adalet.az header logo
  • Bakı 19°C
14 May 2018 14:19
8073
MARAQLI
A- A+

Azərbaycan qloballaşan dünyada mədəniyyətlərin inteqrasiyasında önəmli dövlətdir

Suriya müharibəsi başlayanda Avropa dövlətləri savaşdan qaçan qaçqınlara qapılarını bağladı. Bəhanələri isə o oldu ki, müsəlman qaçqınlar gəlib Avropanın mədəniyyətini məhv edir. Avropa bunu böyük təhlükə kimi gördü və bu gün də görməyə davam edir. Müsəlmanlara qarşı islamafobianın beşiyi də elə Avropadır. Ancaq mədəniyyətlərin bir birinə intenqrasiyası daha vacibdir və bu birbaşa inkişafa hesablanmış məsələdir. Təbii ki, bunun da kökündə dayanan məsələ tolerantlıq, multikulturalizmdir. Avropada isə nə qədər görüntü yaradılsa da, bu dəyərlər yoxdur. Hazırda Qərb dövlətlərini daha çox narahat edən geniş miqrasiya nəticəsində bu ölkələrdə oturuşmuş mədəniyyətlərin yox olması təhlükəsidir. Bu səbəbdən də həmin dövlətlərin bəziləri qloballaşmanın nəticəsi olaraq multikulturalizmin iflasa uğrayacaqı iddiasındadırlar.

Lakin, qloballaşmanın gerçəkliyi budur ki, ən müxtəlif mədəniyyətlər bir-birilərinə inteqrasiya edərək üz-üzə durublar və hər biri özünü qoruyaraq inkişaf etmək istəyindədir. Azərbaycanda kifayət qədər azsaylı milli azlıqlar yaşayır. Onların içərisində müsəlman olmayan, fərqli dinlərə inananlar da az deyil. Doğrudur, Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır. Son statistik məlumatlara görə Azərbaycan əhalisinin 93.4 faizi müsəlman, 3.1 faizi xristian, 3 faizi isə hər hansı bir dinə bağlı deyildir. Yerdə qalan 0,5 %-ə isə digər dinin mənsublarına aiddir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Din və xalqın inancları problemi Azərbaycan toplumunu vaxtaşırı həyəcanlandıran önəmli problemlərdən biri olaraq qalmaqdadır. Bu sahədə sovetlər sonrası dönəmdə nəzərəçarpan dəyişikliklər baş verib. Ötən illər boyu bu dəyişikliklər heç də birmənalı qarşılanmayıb, bir çox durumlarda ziddiyyətli olub. Bir yandan sovet ideoloji sisteminin dağılması insanların mənəvi yaşamlarında boşluqlar yaradırdı. Əksəriyyət kommunist ideologiyasının əsassız olduğunu görmüş, mənəvi yaşamlarını dəyişdirərək, çeşidli dinlərə üz tutublar. Məsələ burasındadır ki, Sovet sistemi dinlərə qarşı ateizm siyasəti aparırdı. Din çox vaxt xalqın adətləri və milli dəyərləri ilə qarışıq şəkildə təqdim edildiyindən ona qayıdış mədəni və əxlaqi köklərimizə dönüş kimi dəyərləndirilir.

Dinə dönüş proseslərinə Azərbaycandakı dayanıqlı olmayan hərbi-siyasi durum da öz təsirini göstərib. Ermənistanla savaş, çoxlu sayda qurbanların verilməsi və qaçqınların ortalığa çıxması ilə nəticələndi. Elə bu olaylar da dinə meyilliliyə yol açdı. Çünki bu kimi ekstremal durumlarda bir çox insanlar faciələrin nədən yaranmasının köklərini arayaraq, bunların səbəblərini özlərinin və toplumun günahkar olmasında görürlər. Belə duyğular isə onları xilasın dində olduğu fikrinə gətirib çıxarırdı. Sovet sisteminin dağılması və sərhədlərin açılması xarici dini missionerlərin ölkəmizə gəlməsinə gətirib çıxardı. 1980-cı illərin sonundan etibarən azərbaycanlıların ayrı-ayrı dinlərə və təriqətlərə axını başladı. Ancaq son statistik rəqəmlərdən də görünür ki, Azərbaycan əhalinin böyük əksəriyyəti hər zaman müsəlman olub. Digər dinlərin də ölkədə olması problemlər yaratmır. Hər bir xalqın öz dini, dili olduğu kimi, fərqli mədəniyyətlərə, adət-ənənələrə malikdir.Azərbaycanda da çoxsaylı xalqlar yaşadığı üçün bu məsələ bizim üçün də aktualdır. Hər bir xalq öz mədəniyyətini yaşatmağa, inkişaf etdirməyə çalışır. Ancaq bu digər insanlara heç bir halda mane törətmir. Əksinə xalqların mədəniyyətlərinin inteqrasiyasiyası gedir ki, bu da inkişafda önəmli rol oynayır.

Dünyanın bütün böyük şəhərlərində müxtəlif din və mədəniyyətlərin daşıyıcılarının nisbəti demək olar ki, bərabərdir. Məhz belə məqamda onların qarşılıqlı dinamikasını təhlil edərkən "kultur-şok" adlandırılan mərhələni yaşamaq lazım gəlir. Hər bir cəmiyyətdə formalaşan

birgəyaşayış prinsipinin əsası kimi tolerantlıq ənənəsinin dəyəri bu mərhələdə qarşıdurma və münaqişələri aradan qaldırmağın mexanizmi kimi özünü göstərir. Azərbaycan isə tolerantlığın nümunəsinə çevrilən model ortalığa qoyub.

Prezident İlham Əliyev deyir: "İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə, məhz bu cür sülh yolu ilə yanaşma tələb edir". Aydındır ki, islamın "terror" formasında təqdim edilməsi müəyyən xarici qüvvələrin marağına və islam dünyasının təriqətlər, məzhəblər savaşı burulğanına qərq olunması məqsədinə xidmət edir”.

Tolerantlıq isə istər dini, istər də mədəni baxımdan xalqların birgəyaşayışına tövhə verən əsas amildir. Azərbaycanda isə bu amil ən yüksək səviyyədə qorunur, dövlət siyasətinin bir parçasına çevrilib. Bu isə bir daha onu sübut edir ki, Avropadan, Qərbdən fərqli olaraq Şərq ölkəsi olan Azərbaycan qloballaşan dünyada dinlərin, mədəniyyətlərin inteqrasiyasında, inkişafında önəmli rol oynayan dövlətdir.

Yazı "Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini ekstremizm və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində çap olunur.