ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bir-birinə nifrət edən üç bacının hekayəsi

6132    |   2018-09-16 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay fəsli demək olar ki, heç bir ciddi film izləyə bilmədim. Cəhənnəm istiləri yaddaşımı xiyabanlığa çevirmişdi. Özümü susuz səhrada qalmış ərəblər kimi hiss edirdim. Gün gəldi, dövran dəyişdi, nəhayət yaddaşıma yağışlar yağdı. Bu günlərdə İsveç rejissoru İnqmar Berqmanın "Qışqırıqlar və pıçıltılar” filmini izlədim.

Filmə keçmədən öncə İnqmar Berqmandan necə deyərlər, "hikmətli parçalar”:

"Hər duyğu, hər hərəkət, hər fiziki narahatlıq, istifadə etdiyim hər kəlmə üçün bir yığın səbəbim var. İnsan anlayışla başını əyir. Belə olmalı idi. Amma yenə də bu həyat uçurumunda uzun-uzadı düşünürəm. Bu uçurum bir reallıqdır, həm də sonsuzdur… İnsan bu daşlı dərədə ya da suyun üzündə özünü heç öldürə bilmir. Ana, sənə səslənirəm, həmişəki kimi. Qızdırmam olduğu gecələr, məktəbdən qayıdanda gecələr arxamca qaçan bir ruhla xəstəxananın həyətində qaçdığım zaman, Farerdəki o yağışlı gündə səndən yapışmaq üçün əlimi uzatdığım zaman… Bilmirəm! Heç nə bilmirəm! Bu başımıza gələn nədir? Bunun öhdəsindən gələ bilməyəcəyik. Yanaqlarım yanır və kiminsə fəryad etdiyini, uladığını eşidirəm. Deyəsən, mən özüm fəryad edirəm.” –

Film eqoizm və qısqançlığın fonunda üç bacının hekayəsindən yola çıxır. Böyük bacı Aqnes ağır xəstədi. Yorğan-döşəkdə yatır. Ölüm qapısını kəsidirb. Bacılar Aqnesin ölümcül xəstəliyinə rəğmən içlərində hördükləri qalın divarları yıxa bilməyiblər. Onlar bir-birlərinə düşmən gözüylə baxırlar, iç dünyalarındakı pıçıltıları heç bir şəkildə digərinə ötürə bilmirlər.

Saat çıqqıltılarıyla və Aqnesin ölüm döşəyində yazdığı gündəliklə başlayan filmdə üç bacının ortaq cəhəti var: Aqnesin həkiminə aşiq olmaq... Aqnesi nəzarətə gələn həkimlə keçmiş zamanlarda münasibəti olan kiçik qız Maria isə vəziyyətin fərqindədir. Fəqət həkim keçmişi Marianın üzünə şillə kimi vuraraq, əvvəlkindən də daha gözəl olduğunu, amma artıq üzündə narazılığı, səmimiyyətsizliyi, aclığı gördüyünü dilə gətirir. Maria keçmiş həyatında daha dürüst, səmimi, sevgi dolu qadın olub. Ancaq həkim deyir ki, indiki Maria qeyri-səmimi, saxta, süni və yalançıdır.


Balaca bacı Marianın bu hərəkətlərinin uşaqlıqdan qalma travma olduğunu filmdə açıq-açıq görürük. Ölüm döşəyindəki Aqnes uşaqlıqdan bu yana anasına bağlı olub. Lakin anası daha çox kiçik qızı Mariaya maraq göstərir, sevgisini ona daha çox verir.

Karin – ortancıl bacı isə filmin başından etibarən özünü qalın divarların arasına atıb. Nəvazişdən, qayğıdan tamamilə uzaq böyümüş bir qız uşağı düşünün. Əriylə bərabər keçirəcəkləri gecələrdə belə soyuqluğun təsiriylə hər zaman özü ilə baş-başa qalıb. Filmin irəliləyən səhnələrdə qarşımıza çıxan Marianın ona yaxınlaşmağa cəhdləri heç cürə alınmır. Çünki ortancıl bacı toxunuşlardan dəliyə çevrilir. İnsan sevməyən qadın həyatı boyu sevgisiz yaşamışdır.

