşetini tanıdığı insanların həyatından götürür. Uzaq başı bədiiləşdirmə bacarığı bu hekayə ustadında, mən bunu cəsarətlə yazıram, o qədər güclü, hadisələrə münasibəti o qədər maraqlıdır ki, gördüklərindən, danışılanlardan yatardığı bədii əsərlər də maraqlı olur. Oxucunu düşündürür.Olub ki, Aydını yazarkən, iş prosesində izləmişəm. O qədər rahat, sərbəst yazır ki, elə bil özünün qaralamasından köçürür. Təəccübümü hiss edib. Deyib ki, bu mövzunu neçə illərdir başımda, ürəyimdə bişirirəm. Hazırdır. İndi qalır qablara, sonra da gülə-gülə əlavə etdi:- vərəqlərə köçürmək. Buna da hazıram.
Təhsilimizlə bağlı fikirləri nə qədər maraqlı olsa da, ədəbiyyatdan söz düşəndə tamamilə başqalaşır, çöhrəsinin işığı artır. Aydın gənc yaşlarından, tələbəlik illərindən mətbuatda publisistik yazıları, maraqlı hekayələri ilə çıxış edirdi. Amma indiki kimi tanınmırdı, şöhrət qazanmamışdı. Söz-sözü çəkər, deyiblər. Bu hadisə Yevlax səfərindən də əvvəl olmuşdu. Aydın, Mirkamil, mən tələbə idik. Jurnalist Nizami Rəhmanlı isə universitet bitirmişdi. Biləcəridəki Dəmiryolçular Klubunda işləyirdi.
Deyəsən, müdir idi. Təklif ondan gəldi ki, klubda bir görüş keçirək. Mərhum Hikmət Ziya və Siyavuş Sərxanlı bizim təşəbbüsümüzü bəyəndilər və beləcə, gəldik Biləcəriyə. Görüş yaxşı keçdi. Alqışlardan bunu hiss edirdik. Əlbəttə, Hikmət müəllimlə Siyavuş Sərxanlı (Allah hər ikisinə rəhmət eləsin) belə görüşlərdə çox iştirak etmişdilər deyə, yəqin, bu cür tədbirlər onlar üçün adiləşmişdi. Amma Nizami təşkilatçı kimi, Aydın və mən ədəbiyyat aləminə yeni qədəm qoyanlar kimi, Mirkamil də bir dost olaraq yaman sevinirdik. Lap çox sevinirdik. Nə isə. Əsas məsələ isə, demə, qalmışdı görüşdən sonraya. Görüş bitdi. Gəldik bizə. Mən və indi haqq dünyasında olan qardaşım Süleyman atamın dostu Müzəffərin evində yaşayırdıq. Müzəffər başqa rayonda işləyirdi, ailəsi ilə orada yaşayırdı. Evi vermişdi bizə. Bəlkə də indi çoxlarına inandırıcı görünməz: Tamamilə təmənnasız şəhərin mərkəzində yerləşən iki otağı ver və de ki, yaşayın kefiniz istəyən qədər. Bu, bir həqiqət idi. Süleyman da məclis adamı. Nə vaxt yeməklər hazırlandı, nə vaxt məclis qızışdı, bilmədik, daha doğrusu özümüz hazır olanda artıq işlərin çoxu işdən keçmişdi. Səhərə qədər söhbət etdik, Bircə Nizami səhərin açıldığını çox gec bildi. Bəlkə də bilmədi...
Buradsı da yadımdadır ki, qışın soyuğunda gecənin bir vaxtı şair havası gələn Siyavuş Sərxanlı birdən birə qət etdi ki, qaldığımız binadan təxminən 5-6 kilometr uzaqlıqdakı mənzilinə qayıtsın. Nə qədər dilə tutsaq da olmadı. Aydın qardaşım Süleymana qoşulub şairi evlərinəcən ötürüb geri qayıtdılar. Aydın dost yolunda fədakar adamdır.
İndi özümə bir ziyalı borcu hesab edərək Aydın haqqında yazanda gördüm ki, təkcə onun əsərlərindən danışmaqla, onlara münasibət bildirməklə nəsə tam bir şey ortaya qoymaq mümkün deyil. Onun yaradıcılığı barədə çox yazılıb.
A.Tağıyev elə indi də dostcanlıdır. Tək-tək ziyalı, ədəbiyyat adamı tapılar ki, onun ata evində, sonralar-özü müstəqil ev-eşik sahibi olandan sonra öz evində olmasın, çörək kəsməsin. Bütün bunlar Aydının bir ziyalı, bir yazıçı kimi cəmiyyətdə, insanlar arasında mövqeyini göstərir. Yəni, Aydın özü rəngarəngliyi sevir. Görünür, hekayələri, povestləri də özünə oxşayır. Bir andaca adamı tamamilə başqa bir aləmə çəkib aparır. Bu aləm mövzudan asılı olmayaraq elə Aydının aləminə oxşayır.
Aydın yaradıcılığında bir sülh ovqatı, barışdırıcılıq missiyası həmişə özünü göstərir. Elə bil, dolaşıqlıqlardan, Insanların bir-birlərinə münasibətlərindəki soyuqluqdan, narazılıqlardan Aydın digər yazıçılardan, elə adi insanlardan daha çox qorxur. Hansı əsərinə, bu istər hekayə olsun, istər povest, fərqi yoxdur, bütün əsərlərin məzmunun kədər, qəm notları olsa da, bir ümid, bir sevinc işartısı var. Aydının həyatı da belədir: Əgər o, başqaları üçün etidiklərini özü üçün etsəydi, bəlkə də heç olmasa Şabranın ən varlı adamlarından biri olarda. Yaxşı ki, Aydın olduğu kimi qaldı, ancaq yaxşığlığa doğru dəyişdi və mənəvi qalarlığı maddiyyatdan üstün tutdu. Və qazandığı onunla salamlaşan, görüşən insanların təbəssümü oldu.
Aydını necə var elə təsvir etməyi planlaşdırmışdım. Yazı üzərində işləyərkən gördüm ki, bir qədər ağır "vəzifə" götürmüşəm üstümə. İnsanı, o da ola yazıçı, necə var, o cür vermək çətindir. Bir şeydən razıyam ki, buna cəhd etdim. Baxaq görək, Aydın özü bu barədə nə düşünür...