adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Sentyabr 2018 00:07
32380
LAYİHƏ
A- A+

Mil Minarə şəhəri

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Azərbaycanın şimal hissəsində qeydə alınan qədim şəhərlərdən biri də Mil-Minarə şəhəridir. Tarixi mənbələr sübut edir ki, Mil-Minarənin mövcud olduğu bu ərazi Xarəzmşahların (1225), monqolların (1230-cu illərdən) aramsız və amansız hücumlarına məruz qalmışdır. Bu bölgənin ərazisi Şirvanşahların (Vİ əsr-1538), Atabəylər dövlətinin (1136-1225), Hülakülərin (1239-cu ildən), Teymurilərin (1375-ci ildən), Qaraqoyunluların (1412-ci ildən), Ağqoyunluların (1478-ci ildən), Səfəvilərin (1501-ci ildən) tərkibində olmuşdur. Səfəvilər zamanı bu ərazi hissə-hissə Gəncə-Qarabağ bəylərbəyliyinə, Qarabağ əyalətinə aid idi.
Arxeoloji materiallar Mil-Minarənin Xİ-Xİİİ əsrlərə aid olduğunu sübut edir. Bu şəhərin mövcudluğu barədə orta əsr tarixçiləri qısa da olsa məlumat vermişlər. Bəzi tarixçilərin və səyyahların dediklərinə görə bu şəhər orta əsr şəhərləri içərisində yığcamlığı və səliqə-sahmanı ilə fərqlənirdi. Şəhər Beyləqan rayonunun Örənqala yaşayış məntəqəsinin yaxınlığında qərarlaşırdı. Şəhərdə memarlıq abidəsi olan bir neçə hamam və məscid fəaliyyətdə idi. O dövrün şəhərsalma mədəniyyətinə uyğun olaraq burada yaraşıqlı evlər və sağlamlıq nöqteyi-nəzərdən kanalizasiya sistemi mövcud olmuşdur.
Məscid, mədrəsə, qəbiristanlıq xarabalığı olan Mil-Minarə orta səviyyəli şəhər idi. XİX əsrin yarısınadək qoşa minarədən birinin nisbətən yarıuçuq şəkildə qalmışdır. Mil-Minarənin tarixini, əhalisinin məşğuliyyətini arxeoloji qazıntılar zamanı bu ərazidən tapılmış maddi mədəniyyət nümunələri ilə aydınlaşdırmaq mümkündür. Tarixdə barəsində az bilgi olan saysız-hesabsız bu cür yaşayış məntəqələri mövcuddur. Həyat səhnəsindən silinmiş belə şəhərlərin tarixini dediyimiz kimi qazıntı zamanı aşkar edilən əşyalar, eləcə də xalq etimologiyası əsasında, burada şəhərlə, onun əhalisi, əhalisinin sənətkarlıq xüsusiyyətləri və s. haqqında dolaşan rəvayətlər fonunda öyrənmək mümkündür. Mil-Minarə şəhərinin də yaranma, yaşanma tarixinə də bu prizmadan yanaşılır.
A.A.Bakıxanov "Gülüstani-İrəm" əsərində yazır: Beyləqan Qarabağda yerləşir və ibn-Firuzi Sasani tərəfindən bina edilmişdir. Beyləqan şəhəri Hülakü xan tərəfindən bir müddət mühasirədən sonra hücumla alınıb dağıdılmışdır. Sonra müəllif yazır ki, Əmir Teymur bu şəhərə çox möhkəm bir hasar çəkdirdi. O, bu şəhəri abad etmək fikrində idi, lakin ilanların çoxluğundan bu işi baş tutmadı.
M.C.Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsərində Beyləqan haqqında verdiyi məlumat A.A,Bakıxanovun yazdıqları ilə eynidir.
Səid Əli Kazımbəyoğlu da "Cavahirnaməye Lənkəran" adlı əsərində Teymurləngin Beyləqanı təmir və abad etməsindən danışır.
XİX yüzilin görkəmli Azərbaycan satirik şairi S.Ə.Çirvani isə Beyləqanın bünövrəsinin İskəndər Rumi tərəfindən qoyulduğunu qeyd edir.
Dövlət şah Səmərqəındi, hicri 900-cü (1495) ildə "Təzkirətüş-şüəra" əsərində yazır: "Şahrux ibn-Əmir Teymur bu şəhəri abad etmək istəyirdi. Lakin ölkənin məlumatlı adamları , bu işin dəfələrlə zəlzələdən xaraba qaldığını söyləyib ony bu fikirdən daşındırdılar. Amma o, Beyləqan arxını işə saldı. Bu arxın kənarında salınan dəyirmanlar indi də durur." Müəllif deyir: Bu şəhərdə sultanın qəbirləri üzərində iki minarə varmış. Bunlardan birisi yarım xaraba halında indi də mövcuddur. Buna görə, xalq Beyləqanı Millər deyə adlandırır.
Göründüyü kimi Dövlət şah Səmərqəndin və A.Bakıxanovun təbirincə desək, Beyləqan şəhəri Millər şəhəri adlanırmış. Yeri gəlmişkən deyək ki, görkəmli tarixçi Q.Əhmədov da Beyləqanın Örənqala, yaxud Millər adlandırıldığını qeyd edir. O yazır ki, Beyləqan sözünün mənşəyinə gəldikdə isə bu sözün ən qədim mənası bizə məlum deyil. Lakin erməni mənbələr Paytakaran, ərəb mənbələri isə Beyləqan adlandırırlar. Yerli əhali buranı Örənqala, yaxud Millər adlandırırlar.
Ş.A.Cəmşidov isə belə hesab ediur ki, Beyləqan sözü ilə Millər sözü eynimənalı sözlərdir. Qeyd etmək lazımdır ki, bu sözlərin etimoloji tərkibini tam təhlil etmək bizim üçün çətin olsa da, bütün bu adların Beyləqan şəhəri tikinti kompleksinə daxil olan abidələrə verilən adlar olduğu bizdə şübhə oyatmır. Ona görə də biz əsərdə Paytakaran, Beyləqan, Örənqala və Millər (Mil-Minarə) sözlərini sinonim kimi işlədirik.
Mil-Minarə abidəsi bişmiş kərpicdən tikilmiş, üzəri müxtəlif rəngli və ölçülü kaşılarla bəzədilmişdi. Burada o dövr üçün səciyyəvi olan yaraşıqlı evlər, küçələr, emalatxanalar olduğu güman edilir.. Sənətkarlıq və ticarət bu şəhərin inkişafında müəyyən rol oynamışdır. Görkəmli alim Q.Əhmədovun qənaəti belədir ki, Örənqala şəhər yerinin relyefi girintili-çıxıntılıdır. Şəhərin ərazisindən bişmiş kərpic, memarlıq abidələrinin müxtəlif xırda hissələri, çoxlu miqdarda saxsı qab və şüşə qırıqları, mis pullar və s. tapılmışdır.
Tədqiqatlarını davam etdirən Q.Əhmədov yazır ki, Örənqalanın ətrafında sənətkarlar məhəllələrindən başqa müxtəlif ölçüdə olan təpələr də vardır. Bu təpələrin çoxu şəhər yerindən qərbdə yerləşir. Qərbə doğru həmin təpələr 2,5 km-ə qədər uzanır və nəhatət, Mil-Minarə adlanan abidələrin xarabalıqları ilə qurtarır.
Mil-Minarə XİX əsrin birinci yarısında müəyyən qədər salamat olmuşdur. A.A.Bakıxanov XİX əsrin ortalarında yazdığı əsərində Mil-Minarənin qısa təsvirini vermişdir. Tarixi-etnoqrafik məlumata görə indiki Mil düzünün adı da həmin Mil sözündən götürülmüşdür.
Türkiyə, İran, Rusiya, İngiltərə, Gürcüstan və başqa ölkələrlə ticarət əlaqələri yaradılmışdı. Tarixi sənədlərdən və yaşlı sakinlərin dediklərindən belə qənaət doğurur ki, yaşı min ildən artıq olan bu şəhərin əhalisi baramaçılıqla, toxuculuq və sənətkarlığın ayrı-ayrı sahələri ilə məşğul olmuşlar.

(ardı gələn sayımızda)