adalet.az header logo
  • Bakı 19°C
18 Sentyabr 2018 20:39
13064
İDMAN
A- A+

Rəşad Sadıqova çağırış: Yığmaya qayıt!

Bəzi futbol azarkeşləri belə fikir irəli sürürlər: "futbolçunun 30 yaşı tamam oldusa, 1-2 ilə karyerasını yekunlaşdırmaq haqqında düşünməlidi". Bu fikrin yalnış olduğunu dəfələrlə şahidi olmuşuq. Məsələn İngiltərə futbolunun əfsanələrindən olan Stenli Metyuz 50, Cənubi Koreya futbolunun canlı əfsanəsi qapıçı Kim Byun Ci 46, Avstraliya millisinin və "Lester Siti" klubunun sabiq qapışısı Mark Şvarçer 44, Braziliya yığmasının futbolçuları Ze Roberto ilə Rivaldo 43, Rojerio Seni 42, İtaliya yığmasının sabiq futbolçuları Andrea Pirlo 42, Françesko Totti, Del Pyero 40, Ukrayina millisinin və "Şaxtyorun" sabiq qapışısı Aleksandr Şovkovski 41 yaşlarında futbolçu karyelarına son qoyublar.
Azərbaycandan isə, rekord göstərici vaxtı ilə həm I dəstə, həm də premyer liqada çıxış etmiş "ABN-Bərdə" futbol klubunun futbolçusu Əli Quliyevə məxsusdu. O, 53 yaşında karyerasını bitirib.
Yapon futbolçu Kadzuyösi Miura 51 yaşı olmasına baxmayaraq, ölkəsinin II liqasında mübarizə aparan "İokoqama" klubu ilə müqaviləsini bu ilin yanvarında yenilədi, hətta yaşının çox olmasını ona qollar vurmağa mane olmur. O, hal-hazırda professional futbolda ən yaşlı futbolçu hesab olunur. Yola saldığımız son DÇ-na nəzər yetirsək, mundial iştirakçılarının heyətində də xeyli yaşlı və təcrübəli futbolçulara rast gəldik. Mən onların hamısını yox, yalnız yaşı 35 və daha çox olanları misal çəkəcəm.
Misir yığmasının qapıçısı 45 yaşlı Essam əl-Hadari mundialın ən yaşlı futbolçusu kimi futbol tarixinə düşdü. O, Səudiyyə Ərəbistanı ilə son qrup oyununda da meydana çıxdı. Həqiqət naminə etiraf edək ki, o cəmi 1 oyunda meydana çıxsa da, digər əsas heyət qapıçısından daha yaxşı çərçivəni qorudu. Yığmanın 3-cü qapıçısı Şerif Ekraminin isə 35 yaşında idi.
Meksika millisinin futbolçuları Rafael Markezin 39, Xose de Xesus Koromanın 37 yaşında idi.
Bu siyahıya aşağıdakı futbolçuları da əlavə edə bilərik:
-Panama yığmasının futbolçuları Felipe Baloy, Blas Peres (hər ikisi 37 yaş), Hayne Penedo, Luis Texedo (hər ikisi 36 yaş);
-Portuqaliya yığmasının futbolçuları Betu, Bruno Alveş (hər ikisi 36 yaş), Pepe 35 yaş;
-Avstraliya yığmasının futbolçuları: Tim Kehilin 38, Bred Consun isə 36 yaşı var idi;
-Rusiya yığmasının müdafiəçisi Sergey İqnaşeviçin 38; Danimarka millisinin yarımmüdafiəçisi Mikael Kron-Deli 35; Argentinanın yığmasının qapıçısı Vilfredo Kabalyero 36; Yaponiya millisinin qapıçısı Eydzi Kavasima 35; Kosta-Rika yığmasının qapıçısı Patrik Pemberton 36; Uruqvay millisinin əlcək sahibi Martin Siva 35; İspaniya millisinin qapıçısı Pepe Reyna 35 yaşlarında idi. Adları çəkilən futbolçuların əksəriyyəti yığmalarının əsas heyət oyunçularıdır.
Həmçinin Millətlər liqasında yığmamızla bir qrupda yer alan Malta milisinin əsas heyət oyunçuları olan yarımmüdafiəçi Qaret Şiberrasın 35, forvard Maykl Mifsudun ( elə millimizə qarşı start heyətdə də yer alaraq sona qədər mübarizə apardı ) isə 37 yaşı var, hətta ikinci cırtdan yığmanın tarixində ən çox qol vuran futbolçudu - 125 oyuna 40 qol. Digər rəqibimiz Farer adaları millisinin əsas müdafiəçisi və kapitanı Atli Qreqersenin 36 yaşı var.
Yaşının 36 olmasına baxmayaraq, hələ də "Qarabağ" klubunun həm kapitanı həm də arxa xəttin keçilməz səddi olan Rəşad Sadıqovun qəfildən millidən getməsi həm futbol ictimaiyyəti, həm də azarkeşlər arasında böyük təəccüblə qarşılandı. Ölkə çempionatına yekun vurulduqdan sonra "Qarabağ" klubu kapitanla müqaviləni daha "1+1" şərti ilə yenilədi.
6 yoxlama və "Millətlər Liqası"ndakı son 2 oyununda yığmamızın arxa xəttində xüsusilə də mərkəz və sağ cinah müdafiəsində olan problemlər özünü açıq-aşkar göstərdi, həmçinin yığmada sanki ağsaqqal, veteran bir oyunçu nəfəsi, ruhu çatışmır. Əsas kapitan Kamran Ağayev və vitse-kapitan Maksim Medvedev komandanı meydan da lazımınca oyuna kökləyib arxasınca apara bilmir.
Eləcə də, yığmaların AÇ ilə bağlı yeni reqlament (çətinləşdirilmiş) əsasında qrup oyunlarını keçirəcəklərini nəzərə alsaq, Azərbaycan yığması üçün Rəşad Sadıqovun oyunu, təcrübəsi hava-su kimi lazımdı.
Rəşad Sadıqov yığmanın sənə ehtiyacı var, qayıt və Azərbaycan millisini zəfərlərə daşı...