adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Sentyabr 2018 00:26
15449
ƏDƏBİYYAT
A- A+

Hakim etikası

Hekayə

Əlisəfa Azayev

Məhkəmədə iş təzəcə başlamışdı. Dəftərxana müdiri Nurbacı xanım makinaçı qıza dedi:
- Qadası, bir çay dəmlə içək.
- Bu dəqiqə, deyə güllü donlu qız əmrə müntəzir halda gülümsəyərək, işinə ara verib yerindən qalxdı. Bu o demək idi ki, işə indi gəlmişik, çayı evdə içə bilmirdin?
Bu hərəkətdə əslində dəftərxana müdirinin də gizli məqsədləri vardı. Hakim gələr-gəlməz yaxşı bir çay dəəmlətmək, onun yanına keçmək, lazımi sözünü demək qadında adət idi. Bu da hörmət-izzət qazanmaq üçün göstərilən xidmətin, qayğıkeşliyin bir növü kimi ona xoş gəlirdi. Ancaq hakim bir azdan işə gələndə, qapı açıq olsa da, özünü görməməzliyə qoyub keçdi, onlarla heç salamlaşmadı. Nurbacı xanım pıçıldadı:
- Allah xeyir eləsin... Bu yenə niyə belə... Bəlkə də evdə mübahisə eləyib gəlib? Yoxsa, salam verdi, biz eşitmədik...
- Nə deyim...
Elə bu vaxt dəhlizdə başqa bir ayaq səsi eşidildi. Zənən xeylağının gəlişinə oxşayırdı. Bunu ayaqqabı səslərinın ritmik ahəngindən, hökmündən də bilmək olurdu. Dəftərxana müdiri gileyləndi:
- Görən hansı harınlamışdı bu? Yerişindən bilinir ki, ötkəmdir... Şikayətə gəlib... Bəlkə də elə boşanmaq üçün...
Ancaq otağa başqa məqsədlə gəlmiş gənc bir qadın yaxınlaşdı. Bu şəhərdə, redaksiyaların birində çalışan işgüzar, fəal xanım Səadət idi. Gülümsər halda dilləndi:
- Sabahınız xeyir. Deyəsən elə birinci gələn mənəm. Hakim yerindədirmi?
- Sabahınız xeyir. Hə... Elə indicə gəlib. Əyləşin... Bu dəqiqə məlumatlandırıram. Telefonla danışır.
Həqiqətən də, hakim otağa girən kimi kimləsə telefonla danışmaqda, söyüb-söylənməkdə idi:
- Ə, o əclafa deyə bilməzsiniz ki, belə olmaz?! Bu kimi hərəkətləri ancaq özünə ziyandı! Bu alcaqlara xətir-hörmət yoxdur da! İmkan düşən kimi bıcağı arxadan saplayırlar! Yaxşı, o olsun, mən də mən!..
Belə sözlər hakimə yaraşmasa da, o həə də baş alıb getməkdə, müsahibi ilə odlu-alovlu danışmaqda idi. Jurnalist xanım hələ də onun üçün süzülən pürrəngi çayı içməmişdi. Hakim üçün süzülən çayı dəftərxana müdürü əlinə alıb gedəndə, arxası ilə yerindən qalxdı. Makinaçı qız narahatçılıq içində dilləndi:
- Bəlkə bir az səbrli olasınız.
- Tələsirəm, işim var.
- Qoyun desin də.
- Qəbula düşmək belə çətindir?
- Telefonla danışır.
- Qurtardı da. Səs gəlmir.
Dəftərxana müdiri hakimin otağına girəndə bildirdi:
- Sudya, bir jurnalist bacı... xanım gəlib. Yanınıza gəlmək istəyir.
Hakim onsuz da dilxor idi. Qadının bu sözlərindən lap haldan çıxdı:
- Nə məqsədlə?! Qoymurlar da səhərin gözü açılsın!.. Jurnalist, de yığıcı gəlib də...
- Vallah, bir söz demədi...
- Soruşaram da...
Çox təssüf ki, Səadət xanım hakimin bu incik halda dediyi sözləri eşitmişdi. Qapı da açıq idi. Özünü saxlaya bilməyib dilləndi:
- Cənab hakim, sözlərinizə fikir verin. Hakim etikası budurmu?! Biz yığıclıyıqsa, siz də yıxıcısınız!.. Bir sənədlərə baxın... Gör, sizin haqqınızda nələr yazırlar...
