adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Sentyabr 2018 12:44
64553
MÜSAHİBƏ
A- A+

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Bu günlərdə redaksiyamıza bir qonaq təşrif buyurmuşdu. Doğrusu, ötən əsrin 90-cı illərinin ortalarında görüşmədiyim, qarşılaşmadığım bir insanı görəndə təəccübləndim. Amma həm də sevindim. Çünki Vaqif Əlisoy Azərbaycan tarixində, xüsusilə Qarabağ savaşında haqqı, yeri olan ziyalılarımızdan biridir. Və Qarabağ bölgəsində də kifayət qədər tanınmış şəxsdir. Sadəcə olaraq o, özünü gözdən kənarda tutmağa həmişə üstünlük verib. Görünür, yolumuzun kəsişməsi bir tale yazısı imiş. Və biz 20 ildən artıq çəkən ayrılıqdan sonra "Ədalət"də yenidən qarşılaşdıq. Bu qarşılaşmanı xatirələri çözən bir söhbətə çevirdik...

- Vaqif müəllim , Sizi tanıyanlar bilir ki, həyatınız çox burulğanlardan keçib. Şəxsən mənim Sizə olan münasibətim də bir-birimizə çox yaxşı məlumdu. İstərdim ki, Vaqif Əlisoyu "Ədalətin" oxucularına özünüz təqdim edəsiniz...

- 1954-cü il oktyabr ayının 1-də Qubadlı rayonunda anadan olmuşam. Atam Cəbrayıldan, anam isə Qubadlıdandı. Ailə vəziyyəti ilə əlaqədar olaraq 1955-ci ildə Cəbrayıl rayonuna köçmüşük. Orta məktəbi də Cəbrayılda fərqlənmə ilə bitirmişəm.

- Siz burda mənim üçün bir sirr də açdınız. Siz özünüzü Cəbrayılda elə sevdirmisiniz, elə tanıtmısınız ki, Qubadlıya bağlılığınızı heç kim bu günə qədər mənə xatırlatmayıb.

- 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinə filologiya fakültəsinə daxil olmuşam. 1976-cı ildə isə oranı bitirmişəm. Həmin illərdə Milli Tələbə Təşkilatında fəaliyyət göstərmişəm. Rəhmətlik Əbülfəz Elçibəylə şəxsi tanışlığım həmin dövrə təsadüf edir. Tofiq Hacıyev, Vaqif Bayatılı vasitəsilə gizli hərəkata qoşulmuşam. İnstitutu bitirəndən sonra könüllü olaraq Kəlbəcər rayonuna təyinat almışam və 1979-cu ilə qədər Kəlbəcər rayonunun Qaramançallı kənd orta məktəbində fəaliyyət göstərmişəm. Təyinat müddəti bitəndən sonra doğma rayonuma qayıtmışam. Bir müddət kəndlərdə müəllimlik etmişəm. 1989-cu ildən Cəbrayıl rayon Təhsil Şöbəsində inspektor-metodist işləmişəm. Həmini illərdə də ermənilərin ərazi iddiaları baş qaldırdı və mən də müəllimlik sənətimi bir kənara qoyub Azərbaycanın qeyrətli oğlanlarını başıma yığıb ermənilərə qarşı döyüşlərdə iştirak etmişəm.

- Oxucunu yormamaq üçün mən istəyirəm söhbətimiz bir az rəngarəng olsun. Şəxsən mən sizi Kəlbəcərdə, Cəbrayılda müəllim kimi tanımamışam. Sizi ilk dəfə görmüşəm Cəbrayıl Təhsil Şöbəsində. Onda Qorxmaz müəllim təhsil şöbəsinin müdiri idi. O da yazı-pozu adamı olduğu üçün Qorxmaz müəllimlə dostluq münasibətim var idi. Və sizi də mənə o təqdim etdi. O təqdimatın içərisində mən gördüm ki, siz təhsil işçisindən daha çox siyasi fəalsız. Deməli, o siyasi fəallığın kökü gizli hərəkata gedib çıxır. Bəs o qədər vaxtda onu necə gizləyib saxlamışdınız içinizdə?

