adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Sentyabr 2018 00:20
8741
ƏDƏBİYYAT
A- A+

AXTARIŞLAR, UĞURLAR...

Sevgi kimi poeziya da könül işidir. Qəlbin səsinə üz tutub bir ömür boyu axtarışda olmaq, hər gün məhrəm duyğularla baş-başa qalmaq, ağrı-acıyla əlləşə-əlləşə xoşbəxtlik anlarını yaşamaq, sirli dünyanın aşiqi olmaq əsl yazar üçün uğurlu bir taledir. Poetik yaddaş vərəqləndikcə, ipə-sapa düzülən çeşid-çeşid fikirlər yaradıcı ömrünü zinətləndirmirmi? Kamil sözün qüdrəti də eşqin qüdrəti qədər insan qəlbinin intəhasız məqamına yetişmirmi? Dahi Füzuli demiş: "Bu fəzilət daxili-əhli-kəmal eylər məni".
Elə başlanğıcda söz haqqında fikir yürütmək, bir söz adamının yaradıcılıq dünyasına baş vurmaq fürsəti kimi düşünülməlidir.
İqbal Baba da sözü könül işığından keçirən, onu nurlandırmağı bacaran şairlərimizdəndir. Doğulub boya-başa çatdığı Kəlbəcərin axar-baxarlı dağlarının saf havası, qayalı, çeşməli, yaşıl ormanlı ürəkçəkən mənzərələri, aylı gecələri, quşlarla oyanan səhərləri bu şeirlərin ruhuna hopur, onu oxunaqlı və yaddaqalan edir.
Onun yaradıcılığında milli əxlaq, milli düşüncə mənəviyyat və yaddaş faktına çevrilir. Min illər boyu formalaşan dəyərlər, yeni xassələr qazanan keyfiyyətlər bədii sözün gücü ilə oxuculara çatdırılır. Qan yaddaşı vasitəsi ilə ötürülən böyüklük-kiçiklik münasibəti, ədəb-ərkan estafeti, ailə münasibətləri, qeyrət, namus, sədaqət, yurd sevgisi, ocaq həsrəti, doğulduğu məkanın incik və kədərli taleyi onun yaradıcılığının aydın görünən rənglərinə çevrilir.
Qəlblərdə göynərti yaradan yurd ağrısını yana-yana şeirə çevirən İqbal Baba oxucunu da bu kədər duyğusunun axarına çəkə bilir. Yuxusuz gecələrlə həmdərd və həmsirr olan şair xəyalən Kəlbəcərli günlərə qayıdır, hər dağı, hər bulağı, hər yalı-yamacı gözlərdə əyaniləşdirir, bu predmetləri sözün gücü ilə canlandırır. Onun düşüncəsində qaya mətinliyi, zirvə əzəməti uçqun və dərə enişindən uzaqdır. İctimai və mənəvi aspektdə izah olunarsa, ucalıqların inkarı qəlbin çöküşü, mənəvi aşınma əlamətidir. Burada təbiət obrazları, peyzaj nümunələri canlı, koloritli olmaqla, həm də ictimai-fəlsəfi çalarlar yaradır.

Nə büsatdı bələnmisən?
Dağ üstə dağ qalanmısan.
Gedib göyə calanmısan,
Göy üzündə göyüm, zirvə.

...İqbal istər dönə-dönə,
Lap baş olum, dönüm sənə.
Gah şimşəyə gərim sinə,
Gahdan bulud geyim, zirvə.
Kəlbəcərin unudulmaz təbiəti, fauna və florası, doğma kənd həyatı, onun məişəti, min illər boyu qorunan adət-ənənələr, doğma üzlər, doğma səslər sözün fırçası ilə rəsm olunur. Bu şeirlərdə sanki suların şırıltısı eşidilir, çiçəkli düzlər, qaya əzəməti duyulur, hər misradan sanki kəkliyin, turacın nəğməsi pərvazlanır.
Lakin nə yazıqlar ki, şair ürəyində Kəlbəcər həsrəti ən böyük ağrıdır. Düşmən tapdağında qalan Kəlbəcər hələlik köçkün yuxuların qapısını döyür.

