adalet.az header logo
  • Bakı 21°C

Şeir təhlilləri

VURĞUN ƏYYUB
47518 | 2013-04-13 08:57

MirzəƏləkbər Sabir

Neylərdin,İlahi?

Daş qəlbliinsanları neylərdin, İlahi?!

Bizdə busoyuq qanları neylərdin, İlahi?!

Artdıqcahəyasızlıq olur el mütəhəmmil,

Hər zülmədözən canları neylərdin, İlahi?!

Bir dövrdəkim, sidqü səfa qalmayacaqmış, -

Bilməm belədövranları neylərdin, İlahi?!

Məzlumlarıngöz yaşı dərya olacaqmış, -

Dəryaları,ümmanları neylərdin, İlahi?!

Səyyadi -cəfakardə rəhm olmayacaqmış, -

Ahuləri,ceyranları neylərdin, İlahi?!

Bağın,əkinin xeyrini bəylər görəcəkmiş, -

Toxuməkməyə dehqanları neylərdin, İlahi?!

İşrəncbərin, güc öküzün, yer özününkü, -

Bəyzadələri,xanları neylərdin, İlahi?!

Hökmeyləyəcəkmiş bütün aləmdə cəhalət, -

Dildadeyi-irfanlarıneylərdin, İlahi?!

Surtuqlumüsəlmanları təkfirə qoyan bu

Döşdüklümüsəlmanları neylərdin, İlahi?!

Yaxudbunların bunca nüfuzu olacaqmış, -

Beş-üç busüxəndanları neylərdin, İlahi?!

Qeyrətlidanosbazlarımız iş bacarırkən, -

Tənbəl,dəli şeytanları neylərdin, İlahi?!

Ərlər hərəbir qız kimi oğlan sevəcəkmiş, -

Evlərdəkinisvanları neylərdin, İlahi?!

TacirlərimizSonyalara bənd olacaqmış,

BədbəxtTükəzbanları neylərdin, İlahi?

Sübhanəkə,sübhanəkə, sübhanəkə, ya Rəb!

Baxdıqca buhikmətlərə heyran oluram həp!

Şeirinüslubu haqqında

Azərbaycantənqidi realizminin zirvəsi sayılan M.Ə.Sabir romantizm metodu ilə yazanM.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid kimişairlərlə eyni dövrdə yaşayıb yaratmış, onlarla yaradıcılıqmünasibətlərində olmuşdur. Satirik şairimiz öz yaradıcılığı ilə onlarınsənətinə təkcə təsir göstərməmiş, həm də təsirlənmiş, təkan almışdır. Eynizamanda, o, romantik həmkarlarının səhvlərindən öyrənə-öyrənə, onlarlayaradıcılıq mübahisələrində bərkimişdir. Belə bir şərait onun poeziyasındaromantik keyfiyyətin varlığına geniş təsir göstərmişdir. Əlbəttə, söhbət buradaromantizm metoduna məxsus bədii idrak tərzindən, ideya-estetik prinsiplərsistemindən getmir. Məqsədim həmin şeirlərin yaratdığı romantikəhval-ruhiyyəni, pafosu nəzərə çarpdırmaqdır.

