adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

TÜRK DÜŞÜNCƏSİNİN İRFAN ÇOBANI

VAQİF YUSİFLİ
25766 | 2018-09-14 21:19
Tədqiqatçı, publisist, sənətşünas, naşir - "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın 55 yaşı tamam olur. Mən onu iyirmi ildir tanıyıram və bu illər ərzində Azərin get-gedə yaşa dolduğunun, amma xasiyyətcə, xaraktercə qətiyyən dəyişmədiyinin şahidi olmuşam. Tanıdığım adamlardan biri də Azərdir ki, yaşa dolduqca daha da kamilləşir, məşğul olduğu peşənin, sənətin lideri olmağa can atır.
Azər Turan 80-cı illərdə ədəbiyyata gəlib və 93-cü ilin müqəddəs Həcc ziyarətindən sonra bu ziyarət onun sonrakı həyatında bir RUH yaddaşına çevrilib. Elə bir Ruh ki, ulu Tanrının dərkolunmaz sirlərini, Peyğəmbərin əsrlərdən bəri insanlara təlqin etdiyi fikir və duyğuları onun da həyat yolunda işığa çevirir. Bu işığın ardınca yüyürüb İrfan Çobanlığına yol alırsan. İslami dəyərlərə tapınmaq türkün böyük öndəri Əli bəy Hüseynzadənin keçən əsrin əvvəllərində bəyan etdiyi "Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq" proqramının tərkib hissəsi idi. Türkləşmək və müasirləşmək (Avropalaşmaq) üçün ilk növbədə, islamlaşmaq lazımmış ki, Azər Turan da sonralar qibtə etdiyi böyük şəxsiyyətlərin iziylə getdi. Qarşıda onu bütün düşüncəsinə hakim kəsilmiş türkçülüyün təbliği və Azərbaycanda - yeni bir dönəmdə yaşarılığını sürətləndirmək idi. Azər Turanın mənim fikrimcə, iki çox qiymətli kitabı var ki, bu iki kitabdakı bir çox yazılar Türkologiya fənninin ən maraqlı fəsilləri ola bilər. Xalq yazıçısı Anar Azərin "İrfan çobanı" kitabına yazdığı "Türk düşüncəsi" məqaləsində yazır ki, Azər Turanın əksər mətnlərindən türklük və türkçülük ideyaları keçir. "XX əsr-Fəryadın metafizikası" kitabını oxuyandan sonra tam bir qənaət hasil oldu - Azər Turan müstəqillik dövründə Azərbaycan ictimai-ədəbi fikrində türkçülüyün əlifbasından tutmuş nəzəri modellərini açıqlayan ən fəal bir türkçüdür. Anar müəllim həmin məqalədə yazır ki, "İrfan çobanı"nı oxuyandan sonra çox şey öyrəndim, çox şey haqqında düşündüm, çox şeylə razılaşdım, razılaşmadığım, qətiyyən razılaşmadığım məqamlar da oldu.
Elə mən də hər iki kitabdan çox şey öyrəndim.
Azər Turanın yazı üslubu sintetikdir - rasionallığın və emosionallığın vəhdətini əks etdirir, yəni bu üslubda sırf alim təfəkkürü ilə emosional esseist düşüncəsi birgə hərəkət edir. Elmi təfəkkür təbii ki, təkcə nəzəri fikirlərin açıqlanması ilə bitmir, burada müxtəlif mənbələr, məxəzlər, faktlar da əsas rol oynayır və Azər Turanın hər bir yazısında onun mütaliə dairəsinin genişliyi ilə rastlaşırsan. Yəni o, çoxlu sayda kitablar oxuyub, arxiv materialları ilə tanış olub ki, fikirlərinə istinad nöqtələri tapa bilir. Amma bu faktlar, müxtəlif mənbələrə istinadlar məlumatfüruşluğa aparıb çıxarmır, müəyyən bir fikrin sadəcə təsbitinə xidmət edir.
