adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Sentyabr 2018 10:37
42485
ƏDƏBİYYAT
A- A+

Füzuliyə görə atasını öldürən oğul – Ayxan Ayvazdan Yeni Hekayə


Adalet.az Ayxan Ayvazın "Absurd hekayələr” silsiləsindən "Füzulinin qatili” hekayəsini təqdim edir.

- Bu qəzəldə nə demək istəyir Füzuli?

- Canına azzar...

- Nə?

- Heç nə, gətir görüm hansı qəzəli deyirsən...

Bu dialoqu oxuduğunuzda bizim qəhrəman pillələri enməkdə, şəhərin bozluğuna qovuşmaqda olacaq. Düşüncəli və qayğılı görkəmdə dayanacağa gələcək, gəlib keçən adamlara diqqət kəsiləcək, uzaqdan görünən dənizə baxışları ilə sığal çəkəcək.

- Oğlum...

Atası gecə paltarında yanında peyda olanda gözlərinə inana bilmədi:

- Bu nə viddi? Niyə gəlmisən bura? Dəlisən?

- Füzulinin təzə qəzəlini tapmışam. Bunu heç oxumamışdıq.

- Sənin F...

İstədi söysün, böyür-başındakı saqqalı adamlardan hürkdü. Həm də indi-indi hiss elədi ki, camaat gecə paltarında dayanacaqda Füzulidən danışan atasına dəli kimi baxır.

- Get, ata, get. Evdə danışarıq.

- Rindu şeyda...

Atası barmağını silkələyə-silkələyə uzaqlaşdı.

Hara gedəcəyini bilmirdi. Əlimyandıda iş axtarırdı. Beşmərtbəli binanın tinində tək qanadlı mələk çıxdı qarşısına.

- Ey bəni insan!

- Sən kimsən, xalacan?

- Nə xala, ə? Gözünə açki tax. Mələyəm e, mən, mələk. Göylərdən gəlmişəm.

- Yaxşı şeyləri yazan mələksən, yoxsa pis şeyləri?

- Sənin dərdini bilirəm. Arvadın tərk edib. Mütləq iş tapmalısan. Mən sənə kömək edə bilərəm. Atanın taleyini yaşayırsan...

- Atamın arvadı ilə işin olmasın. O, mənim həm də anamdı. Başa düşdün?

- Sizi tərk eləyib getmişdi...

- Hə, tutaq ki elədi. Sonra? Neyləyəcəksən? Zamanı geri gətirəcəksən?

- Mən səni xilas...

- Nömrəni ver e sən. Gecə boşsan?

Mələk təəccüblü baxışlarla onu süzüb qanadlandı.

- Füzuli gör burda nə deyib.

Çevriləndə atası ilə qarşılaşdı. Tuman-köynəkdə əlində kitab gülümsəyirdi.

- Ata, başın xarab olub?

- Füzuli deyir ki, ey ğəmə düçar...

- Küçənin ortasında Füzulini söydürmə.

Bir də baxıb gördülər ki, Füzulinin heykəlinin qabağındadırlar. Füzulinin heykəli tərs-tərs onlara baxırdı.

- Salam, Füzuli. – atasıydı.

Cavab gəlmədi.

- Rüşvət deyil deyə almadı salamı.

Atası dərsdən iki almış şagird kimi mısmırığını sallaya-sallaya uzaqlaşdı. O isə yenə də iş axtarmağa yollandı.

- Harda oxumusuz? – şirkət nümayəndəsi soruşurdu.

- Füzuli qəzəlləri...

- Necə?

- Füzulini əzbər bilirəm.

- Bizə ingilis dilini bilən lazımdı...

Evə çatanda öz-özünə söyürdü: "Hara baxırsan qız axtarırlar. Oğraşlar. Elə bil kişinin əlindən heç nə gəlmir”.

Bu arada səhər qabağına çıxan mələk qulağına pıçıldadı:

- İstəsən, səni qız da eləyə bilərəm.

Qulağına şillə vurdu:

- Kəs səsini!

Atası əlində Füzulinin kitabı yanında bitmişdi.

- Gözlə, ata...

Qocanın gözləri parıldadı.

Telefonu götürüb kənara çəkildi, atası arxasındaydı.

- Alo, Nazlı! Mənəm... Hə... Yox... Tapmamışam hələ... Bir dəqiqə də... Bağlama... Nolar... Qızımın səsinə qulaq asım...

- Oğlum, Füzuli gör nə deyib:

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!

Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

- Vallah, iş də tapacam... Ata bir dəqiqə... İzah edəcəm onu... Yox, sənlə deyiləm.

- Məncə, demək istəyir ki, eşqin gücünə çox da bələd olma.

- Yox e, səni demir... Füzulinin şeirini oxuyur...

- Deyir, birində qalma, başqalarına bax...

- Məzələnmək? Nə məzələnmək e?

Düt-düt-düt...

-Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et!

Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda? – atası ucadan deyirdi...

- Sənin əhli eşqinə də, Füzulinə də...

Mətbəxdən bıçağı alıb atasının üstünə cumdu.

Sonrakı kadrda atası döşəmədə uzanmışdı, böyründən qan axır, qıraqda gölməçə yaradırdı. Qarnının üstündə kitab, kıtabın üzərində Füzulinin rəsmi. Yaxınlaşıb atasına baxanda rəsmdəki Füzuli ona göz vurdu...