ÖMÜR YARPAQLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
49042 | 2018-09-14 00:15
Ona ömrün ağ səhifələri demək olmur

BAXIŞ BUCAĞI

Adət etmişdik, özü də hamılıqca, ellikcə. Kənddə, əyalətdə yaşadığımızdan səhərin açılmasını min illər idi ki, xoruz banı ilə müəyyənləşdirirdik. Hətta yaşlılar öz söhbətlərində, qəribə də olsa, səhərin gecə ilə olan məsafəsini xoruz banı ilə ölçürdülər və görürdün ki, biri digər həmsöhbətinə nəyisə danışanda deyir:
- Xoruzun birinci banında yuxudan oyandım...
Və beləcə xoruzun banı bizi yuxudan oyadırdı, bizi səhərə qədəm qoymağa, səhərin açılışını qarşılamağa, səhərlə yaşamağa həvəsləndirirdi. Biz də buna adət etmişdik. Səs-səsə verən xoruzların banı az qala bir çağırışı, bir musiqini xatırladırdı. Bu, bizim səhərlər eşitdiyimiz ən gur musiqilərdən biri idi. Təbii ki, ilin yaz-yay fəsillərində bu səsə daha çox quşlar da öz nəğmələrini əlavə edirdilər. Amma xoruz səsi eşitmək (hətta bəzən bir-birimizə ərklə, təşər-təşər deyərdik ki, "xoruz" səsi eşitməyib - Ə.M.) özgə bir aləmdi...
Mən bu söhbəti, daha doğrusu, bu məqamı bilərəkdən xatırlayıram. Çünki yeni ildə mən öz doğum günümü xoruz səsi eşitmədən qarşıladım və xoruz səsi eşitməsəm də, içimdəki nisgilin səsi məni məcbur etdi ki, arxaya çevrilib baxım. Baxıb görüm ki, dünəndə nələr qalıb, nələr olur və ümumiyyətlə, nələr olmalıydı ki, olmadı?! Digər tərəfdən, məhz həmin gün böyük həsrətlə, böyük maraqla, lap açığını desəm, bütün ürəyimlə gözlədiyim telefon zəngləri eşidilmədi. Elə bil o telefonların sahibləri ya dərin yuxuya getmişdilər, ya yatıb qalmışdılar, ya da onlar üçün o zəngin elə bir önəmi yox idi və yaxud da ola bilsin ki, onlar da xoruz səsi eşitməmişdilər deyə... xoruz banını gözləyirdilər deyə... çaş-baş qalmışdılar... Bütün bunlar mənim təxminlərimdi, bəlkə də heç belə deyil... Həyatdı, hər kəsin min dənə qayğısı, dərdi-səri var. Umduğum adamların bu həyatın bir parçası olduğu danılmazdı. Deməli, onların da başı nəyə isə qarışa bilər... Bunu da özümə təsəlli üçün yazıram... umduğum adamlara haqq qazandırmaq üçün... onları təmizə çıxarmaq üçün.
Düşünürəm ki, buna müəyyən qədər haqqım çatar. Axı mən onlarla illəri arxada qoymuşam, ayları-günləri əritmişəm. Belə olan halda içimdəkiləri gizlədə bilmirəm və bütünlüklə, çılpaqlığı ilə, elə düşündüyüm kimi də yazıram. Zarafat deyil, əsrin yarısından çoxu arxada qalıb. Belə götürəndə, o illərin sayı qədər bir yaşı başa vurmaq, yəni kirkirə kimi üyütmək özü də asan bir iş deyil. Bunu hər oğul bacarmır. Görünür, Tanrı məqbul bildiyindən, şans verdiyindən bu arxada qalan illərin kürəyini yerə vura bilmişəm. Lakin o illərin bütünlüklə hamısı mənim adıma yazılsa da, mənim yaşadığım illər deyil. Lap konkret desəm, 55 içində yaşamadığım xeyli sayda illər var. Həmin illəri aylara, günlərə çevirəndə, onda gənc yaşlarında dünya şöhrəti qazanmış dahilərin, xüsusilə, söz adamlarının qarşısında daxilən sıxılır və bir az utanıram. Çünki mənim yaşamadığım, amma ömrümə yazılan illərin az qala sayı qədər halal bir ömür yaşadı Mikayıl Müşfiq!!!
Yəqin ki, nə dediyimi, nə yazmaq istədiyimi anladınız. Əlavə şərhə, izahata, daha nə bilim nəyəsə ehtiyac duymuram. Sadəcə, onu demək istəyirəm ki, uşaqlığım, tələbəlik illərim və ondan sonrakı qısa bir zaman kəsiyi Vətəndə Vətənli günlərim olsa da, öz rəngarəngliyi ilə məni xoş xatirələrin qanadına alsa da, ötən əsrin 80-ci illərinin sonlarından başlayan ömür payım Vətəndə Vətənsiz günlər oldu...
Bəli, elə Vətəndə Vətənsiz keçən bu günlər məni ağrıda-ağrıda özümdən aldı... Məni göz yaşımda isinməyə, öz dərdlərimə əl uzatmağa, onları çiyinlərimdə gəzdirməyə məcbur etdi. Və mən də, ağır da olsa, etiraf etməliyəm ki, daşdan, dəmirdən olmadığım üçün tabe oldum. Zaman öz gücünü mənə də göstərdi. Baxıb gördüm ki, aylarım, günlərim, illərim eləcə təqvim vərəqi kimi bir-bir qopub gedir. Sanki o vərəqləri dəli küləklər altına alıb aparırdı. Təəssüf ki, bunu məndən başqa heç kim hiss etmirdi... heç sən də bilmirdin... heç indi də bilmirsən...

Ayağına düşmüşdüm
İndi getdi, bilmədin...
Haqdan sənə gəlmişdim -
Döndü, getdi bilmədin...
Çınqı düşdü - alışdı
Qucduğu nəm balışdı...
Qovuşmağa çalışdı -
Söndü, getdi bilmədin...

Uymadı heç alverə
Sığınıb qaldı şerə...
Ürəyi iki yerə -
Böldü, getdi bilmədin...

Saça düşən bu dərd - dən!
Çıxa bilmədim şərtdən...
Əbülfət də bu dərddən -
Öldü, getdi bilmədin...

***

Kitablarımın birində yazmışam... yəqin ki, oxuyanlar var. Oxumayanlar üçün təkrar yazıram... "Bu dünyada bir dağ kəndi var idi... Dağlarıyla, bulaqlarıyla, çaylarıyla, şəlalələriylə... nilufər çiçəkləriylə... indi də var o dağ kəndi! Amma mən yoxam o kənddə. O kəndin qoynuna salınmış cığırlarında düşmən mərmi basdırır, mina əkir... xatirələrini göyə sovurmaq üçün... izlərimi silmək üçün..."
Bəli, indi də var o dağ kəndi. Min illərin kəndi olan Tuğ kəndi. İşığıyla, ziyasıyla Azərbaycan elminə, ədəbiyyatına, siyasətinə çoxlu-çoxlu övladlar verən bu kənd həmişə başıbəlalı olub... həmişə döyüş meydanı olub.... indi də əsirliyini yaşayır məndən ayrı... Neyləyim ki, mən ancaq xatirələrlə, bir də Horadizdən və yaxud da Haramı düzündən əlimi qaşımın üstünə qoyub uzaqdan baxmaqla içimdəki ağrını sızlaya-sızlaya yaşayıram. Buna yaşamaq demək mümkünsə, buna ömür adı vermək olarsa... və bütövlükdə bunu təsəlli saymaq olarsa...
Hə, mən həmişə xəyal qurmağı, xatirələrə könül verməyi çox sevmişəm, çox xoşlamışam. Lap uşaqlıqdan xəyalpərvər olmuşam. Ağlımdan, ürəyimdən qəribə-qəribə istəklər gəlib keçib. Necə deyərlər, özümü bu kəndə, onun daş-divarına, torpağına, bulağına, suyuna, havasına, bütün təbiətinə tanıtmaq, özümlə birlikdə onu da tanıtmaq keçib içimdən. İnanın ki, qurduğum xəyallarda nədənsə həmişə doğulduğum kəndi daha böyük mənalarda, daha böyük auditoriyalarda tanıdacağıma və kəndimin də mənimlə qürur duyacağıma özüm də bilmədən içimdə bir əminlik olub. Görünür, elə bu xəyalpərvərlik də mənim yaşamadığım illərin səbəblərindən birinə çevrilib. Lap çılpaq desəm, xəyallarımda general olmaq istəyirdimsə, indi əsgər də ola bilmədiyim üçün çox üzülürəm...
İnsan başı dərdlər çəkdikcə, həyatı bir az da yaxından tanıyır. Görünür, bu dünyanı, bu həyatı tanımaq üçün mənim çəkdiklərimi yaşamaq vacib imiş, nəticə çıxarmaq üçün... Bu gün çıxardığım nəticənin özü də mənə tərs bir sillədi. Ona görə ki, yaşanmamış illər, aylar, günlər töhmət, tənə yeridi, ondan qurtulmaq mümkün deyil. Mən sadəcə, indi təəssüf hissi ilə ötüb keçən qatarın arxasınca baxa-baxa qalmışam. Amma bir şeyə sevinirəm ki, həmin o yaşamadığım, amma xəyallarımı qurduğum günlər, aylar, illər misralarıma müəyyən qədər şirə verib, qidalandırıb, yaşamasına, yazılmasına ipucu olubdu. Görünür, hər ziyanda bir xeyir varmış deyənlər yanılmayıblar. Mən də elə misralar arasında keçən ömrümə üz tutanda bax, bunları yazmışdım:

Misraların
arasında
ötür günlərim...
Vergüllərlə
uzansa da,
nöqtələrlə bitir günlərim...
Bəzən olur
baş qarışır
dost-tanışa
Ya bir işə,
ya görüşə...
Ya da elə tənhalığa
çəkilirəm bir anlığa -
bütünlüklə
söylədiyim məqamlarda
küsür məndən
qələm, kağız
misralar da...
İnan,
cismən yaşasam da
bu arada
səs-səmirsiz
elə-belə
bitir günlərim!..
***

Nə qədər çalışsam da, itirdiklərimin ağır yükünün altından, caynaqlarından qopub qurtula bilmirəm. Elə hey içimdə, çiyinlərimdə dəyirman daşları gəzdirirəm. Və bu daşın təkcə ağırlığı yox, həm də elə sərtliyi, soyuqluğu da əlavə yükdü, ağrıdı mənim üçün. Bilirsiniz niyə?
Bəli, özümün sizə və özümə ünvanladığım sualın cavabını sizlər bilməsə də, mən kifayət qədər bilirəm. Və hətta adi bir insan kimi əlimi ürəyimin üstünə qoyub and da içə bilərəm ki, insan duyulmayanda, diqqətdən kənarda qalanda, etinasızlıqla yol-yoldaşlığı edəndə və nəhayət, dayandığı yerdə mövcudluğu hiss olunmayanda daha çox ağrıyır.
Odur ki, istər göz önündə ol, istər gözün görmədiyi məsafədə, amma fərqi yoxdu. Səni görmək istəməyən, lap gözünün önündə də dayansan görməyəcək.
Amma mən özüm də bilmirəm, nədənsə yaşadığımı, mövcudluğumu, hətta harda, nəyə görə durduğumu göstərmək, ya da olduğum kimi görünməyimi, qəbul edilməyimi istəyirəm. Axı varamsa, yaşayıramsa, niyə də məni görməsinlər?!
Həqiqətən yaşamadığım illərin mənə vurduğu böyük zərbələrin həcmi, miqyası nə olur-olsun, dediklərimə, yazdıqlarıma nə qədər dəxli olduğunu qəbul etmək üçün bir az diqqətli olmaq kifayət edər.
Lap iynə ucu boyda diqqət bəzən çox mətləblərə aydınlıq gətirir, qaranlığa işıq salır. Və həmin o işıq da bir ömrü işıqlandırır, bir ürəyi yaşamağa, döyünməyə həvəsləndirir. Deməli, hər şey diqqətdən gəlib keçir. Sadə, adi bir insani diqqətdən - təmənnasız diqqətdən...

Heç nə danışmır, demir
Eləcə susub baxır...
Ürəyim uşaq kimi -
Üzümə küsüb baxır...

Dodaqları titrəyir
Gözləri qan çanağı!
Şaxtaya düşmüş gül tək -
Solubdu al yanağı...

Bu susqunluq içində
Özünü intihar var!
Bir ürək öləcəkdi -
Bilməyəcək adamlar...

Hə, yəqin bu şeirdən nə isə hiss etdiniz. Və mən yaşamadığım illərin qisasını kimdənsə, hətta diqqət umduğum adamlardan da tələb etmək və yaxud almaq iddiasında deyiləm. Ən azı ona görə ki, həmin o yaşamadığım illər atıq çoxdan köçünü yığışdırıb gedibdi. Nə mənim, nə də onların əli o illərin ətəyinə çatan deyil. Barı, qarşıdakı illərimə dəyməsinlər.

TƏQVİM / ARXİV