ANA SƏHİFƏ / MÜSAHİBƏ

Araz Əlizadə: “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

29625    |   2018-09-19 09:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Adalet.az tanınmış ictimai-siyasi xadim, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə ədəbiyyat söhbətini təqdim edir.

- Araz müəllim, siz ziyalı ailəsində dünyaya göz açmısınınız...

- Atamla anam universitetin professoru olublar. Filologiya üzrə mütəxəssidirlər. Mən də şərqşünasam.

- Atanızın Məmməd Mübariz Əlizadənin fars dilindən tərcümələri var...

- Atam deyərdim ki, ən yaxşı tərcüməçilərdən biri olub. Nizamini Azərbaycan xalqına qaytarıb. O vaxtı atam deyəndə ki, Nizami Azərbaycan şairidir, Yazıçılar İttifaqındakı bir qrup atamın əleyhinə çıxırdılar. Nizami Gəncəvini həm onlar, həm də dünya fars şairi kimi tanıyırdı. Atama qarşı da buna görə hücumlar olurdu. Əsasən də Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza. O zaman Səməd Vurğun etiraz mövqeyində idi. Səməd Vurğun bizə gəldi, atamla söhbətləri oldu. Daha sonra böyük şair getdi Mərkəzi Komitəyə, məsələni həll elədi. Nizami Gəncəvinin yubileyi keçirildi və qeyd edildi ki, o Azərbaycan şairidir. Qəribə olan nədir? O vaxt qərar verdilər ki, Nizamini ordenli şairlər tərcümə etsin. O cümlədən Süleyman Rüstəm, Məmməd Rahim və Rəsul Rza (gülür). Bircə Səməd Vurğun atamdan xahiş elədi ki, sətri tərcüməni eləsin. Bədii tərcüməni özü elədi. Qalanları bildilər, bilmədilər, tərcümə elədilər və Nizaminin qol-qabırğasını sındırdılar.

- Sizin klassik ədəbiyyata münasibətiniz necədir?

- Deyə bilmərəm ki, bu sahənin mütəxəssisiyəm. Yalnız oxucu kimi münasibət bildirə bilərəm. Atam böyük mütəxəssis idi. Nizamidən başqa, Füzulini, Şəhriyarı, Firdovsini, Sədi Şirazini tərcümə edib. Bir var məzmunca tərcümə edəsən, bir də var müəllif kimi tərcümə. Atam müəllif kimi tərcümə eləyib. Firdovsinin yubileyində əsas məruzəçi atamı seçmişdilər. Halbuki İranda o qədər firdovsişünas vardı...

- Təbii ki, evdə də bu söhbətlərin şahidi olmusunuz. Ədəbiyyata sevginiz necə yarandı? Nə vaxt mütaliə etməyə başladınız?

- Necə yarandığını, hardan yarandığını demək çətindi, çünki gözümü açandan evdə ədəbiyyat söhbətlərinin olduğunu görmüşəm. Ziyalılar, yazıçılar, şairlər bizim evə gələrdilər. Mən böyüyəndən sonra Səməd Vurğunun, Məmməd Rahimin, Süleyman Rüstəmin, Mir Cəlalın kim olduğunu bilmişəm. O vaxtları isə mənim üçün onlar "Səməd əmi”, "Mir Cəlal əmi”, "Süleyman əmi” idilər.

- O görüşlərdən nələri xatırlayırsınız?

- Mənim bir maraqlı xatirəm var. Sonra Mir Cəlal bunu hekayə kimi yazdı. "Özgə uşağı” adlı hekayəsində. Mənim haqqımda hekayə idi. Deməli, onlar bizdə qonaq olanda anam bacımı mağazaya göndərir, mən də dirəşirəm ki, onunla bir yerdə gedəcəm. Çox balacaydım, üç-dörd yaşım olardı. Bacım deyir, tez gəlib gedəcəm, anam da deyir ki, götür uşağı da, ağlatma onu. Yolda xalam oğlu ilə rastlaşırıq. Onlar da bizə yaxın qalırdılar. Xalam oğlu deyir, ver Arazı bir az oynadım. Mübahisə düşür. Bacım deyir, mağazaya getməliyik. Mübahisə qızışır. Hər ikisi gedirlər, heç kim məni özü ilə götürmür, qalıram ortada (gülür). Bacım gəlir evə, anam deyir, Araz hardadır. Deyir, Akif, xalam oğlu götürdü. Anam zəng edir xalamgilə, deyir, Arazı gətirin. Onlar da cavab verirlər ki, axı Araz bizdə deyil. "Bəs hardadır? Akif sən götürmədin Arazı?” "Yox, Nüşabə - bacım - qoymadı”. Nə isə, düşürlər küçələrə məni axtarmağa. Axırda tapırlar. Mən də deyirəm ki, gəlmirəm sizlə. Bunu Mir Cəlal hekayə kimi yazmışdı.

