KƏSƏK OTURUB DAŞIN GüNüNƏ AğLAYIR

AQİL ABBAS
31263 | 2006-09-30 12:09
Bu gün Azərbaycanda ən ağlamalı gündə olan ağlamalılar oturub daşın gününə ağlayırlar. Müxalif qəzetləri açırsan hamısı yazır ki, iqtidar uçuruma gedir, iqtidarın komandası yoxdur, iqtidarın komandası bir-birini didir və sair və ilaxır. İqtidar isə öz işindədir, komandası da yerindədir, üzərinə düşən vəzifələri də yerinə yetirir, təbii ki, nöqsanlarla, təbii ki, çatışmazlıqlarla. Yəni iqtidarın da gördüyü bütün işlər "Qur?an" ayəsi deyil. Səhvləri var və ən maraqlısı budur ki, keçmişdə iqtidarın buraxdığı səhvləri müxalif qəzetlər yazırdılar, müxalifət deyirdi, amma indi özləri etiraf edir, özləri deyir. Və həmin bu deyimlərdən də müxalifət istifadə eləyir və bununla millətə çatdırmaq istəyir ki, görürsünüz filan nazir filan sözü dedi, filan nazir filan sözü dedi, filan komitə sədri bunu dedi, bunlar bir-birinə qarşı çıxırlar.
   
   
   
   Sadəcə olaraq, möhtərəm Prezidentimiz İlham Əliyev ölkədə elə bir demokratik şərait yaradıb ki, dövlət məmuru da heç nədən çəkinməsin və problemləri özü etiraf eləsin və sair və ilaxır. Amma prezidentin bu demokratikliyi təbii ki, müxalifətin əlinə tuz verir və onlar da bu tuzdan istifadə edir. Eybi yox, qoy desinlər, qoy yazsınlar.
   
   Bir qəribə fakt deyim. O vaxtlar Əbülfəz Elçibəy ölkənin aparıcı qəzet redaktorlanını dəvət eləmişdi, təxminən 10-12 qəzet redaktoru vardı. Orda "7 gün"ün baş redaktoru Emin Eminbəyli Elçibəyə ölkədə baş verən hadisələrlə bağlı müəyyən məlumatları verdi və dedi ki, bunlardan sizin xəbəriniz yoxdu. Elçibəy bir qədər əsəbləşdi və istehza ilə soruşdu"::
   
   - Bəy, sizin neçə müxbiriniz var?
   
   Dəqiq yadımdan çıxıb deyəsən Emin bəy dedi ki, 11, ya 12. Elçibəy isə sözünə davam elədi"::
   
   - Mənim Milli Təhlükəsizlik Nazirliyim, Daxili İşlər Nazirliyim, Prokurorluğum, mühafizə təşkilatım, kəşfiyyat idarəm, əks-kəşfiyyat idarəm, xüsusi idarəm, şəxsi agenturam, "İnterpol"um...
   
   Bilmirəm, nə isə saydı, indi dəqiq yadımda qalmayıb...
   
   Elçibəy sonra əlavə etdi"::
   
   - Emin bəy, necə olur, sən on bir-on iki əməkdaşınla ölkədə baş verən hadisələrdən xəbər tutursan, amma mənim ondan çox xüsusi xidmətim ola-ola ölkəmdən xəbərim yoxdur!? Və biləsən, həmin xidmətlər ölkədə mənə ünvanlanan söyüşləri də olduğu kimi çatdırırlar və istəyirsən deyim ki, "20 Yanvar" metrosunda hər gün avtobus tapa bilməyən millət atam Qədirquluya nə söyüşlər söyürlər? Amma mənim pulum yoxdur, indi tank alıram, avtobus ala bilmirəm.
   
   İndi qəzetlər Azərbaycan prezidenti İlham Əliyevə nə isə çatdırmaq istəyirlər. Həmin söhbətin şahidi kimi bilirəm ki, hörmətli prezidentimiz İlham Əliyev ölkədə baş verən hadisələr haqqında hətta MTN-ə məlum olmayan məlumatlara malikdir. Və öz işini də çox gözəl bilir. Komandada baş verən hadisələrdən də xəbəri var, kimlərin kimlərlə nə münasibətdə olduğunu da bilir. Amma Ümummilli liderimiz Heydər Əliyevin varisi hər şeyi yüz ölçüb, sonra bir biçir. Yəni kiməsə bir "dədəboyu" verir, necə ki, Fərhad Əliyevə və digərlərinə vermişdi. Amma sonra görəndə ki, onlar "dədəboyu"ndan hündürə hoppanmaq istəyirlər, qoymadı.
   
   Söhbəti çox uzatdım. Müsavat Partiyasının qəzetləri ( əslində Müsavat adında partiya qəzetlərin hesabına yaşayır,xüsusilə "Yeni Müsavat"ın və "Müxalifət"in. "Müxalifət" indi nəşrini dayandırıb, əslində Müsavat Partiyasını qoruyan, ona olan bütün hücumlara cavab verən bu gün çıxmayan "Müxalifət" qəzetidi) olmasa, bu partiya indi adı yadımdan çıxıb hansı partiyadı, köhnə AMİP-in, çox qəribədir ki, həmin köhnə AMİP-in sədrinin adını da tapa bilmədim, ya ADP-nin gününə düşər. Yəni bu gün Müsavat Partiyasını dağıdan "Yeni Müsavat" qəzeti həm də Müsavat Partiyasını yaşadan qəzetdir. Sabah "Yeni Müsavat" Müsavatdan üz döndərsə, Müsavat Partiyası ilə Tahir Kərimlinin adını yadıma sala bilmədiyim partiyası arasında heç bir fərq olmayacaq. Və Rauf Arifoğlu partiyanı dağıtmaq istəyirsə qəzetin nəşrini 15-20 gün saxlasa bəs elər.
   
   "Yeni Müsavat" qəzetində bir siyahı dərc ediblər, hansı deputat kimin tərəfindən seçilib. Və bununla ölkəyə sübut etmək istəyirlər ki, Prezident İlham Əliyevin komandası yekdil deyil, məmurlar parlamenti öz əllərinə alıblar və sair və ilaxır. Əvvəla, prezidentin komandası yekdildir, yekdil olmayanları da oturublar MTN-in təcridxanasında. Ölkədə bir komanda var, o da İlham Əliyevin komandasıdır və kim bu komanda ilə işləmək istəmirsə, Prezidentin özünün dediyi kimi, vaxtında istefa versin qoşulsun siyasətə. İndi Fərhad Əliyev də, onun komandası da vaxtında istefa verib siyasətə qoşulsaydı, indi həbsdə də deyildilər, İsa Qəmbər kimi, Əli Kərimli kimi, Sərdar Cəlaloğlu kimi siyasi mübarizələrini davam etdirirdilər. Onların buna gücü çatmadı və bu, Prezidentin yox, onların günahıdı.
   
   Bəli, "Yeni Müsavat" qəzeti dərc elədiyi siyahıda mənim də adımı yazıb. Və mənim adımı da Heydər Əliyevə, İlham Əliyevə ən sədaqətli dövlət məmurlarından biri Kəmaləddin Heydərovun siyahısına salıb. Guya məni Kəmaləddin Heydərov deputat seçdirib.
   
   Bu yazıqlar elə bilirlər ki, deputatları müxalifəti maliyyələşdirən Qərb və ABŞ seçir. Ona görə də seçilməyəndə ən çox söydükləri Qərb və ABŞ oldu. Bunlar heç vaxt xalqın dəstəyinə inanmayıblar, xalqa arxalanmayıblar, həmişə onları maliyyələşdirənə güvəniblər. Maliyyələşdirənlər də son anda görüblər kim kimdir və uduzublar. Dostlar, millətə güvənin, mandatı xalqdan umun. Millət böyük qüvvədir, siz o millətin seçimində uduzmusunuz və bu mənim günahım deyil. Dostlar, sizin mənə alternativ verdiyiniz adam cəmi 388,ya 492 səs toplayıb. Amma mənim digər bir alternativim, xalqa yaxın olan bir adam, gərək ki, 4800 səs toplamışdı. Dostlar, nə Buş, nə Şirak, ya nə bilim hansısa kərtənkələ gəlib Ağcabədidə və ya Ağdamda sizə səs vermək gücündə deyil. İndi Buş və ya hansısa kərtənkələ neyləsin ki, səsi onlar vermirlər.
   
   Əslində sizin bu siyahınız ona xidmət etmir ki, kim kimin adamıdır, ona xidmət edir ki, ay xalq, görürsən iqtidarda parçalanma var.
   
   İndi, ölkədə ən böyük parçalanma Müsavat Partiyasındadı. Qarabağlılar Müsavatdan üz döndərdi, mən siyahını çap eləmək fikrində deyiləm, istəyirsiniz çap eləyim!? Müsavat Partiyası dağılıb, onu təzədən yığmaq üçün bir yaxşı "jestyannik" lazımdı. Yəni sizin bu siyahınız özünüzdə baş verən zəlzələni iqtidarın üzərinə yönəltmək məqsədi daşıyır. Ölkədə problemlər var, iqtidar da bu problemləri həll etmək istəyir, bütün gücünü qoyur. Amma birdən-birə bu problemləri həll etmək mümkün deyil. Ən böyük problemlərdən biri təhsil problemidir, son bir neçə ildə təkcə Heydər Əliyev Fondu Azərbaycanda 200-dən çox məktəb tikib və bu proses indi də davam edir. Mən hələ başqa nüanslara toxunmuram. Pensiyalar artır - dilxor olursunuz, müəllimlərin maaşı artır - dilxor olursunuz, məmurların maaşı artır - dilxor olursunuz, polis işçilərinin maaşı artır - dilxor olursunuz, hərbçilərin maaşı artır - gözünüzə yuxu getmir. Sözgəlişi (düzdür, mənim ürəyim istədiyi kimi deyil), srağagün müəllimlərin də maaşı 25 faiz artdı.
   
   Oturub daşın gününə ağlayırsınız. Dostum, məni Qarabağ camaatı deputat seçib. İnsafınız olsun mənə verdiyiniz alternativdən seçkinin necə keçdiyini soruşun, o məni tanıyır. Əgər o, əlini "Qur?an"a basıb and içsə ki, mən saxta deputat seçilmişəm, and olsun "Qur?an"a, mən deputatlıqdan imtina edərəm. Zöhrab Həsənov, dostumsan və seçkidən də xəbərin var, səni and verirəm "Qur?an"a, sənin namizədliyini irəli sürən müsavatçılara mənim demokratik və ya qeyri-demokratik seçilməyim haqqında kişi kimi sözünü de, axı, sən Qarabağ savaşlarında kişi kimi döyüşmüsən, saxta söz deməzsən.
   
   Bəli, Müsavat Partiyası dağılır, daha doğrusu, dağılıb. Və yenə deyirəm, "Yeni Müsavat" qəzeti olmasa və "Müxalifət" qəzeti çıxmasa, Müsavat Partiyası yoxdu. İndi partiya bunun üstünü örtmək üçün belə bir dezinformasiya buraxmalıdır.
   
   Və sonda. Hörmətli Müsavat Partiyası, sizdən millət vəkili seçilənləri kim seçib!? Sualıma cavab verin, sonra ikinci məktubu yazaram.

TƏQVİM / ARXİV