adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Sentyabr 2018 11:34
13339
MƏMLƏKƏT
A- A+

Sabah Aşuradır - Nələr qeyri-məqbuldur?

Sabah Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq.

Hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

24 rayonda (28 yerdə) nəzərdə tutulan qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində olacaq.

Aksiyalar səhər 9:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məlumat üçün bildirək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.

Xatırladaq ki, Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayı başlayıb. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.