Azər Turanın hər iki kitabı, ilk növbədə, Şəxsiyyətlər barədə, daha doğrusu, türkçülüyün baniləri, görkəmli simaları və eyni zamanda, Avropa dühaları haqqında elmi, bioqrafik oçerklərdən ibarətdir. Onun pərəstiş etdiyi, haqqında daha çox söhbət açdığı və daha çox danışa bildiyi şəxsiyyətlər sırasında mən Əli bəy Hüseynzadəni, Şeyx Cəmaləddin Əfqanini, İsmayıl Qaspralını, Nihal Atsızı, Məhməd Akif Ersoyu, Ziya Göyalpı, Əhməd Ağaoğlunu, Yusif Akşuranı, Fuad Köprülünü, Məmməd Əmin Rəsulzadəni, Nazim Hikməti, Ömər Faiqi görürəm. Onun Əli bəy Hüseynzadənin ömür yolu, şəxsiyyəti və yaradıcılığı barədə ayrıca kitabları var və heç bir mübaliğəyə varmadan deyə bilərəm ki, Azərbaycanda Əli bəy Hüseynzadəni ən çox təbliğ edən və bizimləşdirən bir müəllifdir Azər Turan və burada türkçülüyün banilərindən birinə böyük sevgi ilə yanaşı, həm də bu şəxsiyyətin tarix üçün, zamanlar üçün ölməzliyini sübut etmək həqiqəti yaşanır. "Əli bəy Hüseynzadə bənzərsiz universal zəkasıyla dünyanın möhtəşəm coğrafiyasını türk düşüncəsinin siyasi əndazəsinə çevirmiş Atillanın, Bizanqsı süquta uğradan Fatehin davamıydı, eyni zamanda, Atatürk dövrünün başlanğıcıydı... Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspralı kimi ulus yaradan insanlardan biriydi və vaxtı ilə Abdulla Cövdətin: "Əli bəy sakit, mütəfəkkir haliylə, əsrarəngiz vəzi-üzletperverəsiylə üzərimizdə bir rəsul təsiri icra edərdi" - deməsi də gəlişi-gözəl sözlər deyildi". Əli bəy Hüseynzadənin necə böyük şəxsiyyət olduğunu mən də bir çox başqaları kimi bilirdim, elmi əsərlər, məqalələr bu mütəfəkkir insanı tanımaq və sevmək üçün yetərliydi, amma Azər Turanın Əli bəy Hüseynzadə ilə bağlı elə maraqlı və indiyədək açılmamış faktları, "gizlinləri" var ki, doğrudan heç bir şübhə eləmirsən: "İctimai təfəkkür tariximizdə Əli bəy Hüseynzadə bitib-tükənməyən bir hadisədir... Azərbaycan ədəbiyyatında romantizm cərəyanını başladıb həmin sıradan Cavid, Hadi kimi azmanların ərsəyə gəlməsinə meydan açdığına, bir Əli bəy Hüseynzadə min Əli bəy Hüseynzadə olduğuna görə, ən başlıcası isə ulusyaradan bir dahi olduğuna görə o, XX yüzillikdən başlayan yeni türk sivilizasiyasının ermişi və irfan çobanıdır".
Tədqiq etdiyi şəxsiyyətlərin hər birinin tarixi xidmətlərini, türkçülükdə, Turan dünyasında yerini, mövqeyini dəqiq anladığı üçündür ki, Qaspralı möcüzəsi də, Ziya Gökalp həqiqəti də, Yusif Akşuranın yenilikçi düşüncələri də bütün dolğunluğu ilə gözlərimiz qarşısında canlanır. Heç şübhəsiz, Azər Turanın türkçülüyün inkişafında fikir mücahidləri ilə yanaşı, poetik şəxsiyyətlərin də roluna biganə qalmır, bəlkəsiz böyük önəm verir. Türkün böyük şairləri həmişə türkçülükdə, Türkün mənəvi əzəmətini bəyan etməkdə ön sırada olmuşlar. "İstiqlal marşı"nı yazan Mehmet Akif Ərsoy kimi, qəhrəmanlıq duyğusunu millətin mənəvi-sosial mahiyyəti kimi dərk edən Nihal Atsız kimig

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də yıldızlar kimi parlayıb sönməməkdir.
Qəhrəmanlıq içərək acı ölüm tasından,
İrəliyə atılmaq və sonra dönməməkdir.
Bunun üççün ölümə bir atılış gərəkdir,
Atılışdan sonra da bir daha dönməməkdir.