Sabir romantikasının güclü təzahür etdiyiəsərlərdən biri də "Neylərdin, İlahi?!" şeiridir. Bu şeirin üslubuhaqqında bir-birinə zidd, qarışıq fikirlər söylənilmişdir. Ədəbiyyatşünaslarınçoxu onu birmənalı satirik əsər hesab etmiş, bəziləri lirik-fəlsəfi, lirik-romantik əsər adlandırsa, onda romantik ruhun olduğunu etiraf etsələr də, yenəəsəri satirik şeirlər cərgəsinə daxil etmişlər. Məncə, onu sırf satirik şeiradlandıranlar yanılırlar. Satiraya məxsus kinayə, istehza, rişxənd, məsxərə,həcv, ikibaşlı söz, tipin dili ilə danışma kimi keyfiyyətlər bu şeirdə yoxdur.Satirik vəziyyət və ifadə tərzinin əksinə burada ürək parçalayan səhnələr,açıq, birbaşa, faciəvi ifadə tərzi hakimdir. İdrakın - mənəvi əxlaqi hakiminməhkəməsinə çəkilmiş ictimai haqsızlıq səhnələrinin təsviri insan qəlbinindərinliyinə qədər işləyən ağrı və qəzəblə doludur. Burada göz yaşı gülüşləyoğrulmayıb. Xalqın taleyinin, həyatın dəhşətlərinin yaratdığı göz yaşlarıanasının tabutu üzərində ağlayan övladınkı qədər saf, sarsıdıcı, gülüşçalarından uzaqdır. "Neylərdin,İlahi?!" şeirinə məxsus kəskin təzadlara, bir-birini inkar edən səhnələrəvə qüvvələrə daha çox romantik şeirdə rast gəlirik. Bir-birindən daha dəhşətlisəslənən ittihamedici həyat səhnələrinin təsvirində "eybəcərliyindoğurduğu kədəri, ürək yanğısını, narahat mənəvi, əxlaqi reaksiyanı dahafəryadlı ifadə etməyin prinsipi" (Y.Qarayev) əsas rol oynayır. Bufaciələrə qarşı İlahinin dözümü şairdəetiraz oyadır və üsyan yaradır. Şeirdəyalnızca eybəcər şəraitin təsviri verilmir, həm də bu eybəcər şəraitədözən İlahi (dolayısı yolla, insanlar) ittiham edilir. İlahiyə dindar xitabıilə Sabirin xitabı arasındakı fərqşeirdə bütün qabarıqlığı ilə üzə çıxır. Sabirin İlahiyə müraciəti onun köməyinəümid və gümandan doğmamışdır. Şairdəhşətli vəziyyətdən qurtuluş üçün İlahinin iltifatına bel bağlamır. Romantiklərinbəzi şeirlərində olduğu kimi İlahi Sabir üçün də sadəcə olaraq ünvandır, qəzəbvə narazılığının ifadəsi üçün rəmzdir. Çünki İlahi hədələmir, təqib etmir,sürgünə göndərmir.

Sabiriqəzəbləndirən, ürəyini ağrıdan, etiraz və üsyana sövq edən yalnızca eybəcərsəhnələr deyil, həm də vətəndaş passivliyi və dözümlülüyüdür. "Mənəviölülüy"ə qarşı bu üsyan İlahiyə müraciət şəklində meydana çıxmışdır. Şair burada dolayısı yolla kütləni, susqunçoxluğu da ittiham (məhz ittiham, ələ salmaq, ironiya yox!) edir:

Artdıqcahəyasızlıq olur el mütəhəmmil,

Hər zülmədözən canları neylərdin, İlahi?!

Şeirdəkiəzabla yoğrulmuş lirizm, şair mövqeyinin açıq ifadəsi dəromantikcəsinədir. Sabir real aləmdəkidözülməz uyğunsuzluq və ahəngsizliyin romantik təsviri ilə oxucunun qəlbinəbirbaşa təsir edir, onu yaşanılan həyata qarşı nifrətlə silahlandırır.Çılğınlıq səviyyəsində üsyan, insanı sarsıdan fəryad və şikayət, dünyayasığmayan kədər - bütün bunlar Sabir realizminin romantik keyfiyyətlərindən sözaçmağa tam əsas verir.