Berqman müsahibələrinin birində film haqda belə deyir:

"Qışqırıqlar və pıçıltılar” filmindəki bütün filmlərim ağ-qara şəklində düşünülə bilər. Ssenari mənim üçün ruhun içini təmsil etməkdir. Uşaqkən ruhun bir əjdaha, mavi bir duman-yarı quş, yarı balıq geniş qanadlı bir yaratıq kimi göyüzündə hərəkət edən bir kölgə olduğunu xəyal edərdim. Fəqət əjdahanın içindəki hər şey qırmızıydı”.

Bu filmdə əsas rəng qırmızıdı. Ardınca ağ və qara rənglər üç bacının iç dünyasını göstərir. Xəstə qadın ağ rəngi simvolizə edir, Ortancıl qaranı, balaca bacı isə qırmızını. Ölümcül xəstə Aqnes ağ rəngi ona görə təmsil edir ki, digər bacılardan təmiz, duyğulu, sevgi həsrəti çəkən obrazdı. Qara rəngi daşıyan ortancıl bacı isə bədbinliyi, mazoxizmi, yadlığı üstündə daşıyır. Qırmızı rəng isə balaca bacıya ona görə düşür ki, o ehtiraslıdı, saxta və yalançıdır. Əslində isə üç bacı da yalnızlıqdan əziyyət çəkir. Üçünün həyatı da boş, sevgisiz, duyğusuz ötüb keçir...

Filmdən seçdiyim replikalara fikir verək:

"-Bu bir yuxudur, Aqnes.

- Yox, yuxu deyil.

- Bəlkə sizin üçün elədi, amma... Mənim üçün deyil”.

"Həmişə qorxu və yalnızlıq hiss edərdim”.

"Əllərim çox böyük olduğundan, itaətkar deyillər”.

Filmdə bir obraz da var. Bu obraz mənə Tolstoyun "İvan İliçin ölümü” əsərindəki Yerasimi yada salır. Əsəri oxuyanlar xatırlayar. İliçin düşdüyü bataqlıqda tuta biləcəyi bir ağac budağı varsa, o da baxıcısı Yerasimdir. Ətrafında olan sağlam hər kəsə nifrət bəsləyən İliç, təkcə Yerasimi güclü görərək təsəlli tapırdı. Bunun yeganə səbəbi Yerasimin onun qayğısına qalmağı, bunu edərkən heç bir narazılıq hissi keçirmədən və ürəkdən etməsi idi.

Aqnesin baxıcısı Anna ona böyük sevgiylə, qayğıyla, mərhəmtlə yanaşır. Çünki Anna dininə bağlıdı, həm də ki, qızı uşaqkən ölüb. Bu detala fikir verin: Anna kiçik qızının varlığını, qoxusunu xəstə bir qadından almağa çalışır. Onu qucaqlayır, öpür, yanında yatır. Dəhşətli detaldı. Bəlkə də Berqman bəhs etdiyim Yerasim obrazını Annanın timsalında filmə gətirib.


Filmin sonunda Aqnes ölür. Öləndən sonra bacılar bir-birilərinə qənim kəsilirlər. Heç cürə daşlaşmış ürəkləri yumşalmır. Aşağıdakı dialoqa diqqət:

"- Çox məyus görünürsən. Söhbətimizin fərqli olacağını düşünmüşdüm, elə deyil?

- Səndən nifrət etdiyimin fərqində deyilsən? Yalançı təbəssümlərini və nəzakətini... Nə qədər axmaqsan, heç bilirsən? Sənə bu qədər zaman necə qatlana bildim və bir şey söyləyə bilmədim, anlaya bilmirəm. Sənin ruhunu bilirəm. Boş sözlərdən və yalan vədlərdən ibarət çirkli ruhun var. Mənim ruhum yük altındadır. Bir insanın necə yaşaya biləcəyini anlaya bilirsən? Rahatlıq, nəzakət və kömək olmadan. Heç bir şey olmadan. Anladınmı?

Film bizlərə eqonun, paxıllığın, nifrətin insanı necə məhv etdiyini, öldürdüyünü açıqca göstərir. Berqman isə bu sənət ekranıyla bir daha necə böyük rejissor olduğunu sübut edir.




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK