adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Aləmin seyrinə gəl

10009 | 2018-09-14 21:29
Aləm Kəngərlinin "Naməlum adam" kitabı haqqında qeydlər

Əsəd Cahangir

(əvvəli ötən sayımızda)

Amma burda üstündən sükutla keçmək istəmədiyimiz bir məsələ var - Baharın razılığı hələ müəllifin də razılığı deyil. Çünki əvvəla bir nəfərin yuyunması hələ sosial miqyasda təmizlənmə deyil. Digər yandan isə Cahangir cismən təmizlənsə də, ruhən təmizlənməyib, problem özünün daxili yox, zahiri həllini tapıb. Hekayənin sətiraltı ironiya ilə dolu son cümləsi də problemin həlli yox, mahiyyətcə həll olunmadığına işarə kimi anlaşılır. Əsas problem də, əsl hekayə də məhz son cümlənin bitdiyi, son nöqtənin qoyulduğu yerdən başlayır.
Varlı Cəbrayıl müəllim və kasılb Bəhlulun qonşuluğundan bəhs edən "İki qonşu" hekayəsi "dost dosta tən gərək, tən olmasa gen gərək" misalını yada salır. Sosial fərqlərin hökm sürdüyü yerdə hətta iki öz-özlüyündə yaxşı adam belə Bakıdan Qubaya bir yerdə istirahətə gedə bilməz. Onlar uzaqbaşı həyətdə birlikdə domino oynaya bilərlər.
"İki qonşu" həm də sovet dövrü və müstəqillik kimi iki qonşu zamandan danışır. Hekayədə Cəbrayılın "Ceep"i və Bəhlulun "Jiquli"sinə, Cəbrayılın sifariş verdiyi kabab və Bəhlulun arvadının bişirdiyi dolmaya qədər hər şey bu ikiliyi işarələyir. Yazıçı hansısa tərəfi açıq surətdə qınamaq (və ya dəstəkləmək!) fikirndən uzaqdır. Lakin o, Stendalın dediyi cansız güzgü də olmayıb, olaylara münasibətini arifə bir (iki!) işarə üsulu ilə billdirir, incə, sətiraltı eyhamlar diliylə danışır. Qar yağdığından (birinci işarə!) Bəlul və arvadı Qubanın "Qəçreş" istirahət mərkəzindən Bakıya öz "Jiquli"ləri yox, qonşunun "Ceep"ində qayıtmalı olurlar. Bəhlul iki həftə sonra maşının dalınca getmək istəyəndə yenidən, özü də "yarım metr" qar düşür (ikinci işarə!).
İki dəfə dalbadal vurğulanan qar məsələsi göstərir ki, kasıb Bəhlulun yolunu kəsən varlı qonşu Cəbrayıl yox, təbiət və onun arxasında duran, onun özünü də idarə edən gözəgörünməz qüvvədir. Dünya yaranandan mövcud olan və qiyamətə qədər sürəcək sosial təbəqələşmə, varlıya və kasıba bölünmə göydən gələn təbii (və ilahi!) qanunauyğunluqdur. Odur ki, problem bu bölgüdə yox, bərabərsizliyin doğurduğu sosial-psixoloji komplekslərdədir. Sovet rejiminin süqutundan 30 il keçib, amma - hələ də sovetin bərabərçilik psixologiyasından çıxa bilməmişik; hələ də bazar dönəmində yaşadığımızı dərk etmək istəmirik; hələ də sovetdənqalma "Jiquli"nin bizi komfort həyatın rəmzi olan Qəçreşə aparıb gətirə biləcəyinə inanırıq; hələ də qəbul etmək istəmirik ki, beş barmağın beşi də bir olmaz.
Fikimcə, Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filminin qəhrəmanı Kərbəlayi İsmayılın ardınca "iki qonşu"nun da müəllifi də bunu demək istəyir.
"Ehsan" hekayəsində müsəlman mentaliteti üçün səciyyəvi olmayan qeyri-adi olaydan söz gedir - Maisin ehsanına gələn olmur. Bu durum insanın törətdiyi əməllərə görə aldığı layiqli cəza kimi mənalanır. Lakin cəzalandırma bununla bitmir, bu az imiş kimi üstəlik də ehsan itə qismət olur. Bu məsələnin görünən, sosioloji tərəfidir.
Alabaş obrazının hekayəyə daxil edilməsi sadəcə ibrətamiz final naminə deyil. Yamanlıqda ad çıxaran çoban itindən törəmiş Alabaş adam arasında böyüdüyündən sivil ev heyvanına çevrilib. Maisin oğlu Dilavər isə eynən atası kimi "adam olmaq istəmir ki, istəmir". Hekayənin ikinci ideyası Darvinin təkamül təlimini həm inkar, həm də təsdiq edən bu bioloji paradoksla bağlıdır.
Harda zidiyyyətlər ortaq məxrəcə gəlir və paradoks doğulursa, orda reallıq bitir və mistika başlayır. Bu üzdən hekayənin üçüncü ideya planı mistik qata gedib çıxır. Göyüş kişi səhər-səhər Alabaşın hay-küyünə oyanır və itin bu hərəkəti nəsə məşum bir şeydən xəbər verir. Hadisə, doğrudan da, baş verir - aydınlaşır ki, qonşu Mais gecəylə canını tapşırıb. Heç kəsə səsini çıxarmayan Alabaş atasının ölüm xəbərini gətirən Dilavərə cumur və bu, günün ikinci qəribə hadisəsi olur. Nəhayət, Maisin ehsanının itə qismət olması mistik qatdan reallığa sızan üçüncü işarə olur.
"Ehsan"ın altyapısında həyat-ölüm, dünya-axirət modeli durur. Bu iki əks qütb arasında mediator isə ehsandır. Ehsan zamanı edilən dualar mərhumun ruhunun axirətə keçməsinə mənəvi dəstəkdir. Kənd camaatının Maisin ehsanına gəlməməsi onu axirətə gedən yolda bu dəstəkdən məhrum edir. Ehsanın itə qismət olması isə bu yolun ümumən kəsilməsinə işarədir. Alabaş qədim Misir mifindəki Anubis, yaxud yunan mifindəki Serber adlı qorxunc köpək kimi axirətin qapısı ağzında durub, mərhumun ruhunu içəri buraxmır. Pis əməl sahibi öz ölümü ilə təkcə dünyasını yox, həm də axirətini itirir. Hekayədən aldığım yekun informasiya budur.
 "Qatarda" və "İki qonşu" hekayələrindən sonra "Ehsan" öz müəllifinin metafizik sınırlara növbəti yaxınlaşma cəhdidir. Amma "Qatarda" hekayəsində yazıçı metafizikanın işıqlı, "Ehsan"da isə infernal, qaranlıq tərəflərindən mesaj alır. Bu üzdən birinci mətn həyat, ikinci isə ölüm enerjisiylə yüklənib.
Bir iqtisadi sistemdən digərinə keçidin doğurduğu sosial-psixoloji problemlərdən bəhs edən "İki qonşu" hekayəsi isə bu üçlükdə sözün bütün mənalarında aralıq mövqe tutur. Burda müəllifin düşüncəsi təbiətin bitdiyi, metafizkianın başladığı neytral zonaya, aralıq xəttə qədər gedir. Ona görə "İki" qonşu nə "Qatarda" qədər komik, nə də "Ehsan" qədər tragik yox, tragikomik ovqata köklənib.

