adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Sentyabr 2018 23:04
60566
LAYİHƏ
A- A+

Şubanı dağlarının səngər izləri

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Şamaxı qəzası istiqamətində Hacıqabul-Mərəzə cəbhə xəttini keçərək Bakı şəhərinə yaxınlaşan 5-ci Qafqaz İslam Ordusunun heyəti 1918-ci ilin iyul ayının sonunda artıq Şubanı dağları (hay-daşnak quldurlarının "Qurd qapısı aşırımı- Yasamal tirəsi" mövqeyindən 5-10 km aralıda) ətrafında mövqe tutmuşlar. Ordunun canlı heyəti və qüvvəsi, eləcə də silah-sursat ehtiyatı Güzdək və Qobu kəndlərində saxlanılırdı. Xilaskar ordu üzvləri Bakı şəhərindən 10-15 km məsafədə olan və əlverişli hərbi-taktiki hücum planına təbii-ərazi şəraiti uyğun gələn Qobu kəndində bir ay qalmışlar.
Komandan Nuru Paşa Qobu kəndində Kərbəlayi Qasım Məşədi Mehralı oğlunun (1828-1938) evini qərargah etmişdir.
Bu qərargahdan Xəzər dənizinədək olan 10-12 km-lik məsafədən dənizdə hərəkət edən düşmən (ingilislərin) gəmilərinin hərəkəti aydınlıqla müşahidə olunurdu. Digər kənd sakinlərinin (Ağaverdi Mirzalı oğlunun (1878-1938), Hacımollalılar nəslindən olan Kərbəlayi Rəcəbin (1890-1970), Abdulla Tağı oğlunun, Sahibcan Vəlican oğlu Gülməmmədlinin (1896-1953, qardaşı Mirzə İmamcan (1898-1937) 1915-1916-cı illərdə Osmanlı türkiyəsində Çanaqqala döyüşlərində iştirak etmişdir) evləri, həyətyanı tikililəri və dəvədamıları, 1885-ci ildə tikilmiş Hacı Kazım hamamı onların ixtiyarında idi. Əsgər heyətinin düşərgəsi əsasən kəndin Hacıhüseynlilər və Gülməmmədlilər məhələsində salınmışdır.
Qədim yaşa sahib olan Qobu kəndinin (tarixi V-VI əsrlərə aid edilir) IX-X əsrlərdə tikilmiş məscidində türk əsgər-zabit heyəti həm də ibadətlə məşğul olmuş, kəndin ruhaniləri Şeyx Əli Zülfəli oğlunun (1884-1968), Mirzə Məmmədkərim Hacı Abdulkərim oğlunun (1878-1964) söhbətlərində, dini ibadətlərində iştirak etmişlər. Bu məscid keçən əsrin 30-cu illərində sökülmüş, onun yerində tikilən məktəbin açılışı 1935-1936-cı tədris ilində edilmişdir (hazırda Ənvər İbrahimov adına 2 saylı tam orta məktəbdir). Mirzə Məmmədkərim Hacı Abdulkərim oğlu isə 1938-ci ildən ömrünün sonunadək Quba şəhər məscidinin axundu olmuşdur.
Kəndətrafı örüş yerləri - "İlxı dağı", "Qaraheybət", "Sətər", "Qılınc", "Keşaparaq" (köşəyi aparaq), "Göyərçinlik" otlatları türk ordusunun atalrının, dəvələrinin otarılan yerləri idi.
Kəndin yaxasındakı "Rza dərəsi"nin üstündə səngər qazılmasında kəndin qolu güc tutanlarının hamısı iştirak edib. Səngərlər yerləşən Şubanı dağının yüksəklikləri kənddən 6-7 km məsafədə idi. Türk ordusunun artilleriya-top qurğuları bu mövqedə qurulmuşdu. Həmin səngər izləri indi də qalmaqdadır. Döyüş mövqelərinin "Heybət-Hacıhəsən-Şubanı" istiqamətində möhkəmləndirilməsi taktiki hücum planına uyğun gəlirdi. Belə ki, cəbhənin bu xəttindən hücum üstünlüyü "Heybət-Qurd qapısı yüksəkliyi"ndən paytaxta daxil olması nəzərdə tutulan 13-cü və 10-cu Qafqaz alayının 29-cu batalyonunun zərbə qüvvəsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulmuşdur. Cəbhənin bu xəttində digər əsas vəzifə Xəzər dənizində lövbər salan ingilis hərb gəmilərindən 13-cü alayaın sağ cinahına və arxa hissəsinə edilən top atəşinin qarşısının alınması idi. Qeyd edək ki, avqust ayının sonlarında-sentyabr ayının əvvəllərində bu məqsəd uğurla yerinə yetirilmişdir.
Bir faktı da bildirək ki, Hacıqabul-Mərəzə cəbhə-döyüş xətti boyunca düşmən qüvvələrindən əsir alınmış döyüş dəstələrinin tərkibində ingilis əsgərləri də olmuşdur.
Bakı şəhəri və ətraf kəndlərinin hay-daşnak, rus-bolşevik və ingilis-fransız silahlı qüvvələrinin hücumuna qarşı mübarizədə el qəhrəmanlarının və könüllü özünümüdafiə dəstələrinin rolu böyük olduğundan, bu hal Qobu kəndində də baş vermişdir. Belə ki, kəndin igid oğlu Məşədi Hilıal Məşədi İsmayıl oğlu (1890-1918) hələ türk ordusu Bakı şəhərinə gəlməmiş hay quldurları ilə döyüşmüş və bu kəndin ilk şəhidi olmuşdur. Onunla bir dəstədə həmkəndlisi qaçaq Hacı Ələkbər Hacı İsrafil oğlu (1880-1930, xalq rəssamı Qəzənfər Xalıqovun (1898-1981) atası) da eyni səngərdə döyüşmüşdür.
Həmin döyüşlərdə şəhid olmuş həmkəndlisinin nəşini Hacı Ələkbər iranlı silahdaşlarının köməkliyi ilə qızıl pul müqabilində quldurlardan almış, öz həyətində "əmanət qəbir" kimi saxlamış, conra isə Kərbəla şəhərində torpağa tapşırmışdır.
Ümumiyyətlə, el qəhrəmanlarının şücaəti sayəsində bir çox kəndlərə (Güzdək, Qobu, Hökməli, Novxanı, Kürdəxanı, Maştağa, Mərdəkan...) silahlı hay quldurları daxil ola bilməyiblər.
1918-ci ilin faciəvi mart-avqust aylarında paytaxtın Çəmbərəkənd, Yuxarı Dağlı məhəllələrinin, Xocasən və Hökməli kəndlərinin dinc əhalisinin sığınacaq yerlərindən biri də Qobu kəndi olmuşdur. O zaman bu kənddə 70-80 ev olsa da mühüm strateji əhəmiyyətli karvan yolu (Bakıdan Qarabağa, Gəncəyə və Car-Balakənə uzanan) üstə yerləşmiş, təbii sığınacaq imkanları üstün olmuşdur. Qobuluların yay bağ mülkləri isə Nardaran kəndi yaxınlığındakı Ləhiş bağları idi.
Türk ordusunun tərkibində döyüşən Azərbaycan Milli Ordusunun üzvlərindən olan qobulu Babalı Kərbəlayi Qasım oğlu (1892-1967) sonralar həmin ordunun tərkibində Qarabağda, Zəngəzurda baş qaldıran silahlı daşnaklarla ağır vuruşmalarda da iştirak etmişdir. Bu səbəbdən 1920-ci ildə onu müəyyən müddət Nargin adasında saxlamış, sonra isə azad etmişlər.
Bu kəndin digər igid oğullarından Baba Salman oğlu, Dostəli İsmayıl oğlu , Bayram Əmirbəy oğlu, Xaspolad Hacıəli oğlu Əmirəhməd Səməd oğlu (ümumilikdə 19 nəfər) da Zəngəzur-Qarabağ cəbhəsinin (əsasən Əsgəran-Xocalı-Şuşa istiqamətində) döyüşçüləri sırasında olmuşlar.
Həmin tarixi hadisələrin canlı şahidlərindən biri Kərbəlayi Qasım Məşədi Mehralı oğlunun oğul nəvəsi Hacı Akif Babalı oğlunun (1959) həyətində xar tut ağacı indi də qalmaqdadır. Bu ağacın kölgəsində sərkərdə Nuru paşa ani də olsa dincəlmiş, çay içmiş, meyvələrindən dərib "nuş" etmişdir.
Qobu kəndi və o qanlı illər barədə tarixi məlumatları söyləyən Hacı Akif onu da bildirdi ki, həmin dövrdə ordu komandanı kənd üzrə axşamlar evlərdə çıraqların yandırılmasını qadağan etmişdi.
Kərbəlayi Qasımın evinin arxasında və qərargaha bitişik evdə oğlu Əliağanın (1886-1947) xanımı hamilə imiş, "yükünü yerə qoymağın" vaxtı axşama düşübmüş. Ev sahibi Nuru paşanı vəziyyətdən hali etdikdən sonra, çırağın yandırılması xahişini edir. Xilaskar Paşa bir kəlmə söyləyir: "Uşaq qoy işığa gəlsin." Həmin gecə doğulan Qızqayıt adlı körpə 1957-ci ilədək yaşamışdır.
Mənfur düşmən ordusu Qobu kəndinə girə bilməsə də ətrafdakı örüş yerlərində qoyun otaran Mustafa Kərbəlayi Məstan oğlu və Xancan adlı yeniyetmə vəhşicəsinə qətlə yetirilmişlər.