adalet.az header logo
  • Bakı 13°C
14 Sentyabr 2018 21:40
10241
ƏDƏBİYYAT
A- A+

Heç kimə yalvarmadan, Unudacağam səni...

Tural Cəfərli

Hərdən...

Sənə salam verməyə ,
Bir də səni görməyə
Elə darıxıram ki...
Heç nə əvəz eləməz,
Bu hissi, bu duyğunu...
Aparan olsa məni
Dünyanın o tayına,
Elə gedərəm ki, mən
Kimsə mənlə görüşməsin,
Soyuğu da, qarı da,
Özümlə aparım ki,
Sənə soyuq olmasın,
Əllərin üşüməsin...

Boşanmış qadın

Evdən yığışıb gedir
Bir qadın, bir körpəsi.
Otağı tərk eyləyir
Onun ətri, nəfəsi.
Saçlarını darayır
Güzgü önündə qadın.
Gözü yerə dikilib
Yanında doğmaların...
Otağa işıq düşmür,
Qaranlıq evi yeyir.
Həyat iki nəfərə
"Köçə" hazırlaş deyir...

Bədbinlik

Baxma, bu bədbinlik
Mənə səndən keçib.
Atıb üstümə onu,
Bir qədəh şərab içib,
Yatmışam oyat məni
Gücün çatırsa indi...

Xahiş

Bir xahişdir unutmaq
Bir az da minnət kimi.
Sənə aid olanlar
Mənim arxivimdədi
Ürəyimin içində
Neçə nömrəli yara
Xatirələr yeridi...

Təbaşir sevgi

Sən indi təbaşirin
Lövhədə yeri kimi
Vacibsən, zərurisən.
Mənim şeirlərimdə
Adın, soyadın hətta
Ağ bir xətt kimi keçir...
Şirinçaydı gülüşün,
Onu mənim yerimə
İndi axmağın biri,
Hər səhər durub içir...

Dəyişmərəm

Vərəqlərin yerinə,
Qələmlərin yerinə
Nəyi desən verərəm,
Onları əvəz edən
Nə olsa da bilmərəm.
Bir də boz xatirəni
Heç nəyə dəyişmərəm...

Tənhalıq

Məndən bezib bu otaq,
Bezib köhnə çarpayı.
Məni dost bilir ancaq,
Divardakı saat,
Bir də oyuncaq ayı.

Ümid

Pəncərədən qovmuşam,
Ayı, günü, işığı...
Mənlə yalnızlıq yaşar,
Gəncliyin şirin çağı...
Yeməyimiz həsrətdən,
Yoğrulan bir qəm tikə.
Ağlayır darıxmaqdan
Gecələr yekə kişi,
Anlamıram ki burda
Ümidin nədir işi?

Anlaşma

Gəl anlaşaq,
Nə sən danış, nə də mən.
Sakit baxaq dənizə,
Ləpələr üstümüzdən,
Götürsün niftəri də.
Sonra çıxıb eyvana,
Təzə dəmli çay içib,
Unudaq keçmişi də...

Unutmaq

Mən yağışın altında,
Söyüd yarpağı kimi
Vecsiz bir görkəm alıb,
Heç kimə söz demədən,
Heç kimə yalvarmadan,
Unudacağam səni...

Ölüm

İndi...
Bu dolu şəhərdə
Səni itirmək yox,
Tapmaq bir möcüzədi...
Çətin deyil heç ölmək,
Hər dayanacaqda düşüb,
Yenidən yol almaqdı,
Təzədən səni sevmək...

Gözlərin

Arzuna çatasan,
Ürəyincə olsun həyat.
Yaxınların, yadların,
Gözündə ucalasan
Milyon kərə, milyon qat.
Ancaq səndən istəyim
Bircə gözlərin olsun
Hamıdan qabaq mənim...

Geriyə yol

Geri qayıtmaq üçün,
Yolların ölçüləri,
İllərin dərinliyi,
Bir də unutmadığım
Sözlərin cazibəsi,
Məni xırda-xırda
Hissə-hissə ayıracaq....

Son

Bu günün sabahı var,
Gecənin bir gündüzü.
Atılan hər bir daşın,
Qayıdacaq yeri var.
Kinin, küdurətin də,
Öz hesabatı olar.
Odur ki, üzülməyə
Nə də ki düşünməyə
Qərarsızlıq eləmə,
Sonu finaldı bilmə...