Azər Turanın hər iki kitabında keçmiş və bu günümüz bir vəhdətdə dərk edilir. Alp Ər Tonqadan, Bilgə Kağandan, Hüseyn Bayqaradan, Xətaidən, Mahmud Kaşqaridən, Əlişir Nəvaidən başlayan türk möcüzələri ilə XX əsrin sivill türk dünyası qətiyyən bir-birindən təcrid olunmur.
Azər Turanın düşüncəsində Türk dünyası və türkçülük Dünya-Avropa mədəniyyətindən və sivilizasiyasından ayrı deyil, təbii ki, burada iki düşüncə tərzi olsa da, bəzən bir-birini təkzib edən fikirlər meydana çıxsa da, bir-birilə həmahəng səslənən məqamlar da diqqəti cəlb edir. Yoxsa Əli bəy Hüseynzadənin, Ziya Gökalpın türkçülüyün mənəvi düsturuna çevirdikləri bəndlərdən biri - "müasirləşmək", Avropalaşmaq" şüarı əbəs yerə səslənməzdi. Yoxsa Şarl Bodler və Tofiq Fikrət, Ceyms Coys və Əli bəy Hüseynzadə, Eduard Munk və Məhəmməd Hadi paralelləri-səsləşmələri də əhəmiyyətsiz görünərdi. Yoxsa Azərbaycan bədii düşüncəsində modernizm dalğasının ilk dəfə Əli bəy Hüseynzadənin yazılarında qabarması baş verməzdi. Modernizmi, ümumən dünya ədəbi cərəyanlarını mükəmməl mənimsədiyinə görədir ki, Azər Turanın Nazim Hikmət, Rəsul Rza, Anna Axmatova, Çingiz Aytmatov, Anar, Cemal Süreya, Orxan Vəli haqqında yazıları da XX-XXI əsr dünya ədəbi nəhənglərinin portretini canlandıra bilir.
Azər Turanın bir dahi-həmişə pərəstiş etdiyi sənətkar var ki, mən bilərəkdən bu xüsusda söhbəti sona saxladım. Bu - Hüseyn Caviddir. Hüseyn Cavidin yaradıcılığı Azər Turanı, məncə, əlinə qələm alıb ilk bədii, publisistik, elmi yazılarını yazan gündən düşündürüb. Yoxsa, onun Şah əsəri sandığım "Cavidnamə" bitkin bir əsər kimi meydana gəlməzdi. İstisnasız olaraq "Cavidnamə"ni Azərbaycan Cavidşünaslığının yeni bir uğuru hesab etmək olar. Bu əsərdə böyük sənətkarın ömür yolu, yaradıcılığının tarixi, elmi, ədəbi, teoloji qaynaqları və s. problemlər araşdırılır. Müəllif "Bioqrafik məqamlar", "Cavidin İstanbul dövrü, bilinən və bilinməyən məqamlar", "Türk erasının iki zamanı", "Hüseyn Cavid yaradıcılığının ədəbi, elmi, tarixi, məfkurəvi və teoloji qaynaqları", "Əbədi Turan" bölmələrində Cavidşünaslıqda yeni səslənən maraqlı faktlarla qarşılaşırıq. Məsələn, Cavidin İstanbul dövrü haqqında cavidşünaslıqda bilgilər o qədər də yetərli deyildi.
Bu boşluğu Azər Turan aradan qaldırır. O, söhbətə Cavidin İstanbulda təhsil aldığı dövrdə Osmanlı imperatorluğunun siyasi vəziyyətinin təsvirindən başlayır. Yəni Cavidin ictimai-siyasi məfkurəsinin formalaşmasında bu faktorun da rolu az deyil. Cavid İstanbula o zaman gəlmişdi ki, Osmanlı imperatorluğu çökməyə başlayırdı. Cavid hürriyyət tərəfdarı idi.
Cavidin estetik görüşlərinin formalaşmasında bir çox türk yazarlarının rolu olmuşdur. Cavidin bütün sonrakı yaradıcılığında, sənət kredosunun müəyyənləşməsində ən böyük təsir A.Turanın fikrincə, Tofiq Fikrətdən və Hamiddən gəlir. Fuad Köprülünün 1942-ci ildə yazdığı məktubundan sitat gətirir A.Turan: "Cavid Hamidin qüvvətli təsiri altında qalmaqla bərabər, doğrudan-doğruya Tofiq Fikrətin təqlidçisi və təqibçisidir Hüseyn Cavid yaradıcılığı, yalnız dil baxımından deyil, ümumiyyətlə, fikir və sənət baxımlarından da Hamid və Fikrət təsirlərinin bir halitası kibi tələqqi oluna bilər".