Kəlbəcərsiz dünyam dardı,
Qəlbim yara, başım qardı.
Üzüm qara, adım xardı,
Bundan dərin yaram yox ki...

Bununla belə, lirik qəhrəman ümidsiz deyildir. O, düşmən önündə əyilməyən bir xalqın övladıdır, qisas günü yetişmiş, ər oğulların yağı üzərinə yerimək vaxtıdır. İtirilmiş torpaqlar geri qaytarılmalı, qurtuluş günü yaşanmalıdır.

Ayağa dur Vətən oğlu,
İqbal qalıb sinədağlı.
Yurdu dağdı, Qarabağlı
Qaytarmamış durum yox ki...

Ədəbiyyatımızda əbədiyaşarlılığı ilə seçilən dağ obrazı özünün klassik funksiyasını İqbal Baba yaradıcılığında da hifz edir, təkcə ülviyyət və ucalıq timsalı kimi yox, həm Vətən rəmzi, həm də duyğulanmağı bacaran insan kimi bədii qavrayışda yer tutur. Dağların kədərli haləti taleyində qəm qasırğası səngiməyən xalqımızın yaddaşından asılan ağır bir yük, qovğa və niskil başlanğıcıdır. Xalqın folklorunda da, şifahi və yazılı təfəkkür faktlarında da, aşıq yaradıcılığının Miskin Abdal, Ələsgər örnəklərində də dağlar insanın üzüntülü yaşantılarının şahidi, həmdərd və həyanıdı. İqbal Baba da bu ənənəni pozmadan dərdin ağırlığını belə bəyan edir:

Zaman pozub kəsərimi,
Ağlayanda dərd-sərimi.
Gül-çiçəklə gözlərimi,
Siləm dağlarda, dağlarda.

Ömrün yeniyetməlik və gənclik dövründə sevgi ünvanına tələsən, əllərdə süslənən gül-çiçəklər, aşiq-məşuq münasibətlərində simvolik atribut idisə, indi Vətən, yurd həsrətindən qocalan, ürəyindən-sözündən yaralanan şairin göz yaşlarından, bu yaşları silmək əzabından keçir.
Yüz illərdir şairlərin könül rübabında sevgi nəğmələri səslənir. Gecələrin bağrından qopan vüsala təşnə nidalar, gözlərdə göynəyən hicran əzabı, ümidə uzanan titrək əllər, xəzan təəssüfü, ilk eşqin bir ömürlük xatirə yaşantısı... Bax, budur bir sevgi fəslinin günləri, ayları. Fəsillərin yerdəyişməsi bir daha baharda təkrarlansa da, itirilmiş ömür kimi itirilmiş məhəbbətin də baharı bir daha yaşanılmaz. İqbal Babanın şeirlərində bu duyğunun mənzərəsi əlvan rənglərlə canlandırılır. O, yaxşı duyur ki, eşq də, eşqin yuvası qəlb də sirdir. Bu sirrin yuxu obrazı ilə bağlantısı mütləqdir. Gündüzün aldanış və uğursuzluqları yuxuların əli ilə "düzəldilərək" aşiqin taleyində işığa çevrilir. Ona görə də yuxular ümid və xoşbəxtlik rəmzi kimi dərk olunur.
Açıq söylə, görüm kimin kimisən,
Bu dağlarda axtarırsan kimi sən?
İnanmıram, səndən ayrıla biləm,
Yuxumda gördüyüm gözəl kimisən.

Şair yaxşı bilir ki, insan sevdikcə var olur. Eşq hərarəti olmayan ürək şöləsiz çıraqdır ki, bu da yaşamamağa bərabər tutulur. Onun yuxusuz gecələri, göynərti və əzabı qarşısıalınmaz duyğu selinə çevrildikcə yaşamağın mahiyyəti bir daha üzə çıxır.

Nə qədər sevirəm, demək, varam mən,
Nə vaxt ki, sevmədim yaşamaram mən.
İqbal, düz ilqaram, etibaram mən,
Sevdim, sevilincə yara döyüldüm.

Şairin kitabında toplanan şeirlərin bir qismi mistik-fəlsəfi mahiyyəti ilə yadda qalır. Mistika təhtəlşüur faktı olmaqla yaradılışın sirrinə varmaq, ilkin-substantiv məqamların təfsiri cəhdi kimi ömrünün və yaradıcılığının müdriklik dönəmini yaşayan söz adamı üçün gözlənilən nəticədir. Baş verənlərin dərkinə qoşulmaq istəyi, sonsuzluğun hansı qatına qədərsə enmək cəhdi cavabı çətin suallar doğurur. Mahiyyətin izahı metafizik anlamda sonadək mümkün deyil. İnkarın, bəlkə də, təsdiq qədər əhəmiyyət daşıdığı təlqin olunur. Aşağıdakı iki bəndə diqqət edək:

Bilməmişik ki, bilirik,
Gülməmişik ki, gülürük.
Gəlməmişik ki, gəlirik
Gəlirik, qardaş, gəlirik.

Hər içən bir bardan içir,
Hər köçən bir gordan köçür,
Hər keçən bir dardan keçir,
Keçirik, qardaş, keçirik.

Təzadlar üzərində qurulmuş fikirlər, antiteza çalarları təkcə ritm və ahəng yaradılmasına xidmət etmir, əsas odur ki, "bilmək-bilməmək", "gülmək-gülməmək", "gəlmək-gəlməmək" arasındakı məsafə çox genişdir. Fikrin toxunuşu elədir ki, üst qatda görünməyənlər mahiyyətin sehrindən baş qaldırırlar. Şərtiliyi nəzərə alsaq, ruh başqa bir görkəmdə, fərqli qiyafədə yenidən yer üzünə qayıdır və hər dəfə sorğu-sual darlığından keçir.
Müəllifin "Murovdağın müsibəti" və "Lənət dağı" adlı iki poeması da kitaba daxil edilmişdir. Janr - struktur baxımından hər iki poema bədii-nəzəri tələblərə cavab verməklə, ideya-məzmunca da maraq doğurur. Adı çəkilən birinci poemada yaşanan ağrıların təsdiqi maraqlı təhkiyə elementləri vasitəsi ilə təqdim edilir. Poemanın digər bir uğuru isə olanların yaddaş süzgəcindən keçirilməsi və onun milli-genetik kodla bağlantısındadır. Elə bu fonda da qisas hissi baş qaldırır. Yeni doğulan uşağın adının İntiqam qoyulması simvolik başlanğıc kimi mənalıdır.
"Lənət dağı" poemasında rəvayətdən bir bədii vasitə kimi istifadə edilir. Müəllif əkinçi Bəxtiyarın timsalında vicdanın qələbəsinin labüdlüyünə oxucunu inandıra bilir. Eyş-işrət düşkünü şahın şəhvani hissləri kəskin boyalarla ifşa edilir. Əsərdə Pirdağ, Gülxar kimi obrazların düşüncə tərzi, mənəvi zənginliyi, milli əxlaq daşıyıcıları olması xeyirin qələbəsinin təsdiqinə xidmət edir. O da qeyd olunmalıdır ki, ermənilərin törətdikləri rəzalətlərə diqqət çəkilir, intiqam anının yetişəcəyinə dərin inam ifadə olunur.
İqbal Babanın yaratdığı əsərlər ötəri ilhamın məhsulu deyildir. Klassik və müasir ənənəyə söykənən janr müxtəlifliyi, xüsusən qoşma, gəraylı, çarpaz qafiyə, təcnis, cığalı təcnis, rübai, yeddilik, habelə sərbəst şeir şəklindən istifadə ilə yanaşı, mövzu müxtəlifliyi də diqqəti cəlb edir. Ciddi axtarışlar, yüksək duyum qabiliyyəti, fəhm itiliyi, sözün məsuliyyətinin yetərincə dərk olunması onun uğurlarına təminat verir. Ümumiy-yətlə, poetik nümunələr koloritlidir və dilin zənginliyinə söykənən orijinal bədii təsvir və ifadə vasitələrinə tez-tez rast gəlinir. Bədii mətnin ehtiva etdiyi metaforalar, təşbeh və epitetlər, antiteza və təkrirlər şeirlərə əlvanlıq gətirir və bu zərif toxumalar onun təsirini artırır. Bir sözlə, uğura təminat verən dəyərli bir kitab qarşınızdadır. Hörmətli həmkarımıza bundan sonra da uğurlar arzulayırıq.