- Həmin müddətdə üçlük yaranmışdı. Digərlərini tanımırdım. Amma biz fəaliyyətimizi gizli şəkildə qururduq. Çünki Elçibəy həbs olunandan sonra təşkilatda müəyyən durğunluq yaranmışdı. Buna baxmayaraq, şairlərimizin, yazıçılarımızın gizlin şəkildə təbliğat işlərini aparırdıq. Amma aktiv fəaliyyətimiz hərəkatdan başladı. Siz səhv eləmirəmsə onda Xocavəndin icra hakimiyyətinin nümayəndəsi Niyaz müəllim ilə gəlmişdiniz. Siz gəldiyiniz dövrdə Hadrud rayonunun 13 kəndini erməni separatçılarından təmizlənmişdi. Rəhmətlik Rəşid Məmmədovun rəhbərliyi ilə həmin ərazilərə nəzarət edirdik.


- Siz onda ziyalı batalyonunda həm də komandir idiniz?

- Yox. Mən Cəbrayıl Alayının təşkilində, Ziyalı batalyonunun təşkilində, formalaşmasında, silah-sursatla təmin olunmasında aktiv olmuşam. Ancaq peşəkar zabit , peşəkar hərbçi olmadığıma görə, həm alayda, həm də ziyalı batalyonunda sıravi döyüşçü kimi iştirak etmişəm.

- Mənim yadıma bir hadisə düşür. Həmin vaxtlarda döyüş yerlərinə Bakıdan paylar, bağlamalar gəlirdi. Gətirən adamların da bir qismi televiziya operatoru da gətirirdi özlərini reklam etmək üçün. Siz də bu hallara etiraz olaraq demişdiiniz ki, bir qutu siqaret gətirib bununla özlərini reklam eləyirlər.

- Tamamilə doğru deyirsiniz. Rəşid müəllimin kabinetində olub bu söhbət. Həmin dövrdə müxtəlif bölgələrdən paylar gəlirdi. İndi fəaliyyət göstərdiyim 281 saylı məktəbdən şagirdlər yun corab göndərmişdilər. Bir məktəbli qız da beş ədəd "Avrora" siqareti göndərmişdi ki, mənim gücüm buna çatır. Belə yardımlar çox olurdu. Biz kimin nə məqsədlə gəldiyini çox gözəl anlayırdıq. Ona görə də biz özümüz onların qarşısını alırdıq.

- Sizin üçün Cəbrayılın siyasi mübarizənin önünə çıxması ən çox nədən qaynaqlanırdı. Araza yaxın olmağındanmı, yoxsa Qarabağın ən axırıncı sərhədi olmağındanmı. Nədən bura daha çox diqqətini çəkdi?