***
Kitabdakı gözlənilməzliklərdən biri detektiv janrdakı "Naməlum adam" povestidir. Povestin qəhrəmanı konkret olaraq qatili axtarır, müəllifin məqsədi isə başqadır. Amma bu məqsəd Eko, yaxud Pamukun romanlarında olduğu kimi qətlin ümumbəşəri fəlsəfi mənasını tapmaq deyil. Bəs, "Naməlum adam"ın müəllifi kriminal aləmdə nə axtarır?
Povestdə janrın tələbi ilə bağlı oxucu bir neçə dəfə "aldadılır". Parkda skamyada oturduğu yerdə ürək tutmasından "ölən" Aydın müəllimin əslində ödürüldüyü məlum olur. Gecələr bağda mərhumun arvadı Dilbərin gözünə görünən "kabusun" real adam - ərinin keçmiş sürücüsü Məhərrəm kişi olduğu üzə çıxır. Öncə qulluqçu Simuzərin qətllə bağlı olmasından şübhələnsələr də, sonda bu şübhələr dağılır və qətli tördənlərin qonşulquda kirayə qalan Zamirə və onun daxil olduğu cinayətkar dəstə olduğu üzə çıxır.
Məhərrəm kişinin təmənnasız köməyi sayəsində mərhumun oğlu Amil və sistem işçiləri cinayətkarları yaxalayırlar. Müəllif cinayətin açılmasında məntiqi nəticə çıxarma üsulundan istifadə edir. Amma, bizcə, Simuzərin qətllə əlaqədar olmasına dair aldadıcı məntiqi mülahizələr üzərində geniş dayanmaq olardı və bu, əsil həqiqətin üzə çıxmasından doğan təsiri artırardı. Finala doğru tələsən müəllif, təəssüf ki, bu şansı qaçırır.
"Naməlum adam" povesti müəyyən mənada D.Braunun məşhur "Da Vinçi kodu" romanıyla səsləşir. Romanda olduğu kimi povestdə də portret məsələsi və qadın-kişi söhbəti var. Amma feminist ruhlu amerikan yazıçısının tam əksinə Kəngərlini başqa məsələ maraqlandırır.
Povestdə cinayət "qadın" üstündə baş verir - Aydın müəllimi onun evindəki məşhur "Tənha qadın" portretini oğurlayıb satmaq üçün öldürürlər. Ərinin ölümündən sonra Dilbər xanım özü "tənha qadına" çevrilir. Bir qadının - Simuzərin cinayətlə əlaqədar olmasından şübhələnib, başqa bir qadını - Zamirəni cinayət başında yaxalayırlar.
Bütün bunlar yazıçının antifeminist mövqeyindən xəbər verir. Bunu görmək üçün bir-birilə daxili bağlılığı olan, amma ilk baxışdan diqqəti çəkməyən iki fakta nəzər salmaq yetərlidir. Povest bir kişinin - Aydın müəllimin öldürülməsi ilə başlayıb, ikinci kişinin - gözətçi Nəriman kişinin qətli ilə başa çatır. Əsər kişinin öldürüldüyü yerdə qadının Dilbər kimi şəklə, yaxud Zamirə kimi caniyə çevrilməsindən danışır. Klassik qadın idealı indi yalnız sənətdə - "Tənha qadın" portretində qalıb, amma onu da oğurlayıb satırlar. Ən paradoksu isə budur ki, bunu edənlərin arasında qadın da var.
Müəllifə görə, hər cür sosial xaosun ibtidasında kişinin ölümü durur. Təkcə sədaqətli Məhərrəm kişi yox, qadınlı-kişili ümumən adamlıq indi naməlumdur. Pul qadını qadınlıqdan, kişini kişilikdən çıxarıb. Biz sözün bütün mənalarında naməlum adamlarla dolu qorxulu zamanda, kriminogen erada yaşayırıq və öldürmək instinkti bu eranın əsas özəlliyidir! Kriminal süjetin altından boylanan başlıca müəllif ideyası, məncə, budur.