Tofiq Fikrətin dini-həyat adlandırdığı pozitivizm fəlsəfəsindən də qaynaqlanırdı Cavid. Onun İstanbulda təhsil aldığı illərdə türk ədəbi camiəsinin ən tanınmışları, o cümlədən, Cavid yaradıcılığı üzərində güclü təsir buraxmış Tofiq Fikrət, Rza Tofiq, Cənab Səhabəddin, Xalid Ziya bu fəlsəfənin təsiri altında idilər. Rza Tofiq (1869-1949) Cavidin gələcək inkişafına, yaradıcılıq və dünyagörüşünün təkmilləşməsinə güclü təsir etməliydi. Çünki Rza Tofiq irfan fəlsəfəsinə, təsəvvüf ədəbiyyatının qaynaqlarına, Qərb və xüsusən Nitsşe fəlsəfəsinə yaxşı bələd idi. Rza Tofiq Cavidin daha çox fəlsəfi biliklərinin kamilləşməsində yardımçı olur. 
A.Turanın təqdim etdiyi bir maraqlı fakta diqqət yetirək: "1937-ci ilin istintaq dindirilməsi zamanı Cavid Cümhuriyyət dövründə Məmmədəmin Rəsulzadə ilə heç bir əlaqəsinin olmadığını desə də, əslində, həmin illərdə Rəsulzadə ilə Hüseyn Cavidin arasında isti münasibətlərin mövcudluğunu təsdiq edən dəlillər vardır. Cavid Rəsulzadənin bacanağı Seyid Hüseynlə çox yaxın dost idi və Turan Cavidin bildirdiyinə görə, H.Cavid Bakıya köçəndən sonra Mişkinaz xanımla birgə ilk yay mövsümünü Seyid Hüseynin Novxanıdakı bağında keçirmişdi. Adətən, həmin görüşlərdə Rəsulzadə də iştirak edirdi. Cavidlə Rəsulzadənin arasındakı məhrəm münasibətlər barədə Seyid Hüseynin qızı Qumral Sadıqzadə də öz memuarlarında "Hüseyn Cavidlə Məhəmməd Əmin yaxın dost idi" - deyə bəhs edir".
Cavidin müsavatçılarla əlaqəsi olubmu? Bu haqda cavidşünaslıqda müəyyən bir məlumata rast gəlmirik. Amma Azər Turan bu məsələni aydınlaşdırır. Yazır ki, Mikayıl Talıbzadənin istintaq zamanı ifadəsində bildirilir ki, "Müsavat" partiyasının lideri Rəsulzadə Azərbaycanda müsavat təşkilatı ilə əlaqəsini və rəhbərliyini professor Əliyev və yazıçı Hüseyn Cavid vasitəsilə həyata kesirirdi".
Azər Turanın təqdim etdiyi bu məlumatın doğrumu, yalanmı olduğunu deyə bilmərik, amma A.Turan NKVD-dəki istintaq zamanı Hənəfi Zeynallının ifadəsini misal gətirir: "Azərbaycanın türklər tərəfindən işğalı zamanında təbliğat aparan Cavid müsavatıngideoloqudu".
Buna inanmaq olar! Çünki A.Turanın fikrincə, Cavid Müsavat partiyasının üzvü olmasa da, müsavat hökumətinin baş ideoloqlarından biri kimi tanınırdı. Hətta, 1919-cu ildə Hüseyn Cavid Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci ildönümü münasibətilə Gəncədə keçirilən mərasimə dəvət olunmuş və həmin tədbirdə iştirak etmişdi.