Hakim belə qalmaqallar çox gördüyü üçün qımıldanmadı. Ancaq söhbətin bu şəkil alması heç də yaxşı deyildi. Xüsusilə, belə jurnalist xanımla. Gülümsər halda dəftərxana müdirinə dedi:
- Yaxşı, sən get...
Sonra isə Səadət xanıma üz tutdu:
- Sən isə içəri gəl, bacı. Görək nə dərdin var...
Xanım könülsüz halda içəri keçdi, göstərilən yerdə əyləşdi. Hiss olunurdu ki, hələ də qəzəblidi, hirsi soyumamışdı:
- Siz hakimsinizsə, biz də dördüncü hakimiyyətin nümayəndəsi- jurnalistik...
- Bilirəm, bilirəm...
- Bilsəydiniz, belə deməzdiniz. Söz deyəndə də, bilin kimə deyirsiniz də...
Hakim əlini cibinə salıb bir onluğu stolun üstünə atdı:
- Götürün... Bu da sizin qismətiniz imiş.
Səadət xanım hakimin bu yersiz hərəkətinə pərt halda nəzər salmadan dilləndi.
- Mən pul üçün yox, iş üçün gəlmişəm...
Onun bu sözlərindən hakim duruxdu, yersiz hərəkətindən xəcalətli halda, bir onluq da əlavə etmək istəsə də, əlinə iyirmi manatlıq gəldi. Onu da pulun üstə qoydu:
- Bilirəm şəhərdən... Maşınla gəlmisiniz... Xərciniz çıxıb...
- Xüsusi maşınla gəlmək məndə adət deyil. İctimai nəqliyyatdan istifadə edirəm.
- Çox yaxşı. Onlar pulsuz gətirir bəyəm?
Gənc qadın onun sözlərini eşitməyibmiş kimi, gəlişinin əsl məqsədini dedi:
- O uşaqlı ananın... Ayrılması... İndi də uşağı ondan almaq istəməyiniz...
- Hə... İcratımda belə bir iş var...
Hakim qalmaqallı bir işə indi də jurnalist xanımın burun soxmasından pərt, incik halda qımışdı:
- Yaxşı, alın bunu.
Əlli manatı stolun üstə qoyanda, o birilərini götürməsinə jurnalist xanım acı-acı gülümsədi:
- Bir hakimdən çox lap əsl baqqal dükanının sahibinə oxşadınız... Dedim ki, mən pul üçün gəlməmişəm də.
Müxbir xanımın bu sözləri hakimə şillə tək toxunsa da, vəziyyəti gərginləşdirmək istəmədi. İndi də əlliliyi yüzlüklə, sonra da dollarla əvəz elədi.
- Vallah, siz lap uşaq tək hərəkət edirsiniz.
Hakim əlacsız qalıb dedi:
- Pulları götürməsəniz başqa əlacım yoxdur... Durub qapını bağlayacağam...
Jurnalist xanımın yanaqları allanmış, pörtmüş halda dilləndi:
- Siz hakimlərdən... Əlbəttə, hamısından yox... Nə desən görmək olar. Az-çox sizlərə bələdəm.
- Gözəlsiz...
- Belə xoş sözləri xanımınıza demək daha məsləhətlidir. Dedim axı, mən bura iş üçün gəlmişəm. Sözlərinizlə desək, yığıcılıq üçün yox... Axtarsanız bizlərin arasında olduğu kimi, elə sizlərin arasında da yolunu azanlar, peşə etikasına əməl etməyən nadürüstlər var. Hamıya bir gözlə baxmaq olmaz. Sizə etimad göstərilib. Hər şeydən əvvəl də şərəfli hakim adını daşıyırsınız. Bura gələn hər bir vətəndaşı layiqincə qəbul etmək sizin vəzifə borcunuz olmalıdır. Xüsusilə, qızları, qadınları...
Hakim hirsindən lap barıt çəlləyinə dönmüşdü. Qəzəblə dedi:
- Həə... O... Hüquqlarını müdafiə etmək istədiyiniz o forslu xanım... Bilirsiniz də nə oyunlardan çıxıb? Birisi ilə yol yoldaşı olub, açıq havada göbələk, böyürtkən yığıblar... Xəlvət yer ola... Ailəli adam... Yaraşmır axı...
Səadət xanım onun bu sözlərinə dözməyib, o da püskürdü:
- Bir dayanın... Siz hakim adı daşıyırsınız... Hansı göstərici ilə sizi bura təyin ediblər?! Sözünüzdən belə çıxır ki, sizinlə bağlı qapı arxasında qalan hər bir xanım əxlaqsızlıq edir?! Elə biri mən... Yox, belə yanaşma qətiyyən düzgün deyil! Ona görə də gənc qadından on yaşı tamam olmamış oğlunu, qızını əlindən alır, yalançı şahidlərin ifadələri ilə onu əxlaqsız hesab etmək istəyirsiniz?!