Kiçik birmüqayisə

Sabirin Yaradana müraciətlə yazılmış başqa birəsəri - "Xudaya!" şeiri kəskin ironiyası ilə "İlahi"şeirindən fərqlənir. (Həm "xuda", həm də "ilahi" sözləri"allah" mənasındadır.) Maraqlıdır ki, "Xudaya!" şeiri1907-ci ilin 16 dekabrında "Molla Nəsrəddin" jurnalında çap olunmuş vəşeirin sonunda şair bildirmişdir ki, könlündəki nisgilli müəmmanı bu şeirləhəll edə bilməmişdir, bu mətləbin (yəni mövzunun, konkret halda şeirin) davamıvar. Və 1908-ci ilin 5 yanvarında isə həmin jurnalda "Neylərdin, İlahi?!" şeiri çapedilir. "Xudaya!" şeirindəironiyalı bir ifadə tərzi, həcv, ələ salma, istehza vardır. "Xudaya"şeirində də qarşılaşdırmalar yolu ilə Sabir cəmiyyətdə gördüyü uyğunsuzluq,haqsızlıq və acınacaqlı halları qələmə alır. Amma burada oxucu elə ifadələr, sözbirləşmələri ilə rastlaşır ki, onlar məhz satirik tiplərin ünvanını nişan verir. Hamamda köməksiz qadınlara qarşıquldurluq edənlər haqqında"qeyrətli müsəlmanlar" ifadəsini oxuyarkən oxucununistər-istəməz dodağı qaçır. Çünki hamamda quldurluqla qeyrətli olmaq arasındakıtəzad istehzalı bir təbəssüm doğurur.

Qurd isə,şəqal isə biyabanda olurdu,

Şəhr içrəbu heyvanlarına şükr, Xudaya!

Tənqidhədəfinə çevrilənlərin "qurd, çaqqal" kimi çöllərdə yox, şəhərdə mövcud olması faktından istifadə edərək bu"heyvanlara" şairin şükür oxuması bizdə acı gülüşə səbəb olur.Yemək-içməkdən özgə bir arzusu, başqa bir işi olmayan adamların "canlıdəyirmanlara" bənzədilməsi, üstəlik də onlara görə Allaha şükür edilməsihəmin adamlara qarşı istehza yaradır. Əlbəttə, "Neylərdin, İlahi?!" şerində də kinayə və istehzanın varlığını inkar etməkolmaz. Lakin onlar satira janrına xidmət etmir, daha çox vəziyyətin faciəviolmasını diqqətə çatdırır.

Oxucuya xırda görünə biləcək bir üslubiməqama da diqqət edək. "Xudaya!" şeirindəki xitabda sual tonu yoxdur,dua edirmiş kimi birbaşa müraciət var. "İlahi?!" şeirinin xitabındaisə bədii sual əsas üslubi fiqur rolundadır ki, bu da şeirdəki faciə ruhunu biraz da qüvvətləndirmişdir. Bütün bu ifadə vasitələri "Xudaya!" şeirini"Neylərdin, İlahi?!" şeirindən xeyli dərəcədə fərqləndirir. SankiSabir "Xudaya!" şeirində satirik dil ilə ifadə edib çatdıra bilmədiyimətləbləri daha ciddi, lirik-faciəvi bir tərzdə "Neylərdin, İlahi?!"şerində söyləmək istəmişdir.

Şeirinsənətkarlıq xüsusiyyətləri

"Neylərdin,İlahi"nin ilk iki misrası sakit, etiraz dolu bir sualla başlayır. Birincibeyt şeirə giriş də hesab oluna bilər. Oradakı "daş qəlbli insanlar"," soyuq qanlar" ifadələri, İlahiyə yanıqlı müraciət oxucunu sonrakıfaciəvi səhnələrin təsvirinə hazırlayır.Sonrakı beytlərdə etirazlar şiddətlə səslənir, qütbləşən bir mənəvi-əxlaqialəm, ziddiyyətləri ürək dağlayan bir dünya təsvir edilir, hiss-həyəcanlarçılğınlıq səviyyəsində ifadə olunur. Şeirin ilk və sonuncu beytlərində hərmisra o birisindən asılı olmayan bir fikir ifadə edir. Qalan bütün beytlər antiteza şəklindəqurulmuşdur. Sabir hər beytin birinci misrasında bir fikir deyirsə, o birisi misrada onunantitezasını söyləməklə qüvvətli təzadlar yaratmışdır. Bu tezis və antitezislərgüclü mətni antonimlərlə, bədii məntiqlə əsaslandırılır. Göz yaşı-dəryaantitezisində təşbeh və mübaliğəninbədii məntiqinə baxaq. Göz yaşı da su kimi axandır. Dəryalar axar sularıntoplanmasından yaranır. Göz yaşı da duzludur, dənizlərin suyu da! Məzlumlarıngöz yaşı o qədər axmışdır ki, dəryalar, ümmanlar əmələ gətirmişdir! Ona görə dəşair İlahidən sual edir ki, məzlumların göz yaşı bu qədər axacaq idisə,dəryaları, ümmanları niyə yaradırdın? Şeirin bütün beytləri bu cür mətni və bədii məntiqə söykənmişdir.Bir beytdəki tezisin antitezisini başqa beytdəki antitezislə əvəzləməkməntiqsizlik yaradar.

Şeirdə həm sözlər (döşdüklü-surtuqlu, oğlan-qız,ər-nisvan, Sonya-Tükəzban), həm də cümlələr, vəziyyətlər ( məzlumların gözyaşının dərya olması və dəryaların, ümmanların gərəksizliyi; zalım, rəhmsizovçular və köməksiz ceyranlar, ahular;zəhmət çəkən kəndli, öküzün olan güc, İlahiyə məxsus yer və havayıqazanc götürən bəyzadələr, xanlar; uşaqbazlıqla məşğul olan kişilər vəevlərdəki hissləri dustaq edilmiş qadınlar və sair) vasitəsilə ifadə olunmuşqüvvətli təzadlar şeirin təsir gücünü qat-qat artırmışdır.

Şeirdəvahid bir kompozisiya, süjet xətti yoxdur. Şeir şairin duyduqlarının,etirazlarının partlayışı, bir vulkan püskürtüsü kimi meydana çıxmışdır. Sabirmüşahidələrini, ictimai haqsızlıq və ədalətsizliyin, mənəvi-əxlaqinaqisliyin ürəkdağlayan səhnələrini İlahiyə müraciətlə sadalayır. Sadalamaşeirin maraqlı, təsirli bir üslubi vasitəsi kimi çıxış edir.

Şeirinqafiyə sistemi mükəmməl bir şəkildədir. Qafiyələr bir-iki istisna olmaqlanəinki o zamankı geniş oxucu kütləsinə, hətta müasir oxuculara da aydın olansözlərdən seçilmişdir: İnsanları , qanları, canları, dövranları, ümmanları,ceyranları, xanları və sair. Hər beytdə"neylərdin, İlahi?!" rədifinin qafiyələrdən sonra təkrarı şeirdə təkcə fikirləri bağlayan birifadə deyil, həm də ahəng yaradan, ritm doğuran bir vasitədir. "Dəryalar,ümmanlar", "ahulər, ceyranlar", "bəyzadələr, xanlar","tənbəl, dəli" kimi sinonimlər fikrin dolğun ifadəsinə xidmətetmişdir.

Şeirdəinkarla təsdiq iç-içədir ki, bu da Sabir üslubunun özəlliklərindən birisidir.Şairin hər beytdə inkar etdiklərinin, İlahiyə yönəltdiyi suallarının arxasındaonun arzuladığı, həsrətini çəkdiyi bir dünyanın təsdiqini görmək mümkündür.

"Neylərdin,İlahi?!" şeiri Sabir yaradıcılığının maraqlı bir faktı olmaqla yanaşı bugün də insanları ictimai-mənəvi naqisliklərə qarşı mübarizəyə səsləyən, daxilienerjisini qoruyub saxlayan əsərlərdəndir.

VURĞUNƏYYUB

Filologiyaüzrə fəlsəfə doktoru

TƏQVİM / ARXİV