***
Kitabda ikinci - daha ciddi gözlənilməzlik "Robot 50 KDK 101" hekayəsidir. Hekayədəki olaylar fantastik gələcək zamanda, nömrələnmiş robotların işlədiyi "Reaktor" müəssisəsində baş verir. "Reaktor" Y.Zamyatinin "Biz" antiutopik romanında nömrələnmiş qəhrəmanların çalışdığı "İnteqral"ı xatırladır. Lakin rus mühacir yazıçısının sovet insanına işarə edən personajlarından fərqli, Kəngərlinin çağdaşlarımızı işarələyən robotları öz taleyindən razıdır. Narazı olmağa elə bir səbəb də yoxdur. İnsan deyillər ki, narazı olalar, robotdurlar.
Müəssisə direktorunun öz işçiləri ilə söhbətlərindən məlum olur ki, Yer kürəsi adamlarının mənəviyyatsızlığı, aramsız müharibələr və insanın öz sağlamlığı qeydinə qalmaması üzündən bəşər tarixi bitmək üzrədir, robotlar erası başlayır. Divin sözü olmasın, mətndən postadam iyi gəlir.
Hekayədə Yer kürəsinin robotları uzaq Qasr planetinə kosmik peyk göndərir. Olaylar də məhz peykin gedib-gəldiyi bir həftə ərzində baş verir. Qasrda cəmiyyətə nəzarət mexanizmi dərin intellekt və mədəniyyətə malik robotların əlindədir, əhali zəngin mənəviyyyatı ilə seçilir, rüşvət, korrupsiya yoxdur və yalnız biliyi, bacarığı olanlar irəli çəkilir. Qasrlılar spirtli içki içənlərə ruhi xəstə kimi baxır, onları özəl qəsəbələrdə məskunlaşdırır, bundan nəticə çıxarmayanları həbs edirlər.
Bir sözlə, müəllif utopik Qasrı antiutopik Yerə qarşı qoyur. Maddi rahatlıq və mənəvi rifah içində yaşayan yadplanetlilər Yerə "işgəncə planeti" kimi baxırlar. Amma yazıçının məqsədi Yer kürəsində də Qasrda olduğu kimi tezliklə robotların hökmranlıq edəcəyinə dair elmi-fantastik fikrin təsdiqi deyil. O mənəvi dəyərləri itirən insanın öz yaşam haqqını da itirməsindən, qırmızı kitaba düşməsi təhlükəsindən danışır. Bu cür insan olmaqdansa, eləcə robot olmaq yaxşıdır. Çünki robotlar daha ağıllı, daha vicdanlı, daha duyğusaldır. Müəllifin əsas ideya vurğusu əvvəldən sonacan bu fikrin üstünə düşür.
Hekayədə gizli bir "məhəbbət xətti" də var. "Reaktor"da çalışan 50 KDK 101 nömrəli robot öz müdirindən ona bir "qulaq yoldaşı" tapmasını xahiş edir və hadisələr "sevimli işçi" üçün qadın göndərilməsi ilə bitir.
Bu xətt hesabına utopik janr üçün səciyyəvi olan statika aradan qalxır, süjet dinamizm və bitkinlik qazanır. İkincisi, "xilaskar" qadın motivi hekayəni antiutopik janr ənənəsi ilə bağlayır. Nəhayət, müəllif hətta duyğusuz robotun belə sevgiyə ehtiyacını vurğulamaqla, bu ali hissi itirən insanlara sətiraltı tənqidi münasibət ifadə edir.
"Robot 50 KDK 101" hekayəsinin daxil edilməsiylə kitabda bir-birinə bir-birinə əks iki qütb yaranır:

zaman baxımından: indi / gələcək
məkan baxımından: Azərbaycan / kosmos
metod baxımından: realizm / fantastika
qəhrəman baxımından: insan / robot

Amma, təəssüf ki, bu iki antiqütb arasında körpü yoxdur və məsələ bundadır ki, müəllifin bu körpünü salmaq imkanı var idi. Əgər 50 KDK 101 nömrəli robota "qulaq yoldaşı" Qasrdan göndərilsəydi, bu Yer və Qasr, indi və gələcək, robot və insan, reallıq və fantastika arasında körpü olar, nəticədə hekayə bütün varlığı öz cazibəsində saxlayan kosmik məhəbbət enerjisi haqda fantastik sevgi himninə çevrilərdi.
Sevimli robota qadının Yerdən göndərilməsi onun göstəricisidir ki, Kəngərlinin düşüncəsi vertikal yox, horizontal istiqamətlidir və o, gələcək mövcudluğun davamını kosmik yox, planetar miqyasda görür.
Bu, hardasa başadüşüləndir. Kəngərli amerikan, yaxud avropalı yox, azərbaycanlıdır. Hər insan kimi hər yazıçı da öz mühitinin yetirməsidir və görünür, Azərbaycan insanının hazırkı fəlsəfi, elmi, siyasi, sosial, bədii düşüncəsi hələki buracan gedə bilir. Otuz il öncə özünün "İdeal" romanındakı kosmizm ilə təkcə milli yox, dünya bədii fikrinin öncüllərindən biri olduğunu sübut edən Muğanna isə bütün dahilər kimi sadəcə bir istisnadır.

***
Vaxtilə Xəyyam yazırdı ki, "əlimdə oslaydı əgər iqtidar, bu köhnə fələyi kökündən yıxar, təzədən elə bir aləm qurardım, ki hər kəs yaşardı azad, bəxtiyar". Bu sözləri istənilən fantastik əsər kimi Kəngərlinin də hekayəsinə (və ümumən kitabına!) epiqraf vermək olar. Çünki fantastika reallığın insanı qane etməməsindən, onu söküb, yenidən, öz ürəyincə qurmaq istəyindən doğur. Özünün kiçik hekayələrində böyük həqiqətlərdən danışan Kəngərlini də nə reallıq, nə də realizm qane edir. Onun fantastik janra müraciəti burdan doğur. Əgər bir cümlə ilə ifadə etmək lazım gəlsə, "Naməlum adam" kitabı haqda fikirlərimizi belə ümumiləşdirmək olar: yazıçının sosioloji hekayələri reallığın tənqididir; detektiv povesti reallığa çıxarılan hökmdür; fantastikası isə bu reallığı başqa yerdə axtarmaq cəhdinin ifadəsidir.
Amma klassiklərdən, məsələn, Nizamidən fərqli olaraq fantastik xoşbəxtlər ölkəsi haqqında düşüncələr Kəngərli üçün inanc yox, daha çox ədəbi-bədii priyom, metaforadır. Ona görə yazıçının robot qəhrəmanına qadın kosmosdan yox, Yerdən göndərilir. Ona görə fantastik mövzuda yazdığı hekayədə də yazıçının fikrini məşğul edən real həyatdır. Ona görə yazıçı öz sevimli robotları ilə birlikdə kosmosdan dünyaya baxır və "aləmin seyrinə gəl, gör nə nə qədər zilləti var" deyir.
Ona görə yazıçının bədii-kosmik odisseyasından sonra da təqaüdçü Cəfərxan kişinin sualı öz qüvvəsində qalır: "İlahi, biz nə vaxt düzələcəyik?"
Amma bu bədbin suala baxmayaraq "Naməlum adam" kitabından pessimist ovqatla ayrılmıram. Çünki Aləm Kəngərlinin timsalında 60-70-ci illər nəsrində qoyulan mövzu, problem, ideyaları istedadla davam və inkişaf etdirə biləcək naməlum bir romançı görürəm. Çünki yaradıcılıq möcüzədir, möcüzə olduğu üçün də gözlənilməzliklərlə doludur. Bu üzdən Cəfərxan kişidən fərqli mənim sualım nikbindir. Bəlkə, müdrik Sədi haqlıdır? Bəlkə, Aləm özünün romanlarını hələ bundan sonra yazacaq?

TƏQVİM / ARXİV