adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Gecikmiş məhəbbət

13568 | 2018-09-14 21:19
(Tələbə dostum Əlinin əziz xatirəsinə)

Ələddin Əli

Muğanda yaz başa çatsa da, şimal bölgəsində agaclar təzə-təzə tumurcuq vururdu. Rayondardan şəhərə gəlib-gedənlər Qubanın dağətəyi kəndlərində axşamlar çox soyuq olduğunu, qalın yorğansız yatmağın mümkün olmadığını deyirdilər. Doğrusu bu söz-söhbət mənə bir o qədər də inandırıcı gəlmirdi. Çünki həmin vaxt Bakıda havanın temperaturu müsbət 20 dərəcədən aşağı olmurdu. Mənə elə gəlirdi ki, havalar isti olduğundan adam sıxılır, nəfəs almaq da çətinləşirdi. Xüsusən şəhərin mərkəzində, Bakı küçəsində bir-birinin içinə girmiş məişət tullantılarından ətrafa yayılan üfunət adama nəfəs almağa imkan vermirdi. Günəşin istisində qızan məişət tullantılarının qoxusu çox uzaqlarda da hiss olunurudu. Doğrusu, insanların belə şəraitə uyğunlaşıb yaşaması məni indi də təəccübləndirir. Yaxşı ki, o vaxtlar şəhərdə içməli su çox ucuz idi. On qəpiyə on stəkan qazlı çu içmək olurdu. Bu səbəbdən bir qəpiklik dəmir pul tapmaq asan olmurdu. Dəmiryolu vağzalının yaxınlığında xırdavat mağazasında işləyən satıcı qadın tələbə yoldaşım Əlinin yerlisi olduğu üçün bizi nəzərə alıb üç və bir qəpiklik dəmir pul ehtiyatı görürdü.
Tələbə yoldaşımız Qədimulla yay tətilində bizi Qubaya qonaq aparacağına söz vermişdi. Doğrusu yay tətilində mən rayona getmək istəyirdim. Axı, yay aylarında taxıl, ot biçini başlayırdı, mal-qaraya yem tədarükü olunurdu. Ona görə də rayona gedib evdəkilərə kömək etmək istəyirdim. İkinci bir tərəfdən də tələbə dostum Əlinin də Qubaya getmək barədə təklifini rədd edə bilmirdim. Çünki Əli çox alicənab və səviyyəli oğlan idi. Təəssüflər olsun ki, çox tez getdi bu həyatdan. Bəzən tənhalıqda özüm-özümlə dərdləşəndə də deyirəm: Biz insanlara heç qarğa ömrü də verilməyib. Nə isə, bu başqa mövzudur...g
Üçüncü kursun yay imtahanlarını müvəffəqiyyətlə başa vurduq. Ancaq qubaya getmək barədə mən hələ də qəti qərar verməmişdim. İnstitutdan çıxıb yataqxanaya gedirdik. Əli mənə müraciətlə:
- Cəmil, gedək bizim otağa, yaxşı Astara limonu var, çay hazırlayım, bir limonlu çay içək. Deyim ki, üçillik tələbəlik dövründə biz bir-birimizin sözünü heç vaxt yerə salmamışdıq. Mən öz otağıma gedib bir az rahatlandıqdan sonra Əligilin otağına gəldim. Artıq limonun qoxusu da otaqda hiss olunurdu. Çay da dəm almışdı. Mən yarızarafat ona:
- Bura bax, sənin bu çay dəstgahın səbəbsiz ola bilməz. Hardan belə bir təşəbbüs yadına düşdü, məni məxfi dəvət etmək? Söylə, nə qulluğun olsa, mən hazıram.
Əli təmkinli və sözünün yerini bilən oğlan idi.
- Ay yoldaş, bir az səbirli ol, otur çayını iç, qoy ağlın da başına gəlsin, sonra söhbət də edərk, - deyə Əli dilləndi.