- Bəli...
- Yox... Bunu bacarmayacaqsınız... Mən sizə qətiyyətlər deyirəm... Sizin belə bir qərarınız olsa da, onu heç bir yuxarı məhkəmə təsdiq etməyəcək. Yaxşı olar ki, indidən belə bir səhv addımı atmayasınız.
- Mən hakiməm... Nə qərar verəcəyimi özüm bilirəm.
- Mən də jurnalistəm. Bütün müşahidələrimlə hiss edirəm ki, o gənc xanım təmiz, pak, prinsipialdır. Beləsinə dayaq olmaq Allaha da xoş gedər.
Hakim bir daha onun sözlərindən incik, pərt halda mızıldandı:
- Yaxşı, mənim əlimdə işim var, vaxtım yoxdur. Məhkəmə iclası var... Tərəflər gözləyirlər...
- Mən həmin işlə tanış olmaq istəyirəm. Əlimdə rəsmi sənədim də var.
- Yaxşı, bu barədə tapşırıq verərəm.
Bəli, onun əlində natariat qaydasında təsdiq olunmuş etibarnamə də vardı. Məhkəmənin iclas katibi onu işlə tanış edəndə pıcıldadı:
- Allah kömək olsun sizə, o qədər pulu götürmədiniz.
- Onun sədəqəsinə qalmamışam.
- Sizə lazım deyil, bizə verəydiniz də...
Səadət xanım onun sözlərinə gülümsədi:
- Nə bilim... Bəs sizə hörmət eləmir?
- Ondan pul çıxar? Xəsisin biridir.
- Bu çox pis.
Jurnalist xanımın işlə tanış olması xeyli çəkdi. Yazıların çoxunu oxuya bilmirdi. Xüsusilə şahid ifadələrini. İclas protokolu onu xüsusilə heyrətləndirdi.
- Bunu siz yazmısınız?
- Bəli...
- Hakimin familiyası belədir?
Məhkəmə katibi tez əl-ayağa düşdü.
- Bağışlayın, nə yaxşı gördünüz. Hakim oxusaydı atamı yandırardı. Familiyaların yerini dəyişik yazmışam.
- Bəlkə də elə onun yerinə layiq sənsən. Hüquq təhsilin var?
- Yox... Yarımcıq qaldı... Bir ləzgi qızına urcah oldum... Yollarda qaldım. Günüm elə boş vaxtlarda Dərbənddə keçərdi.
- Çox təəssüf...
- Belədi də... Bir tərəfdən qazananda, bir tərəfdən itirirsən.
Məhkəmə iclası xeyli çəksə də, tərəflər gileyli, hakimin qarasına danışa-danışa getməkdə idilər:
- Ə, nə məhkəmə, elə bunu öz aramızda həll etsəydik yaxşı idi.
- Pulunun dəlisisən də.
- Torpaq məsələsi... Bu reyster də bizə bəla oldu da.
- Elə deyir ver... Görmüşdük ki, pulu bir tərəfdən alarlar. Bunlar hər iki tərəfdə hərifləyirlər...
... Nahar vaxtı keçsə də, hakim yerinə gəlmək bilmirdi. Hər dəfə soruşanda da dəftərxana müdiri deyinirdi ki, hakimin işi var, harasa gedib.
- Bəlkə şəhərə gedib?
- Nə deyim vallah.
- Bir yerə gedəndə sizə demir?
- Hakim adamdı. Durub ona nəyisə öyrətməyəcəyik ki...
Artıq saat üç idi. Bir neçə şikayətçi də məhkəmənin həyətindəki bağda gəzinməkdə, çinarlıqda kölgələnməkdə idi. Gileyli səslər eşidilirdi:
- Bu da müstəqillik.
- Heyf deyildi Sovet dönəmi.
- İş vaxtı-vədəsində, dəqiq əməl olunurdu. İnsana dərin hörmət vardı.
Jurnalist xanım xəcalətli halda məhkəmənin binasının kəllə tərəfinə keçəndə, pəncərədən boylanıb içəri nəzər salanda, lap diksinən kimi oldu. Pıcıldadı:
- Bissimillah... Bu o deyil?..