İyirminci illər Hüseyn Cavidin həyatında "böhranlı" illər kimi xarakterizə olunurdu. Əslində, belə deyildi. Cavid yenə yazır, yaradırdı, əsərləri ən çox teatrda oynanılan müəlliflərdən biri idi (C.Cabbarlı ilə birgə). Cavid özünü ədəbi-mədəni tədbirlərdən qətiyyən kənara çəkmirdi.A.Turan bəzi faktları nəzərə çarpdırır: 1920-ci ildə S.M.Qənizadə, H. Şahtaxtlı, V.Tomaşevski ilə birlikdə yeni əlifba komissiyasının tərkibinə daxil edilir. İyirminci illərin əvvəllərində Cavid Nəriman Nərimanovun qayğısını hiss edir, Nərimanov tez-tez Cavidə baş çəkirmiş. İyirminci illərin əvvəllərində Bakıda Cavidin adını daşıyan qızlar məktəbi fəaliyyət göstərib. Bakıda Təzə Pir məhəlləsində Cavid adına Xeyriyyə Cəmiyyəti yaradılıb. Amma bununla yanaşı, Cavidin ailəsi maddi cəhətdən korluq çəkirdi. "Peyğəmbər" və "Topal Teymur"dan sonra ədəbi tənqid Cavidə qarşı hücuma başlayır. Azər Turan haqlı olaraq yazır ki, məfkurəvi tərəddüd və böhran illəri Cavid yaradıcılığında deyil, əslində, Azərbaycanın siyasi-mənəvi həyatında baş verirdi.
Cavid 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji qurultayda qonaq kimi iştirak edir. A.Turanın bu qurultayla bağlı təqdim etdiyi məlumatlar maraq doğurur. Qurultayda Azərbaycan romantik ədəbiyyatının qurucusu Əli bəy Hüseynzadə də iştirak edirdi və o, əlifba ilə əlaqədar ərəb qrafikasını tərk etməməyin tərəfdarıydı. Cavid "Mən nə lanrıçıyam, nə də islahçı" desə də, əslində, o da əlifbaya toxunulmamasının tərəfdarı olub.
...A.Turan daha başqa məlumatları da diqqətimizə çatdırır. Məsələn, 1936-cı ildə Cavidin Mircəfər Bağırova məktub göndərməsi...g
"Möhtərəm M.Cəfər Bağırov yoldaş! Son zamanlarda mənə və yazılarıma qarşı istər mənəvi, istər maddi cəhətdən qaba və soyuq bir keçilməzlik var. Bu da yalnız tək-tək şəxsləri karpizindən irəli gəlməkdədir. Cəsarət olsa da, fikrinizi bu nöqtəyə cəlb etməklə, 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halini düşünməyinizi rica edirəm". Mir Cəfər Bağırov məktubla əlaqədar oktyabrın 22-də Hüseyn Cavidi Mərkəzi Komitənin binasına dəvət edib məsələni aydınlaşdırmağı, büro üzvlərini məlumatlanlandırmağı Hüseyn Rəhmanovla Ruhulla Axundova tapşırır. Bu məsələnin sonrakı mərhələsi barədə heç bir məlumata rast gəlmədim".
Nəhayət, 1937-ci il gəlir. Təqiblər, təzyiqlər son həddə çatır. Dövlət Təhlükəsizlik İdarəsinin 3 iyun 1937-ci il tarixli 509 saylı orderi ilə NKVD-nin 4-cü şöbəsinə Hüseyn Cavidin evində axtarış aparılması tapşırılır. Axtarışı Pavlov, Federenko və Sərkisyan aparır. A.Turan iyunun 3-dən 4-nə keçən gecə Cavidin həbsindən ətraflı söz açır. Təbii ki, Mişkinaz xanımın xatirələrindən istifadə olunur. Cavidin həbsindən sonra onun ailəsi Kommunist küçəsindəki evdən çıxarılır, Sovet küçəsindəki 92 saylı evə köçürülür. Cavid ailəsinin əzablı günləri bundan sonra başlayır.