Biz çay içə-içə Əli söhbət edirdi. Böyük Vətən müharibəsi illərində valideynlərinin Ərdəbildən Astarya gəlmələrindən, qohumlarının Azərbaycanın şimal rayonlarına köçürülməsindən, özünün ağır keçən uşaqlıq illərindən danışır, keçmiş çətinlikləri xatırlayır, kövrəlir və məni də kövrəldirdi. Biz, o dövrün uşaqları eyni həyatı yaşamışdıq. Mən həmin illəri xatırlayanda indi də kövrəlirəm. Əlinin də uşaqlıq illərinə acısam da, sözünü kəsib dedim:
- Ay Əli, sən elə bilirsən ki, bizim uşaqlıq illərimiz yağ-bal içində keçib. Mən də təmtəraqlı uşaqlıq illəri yaşamamışam. O vaxt adamlarda mərhəmət hissi yox idi. Kolxozun sədrinin qorxusundan taxıl zəmilərində tökülüb qalan sünbülü də yığmağa gedə bilmirdik. Sədr bilsəydi salırdı adamı atın ayaqları altına, şallaqla döyürdü. Heç kimin ixtiyarı yox idi ki, sədrin yanında səsin çıxartsın. Kənddə kişi tayfası yox idi. Hamı müharibəyə getmişdi. Atam müharibədən gələndə mən yamaqlı şalvarda, dabanı cırıq rezin qaloşda uşaqlarla qoyun yunundan düzəltdiyimiz topla futbol oynayırdıq. Deyim ki, hər uşağın da rezin qaloşu yox idi. Uşaqların əksəriyyəti məktəbə ayaqyalın, papaqsız gedirdilər. Sən Allah , məni o illərə qaytarma, gəl mövzunu dəyişək. Məni uşaqlıq illərimizin yasına çağırmısan? Dərd də, çətinlik də insan üçündür. Artıq o illəp keçib gedib, boş yerə qanımızı qaraltmayaq. Mənə elə gəlir ki, sən məni başqa iş üçün çağırmısan. Cəhənnəmə də desən gedərəm. De görüm nə işdir?
- Halal olsun sənə! Mən bilirdim sən mənim sözümdən çıxmazsan. De görüm psixologiyadan Rəsulov sənə neçə yazmışdı? 
- Rəsulov otuz tələbədən doqquzuna üç, qalanlarına iki yazdı. O ədabaz Rəsulov hardan sənin yadına düşdü? Mənə elə gəlir ki, tələbələr arasında Rəsulovdan razı olan bir tələbə belə yox idi. Müəllim Şabanov, Feyzullayeva, Turabov idi, hansını deyəsən! Asif müəllim - Asif ata! Asif Əfəndiyevi deyirəm! Keçən dəfə gördün tələbələr nə etdilər? İnstituta xəbər yayıldı ki, Asif müəllim taksidən düşdü, indi gəlir. Dərslərin başlamasına baxmayaraq heç kim auditoriyalara girmədi.

Bütün tələbələr koridorlarda divar boyu sıra ilə düzülüb Asif müəllimi, müəllimlər isə auditoriyaların qarşısında tələbələri gözləyirdilər. Asif müəllim asta-asta kafedraya tərəf yeriyir, divar boyu nizama düzülmüş tələbələrin salamını başını əyib-qaldırmaqla cavablandırır, elə bil ki, hamıya təşəkkürünü bildirirdi.
- Pojaluysta, idide na zanyatie, - deyirdi. Bu vaxt rektor da bu mənzərəni təəccüblə seyr edirdi. Hətta bir neçə dəfə "keçin dərslərə" də dedi. Tələbələr isə Asif müəllimi kafedraya ötürəndən sonra auditoriyalara getdilər. İnstitutda Asif müəllimi sevməyən bir tələbə yox idi. Həmin gün bizdən imtahan götürəcəkdi. Qrupun nümayəndəsini çağırıb demişdi: "Apar biletləri tələbələrə payla. Dörd qiymət istəyənlərə bir bilet ver. Oturub hazırlaşsınlar. Beş qiymət istəyənlərə de məni gözləsinlər. Üç qiymət istəyənlərin qiymət kitabçalarını al saxla, özlərinə də de ki, gedib işləriylə məşğul olsunlar. Koridorda fırlanmaqdan bir şey çıxmaz".
O vaxt Asif müəllimin mühazirəsində auditoriyada heç vaxt yer çatışmırdı. Hər dəfə başqa-başqa institutların tələbələri gəlib mühazirələrdə iştirak edirdilər. Çünki Asif müəllim həm gözəl insan, həm də gözəl müəllim idi. Onun tələbələr arasında məşhurlaşması, tələbələr tərəfindən sevilməsi çoxlarını, o cümlədən ədabaz Rəsulovları qıcıqlandırmaya bilməzdi. Mən mətləbə keçmək üçün soruşdum.
- Yaxşı, rayona nə vaxt gedirsən?
- Bax, elə buna görə səni çay qonaqlığına dəvət etmişəm. Sənə demişdim axı atamın yaxın qohumları Qubada yaşayırlar. Mən onları bu vaxta kimi görməmişəm. Biz sərhəd zonasında yaşadığımız üçün gəlib-getmək asan olmurdu. Çoxlu sənəd tələb olunurdu. Hara gedirsən, nə üçün gedirsən, kimin yanına gedirsən və s.g Bu səbəbdən onlar da bizim tərəflərə gələ bilməyiblər, mən də getməmişəm. Gəl Qədimullanın təklifi ilə razılaş, gedəyin Qubaya. Bir neçə gün qalarıq, mən də bibimi, bibim uşaqlarını görərəm.
Mən bunun planına, gediş üçün taktiki manerasına qulaq asandan sonra ürək dolusu bir qəhqəhlə güldüm. Və əlavə etdim:
- Yaxşı, sən bibini, bibin uşaqlarını gördün. Yəqin ki, biz də uzaqdan gəldiyimiz üçün bibin qızlarını görərik də. Nə vaxtdandır başlamısan "mıs-mıs" eləməyə. Birdəfəlik denən mustafa, biz də bir şey başa düşək. Nə bilim Ərdəbildən gəldik, Astarada qoymadılar yaşamağa, Hitler Stalinə kəllə atdı, müharibə çoxlarını yetim qoydu və s.
Müharibə ayrı-ayrı sarsaq mənəmlik iddiasında olanların insanlara qarşı amansız divanıdır. Hər adam da müharibə edə bilməz. Müharibə aparmaq üçün mütləq quduzluq xəstəliyinə yoluxmalısan. Bir az da ağıllı yelbeyin olmalısan. Elə Hitler kimi bambılı. Gəl söhbətin mövzusunu dəyişək, çağır Qədimullanı. Əli mənim razılığımı hiss edib qonşu otaqdan Qədimullanı səslədi:
- Qədimulla, hazırlaş sabah Qubaya gedirik! Qədimulla sevinə-sevinə öz otaqlarına, Əli isə sabah səhər yeməyinə hazırlıq üçün ərzaq mağazasına yollandı.
Avtobus saat səkkizdə Qubaya çıxırdı. Biz səhər tezdən durub yüngulvari qəlyanaltı edib avtovağzala yollandıq. Sərnişinlər avtobusda öz yerlərini tutmuşdular. Bizim yerimiz qabaqdan ikinci cərgədə idi. Mən Əli ilə yanaşı, Qədimulla isə bizdən sağdakı cərgədə əyləşdi. Avtobus təyin olunmuş vaxtda yola düşdü. Əhvalımız yaxşı idi. Axı, səhər tezdən Quba səfərimizi yüngülvari qeyd etmişdik. Güman edirdik ki, səfərimiz maraqlı olacaq. Yolboyu imtahanların gedişindən, yoldaşlarımızın cəsarətsizliyindən, bəzilərinin özlərini uşaq kimi aparmasından danışıb gülürdük. Bizdən qabaqdakı cərgədə iki cavan xanım qız əyləşmişdi. Aramızdakı məsafə çox olmasa da, onların danışıqlarını eşidə bilmirdik. Qızların özləri kimi səliqə-səhmanları da adamı cəlb edirdi. Biz onlarla ünsiyyət qurmaq istəsək də, buna şərait yaranmırdı. Qızlar özləri ilə götürdükləri yeməyi çıxarıb dizləri üstə kiçik bir süfrə açdılar. Hisə verilmiş kolbasanın qoxusu tək bizi yox, bütün sərnişinləri iştaha gətirdi. Əli özünü saxlaya bilməyib dilləndi:
- Cəmil, şəhərə qayıdandan sonra "28 aprel"də (bura o vaxt bizim üçün ayaqüstü məşhur pivəxana idi) sənə yaxşı bir qonaqlıq məndə. Ancaq qızlardan bir tikə kolbasa al, ver mənə.
Mən Əlinin bu təklifi ilə razılaşmasam da nəfsimi saxlaya bilmədim.
Ola bilsin ki, qızlar bizim bu söhbətmizi eşidirdilər. Ancaq bizimlə söhbətə girmirdilər.
- Ay Əli, qonaqlığı istəmirəm, məni qızışdırıb oda-alova atma. Nə bilirsən, bəlkə sərnişinlərdən kimsə bu qızların qohumu və ya yaxın adamıdır. İstəmirəm qonaqlığını, mənim başımı ağrıtma. Əli cavabında:
- Ay çörək tutmuş, kolbasa haçandan başağrısı verən olub? Özünü elə aparırsan, guya heç işhatın kolbasa istəmir? Ağlın olsun, "28 aprel"ə Qədimullanı da götürərsən. Doğrusu mənim də işhtahımdan kolbasa keçirdi, ancaq həm ehtiyat edirdim, həm də utanırdım. Nəhayət Əli məni yola gətirə bildi. Mən sifətimə yazıq görkəmi verib, guya nəzakətlə qarşımdakı qızın çiyninə əlimlə toxunub bir az kolbasa istədim. Bu qız istədiyindənmi, yaxud da acığındanmı əlindəki kolbasanın hamısını mənə verdi. Mən kolbasanı alıb, iki hissəyə bölüb, bir hissəsini ona qaytarıb yenə də "nəzakətlə" təşəkkürümü bildirdim. Bir az keçmiş qızlar təndir çörəyi çıxartdılar. Əli yenə təkid etdi ki, kolbasanı çörəksiz yemək olmaz, bir az da çörək istə. Bu dəfə mən ikinci qıza əvvəlki "nəzakətlə" müraciət etdim. Bu qız da heç bir söz deməyib çörəyin xeyli hissəsini kəsib bizə verdi. Doğrusu kolbasa-çörək yerinə düşmüşdü. Mənim də işhatımdan keçirdi, ancaq başqası istəsəydi mənə də rahat olardı. Avtobus yoluna davam edirdi. Məndə bir arxayınlıq yaranırdı ki, qızlarla tanışlığa imkan yaranır. Bir az keçmiş qızlar termosu çıxarıb özlərinə çay süzdülər. Biz də susamışdıq. Həm də səhər tezdən vurduğumuzun suyu da gəlmişdi. Bu dəfə mən Əlini dilə tutdum ki, indi növbə sənindir. Həm də qonaqlığımız zəngin olsun. Əli cəsarətə gəlib qarşısında əyləşmiş sarışın qızdan çay istədi. Həngamə də bundan sonra başladı. Bu qız arxaya çevrilib ürəyindən nə keçirdisə, hamısını dedi. Biz isə şor qazanına düşmüş cucə kimi büzüşüb susmuşduq. Bu qız bəlağətli təhqirlərini qurtardıqdan sonra mən dilləndim:
- Xanım qız, çörək vermək və ya çörək istəmək haçandan tərbiyəsizlik olub? İnsanlar sörək, su verməklə fəxr ediblər, savabdır deyiblər, sən isə bizi əxlaqsız, görməmiş adlandırırsan. Heç eybi yoxdur, Qubaya çataraq sizin çörəyinizi də, kolbasanızı da alıb qaytararıq. Hələ bir İzzət əminin samovarını da sizə bağışlayarıq.
Mənə elə gəlir ki, qızlar İzzət əminin adını eşidən kimi sakitləşdilər. Sağ tərəfdə əyləşən qız nə isə əyilib onun qulağına pıçıldadı. Mən İzzət kişinin adını Əlinin söhbətindən eşitmişdim. Əli demişdi ki, bibimin əri İzzət kişi Qubada köhnə bazarın yanında çayxanada işləyir. İnd idə qızlarla söhbət zamanı İzzət kişinin adı təsadüfən yadıma düşdü və təsadüfən qızlar çaşdılar. Elə bildilər ki, biz İzzət kişini tanıyırıq. Avtobus öz yoluna davam edirdi. Əvvəlki şən ovqatımızdan bizdə heç bir əlamət qalmamışdı. Birdən avtobusun qabaq təkəri partladı. Sürücü avtobusu yolun kənarında saxladı. Sərnişinlər avtobusdan düşüb yolboyu gəzişir, avtobusun hazır olmasını gözləyirdilər. Qızlar isə yolun kənarında dayanıb ətrafı seyr edirdilər. Onların gözəlliyinə adam heyran olurdu. Allah insana xas olan gözəlliyin hamısını bu qızlara vermişdi. Mən öz-özümə deyirdim, görəsən hansı qudurmuşdu ki, bu qızları nəzarətsiz buraxıb yola. Əli qızlara yaxınlaşıb onlardan üzr istəsə də, qızlar ona əhəmiyyət vermədilər. Elə bil ki, qızlar İzzət kişinin adını eşidəndən sonra pərt olmuşdular. Qızlar yavaş-yavaş avtobusa tərəf gəlirdilər. Mən avtobusun qapısına yaxın dayanmışdım. Gözləyirdim ki, hansı avtobusa minsin, sonra biz də minərik. Çünki bizim yerimiz qabaqdaydı. onlar avtobusa yaxınlaşanda mən dilləndim:
-Heyf sizdən, ay qızlar, çox heyf!
Mənim heyfsilənməyimə cavab olaraq sarışın qız dilləndi:
- Bizə nə olub ki, sən bu qədər təlaş içində heyfsilənirsən? Bizə görə narahat olma, - dedi.
- Xanım qız, mən sizin Allah tərəfindən təmənnasız verilən gözəlliyinizə heyfsilənirəm. Kaş ki, özünüz kimi diliniz də gözəl olaydı! Qızlar heç bir söz deməyib avtobusa qalxdılar. Mən surucuyə yaxınlaşıb yolun axırına kimi getməyəcəyimizi bildirdim. Avtobus yola düşdü. Qədimulla mənə yaxınlaşıb soruşdu:
- Cəmil, biz niyə avtobusdan düşdük? Şəhərə bir-iki kilometr yol qalıb.
Avtobusdan düşməyimizin səbəbkarı mən olduğum üçün mən də cavab verməli idim:
- Ay qardaş, bilmək olmaz bu qızları avtovağzalda kim qarşılayacaq, qızlar həmin adamlara bizim barəmizdə nə deyəcəklər, bəlkə sizinkilərdən xəncərlinin biri çıxaracaq xəncərini bir zərbə mənə, bir zərbə ona, birin də sənə. Qardaş, haray bu başdan, gəlin başımızı ağrıtmayaq. Odur taksi gəlir, danışağın bəlkə də bizi kəndə apardı. Biz taksini saxlatdırdıq, sürücüylə razılaşdıq, o da bizi Tüləkərana gətirib çıxartdı.
Tüləkaran kəndi dağın ətəyində, meşənin içində, çox mənzərəli bir yerdə yerləşirdi. Sərin və təmiz havası, gözəl mənzərəsi, quşların səsi adamı başqa bir sehrli aləmə aparırdı. Qədimullagilin evlərinin lap yaxınlığında bulaq da var idi. Bulağın aşağısında mal-qara üçün su hövzəsi də düzəltmişdilər. Nə bulağa, nə də ki, su hövzəsinə gün işığı düşürdü. Meyvə bağının ucu-bucağı görünmürdü. Mənə elə gəlirdi ki, bura dövlətin meşə sahəsidir. Biz həyətə çatan kimi Qədimullanın atası bir erkək kəsdi. Biz yaxşı istirahət elədik. O da bizimlə süfrə arxasında bir xeyli oturdu. Süfrəni, manqalı, əti hazırlayıb səhmana saldıqdan sonra bizə tam sərbəstlik şəraiti yaratdı. Bütün təşkilatı işləri Qədimullanın kiçik qardaşı Fuada tapşırıb vacib işi olduğunu deyib bizimlə xudahafizləşdi.
Fuad çox maraqlı oğlan idi. Deyib-gülməyi xoşlayırdı. Arabir də atmacalarından qalmırdı. Bizim yolda başımıza gələnlərdən istifadə edib söz-söhbətə, gülməyə şərait yaradırdı. Deyirdi ki, qonşu kənddə toy var, toy sahibi də bizə qohumdur. Axşam sizi toya aparmaq istəyirəm. Ancaq ehtiyat edirəm ki, bəlkə qızlar da elə toya gəliblər. Sizi görüb tanısalar, mən sizə cavabdeh olmayacağam.
Biz axşam toyda iştirak etdik. Toy maraqlı keçdi. Bizim qonaq olduğumuzu bilib toybəyi bizi də rəqsə dəvət etdi. Biz cənublular onlar kimi rəqs etməyi bacarmasaq da, toybəyinin dəvətindən çıxmaq olmazdı. Bu barədə Qədimulla şimal bölgəsinin toy adət-ənənələrindən danışmışdı. Axşamdan xeyli keçmiş biz toydan çıxdıq. Qədimullanın atası bizi həyətlərində gözləyirmiş. Görünür bizə görə narahat imiş. O bizimlə hal-əhval tutduqdan sonra yatmağa getdi, biz isə bulaq başına gəldik. Fuad bulaq başında süfrə açdı, çay süfrəsi. Hələ bir papaq da atdı:
- Hə, gedim İzzət əmininin samovarını gətirib sizə çay qaynadacam. Ancaq bir az səbirli olun. Biz səhəri bulaq üstündə açdıq. Səhər yeməyindən sonra Qubaya yola düşdük. İzzət kişinin işlədiyi çayxananı tapıb onu soruşduq.
-Keçin içəri, bir stəkan çay için, indi İzzət əmi də gələr, - dedilər.
Biz içəri keçib təklif olunan yerdə əyləşdik. Aradan bir az keçmiş başında buxara papağı, əlində təsbeh, nurani bir kişi bizə yaxınlaşıb salam-kəlamdan sonra dedi:
- Bağışlayın, siz məni soruşmusunuz, İzzət kişi mənəm. Mənə görə qulluğunuz varsa, buyurun, mən sizi eşidirəm.
(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV