adalet.az header logo
  • Bakı 12°C
18 Sentyabr 2018 18:09
9333
GÜNDƏM
A- A+

Ana dilimiz ölməzdir, müqəddəsdir

Ana, vətən, xalq dilə bağlıdır. Ana dili xalqımızın tarixini, mədəniyyətini, dinini, adət-ənənələrini, əxlaqi keyfiyyətlərini, dünyaya, insana, həyata baxışını, milli xüsusiyyətlərini özündə əks etdirən, yaşadan əbədi milli varlıqdır. Heç vaxt tükənməyən, dəyərdən düşməyən, əsrlərin sınaqlarından çıxıb bu günə kimi bizi tanıdan, şöhrətləndirən, qolumuza qüvvət, gözümüzə nur verən mili sərvət, qürur mənbəyimizdir.

Bizə süd verib boya-başa çatdıran, gecə-gündüz qayğımıza qalan anamızın dili anamız qədər əziz, babalarımız kimi müdrik, əcdadlarımız tək unudulmazdır.

Ana dilini sevməyən, qiymətləndirməyən, qorumayan, yaşatmayan insanın anasını, vətənini, xalqını sevməyinə inanmıram. Əgər ana dilimizi mükəmməl bilmiriksə, ona biganəyiksə, dindən, mənəviyyatdan, ünsiyyətdən uzağıq, nəinki dilimizə, xalqımıza, əcdadlarımıza, keçmişimizə, gələcəyimizə, nəslimizə-kökümüzə biganəyik.

Ulu Öndərimiz Heydər Əliyevin "Öz ana dilini bilməyən adamlar şikəst adamlardır" müdrik kəlamı xalqın ruhundan doğulub və milyonların fikrinin, ürək yanğısının ifadəsidir.

Azərbaycanlı olub, bu torpağın çörəyini yeyib suyunu içən, varlığından qidalanan, vəzifə, iş-güc sahibi olan bir insanın öz ana dilində danışa bilməməsi, fikrini ifadə etməyi bacarmaması, deyilənləri tam başa düşməməsi, milli tariximizdən, ədəbiyyatımızdan, folklorumuzdan xəbərsiz olması, hətta övladlarına ana dilində danışmağa qadağa qoyması, xaricdən dayə gətirib onlara başqa dilləri öyrətməsi, əcnəbi ruhda tərbiyə verməsi yolverilməzdir, bağışlanılmazdır.

Ümummilli liderimiz sağlığında öz ana dilinə biganə olanları şikəst adlandırmaqla bərabər, həm də onlara ciddi iradlarını bildirir, məsləhətlərini verirdi: "Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq, xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur."

Heydər Əliyev ömrünün son anına kimi ana dilimizin saflığı, inkişaf etdirilməsi uğrunda qətiyyətlə mübarizə aparmış, zəngin, ahəngdar, dərin tarixi köklərə malik olan, ürəkdən sevdiyi, əzizlədiyi ana dilində danışmaqdan fəxr duyduğunu qürurla bildirmişdir.

İstər Sovetlər dövründə, istərsə də müstəqillik illərində ölməz rəhbərin dilimizin inkişafı, təkmilləşməsi sahəsində həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar, imzaladığı sərəncamalar, fərmanlar bunun bariz nümunəsidir. Sovet dövründə Azərbaycan Respublikasının Konstitusiyasında "Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir" fikrinin ifadə olunması Ulu Öndərin qətiyyətli mövqeyinin, ana dilinə sonsuz sevgisinin ifadəsi idi. Sonralar bu mövqe, bu istək müstəqil Azərbaycanın 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Konstitusiyasında, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanda, "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", Azərbaycan Respublikasının Dövlət dili haqqında” Azərbaycan Respublikasnın Qanununda və digər sənədlərdə öz əksini dolğun şəkildə tapmış, rəhbərə ümumxalq məhəbbəti qazandırmışdır.

Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti dövlət quruculuğu siyasətinin tərkib hissəsi olmaqla ardıcıllığı və səmərəliliyi ilə daim fərqlənib, dilimizin inkişafına, saflığına mühüm töhfələr vermişdir. Xalqın mənəvi varlığı kimi ana dilini dərindən və mükəmməl öyrənmək, sevmək, dilin qayğısına qalmaq, saflığını qorumaq, onunla fəxr etmək, nitqimizin gözəlliyini duymaq, bu gözəlliyi hər zaman, hər yerdə təbliğ etmək, dilimizdə düzgün danışmaqla hamıya nümunə olmaq, zəngin lüğət tərkibindən və söz ehtiyatlarından bacarıqla istifadə ertmək, dilə yad olan meyllərdən qətiyyətlə uzaqlaşmaq, rəhbərin dil siyasətini səciyyələndirən başlıca amillərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasəti ardıcıl davam ertdirməsi ana dilimizin təkmilləşdirilməsini daha da sürətləndirmişdir. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" və digər mühüm tədbirlər dil siyasətini dəyərləndirən əyani nümunələrdir və elmi təşkilatlarımız, alimlərimiz, ziyalılarımız, müəllimlərimiz, eləcə də hər bir vətəndaş qarşısında yeni vəzifələr qoyur.

Cənab İlham Əliyev qətiyyətlə deyir: "Biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".

Bu kəlmələr ana dilini sevən, ona hörmət bəsləyən hər bir insan üçün həm məsuliyyət, həm də tapşırıqdır. Rəhbər, Azərbaycanlı məsləhətidir.

Ölkədə Azərbaycan dilinin inkişafına, təbliğinə göstərilən qayğı və diqqət hər birimizi sevindirir. İnsanlar bu qayğını yalnız dilimizə deyil, tariximizə, mədəniyyətimizə, əcdadlarımıza, gələcəyimizə, ölkəmizin tanıdılmasına göstərilən diqqət kimi qiymətləndirirlər. Hər bir kəs bu sahədə nəyəsə nail olmağa can atır.

Xaçmazda ucaldılan möhtəşəm ana dili müəllimi abidəsi buna bir nümunədir. Bu abidəni seyr edərkən insan dilimizin qədirşünaslarını, elimizin müdriklərini , ağsaqqallarını, öz fikirləri, sağlam düşüncələri, əməlləri ilə xalqımızı ucaltmağa, tanıtmağa, əxlaqımızı, amalımızı dünyaya çatdırmağa çalışanları, dövlətə, cəmiyyətə sədaqətlə xidmət edənləri bağrına basmaq istəyir.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin bu nəcib təşəbbüsü - ana dili müəlliminə abidə ucaltması dövlət rəhbərimizin qarşıya qoyduğu vəzifələrə, qəbul olunan fərmanlara əməli cavab olmaqla bərabər, ana dilimizə, doğma müəllimlərimizə olan çox böyük hörmətin, ehtiramın ifadəsidir. Bu tək ana dili müəlliminə qoyulan bir abidə deyil, analarımıza, min bir zəhmətlə bizə elm, savad verən bütün müəllimlərimizə, dilimizin, elimizin, tariximizin ucalığına, möhtəşəmliyinə, müqəddəsliyinə, əbədiliyinə qoyulan abidədir!

Ulu Öndər Heydər Əliyevin abidənin lövhəsində həkk olunmuş "Mən dünyada müəllim adından yüksək ad tanımıram. Ana dili xalqın milli sərvətidir" kəlamları bu iki ölməz, müqəddəs varlığa - müəllimə və dilimizə verilən ən böyük qiymətdir.

Abidə ətrafında qranitdən hazırlanmış 38 kitab isə Dədə Qorqud, Nizami, Nəsimi, Füzuli, Səməd Vurğun, Üzeyir Hacıbəyov və digər klassiklərimizin, müdriklərimizin duyğularını, dünyaya bəxş etdikləri bəşəri ideyaları təbliğ etmək baxımından çox səciyyəvidir. Axı bu müdriklər dilimizi zaman-zaman qoruyublar, ana dilində danışmaqdan, yazmaqdan şərəf duyublar. Onların hər birinin həyatı nəsillərə örnək, yaratdıqları əsərlər isə böyük tərbiyə məktəbidir.

Bu abidənin qoyulması həyatımızda mühüm bir hadisədir. Çünki elmimizə, təhsilimizə qayğı və diqqətin artırıldığı, dilimizin saflığına, inkişafına səylər göstərildiyi, müəllim adının, şərəfinin ucaldılmasına zəmin yaradıldığı bir dövrdə belə bir abidənin ucaldılması siyasi, ictimai, əxlaqi əhəmiyyətə malik olmaqla vətəndaşlıq borcunun, vəzifə məsuliyyətinin aliliyini özündə birləşdirir.

Dilimizə, müəllimlərimizə abidə ucaltmaq amalında olanlar və niyyəti həqiqətə çevirənlər ilk növbədə bu müqəddəs varlıqlarla yanaşı, insanların qəlbində, gözündə də özlərinə bir abidə ucaldırlar. Çünki dünyada ana dilindən əziz, ölməz, tükənməz bir sərvət, müəllim adından uca bir ad, anadan müqəddəs bir varlıq yoxdur.