- Cəbrayıl İranla həmsərhəddir və məşhur Xudafərin körpüsü Cəbrayıl rayonunun ərazisindədir. Biz məktəb vaxtları pambıq yığımına gedəndə o taya həsrətlə baxırdıq. Orda çəkilən məftillər, Sovet əsgərlərinin bizə ora getməyə imkan verməməsindən bu sual məndə yarandı ki, niyə bu məftillər çəkiməldir? Bu məni həmişə düşündürürdü. Ali məktəbə daxil olandan sonra, ictimai proseslər, görkəmli Azərbaycan ziyalıları ilə tanışlığımdan sonra hər şeyi anlamağa başladım. Mən APİ-də oxuya-oxuya Bəxtiyar Vahabzadənin universitetdəki dərslərində gedib iştirak edirdim. "Gülüstan" poemasını vərəqlərə köçürüb müxtəlif institutlar arasında yayırdıq. Bu sualların cavabını mən orda tapdım. Şəxsiyyətlərlə - Xudu Məmmədovla, Ağdamdan Zeynal müəllim vardı onunla tanışlığım. .. Bunlar mənim həyatımda çox böyük rol oynadı və düşünmədən bu hərəkata qoşuldum. Eyni zamanda mənim babalarım da müsavatçı olub. Cavad babam Məmməd Əmin Rəsulzadə ilə yaxın silahdaş olub. Təqribən bunların hamısını mən bilirdim. Məktəbdə təlim silahları, tir silahları, demək olar ki, bütün silahlar əllərimizdən alınmışdı. Artıq gördük ki, ermənilər qarşısına başqa cür çıxmaq mümkün deyil və başladıq özümüz silahlanmağa. Məsələn, Sovet hərbi hissələrinə, sərhəd bazalarına basqınlarla silah əldə edirdik. Və İlk dəfə olaraq 1990-cı il yanvar ayında Cəbrayıla desant qrupu atıldı. Həmin desant qrupunu biz tərkisilah elədik.Özü də camaatın gücü ilə. Onların komandirlərini dindirəndə bizə çox dəqiq məlumat verdilər ki, Bakıda qırğın gözlənilir. Rəşid müəllim öz xəttilə, biz öz xəttimizlə məlumatı Bakıya çatdırdıq. Və bildiyiniz kimi həmin hadisələr baş verdi. Fevral ayında da sovet ordusunun hərbi hissələri Cəbrayılı işğal elədilər. Mən və mənimlə bərabər iki müəllim yoldaşımı həbs edib Rusiyanın Rastov şəhərinə göndərdilər.


- Yaşadıqlarınıza görə indi peşman deyilsiniz ki?

- Xeyr. Heç vaxt peşman olmamışam. Sadəcə olaraq mən bunu kitabımda da qeyd etmişəm. Neçə-neçə girovlarımız olub, qızlarımızı, gəlinlərimizi əsir götürmüşdülər. Onların azad edilməsin də iştirakımı olduğu kimi yazdım. Düşündüm və ki bunları yazdım ki, gələcək nəsillər bütün bunlardan xəbərdar olsunlar. İlham İsmayıl mənim bu kitabım haqqında gözəl məqalə çap etdirib sizin qəzetdə. Əgər yenidən doğulsaydım, yenən bu yolu gedərdim. 1993-cü ildən sonra mən yenidən məktəbə qayıtdım. Həmin dövrlərdə müxtəlif vəzifələr də təklif olundu. Amma mən məktəbə qayıtdım ki, heç olmasa milli ruhda vətənpərvər gənclər yetişdirim. Bu kitabı mən göz yaşı ilə yazmışam. Və düşünmürdüm ki, kitab bu qədər oxucu marağına səbəb olar, diqqəti çəkər. Hətta Təhsil Nazirliyindən də tövsiyə olunub ki, kitabın bir neçə epizodları məktəblərdə yayılsın, təbliğ olunsun. Kinorejissorlarla danışıqlar gedir ki, film çəkilsin.

- Bilirsiniz, mən bu sualı elə-belə vermədim. Adamlar var ki, sonrakı həyatlarında qarşılaşdıqları problemlər, haqsızlıqlar onları sual qarşısında qoyur. Bunu niyə etdim? Gərək idimi? Şəxsən mən o ağrı-acını keçib beş dəfə qaçqın həyatını yaşayıb bu günümdə hansısa bir məmurunun tutduğu mövqeyə görə çəkdiklərimə öz-özümə deyirəm ki, mən niyə getdim o güllənin altına.

- Əbülfət müəllim, dəfələrlə mən də öz-özümə sual vermişəm. İnsan tək qalanda özünün məni ilə sorğu-sual edir . Adi bir epizodu deyim ki. bizi Rusiyadan yenidən Azərbaycana qaytaranda general Safonovla mənim görüşüm olub. O belə bir ifadə işlətdi ki, gedin ağlınızı yığın başınıza. Mən də dedim ki, xeyr biz qan bahasına da olsa o azadlığı qazanacağıq. Dedi qazanacaqsınız, ya qırılacaqsınız, ya da türmələrdə olacaqsınız. Mən bunu Rəşid müəllim də danışdım. Cəbrayıl işğal olunan an bizə köməyə gəlinmişdi Bakı polisindən 100 nəfər. Onların da komandiri Əlikram Daşdəmirov idi. Sonra Nəsimi rayon polis idarəsinin rəisi oldu.


Döyüş vaxtı binokulu verib dedim ki, qabaqdakı tankın üstündəkinə bax. Və qeyd etdim ki, bizim üstümüzə gələn ermənilər deyil, ruslardı. Mənim qucağım da Samir adlı cavan oğlan şəhid oldu. O can verəndə dedi ki, məni ölməyə qoyma, mən hələ ermənilərdən qisasımı almamışam. Döyüş bölgəsində yaşayan hər bir adam qəhrəmandı. O qradın,topun, tüfəngin qarşısında dişi-dırnağı ilə qazandıqlarını qoyub gəldilər... və burda özlərinə yenidən həyat qurmağı bacardılar. Mən millətçi adam olmuşam. Bunu da mənə bayaq adlarını çəkdiyim ziyalılarımız aşılayıblar. Qarabağ torpağında Azərbaycandakı ernik qrupların qeyrətli oğlanları şəhid olub. Mənimlə birgə tatı da, ləzgisi də, talışı da bir səngərdə döyüşüb.

- Torpaq hamınındı...

- Bəli. Mən dəfələrlə ermənilərlə danışığa getmişəm özü də silahsız. Və onların qarşısında necə lazımdısa sözümü deməyi bacarmışam.

- Vaqif müəllim, yəqin siz xatırlayırsınız rəhmətlik Allahverdi Bağırovu.

- Çox yaxın dostlarımdan biri olub. Allahevrdi Bağırovla mən 1970-ci ildə tanış olmuşam. Ağdamın "Şəfəq" komandası vardı. Finalda oynayırdıq. "Qızıl sünbül" kuboku uğrunda. Mən onda bilmirdim ki, Allahverdinin bir tərəfi Qubadlıdandı. Oyundan sonra tanış olduq. Ondan sonra Allahverdi şəhid olan günə qədər biz dostluq eləmişik, çörək kəsmişik. Allah qəni-qəni rəhmət eləsin.

- Ona görə deyirəm ki, həmin vaxtlarda rəhmətlik Allahverdi ilə , eləcə də sizinlə bağlı bölgədə söz gəzirdi ki, onlar meyid alveri edirlər, girovlardan pul götürürlər. Bu proses bir juranlist kimi, bir söz adamı kimi mənim gözümün qabağında gedib. Baxırdım bu haqsızlığa və fikirləşirdim ki, bu insanlar nə qədər özlərini unudurlar ki, sənin əzizinin meyidini alır, verir, sənin əzizini xilas edir, sən onu alverçi sayırsan, sən onu bu cür ləkələyirsən... Bax bu münasibət sizi bezdirmədimi, yormadı ki?

- Sizə bir şey deyim. O vaxt mənim haqqımda yayılan şaiyələr haqqında rəhmətlik Heydər Əliyevə də məlumatlar verilmişdi. 18 avqustda Heydər Əliyevin şəxsən özü ilə telefonla danışmışam və real durumu izah etmişəm.


Cəbrayıl getsə, Qubadlı , Zəngilan mühasirədə qalacaq. O da mənə dedi ki, mən sənin haqqında eşitmişəm, narahat olma. Sonradan elə bir məlumat verdilər ki, avqustun 21-də Milli Məclisdə mənim haqqımda çox kəskin ifadələr işlətdi . Surət Hüseynovla da mənim münasibətim olub. Yaponun vasitəsilə Füzulidə çevriliş etdi. Cəbrayıla da girmək istədi, amma biz onları tərkisilah etdik .Dedmi ki, burda 20-yə yaxın gəncəli uşaq şəhid olub. Onların hələ qanı qurumayıb. Gəl bu ermənilərdən qisasımızı alaq, sonra davam edərik. Bu da mənmi arxamca adam göndərmişdi. Polis rəisimiz Vaqif Məhərrəmov bundan xəbər tutmuşdu və mənə dedi ki, burdan çıx. Dedim nəyə görə, torpağımız işğal olunur. Dedi mən sənə deyirəm burdan çıx. Burda Sürətin adamları hadisə törədəcəklər, yenə günah qalacaq sizin üstünüzdə. Mən məcbur olub ordan çıxdım. Novxanıda bağda televizora qulaq asırdım. O vaxt Namiq Abbasov MTN-nin birinci müavini idi. Dedi ki Cəbrayılda meyid alveri edən adam həbs olunub. Hal-hazırda Qobustan həbsxanasındadı. Məni gülmək tutdu. Qardaşıma dedim mən onunla danışacam. Dedi səni tutacaq. Dedim tuturlar tutsunlar, mən bu ləkəni üstümə götürə bilmərəm. Şəhərə gəlib telefonlar zəng etdim. Dedi kimdi? Dedim Vaqif Əlisoydu. Dedi hardasan? Məndə saata baxıram. Dedim üç dəqiqə tamam olsun ona sözümü deyim. Bəlkə siz də o vaxt eşitmiş olarsınız. Füzulidə toyda bəylə gəlini ermənilər girov götürmüşdülər. O vaxt Namiq müəllim mənə zəng vurub dedi ki, namus-qeyrət əldən gedib. Mütləq o adamlar azad olunmalıdı. Mən bütün qüvvəmlə onları azad olunmasında yaxından iştirak etdim və bunu telefonda Namiq müəllimə xatırlatdım. Dedim siz də bilirsiniz nə qədər insanın azad olumasında mənim işitarkım olub. Adları da, ünvanları da var. Çağırın onlardan soruşun, əgər onlar mənə nəsə veriblərsə, məni güllələyin. Dedi görüşərik. Ordan gəldim "Səhər" qəzetində Şakir Yaqubovun yanına. Mən orda da müsahibə verdim . Cəbrayıl işğal olunanda onun vasitəsilə müəyyən dövlət adamları ilə əlaqə saxlamışdım. Amma indi mənim haqqımda şaiyələr yayılıb. Təsəvvürünüzə gətirin ki,19 96-cı ildə Namiq Abbasov mənə minnətdarlıq etdi. 52 nəfər Kəlbəcərin Kilsəli kəndində Tunel yolunda girov düşmüşdülər. Mən Edik adlı Tuğlu erməninin əlilə onların dəqiq ünvanını aldım ki, ermənilər bu adamları harda saxlayırlar. Onu da məxfi şəkildə Namiq Abbasova göndərdim. Mən eyni zamanda Cəbrayılda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri idim.Bu xətlə öyrəndim ki , onların 51nəfərini azad eləmişdilər. Şəxsən mənə dövlət tərəifndən təşəkkür elan olunmuşdu. Yaxşı, bu qədər işin qabağında bu ləkə nə idi? Allahıma çox şükürlər edirəm ki, sonradan dəqiq məlumatlar Heydər Əliyevin şəxsən özünə çatdırıldı və mənim haqqımda çox müsbət fikir yarandı, məni ittihamlardan, təzyiqlərdən qorudu. Və Heydər Əliyevin mənim haqqımda olan müsbət rəyindən sonra mən məktəbimə qayıtdım. Hal-hazırda öz fəaliyyətimi davam etdirirəm.

... Vaqif Əlisoyla xeyli dərdləşdik. Onun dediklərinin yaddaşıma köçmüş hissəsini sizə təqdim edərkən bir ona sevindim ki, Vaqif müəllim xatirələrini kitaba çevirib. Maraqlanan hər kəs o kitabı əldə edib, etdiyimiz söhbətin bütün təfərrüatlarını orada oxuya bilər.

Söhbəti qələmə aldı: Sübhan MAHMUDOV