Həqiqətən də, içəridə ayaqlarını ayaqqabılı halda kresloda oturduğu vəziyyətdə döş stolunun üstə uzadıb, xoruldaya-xoruldaya şirin yuxu bişirən hakim idi. Şirin, doyunca nahar yeməyindən sonu onu bərk yuxu tutmuşdu. Jurnalist xanım eləməyib tənbəllik onun elə pəncərədən də telefonla şəklini çəkəsi oldu:
- Yaxşı... Yığıcı... Yox, yıxıcı... İndi gör sənin başına nə oyun açıram... Otaqda gizlənmiş əclaf... Şərəfli hakim adı sənə yaraşmır...
O cəld əsas qapıya tərəf gedəndə nəzarətçi polisin səsini eşitdi:
- Dedik ki, hakim burada yoxdu da...
- Gəzdirdiyin paqonlara hörmət elə.
Dəftərxana müdiri:
- Düz deyir də.
- Sən də heç olmasa, bircəklərindən utan...
Bayaqdan ayaq üstə hakimi gözləməkdən, yayın istisində yorulub təngə gələn jurnalsit xanım hiddətlə hakimin otağının qapısını döyməyə başladı:
- Cəlil Şərifli!
- ...
- Sizinlə deyiləm!!
- ...
- Acın qapını!!!
Hakim bu səsə, çığır-bağırtıya diksinmiş halda yerindən qalxdı. Gileyli, dilxor halda qapını açdı:
- Hə!.. Nə olub?! Pojardı!..
- Bəli... Ermənilər gəlir...
- Nə?!
- Belə getsə gələcəklər!..
- Yaxşı-yaxşı!.. Səninlə qurtarmadıq?!
Sədaqət xanım hiss elədi ki, hakim onu dinləmək istəmir. Təkidlə içəri keçsə də, söhbətləri alınmadı. Dedi:
- Yaxşı, elə isə mən gedirəm... Ancaq çox xahiş edirəm ki, işə baxanda hüquq düşüncənizi işə salın. Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirdikdən sonra qərar verin... Fərqi yoxdur... İstər qətnamə, istərsə də hökm olsun... Elə qərardadının da arxasınca axıradək gedəcəyəm. Onda biləcəksiniz ki, mən yığıcı yox, qurucu jurnalistlərdənəm...
- ...
- Ancaq bir də nə qədər əlinizdə imkanınız var, yıxıcı yox, dövlətçiliyə bağlı olan hakimlərdən olun. Sizə etimad göstərilib... Hakim şərəfini uca tutun!..
Səadət xanım hirsli, qəzəbli halda o gün hakimdən uzaqlaşsa da, bir azdan yenə də həmin adam oldu. Sakit, həlim... Heç çəkdiyi şəkli də bir kimsəyə göstərmək fikrində deyildi. Hər adamın səhvi ola bilər. Di gəl ki, hakimin həmin gənc qadın haqqında çıxartdığı qətnaməni, xüsusi qərardadı oxuyanda yer-göy başəna fırlandı:
- Əclaf!.. Naqisliyindən əl çəkmədi... Yaxşı, indi sən görərsən. Ləyaqətsiz o yox, sənsən ki, belə hərəkət etdin... Sənə verilən əskinaslar öz işini gördü...
Həmin hadisədən bir müddət sonra qəzetdə yazı dərc olundu: "Hakim etikası". Hakimin kreslosunda ayaqlarını ayaqqabılı halda döş stolunun üstünə qoyub yatması şəkli ilə... Hakim həmin yazını oxuyub, şəklə baxanda necə qəzəbləndiyini kaş ki, şahidi olaydınız. Məhkəmə işçilərini əsl mənada ittiham edirdi:
- Hamınızı it tək buradan qovacağam!.. Satqınlar!.. Sayıqlığınızı itirmisiniz!..
Polis nəfəri kövrəlmiş halda deyirdi:
- Vallah, onun oradan baxdığını görməmişəm...
Dəftərxana müdiri:
- O xanım bəla idi də...
Makinaçı qız:
- Neçə ustalıqla çəkib ey...
Məhkəmənin iclas katibi:
- Bayovoy gəlin idi. Halaldı ona...
Elə həmin gün Məhkəmə Hüquq Şurasından zəng çalındı. Hakim soruşdu:
- Necə-necə?!. Hakim şərəfi?..
- ...
- .... Məsluliyyəti?..
- Şəkil saxtadı... İndi belə şeyləri düzəltməyə nə var...
- Müavin deyir ki, mənlik deyil. Şəxsən nazirin nəzarətindədi! Ekspertiza təyin olunacaq...
Bu sözləri eşitcək hakimin ürəyi tutdu... Vəziyyəti ağır idi...