adalet.az header logo
  • Bakı 6°C
20 Sentyabr 2018 10:29
28172
ƏDƏBİYYAT
A- A+

Gənclərin bir misrası Araz Əlizadədən böyükdür – Yazarlardan millət vəkilinə etiraz

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə "Ədalət” qəzetində verdiyi müsahibəsində gənc yazarlar əsasən istedadsızdırlar deyib. Deputatın fikirləri haqda gənc yazarlar nə düşünür? Həqiqətənmi belədir?

Adalet.az gənc yazarların münasibətini öyrənib.





Yazar Rəbiqə Nazimqızı: "Heç nə düşünmürəm. Kimi oxuyub, bilmirəm. Amma ümumiləşdirmək düz deyil.”









Yazar Kəramət Böyükçöl: "Araz Əlizadə Azərbaycanlının görkəmli ziyalısıdır, ictimai-siyasi həyatımızda özünəməxsus yeri olan bir şəxsiyyətdi. Onun istər ədəbiyyat haqqında, istər iqtisadiyyat haqqında və digər sahələrdə fikirlərinə böyük hörmət bəsləyirəm, inanıram. Onun çağdaş ədəbiyyatımız haqqında, "Gənclərə istedadsız” deməsi fikrini dəstəkləyirəm, ona haqq qazandırıram. Tamamilə doğru deyib.





Yazar Günel Natiq: "Araz Əlizadənin fikirlərini mən heç vaxt ciddi qəbul etməmişəm və qərəzli hesab etmişəm. O ki qaldı gənc yazarlar haqqında fikirlərinə, burda da tələskənliyə yol verib. Gərək əvvəlcə bir neçə gənc yazarın kitabını vərəqləyərdi. Əminəm ki, heç birini mütaliə etməyib. Belə ümumiləşdirmə aparmaq düzgün deyil. Ən azından hər hansı bir nümunə gətirib fikrini əsaslandıra bilərdi. Belə əsassız açıqlamalarla çıxış etmək düzgün deyil.






Şair Əsəd Qaraqaplan: "Bütün zamanlarda gənc yazarların, ümumiyyətlə, yazarların əksəriyyəti istedadsız olur. Hər zaman istedadlı yazar az olur, istər gənc olsun, ister belə. Yəni onun dediyində qeyri-adi heç nə yoxdur və onu çox da böyütməyə dəyməz, məncə.

Bayağılıq diz boyudur, savadsızlıq da. Ona görə də bayağı mətnlərin oxucusu da çoxdur. Dolayısıyla zamanın yazarları çox vaxt istedadsızlar olur.”









Şair Aqşin Evrən: "Bizim - gənclərin bir misrası Araz Əlizadənin yaşadığı binadan böyükdür. Ümumiyyətlə, heç olmasa, üzdə olan gənclərin böyük əksəriyyətinin mətnlərini oxumadan, çağdaş poeziya haqda bilgisi olmadan hökm çıxaran şəxslər qeyri-ciddi adamlardır. Tarixdə həmişə belə - özlərini istedadölçən cihaz kimi aparan adamlar olub və onlar mütləq unudulub. Çox istərdim ki, Araz bəy bundan sonra da gənclərin yaradıcılığını oxumasın.”





Şair Eminquey: "Araz Əlizadə bu fikirləri müasir ədəbiyyatımızdan nələrisə oxuyub söyləməsinə bir o qədər də inanmıram. Bu təxminən sayt xəbərlərinin başlığını görüb şairi, yazıçını, müğənnini, ümumiyyətlə bir insanı söyməyə bənzəyir. Araz bəy çox güman, eşidib ki, müasir dövrün gəncləri özlərindən əvvəlki klassiklərə büt kimi baxmır, yenilikçiliyindən əl çəkmir və bəzən cəmiyyətin damarına basır, bu fikri də ona nəzərən söyləyib. Müasir dövrün istedadlı gənclərindən elə biri mən! Bunu Araz bəyə cavab kimi deyirəm, yoxsa həmişə özünü tərifləməyin əksinə olmuşam. Mətnin özünü müdafiə etməyinə, edə biləcəyinə inanıram. Lap əgər biz istedadsızıqsa, bu Araz bəyi niyə narahat etsin ki? Sadəcə, xalqımızın şeirə həvəsi, şairlərin çox olması Araz bəyə münbit şərait kimi görünüb. O da gündəmə gəlmək üçün şairlərə, yazıçılara söz atıb. Əgər Araz Əlizadə bu fikri deməsəydi, siz məndən cavab almayacaqdınız, beləcə Araz bəyin adı hallanmayacaqdı. Araz Əlizadə bizi söz atmaqla gündəmə gəlmək istəyir.”



Yazar Nicat Həşimzadə: "Mənə elə gəlir ki, Araz Əlizadə gənclərə qarşı belə aqressiv münasibət göstərməsə yaxşı olar. Gənclərin indi onsuz da problemləri çoxdur. Maddi problemlərə görə kitab çapı gecikir, yaş keçir, ailə qura bilmirlər. Bəziləri 35-40 yaşına çatıb, kirədə qalır, evi yoxdur. Bütün bu çətinliklərə baxmayaraq dünyaya qəlbini bağlamayıb yaradıcılıqla məşğul olur. Gənc başqa nə etməlidir? Kitab oxuyurlar, kitab yazırlar. Azərbaycanda ciddi müəlliflərin kitabları çox az satılır təəssüf ki. Bu qədər problemə rəğmən sənətə sığınan adamlara dəyər vermək lazımdır. Gənc yazıçılara qarşı münasibətdə gərək çox həssas olasan. Mən Araz Əlizadə ilə görüşsəydim, sual verərdim ki, gənc yazıçıları oxuyurmu? Konkret olaraq hansı gənc yazıçıları tanıyır. Bir zamanlar ölkəmizin müstəqilliyinin əleyhinə səs verən bəzi adamlar indi də biz gənclərin əleyhinə səs verirlər. Araz Əlizadə nəzərə almalıydı ki, yanlış nümunələrlə böyüdülən, tərbiyə edilən yeni nəsil hələ indi müəyyən qədər toparlana, özünə gələ bilib. Lap deyək ki, indi hansısa gənc yazıçı istedadsızdır, yenə də ona dəstək olmaq lazımdır, bilmək olmaz 10 il sonra nə yazacaq. Hüqonun şeir kitablarını dayısı alıb yandırmışdı. Çünki şeirlər çox zəif alınmışdı. O zaman Hüqo çox gənc idi, dayısından incimişdi. İllər sonra dayısını anladı və həmin Hüqo "Səfillər” kimi möhtəşəm roman yazdı. Gənc yazıçılar haqqında danışmazdan öncə onların kitablarını oxumaq lazımdır.”




Şair Seymur Su: "Hörmətli Araz Əlizadə ilk öncə istedadın nə olduğunu bildirsin, sonra belə bir iddia etsin. Gənclər arasında istedadsızlar çox ola bilər, bəs istedadı hansı ölçü cihazıyla ölçürlər, onu anlamaqda çətinlik çəkirəm. Araz Əlizadə boyla, çəkiylə, təhsillə, intellektlə və ya hansı parametrlə istedadı müəyyən etdi də, mən anlamadım? Bu iddianı edən səbəbini və konkret yazar adlarını çəkməlidi. Millətin bu ümumən danışma xəstəliyi bizi də xəstə edəcək.”