- Uşaq vaxtı Mir Cəlal sizdən yazıb. Bəs indi Araz Əlizadədən hansısa yazıçının roman yazmasını istərdinizmi?

- Yox!

- Niyə?

- Görmək istəməzdim. Bunun niyəsi yoxdur. İnsan ya istəyir, ya da istəmir. Məsələn, çoxu deyir ki, bəlkə xatirələrinizi yazasınız. Mən həmişə deyirəm, siyasətçi ancaq siyasətdən getdiyi vaxt xatirələrini yaza bilər. Siyasətdə ola-ola xatirələrini yazmaq düzgün deyil. Çünki hadisələr elə surətlə dəyişir ki, beş il əvvəl yazdığında səhv elədiyini görürsən.

- Nə vaxtsa bəs memuar kimi yazmağı düşünürsünüz?

- Bilmirəm. Mən ümumiyyətlə, jurnalistikayla fəaliyyətə başlamışam. Sonra elmlə məşğul olmuşam, dərs demişəm və s. O qədər yazmışam ki, düzü, yazmaqdan bezmişəm. İndi nəsə yazmaq lazım olanda kiməsə diktə edirəm.

- Yəqin ki yazdıqlarınız siyasi-ictimai yazılar olub...

- Əsasən siyasi...

- Bəs heç bədii nələrsə yazmamısınız? Hekayə, yaxud şeir...

- Cavanlığımda şeir yazmışam. Sonra mənim həmin şeirimi görkəmli bir şair top atəşinə tutdu.

- Kimdi o?

- İstəmirəm adını deyim. Bilirsiniz, mən rəhmətə gedənlər haqda ya yaxşı danışıram, ya heç danışmıram. Hə... O görkəmli şair məni tənqid etmişdi. Onda da mənim 14 yaşım var idi. Otağıma çəkilib ağladım. Atam soruşdu ki, nə olub? Dedim, şeirimə bu cür şey yazılıb. Baxdı güldü. Dedi, fəxr elə ki, sənin balaca şeirinə o boyda Xalq yazıçısı münasibət bildirib. Sonra soruşdu: "Araz, şeir yazmaya bilirsən?” Dedim ki, hə. Atam dedi, onda yazma. O zaman yazmaq lazımdır ki, onsuz yaşaya bilmirsən.

- Cəmi bir şeiriniz çap olunub onda?

- Çap olunmayıb. Onu vermişdim rəyə.

- O tənqiddən sonra yazmadınız?

- Hərdən bir yazırdım. Həbsdə olanda da yazmışam. Ancaq özüm üçün. Başqaları üçün yox. Bilirsiniz, mən atamın hikmətini başa düşdüm. Doğrudan da şair özünü zorla yazdırmalı deyil, o bədahətən yazmalıdır. Elələri var ki, 100-200 şeir yazıb qapı-qapı düşüb 100-200 dollar alırlar, sonra da çap etdirirlər. Bu şairlik deyil.

- Sizi indi də tənqid edirlər. Reaksiyanız necə olur indi?

- Yazıçılar Birliyində Cənub bölməsinin rəhbəri var... Adı nə idi?

- Sayman Aruz...

- Ona cavab vermişəm.

- Sizi tənqid etmişdi?

- Məni yox, atamı. O yazmışdı ki, atam şeirin tərcüməsini səhv eləyib. Özü də o şeirin adını deyəndə səhv eləmişdi. Düz oxumamışdı onu. Mən də dedim ki, bala, heç olmasa tənqid elədiyin şeyi yaxşı-yaxşı öyrən də. O zaman yazdım ki, görün Cənubi Azərbaycan şöbəsi nə hala düşüb. Əvvəllər Balaş Azəri, Hökümə Billuri, Mədinə Gülgün var idi... İndi onların yerinə adam gəlib, heç şeiri üzündən oxuya bilmir. Oxuya bilmir, amma mütəxəssisi tənqid eləyir. Tənqid edənlərdən bircə ona cavab vermişdim ki, bil, ondan sonra danış.

- Araz bəy bu günlər klassiklər, görkəmli şairlər tənqid olunur...

- Hansı klassiki tənqid edirlər?

- Məsələn, Səməd Vurğunu...

- Səməd Vurğunu tənqid edən qələt edir, başını da daşa vurur. Tutaq ki, Süleyman Rüstəm deyəndə mənim yadıma onun Cənub şeirləri və "Ana poçtalyon” şeiri düşür. Məmməd Rahimin qəzəlləri... Buyursunlar, onları tənqid edənlər bu cür yazılar ortaya qoysunlar. Sonra tənqid edərlər.

