ƏLİ SƏBRİ HEKAYƏTİ

VAQİF YUSİFLİ
18121 | 2018-09-18 20:36
("Köhnə kişilər" silsiləsindən)

ƏDƏBİ HƏYAT

Ömrümün silinməz izlər buraxan bir xatirəsi də düz 37 il bundan öncə Qori seminariyasının məzunu, yazıçı-publisist-tərcüməsi Əli Səbri ilə bağlıdır. Mənə "Azərbaycan" jurnalı redaksiyasından tapşırmışdılar ki, Əli Səbrinin 90 yaşı tamam olur, həm onunla bir müsahibə apar, həm də xatirələrini al oxu, çapa hazırla. O zaman mənə yuxu kimi, röya kimi gəlirdi: doğrudanmı Qori müəllimlər seminariyasını bitirən və hal-hazırda sağ qalan yeganə bir insanla görüşəcəyəm? Qori müəllimlər seminariyası və orada təhsil alan azərbaycanlılar haqqında az-çox məlumatım vardı, "Dəli Kür" filmində də bu seminariya ilə bağlı epizodlar az deyil. Tanınmış ədəbiyyatşünas İsa Həbibbəylinin Cəlil Məmmədquluzadənin həyatı, xüsusilə, təhsil illəri barədə qələmə aldığı monoqrafiyada da Qori seminariyasında təhsil alan azərbaycanlılarla bağlı maraqlı faktlarla rastlaşmışdım.
Lakin budur, 90 yaşlı məzun qarşımda idi. Hökumət Evi yaxınlığındakeı mənzilində onunla üzbəüz dayanmışdım. Əli Səbri ömrün ötən illərini səhifələyirdi.1981-ci ilin dekabr ayıydı.
"Mən Naxçıvanın məşhur Nehrəm kəndində doğulmuşam. Çox vaxt deyirlər ki, Mirzə Cəlil guya "Danabaş kəndi" deyəndə Nehrəmi nəzərdə tutub. Savadsızlıq, cəhalət, nadanlıq o zaman Azərbaycanın əksər kəndlərinə xas idi, o cümlədən Nehrəmə. Amma Nehrəmin də, orada yaşayan insanların da özünəməxsus dünyası vardı. Əsrlərdən bəri bu kənddə dindarlıq çox güclü olub. Vaxtilə Mirzə Cəlil bu kənddə məktəb müdiri işləyib. Sonralar bu kənddən Azərbaycanda tanınmış alimlər, hüquqşünaslar, həkimlər sənət adamları meydana çıxdı.Mənim atam, atamın atası, babamın atası nəsillikcə tacir olublar. Amma mən bu ənənəni pozub başqa yol seçdim"
O yol maarif-təhsil yolu idi. Əli Səbri 1899-cu ildə Naxçıvanda M.T.Sidqinin məktəbində oxuyub. M.T.Sidqi (1854-1903) nəinki Naxçıvanda, bütün Azərbaycanda tanınan görkəmli maarifçi ziyalı idi, o, Naxçıvanda dördsinifli bir məktəb açmışdı, ona "Məktəbi-tərbiyə" adı vermişdi. Böyük mütəfəkkir Hüseyn Cavid də bu məktəbdə təhsil almışdı. Az sonra Əli Səbri Hüseyn Cavidin də şagirdi olur.Cavid ona həm məktəbdə, həm də evdə fars dilindən dərs keçirdi.Əli Səbri o məktəbdə rus dilini də öyrənmişdi..Atası istəmirdi o təhsil alsın, amma qonşuları-məşhur maarifçi Qurbanəli Şərifov onun atasına başa saldı ki, əsr -zaman dəyişir, uşağın marağını, həvəsini öldürmə.
Əli Səbri Qori müəllimlər seminariyasına çətinliklə yola düşür. Ana dilindən və şəriətdən tanımadığı iki kişi ondan imtahan götürür Sonra bilir ki, bunlardan biri Firudin bəy Köçərli, ikincisi Rəşid bəy Əfəndiyev idi
"İmtahan verəndən azca sonra Rəşid bəy zarafatyana məndən soruşdu:
-Sən sünnüsən, yoxsa şiə?
Mən cavab vermək istəyirdim ki, Firudin bəy dilləndi:
-Rəşid bəy, o naxçıvanlıdır. Orada sünnü, şiə söhbəti olmaz.
Mən tab gətirə bilmədim:
-Olar... dedim - Nənəm mənə acıqlananda deyir ki , bu gədədə sünnü damarı var.
Firudin bəyin dodaqları qaçdı. Sonra mənə belə bir sual verdi:
-Ana dilindən sənə kim dərs deyib?
-Mirzə Məmməd Tağı Sidqi, sonra da Hüseyn Cavid.
-Onda sən gərək Naxçıvandakı başqa şairləri də tanıyasan?..
-Bəli, Molla Mahmud Çakəri, Şürbini yaxşı tanıyıram.
Xülasə, imtahanlar qurtardı. Mən əla qiymətlərlə, dövlət hesabına snminariyaya qəbul olundum".
Qori müəllimlər seminariyası iki ayrı-ayrı binada qərar tutmuşdu. Birində xristian şöbəsi yerləşirdi. Burada xristianlar üçün kilsə də var idi. İkinci bina isə "Tatarskoye otdeleniye" adlanırdı Məlumdur ki, burada müsəlman tələbələri yaşayırdılar. Məzhəb bölgüsü də unudulmamışdı, sünnülərə şəriət dərsini Rəşid bəy Əfəndiyev şiələrə isə Firudin bəy keçirdi. Amma Firudin bəyin "şəriət" dərsi Azərbaycan ədəbiyyatı tarixi idi və bunu hamı bilirdi.
Əli Səbri ədəbi fəaliyyətə 1912-ci ildə bədii tərcümə ilə başlayır. O, L.Tolstoyun dörd hekayəsini dilimizə çevirir, Orucov qardaşları mətbəəsində kitab kimi çap etdirir. Bu tərcümələr Tolstoyu Azərbaycan oxucularına tanıtmaq yolunda ilk təşəbbüslər kimi maraqlı idi. Əli Səbri sonralar da tərcümə sahəsindəki fəaliyyətini davam etdirir. Şekspirin "Şıltaq qızın yumşalması", R.Taqorun "Fəlakət", L.Qrunsun "Günəşli səhər", gürcü yazıçılarının hekayələrini dilimizə tərcümə edir. 1913-cü ildə, Bakıda-Orucov qardaşlarının mətbəəsində "Solğun çiçək" romanını nəşr etdirir. Romanda müəllif iki gəncin npkam sevgisindən söz açır. Əli Səbrinin "Balaca və xalı" povesti isə uşaqların həyatından bəhs edir.
Əli Səbri o dövrün bütün tanınmış ziyalıları ilə dostluq və yaxınlıq edirdi. Mirzə Cəlil, Abdulla Şaiq, Ə.Haqverdiyev, N.Nərimanov, Ü.Hacıbəyli, Ə.Qəmküsar, H.Cavid, C.Cabbarlı, M.Müşfiq, Seyid Hüseyn, A.M.Şərifzadə, Kazım Ziya, Mirzağa Əliyev, Məmmədəli Sidqi, Səməd Mənsur, Mehdi bəy Hacınski, Əhməd Cavad, A.Divanbəyoğlu - bunlar XX əsr Azərbaycan ziyalılarının qaymaqları idilər.Əli Səbri o insanlarla birgə olduğu günləri yada salır, bəzən gözləri yaşarırdı. Cavid haqqında deyirdi ki, Cavid onun üçün ideal şəxsiyyət idi. Həm insan kimi, həm də yaradıcı kimi. Cavidin hər pyesi və bu pyeslərin tamaşaları hadisəyə çevrilirdi. Tez-tez onların evlərinə gedirmiş. Cavid hərdən konyak içməyi sevirdi, amma bu sevgini ehtirasa çevirmirdi. Əli Səbrinin naxçıvanlıf olduğunu bilib bəzən onunla o ləhcədə danışırmış.
Cəfər Cabbarlı isə hamıya yovuşan, hamının Cəfəri olan bir şəxs idi. Onun üçün dinclik məfhumu yox idi. Özü deyərdi ki, mənim istirahətim yazmağım, işləməyim, teatrdakı fəaliyyətimdir.
Əli Səbri dörd adamı özünün müəllimi kimi yad edirdi. Abdulla Şaiqi, Haqverdiyevi, Seyid Hüseyni və Mehdi bəy Hacınskini. Şaiq son dərəcə sadə, səmimi, mehriban insan idi.Əli Səbrinin hər bir yazısını oxuyur, fikrini bildirirdi, yalnız onun rəyindən sonra çapa verirdi.Əbdürrəhim bəy Haqverdiyev də gənclərə bu cür qayğıkeşliyi əsirgəmirdi. Ciddi adam idi.
Əli Səbri Cəlil Məmmədquluzadə ilə bağlı bir görüşünü qürur hissi ilə xatırladı:
"1916-cı il idi. Qapının zəngi çalındı. Gedib açdım. Gözlərimə inanmadım. Qarşımda kimi görsəm yaxşıdır? "Molla Nəsrəddin" jurnalının baş redaktoru Cəlil Məmmədquluzadəni və onun sadiq dostu Əliqulu Qəmküsarı. Mən özümü itirdim. Danışmağa nitqim olmadı.
-Bəlkə içəri girmək olmaz?-bunu Mirzə Cəlil gülərək dedi.
-Deyəsən torbada pişik var.-Əliqulu əlavə etdi. Mən onda ayıldım ki, girəcəyi tutub durmuşam, tez kənara atıldım. Məlum oldu ki onlar "İslamiyyə" mehmanxanasında qalırlar, özləri isə Orta Asiyaya gedirlər.
Mirzə Cəlillə Qəmküsarın mehmanxanadakı otelinə görüşmək üçün dəstə-dəstə adamlar gəlirdilər. Küçəyə çıxanda hamı onu bir-birinə göstərir, "bu, Molla Nəsrəddindir" deyirdilər. Bəzən Mirzə Cəlil dayandığı yerdə böyük bir izdiham yaranırdı. Mən onda anladım ki, doğrudan da, Mirzə Cəlil nəinki Azərbaycanın, bütün Şərqin və dünyanın qüdrətli sənətkarlarından biridir. Mirzə Cəlil mənim gördüyüm və şəxsən tanıdığım adamlar içərisində yeganə dahi idi".
Əli Səbri Mirzə Cəlilin "Ölülər" pyesinin tamaşasını yaxşı xatırlayırdı. Deyirdi ki, "Ölülər"in tamaşasına o qədər adam gəlmişdi, ayaq üstə durmağa yer yox idi. Əliqulu Qəmküsar bu pyesdə Şeyx Nəsrullahı oynayırdı. Onun oyunu möcüzə idi. Elə səhərisi günü Bakıda nəşr olunan qəzet və məcmuələrin əksəriyyəti tamaşa haqqında məqalələr və müsahibələr dərc etməyə başladılar. Məsələn, Sultan Məcid Qənizadə "Açıq söz" qəzetində yazırdı: "Şeyx Nəsrullahın ölüləri diriltməsi yalansa da, "Ölülər"in ölü fikirləri diriltməsinə şübhə edilə bilməz". Üzeyir bəy Hacıbəylinin də sözlərini xatırlayır Əli Səbri: "Ölülər" "Molla Nəsrəddin" kimi baltanı dibdən vuran pyesdir".
Əli Səbri Birinci Dünya Müşaribəsi illərini də yaxşı xatırlayırdı. Qori seminariyasını bitirəndən sonra Bakıya gəlir, 9-cu rus-tatar məktəbində müəllim işləyir. Mehdi bəy Hacınskinin köməyi və təşviqilə ictimai işlərdə də çalışmağa başlayır. "Cəmiyyəti-xeyriyyə", "Nicat", "Səfa" xeyriyyə cəmiyyətlərində katiblik edir. Sonra İkinci realnı məktəbdə müəllim işləyir (Xalq Təsərrüfatı-indiki İqtisad institutunun binasında) . Həmin binada başqa bir realnı məktəb də var idi və məlum məsələdir ki, iki realnı məktəb bir binaya sığışmırdı. Belə qərara alındı ki, həmin binanın üstündə bir mərtəbə də tiksinlər. Bunun üçün smeta tərtib elədilər. 36 min manat pul tələb olunurdu. Hökumət bu qədər pulu verməkdən imtina etdi. Məktəblərin direktorları Əli Səbrini özləriylə götürüb məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin yanına gedirlər.
"-Bala, deyəsən müsəlmansan?
-Bəli, Hacı əmi, mən müsəlmanam.
-Haralısan?
-Naxçıvanlı.
-Müəllimsən?
-Bəli!
-Neyçün ali məktəbə getmirsən?
-Hacı əmi, bunun üçün gərək gimnaziya bitirim. Onun üçün də hazırlaşmaq lazımdır. Seminariya attestatı kifayət eləmir.
-Yaxşı, hazırlaş, hansı universitetə gedəcəksənsə, mən sənə kömək edərəm, ayda yüz manat göndərərəm. Hə, indii de görüm, bu ağalar niyə təşrif gətiriblər?
Sən əhvalatı nəql elədim. 36 min manat pul lazım olduğunu söylədim.
Hacı dedi ki, bu məqsəd üçün 36 min manat pul verərəm.
Pilləkənlərdən düşəndə Hacının hesabdarı mənə yanaşdı və bir paket təqdim elədi. Bildim ki, içindəki puldur. Mə nonu direktorum Popova vermək istədikdə hesabdar dedi:
-Yox, o paket şəxsən Sizin üçündür.
Evə gəlib paketi açdım. Gördüm ki, 500 manat puldur. Bu pul mənim müəllim tutub hazırlaşmağım üçün idi"
Amma Əli Səbrinin universitet arzusu baş tutmur. Birinci Cahan müharibəsi başlanır. Əli Səbri Bakı "Cəmiyyəti-xeyriyyə" təşkilatında qızğın fəaliyyət göstərir, indiki Elmlər Akademiyasının binasında (İstiqlal Küçəsində) hərbi xəstəxana təsis edilir. Cəbhədən yaralıları bu xəstəxanaya göndərirdilər. Cəmiyyətə daxil olan nümayəndələr Qara dəniz sahillərinə, Kars ərazisinə gedir, əlsiz-ayaqsızlara, köməksizlərə yardım göstərirdilər. Əli Səbri bu dəstələrdən birinin başçısı idi. Bu dəstənin içində şair Əhməd Cavad da var idi. Əli Səbri nəql edirdi ki, bir gün Trabzondan Batumiyə gələndə Əhməd Cavadı çox dilxor görür. Səbəbəni soruşur. Məlum olur ki, Əhməd Cavad Süleyman bəy Bejanoğlunun- Bejanidzenin (o, varlı acar idi) qızını sevir, özü də bu münasibət qarşılıqlıdır. Amma kimi elçi göndərəsən? Qərara alırlar ki, 22 yaşlı Əli Səbri qabağa düşsün, elçi olsun. Ağsaqqal olmadığından onu razı salırlar. Süleyman bəy "elçi"ni yaxşı qarşılayır. Hətta deyir ki, Cavad pis oğlan deyil, şeirlərini mənə oxuyub. Amma əsas məsələyə gələndə, deyəndə ki sizin qızınız Şükriyyə xanımla Cavad bir-birini sevirlər, gəlin onlara xeyir-dua verək- o zaman Süleyman bəy nə desə yaxşıdır: "Mən qızılbaşa qız vermərəm!". Əli Əbri pilləkənelərdən qaça-qaça qışqırır ki: "Verməzsən, biz də götürüb qaçarıq!". Doğrudan da, Əhməd Cavad Şükriyyəni götürüb qaçır. Düz iyirmi ildən sonra (1935-1936-cı illərdə) Süleyman bəy Şəmkirə gəlir, nəvələrini, qızını, kürəkənmini görür.
İyirminci-otuzuncu illərdə Əli Səbri həm bədii tərcümə, həm jurnalistlik fəaliyyəti, həm də müəllimlə məşğul olur. "Maarif işçisi" jurnalında məsul katib işləyir. Bu jurnalda alimlər, maarif xadimləri, müəllimlər yazıçılar, şairlər, tənqidçilər tez-tez çıxış edirdilər. Amma jurnalın ömrü uzun çəkmir.
Həyatında baş verən bir əlamətdar hadisəni də heç vaxt unutmurdu. Əli Səbri1934-cü ildə SSRİ Yazıçılar İttifaqının I qurultayının iştirakçısı olur.
"Quruliayda mbizim yazıçılardan Cəfər Caebbarlı, M.K.Ələkbərli və M.Rəfili çıxış etdilər. Hər üçünün çıxışı maraqla qarşılandı. Rəfilinin rus dilində çox sərbəst və savadlı nitqi də çoxlarını heyran qoyduö Qurultayın bir iclasında Dağıstan şairim Süleyman Stalski çıxış etməli idi. Həmin günkü iclasın sədri, yazıçı Stavski məni çağırıb dedi ki, Stalski ilə görüş, o, rusca yaxşı danışa bilmir, öz dilində-qümıqca danışacaq, sən onun tərcüməçisi olacaqsan...Doğrusunu deyim ki, çox çətinlik çəkdim, amma məqsədimə çatdım".
Əli Səbri böyük bəstəkar Müslüm Maqomayevlə dostluğunu da əvvəl fərəhlə, sonra kədərlə xatırladı. Deyirdi ki, 1937-ci ildə Kabarda-Balkarın paytaxtı Nalçikə getmişdim. "İnturist" mehmanxanasında yer aldım. Bakı Opera teatrının inzibatçısı Xristoforu gördüm, hal-əhval tutduq və o, mənə dedi ki, Müslüm Maqomayev də burdadır.Səmimiyyətlə görüşürlər.Amma məlum olur ki, Müslüm Maqomayev ağır vərəm xəstəliyinə tutulub, son günlərini yaşayır. Əli Səbri hər gün iki-üç saat Müslümün yanında olur, ona ürək-dirək verirdi. İki-üç günlüyə Elbrusa gedir və Nalçikə qayıdanda Müslüm Maqomayev artıq vəfat etmişdi. Süleyman Rüstəm və Üzeyir Hacıbəyov də burda, tabutun yanında dayanmışdılar. Vağzalda tabutu Bakıya yola salanda yığıncaq keçirilir. Kabarda-Balkar vilayət komitəsinin katibi Bədəl Kalmıkov, Üzeyir Hacıbəyli, Süleyman Rüstəm yanıqlı nitq söyləyirlər. Əli Səbri vağzalda tabuta yanaşıb son dəfə Müslümə baxır.
Əli Səbrinin xatirələrini çətinliklə olsa da (çünki xətti əyri-üyri idi, oxumaq olmurdu), çapa hazırladım. "Azərbaycan" jurnalının 1982-ci il 2-ci sayında o xatirələr işıq üzü gördü. Xatirələrin sonunda Əli Səbri qədim rus şəhəri Arxangelskiyə səfərindən söz açırdı. Yazırdı ki, uzun illərin yorğunluğunu çıxarmaq üçün səyahətə çıxır. Amma elə o zaman ürəyimə şübhə dammışdı ki, Əli Səbri bura yorğunlubunu çıxarmaq üçün gəlməyib. Bu xatirələri 1981-ci ilin sonlarında hazırlamışdım və onda Sovetin gurhagur vaxtıydı.
Sonralar 2007-ci ildə filologiya elmləri doktoru Hüseyn Həşimlinin "Əli Səbri" monoqrafiyası çapdan çıxanda hər şey mənə məlum oldu. Əli Səbrini 1937-ci ildə "müsavatçı, pantürkist, Sovet quruluşunun əleyhdarı" adı ilə "yorğunluğunu çıxarmağa" yox, sürgünə göndərmişdilər.Yalnız bəraət qazanandan sonra sürgündən qayıdır, yenə də ədəbi fəaliyyətini davam etdirir, uzun müddət SSRİ ədəbi fondu Azərbaycan şöbəsinin sədri vəzifəsində çalışır.
Bir il sonra -1983-cü ildə Əli Səbri 91 yaşında dünyasını dəyişir. Mən Qori müəllimlər seminariyasının o zaman sağ qalan yecanə məzunu, iki ali məktəb bitirən balaca boylu o müdrik qoca- o "köhnə kişi" ilə söhbətimi isə heç vaxt unuda bilmirəm.
(ardı gələn sayımızda)



TƏQVİM / ARXİV