Azər Turanın Cavidin həbsi ilə bağlı təqdim etdiyi məlumatlar da Cavidin həyatının ən gərgin, ən üzüntülü anlarını əks etdirmək baxımından dolğun təsir bağışlayır. "Cavidin istintaq prosesi iki il bir ay çəkmişdi. Və nəhayət, 1939-cu il iyun ayının 9-da keçirilmiş xüsusi müşavirədə Hüseyn Cavid, heç bir dəlil-sübut olmadan "antisovet təşkilatda iştirakına və təbliğatına", "Türkiyənin şpionu, müsavatçı-pantürkist, əksinqilabi təşkilatın üzvü, əksinqilabi fəaliyyətinə, ədəbiyyat və dramaturgiya sahəsində gənclərin millətçi əksinqilabı ruhda tərbiyə olunması istiqamətində gördüyü işlərə, pantürkist ideyaların yayılmasına xidmət etdiyinə görə" (və guya Hüseyn Cavidgİran, Dağıstan, Ermənistan və Gürcüstan ərazilərindəki bütün Azərbaycan torpaqlarını birləşdirib, burjua təmayüllü müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda fəaliyyət göstərən pantürkist əks-inqilabçı təşkilatın üzvləri arasındaymış) səkkiz il müddətinə azadlıqdan məhrum edilir və islah əmək düşərgəsinə göndərilməsi qərara alınır. Müşavirənin başqa bir qərarı ilə o, 1939-cu il iyulun 4-də Vladivostoka sürgün edilir. İstiqamət olaraq Koluma qeyd olunur". Cavid 1941-ci ilin dekabr ayında, 59 yaşında Sibirdə dünyasını dəyişir.
A.Turan Hüseyn Cavidin itkin əsərləri haqqında da məlumat verir. H.Cavidin müsadirə olunmuş altı əsəri var: "Attila", "Çingiz", "İblisin ilhamı", "Telli saz", "Şəhla" və "Koroğlu". "Telli saz"ı H.Cavid 1921-ci ildə Tənqid-Təbliğ teatrına təqdim edib. Hətta rollar da bölünüb. Son məşqlərə qədər əsərin tamaşası hazırlanıb, amma faciəyə müəyyən dəyişikliklər edilməsini tələb edən məmur-tənqidçinin müdaxiləsinə rəğmən, Cavid onun oynanmasına etiraz edib. "Şəhla" əsərini o zaman Ədil İskəndərov tamaşaya qoymaq istəyib, hətta əsər dram teatrının repertuarına da daxil edilib. Cavidin son yaradıcılıq işi "Koroğlu" filminin ssenarisi ilə bağlı olub. Amma bu ssenaridən də xəbər yox. Bütün bu məlumatları A.Turan nəzərimizə çatdırır və biz də onun kimi ümid edirik ki, haçansa bu itkin əsərlər tapılacaq...g
Azər Turanın "Cavidnamə" kitabında Cavidlər ailəsinin digər üzvləri-Mişkinaz xanımın, Ərtoğrol Cavidin və Turan Cavidin də həyatı, böyük Cavidlə birgə keçirdiyi günlərin təəssüratı, Cavidsiz keçən ağrılı-acılı, əzablı illərinin səhifələri vərəqlənir. A.Turan Ərtoğrolun yaradıcılığını-şair, bəstəkar, rəssam, folklorşünas, pedaqoq, nasir, dramaturq, ədəbiyyatşünas, dilçi, kinossenarist, musiqiçi kimi fəaliyyətinə aid xeyli misallar gətirir.
Akademik İsa Həbibbəyli A.Turanın "Tahir Rasizadə" kitabına yazdığı ön sözdə qeyd edir ki: "Hüseyn Cavid haqqında artıq bütün problemlərin həllini tapdığını düşünmək doğru olmazdı. Azər Turan Azərbaycan cavidşünaslığında yeni hadisənin ifadəsidir. Bu yenilik Azər Turanın timsalında elmiliklə publisistikanı və bədii düşüncəni vahid məcrada birləşdirmək bacarığında ehtiva olunur".
Bu yazıda mən Azər Turanın yalnız üç əsərindən söz açdım. Onun Azərbaycan türkçülüyünün inkişafında uğurlarını müxtəsər qeyd etdim. "Ədəbiyyat qəzeti"ndəki Baş redaktorluq fəaliyyətindən söz açmadım. Buna ehtiyac duymadım. Çünki hər həftənin şənbə günü bizi sözün əsl mənasında Azərbaycan və Dünya ədəbi aləminə çəkib aparan "Ədəbiyyat qəzeti"dir, onun maraqlı yazılarıdır. Həm 55 yaşlı Azər Turana, həm də 85 yaşlı "Ədəbiyyat qəzeti"nə uğurlar arzulayırıq.


TƏQVİM / ARXİV