- Deyirsiniz ki, tənqid etmək olmaz?

- Bilirsiniz, aşığın sözü qurtaranda "dalay-dalay” deyir. Bizim cavan yazıçı-şairlərimiz əsasən istedadsızdırlar. Şeirə-sənətə pul qazanmaq üçün gəliblər. Elə bilirlər ki, dünənə daş atsalar, məşhurlaşacaqlar. Bilmir ki, dünənə daş atan fırtına qarşısında durar. Əgər dura bilirsə, yaxşı əsərlər ortaya çıxara bilirsə heç kim ona heç nə deyə bilməz.

Sovet vaxtı tənqid etsək də, ədəbiyyat, mədəniyyət baxımından bizim intibah dövrümüz idi. Gözəl əsərlər yarandı. İndi... Müstəqillik qazanmışıq. Hanı o əsərlər?

- Yoxdu sizcə?

- Mən yox deyə bilmərəm. Sadəcə qarşılaşmamışam. Bəlkə papaq altda yatan oğlanlar var. Amma görməmişəm.

- Müasir yazıçılarımızdan kimləri oxuyub bu qənaətə gəlmisiniz?

- Kimsə gəlib deyir ki, bax, bu kitab yaxşı kitabdır, götür bax. Açıb baxıram, vərəqləyirəm, görürəm ki, o deyil. Mən axı onları necə yadda saxlayım? Yadda saxlamalıyam?

- İmza sizi çəkmədiyi üçün yadda qalmayıb?

- Yazısı xoşuma gəlmədiyi üçün imzası da yadımda qalmır.

- Bəs istedadlıdır, amma üzə çıxmayıb, qiyməti verilməyib. Sizcə, belələri varmı Azərbaycanda?

- Mən görməmişəm.

- Yəni hesab edirsiniz ki, bu gün ortada olanlar qiymətini alanlardır, qiymətini ala bilməyənlər də istedadsızdır?

- Baxın... Anarı götürək. Anar mənim çox sevdiyim yazıçıdı. Amma o 70-ci illərdə qurtardı. Daha onun maraqlı bir əsərini görmürəm. Bircə Elçin qalıb ortada. Elçin mənimlə qonşu idi, Hüsü Hacıyev küçəsində. Amma Bakı kəndlərindən elə koloritli hekayələr yazırdı ki... Anarın, İbrahimbəyov qardaşlarının yaxşı əsərləri vardı. Bir dəfəyə ləzzətlə oxuyurdum. İndi görmürəm. Yoxdu.

- Bəs xoşunuza gələn imzalar kimlərdir? Həm Azərbaycan ədəbiyyatından, həm dünyadan...

- Çoxdur... Mən Çexovun aşiqiyəm. Sonra Dostoyevski, Mirzə Cəlil, Haqverdiyev, Sabir... Onların pərəstişkarıyam. Səməd Vurğun, Mikayıl Müşfiq... Bilirsiniz, saymaqla bitməz. Çoxdurlar. Xoşbəxtlikdən Yazıçılar evində yaşamışam və nəhəngləri görmüşəm.

- Bir müsahibənizdə demişdiniz ki, boş vaxtlarımda mütaliə edirəm. Gün ərzində nə qədər vaxt ayırırsınız mütaliəyə?

- Elə gün yoxdur ki, mütaliəyə vaxt ayırmayım. Ancaq son illər mütaliəyə az-az vaxt sərf edirəm. Əsasən oxuduğum siyasi ədəbiyyatdır.

- Araz bəy, yazıçı-şair dövrün ictimai-siyasi hadisələrinə vətəndaş mövqeyini sərgiləməlidirmi? Yoxsa onun işi yalnız əsər yazmaqdır?

- Mən düşünürəm ki, hərə öz işiylə məşğul olmalıdır. Xanəndə xanəndəliklə, bəstəkar bəstəkarlıqla, şair şeiri ilə, yazıçı əsəri ilə... Mən demirəm ki, həkim şeir yaza bilməz. Baxın görün, Ələkbər Tağıyev necə gözəl musiqilər yazırdı.

Söhbətləşdi: Ayxan Ayvaz



İmza:

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Tanınmış teleaparıcı: - “O şeirə görə səhərə qədər içib ağlamaq olar”

Məşhur Azərbaycanlı filosof : “İndi Nitşeye gülərlər...” - MÜSAHİBƏ

Aqşin Yeniseyin mənə atmaca atması maraqlı deyil - MÜSAHİBƏ

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”

Murad Arif: : “Söyüşcül olmaq istəyirdim” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK