adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Sentyabr 2018 10:19
25602
ƏDƏBİYYAT
A- A+

Bakının həqiqəti də yalandır – SORĞU

Dünyada bir çox şəhərlər var ki, onlar haqda romanlar, şeirlər, filmlər çəkilib. Türk yazıçısı Orxan Pamukun İstanbuldan yazdığı bir əsər var – "İstanbul: Xatirələr və şəhər”. O romanda İstanbulla bağlı xatirələrini yazıb.

Yazıçılarımız, şairlərimiz üçün Bakı necə bir şəhərdi? Yaradıcılığınızda necə rol oynayır? Bakı sizin üçün roman şəhəridi?




Yazıçı Nəriman Əbdülrəhmanlı: "Bakı haqqında, demək olar, romanlarımda və hekayələrimdə yazmışam. "Yalqız” və "Yolsuz” romanlarım Bakının həyatımdakı yerini, bu məkandakı yaşantılarımı əks etdirir. Daha doğrusu, əyalətdən gəlib Bakının timsalında böyük bir şəhərin amansız yaşam qanunlarıyla üz-üzə qalan insanların taleyini qələmə almışam. Müsahibələrimin birində də demişdim ki, Bakıda yaşamaq tale deyil, sənətdi. Əslində elə böyük şəhərlərdə yaşamaq sənətdi. Bu mənada Bakının obrazı məndən ötrü bir qədər başqa çalardadı.”





Yazıçı Kənan Hacı: "Bakı deyəndə ilk olaraq gözümün önünə İçərişəhər gəlir. İçərişəhər Bakının ruhudur, Bakı nə qədər müasirləşsə də onun ayrılmaz komponentləri var ki, biri də İçərişəhərdir. İçərişəhər Bakının bir növ, pasportudur. Mənim üçün ən gözəl istirahət Bakının küçələrində piyada gəzməkdir. Hər küçəsi, məhəlləsi mənə doğma olan bu şəhər mənə yaradıcı insan olaraq inanılmaz dərəcədə motivasiya verir. Bakı haqqında bir neçə yazı yazmışam, "Yaddaş kartı” kitabında bir neçə fəsil var ki, şəhərin tarixi və ruhu haqqındadır. Şərq və Qərb dəyərlərinin toqquşduğu bu polifonik məkana sevgimin kökü Xəzər dənizindən su içir. Mən Bakının kəndində doğulmuşam və uşaqlığım dənizin sahillərində keçib. İlk dəfə dənizinə vurulmuşam Bakının. Sonra meqopolisin içində Bakının milli ştrixlərini axtarmışam və bu ştirxlər məni həmişə özünə doğru çəkib. Bakı xalçası, Bakı üzümü, Buzovna qutabı, Zirə qarpızı, Bilgəh zəfəranı, Hövsan soğanı və sair. İndi mənim uşaqlığımın Bakısından çox az şey qalıb, arada nostalji hislər keçirirəm. Yaddaş sözlər vasitəsilə mənim yaşadığım, mənim gördüyüm tarixi fiksə edir. Təkcə mənim yox, həm də Bakının dünəni və bu gününün tarixini.”



Yazıçı Cavid Zeynallı: "Mənim hər iki romanımdakı hadisələr Bakıda cərəyan edir. Hər iki qəhrəmanın Bakı haqqında düşüncələrinə geniş yer vermişəm. Eyni zamanda hekayələrimdən bəzilərində də hadisələr məhz Bakıda baş verir. Ümumiyyətlə isə Bakı haqqında məxsusi bir əsər yazmağı düşünmürəm. Bunun üçün şəhəri daha yaxşı tanımaq, onun bütün tarixini öyrənmək lazımdır. Bir də yəqin ki, şəhərin ruhunu hiss etmək üçün Bakıda böyümək vacibdir. Əlbəttə, Bakı tarixi ilə bağlı yazılar, söhbətlər, xatirələr həmişə mənim üçün maraqlı olub. Qarşıma nə vaxt bu cür yazılar çıxıbsa, maraqla oxumuşam.”




Yazar Kəramət Böyükçöl: "Bakı şəhər deyil, neft quyusudur. Hərdən mənə elə gəlir ki, ümumiyyətlə, Bakının mahiyyəti başdan-ayağa yalandır. Hətta həqiqəti də yalandır. Tutaq ki, Bakı Paris deyil ki, ona "Səfillər” yazasan. Yaxud, İstanbulu Orxan Pamukun romanlarından tanımaq mümkündür. Bakıda isə heç bir sirr, gizli bir şey yoxdu. Bu şəhərlə bağlı hər şeyi demək olar ki, ən adi, sadə adamlar da bilir. Ona görə də burada yazıçıya ehtiyac yoxdur.





Şair Emin Piri: "Bakının tarixi, hansı dövlətlərin paytaxtları olması, müxtəlif dinlərin mərkəz rolları oynaması kimi faktlardan danışmaq istəməzdim. Çünki bu barədə azacıq tarixi biliyi olanlar məlumatlıdır. Bakını həm müqəddəs şəhər hesab edərdim. Həm də mənə görə Bakı şeytani ruhların məbədidir. Bunu həmişə duymuşam. Təbii ki, bu vətən anlayışı kimi deyil, insan əmıliylə yarananlardan gedir. Günah etmək istəyəndə Bakıya gəlirəm. Sumqayıtsa bir növ keşişin yanına gedib günahların bağışlanması istənilən məbəd rolunu oynayır mənə. Azərbaycanı bir insan bədəni kimi təsvir etsək, Bakı Azərbaycanın beynidir. Hislər və insani duyğulardan uzaq rasional. Və tarixi gedişatlara baxsaq Bakı bir qədər Azərbaycanın lənətinə çevrilib. Öz həyatımla götürsəm günahlar şəhəri deyərdim.Yaradıcılıqda isə daha çox zarafatyana, erotik tipli şeir və hekayələri yazmağımda böyük pay sahibi Bakıdır.”








Şairə, yazar Fəridə Uğur: "Bütün şəhərlər roman şəhəri ola bilər məncə. Nə rəngindən, nə böyüklüyündən, nə gözəlliyindən asılı olmadan. Ən balaca və ən rəngsiz şəhərlərdə də gözəl bir eşq macərası, bir qətl hadisəsi, hansısa mistik, paranormal şeylər yaşana bilər. Baxır nə yazmaq istəyirsən. Məsələn, Bakıda yaşanan gözəl bir sevgi romanı. Məncə, maraqlı olar. Yaza bilsən. Mənim yaradıclığımda roluna gəldikdə isə ədəbiyyata addım atmağım elə Bakıda başlayıb. Ən sevilən şeirlərimi və romanımı bu şəhərin küçələrində dolana-dolana düşünmüşəm. Və ən əsası həyatımın təkrar olunmayacaq sevgisini məhz bu şəhərdə yaşamışam. Həm də ki, bu yeni romana qığılcım olub. Bakı mənim üçün gedə bildiyim, qaça bildiyim ən uzaq məsafədir. Hələ ki..."