ANA SƏHİFƏ / YAZARLAR

Həyat həqiqətlərinin izi ilə

1853    |   2018-09-13 00:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ƏDƏBİ HƏYAT

"Saatın 61-ci dəqiqəsi" - artıq bir neçə nəsr kitabının müəllifi olan Qafar Cəfərlinin yeni kitabının adıdır. Oxucular onu detektiv povestlər, hekayələr müəllifi kimi tanıyırlar və Qafar Cəfərli otuz ilə yaxın DİN sistemində çalışıb və indi vaxtilə birbaşa əməliyyat xidməti zamanı bilavasitə rastlaşdığı, yaxud iştirak etdiyi hadisələrin təəssüratlarını bədii yazılara çevirir. Yeni kitabında da həmin mövzuda yazılan üç povest və hekayələrlə tanış olduq.
Detektiv janrda əsər yazmaq çətindir desəm, sözün doğrusunu söyləmiş olaram. Burada müəyyən professionallıq tələb olunur. Dünyanın Edqar Po, Artur Konan-Doyl, Jorj Simenon kim detektiv ustalarının əsərlərində ilk növbədə, cinayət hadisələrinin izinə düşüb, çətin və bəzən də açılması mümkün olmayan müşgülləri həll edən qəhrəmanlarla tanış oluruq. Azərbaycan ədəbiyyatında da Xalq yazıçısı Çingiz Abdullayevin milyonlarla oxucuların rəğbətini qazanan əsərləri bu janrın gözəl nümunələri sırasındadır.
Qafar Cəfərli də bu janrda söz deməyə çalışır və əlbəttə, çoxillik təcrübəsi, müşahidələri ona kara gəlir. Detektiv əsərlərdə hər bir yazıçının dəyişilməyən qəhrəmanları olur və Qafar Cəfərlinin də qəhrəmanı Əli Zaminlidir - qanunların keşiyində dayanan, öz vəzifə borcunu namusla yerinə yetirən, gözünə güllə sıxılsa belə, qorxub-çəkinməyən, cinayətkar aləmin qənimi...g
Yeni kitabında Qafar Cəfərlinin "Namus yarası", "Xəyanət", "Xoşbəxt əsirlər" povestləri detektiv povest janrında qələmə alınıb. Hər üç povestdə baş qəhrəman Əli Zaminlidir və müəllif onu müxtəlif hadisələrin burulğanından keçirir. Adətən, detektiv əsərlərdə baş qəhrəmanın şəxsi həyatı, ictimai fəaliyyəti, ailə ilə bağlılığı o qədər də diqqət mərkəzinə çəkilmir, onun kriminal aləmə, cinayətkar dəstəyə qarşı mübarizəsi, bu mübarizənin ayrı-ayrı detalları daha çox təsvir olunur. Qafar Cəfərli isə öz qəhrəmanını həyatın müxtəlif dolaylarından keçirir, onun həssaslığını, qayğıkeşliyini qətiyyən unutmur. Çiynində polis paqonları daşıyan bir insanın mənəvi dünyasını da bizlərə təqdim edir. Təkcə baş qəhrəmanın deyil, povestlərdə iştirak edən obrazların da taleyi və şəxsi həyatını unutmur, onların bir insan kimi fərdi xüsusiyyətlərini nəzərə çarpdırır. Qətllər, cinayətlər, kriminal hadisələr... Biz Əli Zaminlini bu hadisələrin gur, qaynar nöqtəsində görürük. "Əli Zaminli mülki geyimdə və özünün ağ rəngli "VAZ-2107" markalı maşınında asta sürətlə rayon mərkəzinin küçələrini dolaşır, hər şeyə diqqət verir, əməliyyat şəraitini öyrənməkdə davam edirdi. Əslində, onun boş vaxtı olmurdu. Günün altı-yeddi saatı yatmağa sərf olunur, özünə çatan da elə bu olurdu" - bu, qəhrəmanın gündəlik həyat tərzidir. Amma təbii ki, detektiv əsərlərdə bizi daha çox hadisələr və qarşıdurmalar maraqlandırır və baş verən cinayətlərin necə çözüləcəyinin intizarında oluruq. Obrazların xarakteri, onların həyat tərzi, mənəvi keyfiyyətləri, yaxud mənfi, neqativ cəhətləri elə bu hadisələrin təsvirində açılır, aydınlaşır. "Namus yarası" povestində Xəyalə niyə qonşusu Rafiqi və bacısı Şəfiqəni qətlə yetirir? Təbii ki, burada obrazın keçirdiyi psixoloji durum əsas rol oynayır. O, bacısının Rafiqdən hamilə olduğunu biləndən və bacısının da etirafını eşidəndən sonra nə etməliydi? Bu cinayətə, özü də yeniyetmə bir qız tərəfindən törədilən bu qətllərə qətiyyən haqq qazandırmırıq, hansı əməlin sahibi olursa, insanı öldürmək olmaz. Amma hər bir fərdin özünə görə düşüncə tərzi var. Xəyalə Rafiqin bacısını aldatmasına dözə bilmir, bacısını onun evinə yollayır ki, bu qanuni yerini tapsın, amma pozğun həyat tərzi keçirən və bundan zövq alan Rayiq Şəfiqəni evdən qovur ki, sən bizə layiq deyilsən. Beyni namus hikkəsi ilə dolmuş bir qız-Xəyalə bu vəziyyətə-bu rüsvayçılığa son qoymaq üçün başqa yol tapa bilmir. On iki il həbsdə yatır, cəzasını çəkir. Ondan sonra ağır xəstələnir və həyatla vidalaşır. Doğrudan da, həyatda belə hadisələr baş verir və burada kimdir günahkar sualına da ehtiyac qalmır.
Keçək "Xəyanət" povestinə. Bu əsərdə Qafar Cəfərli təkcə baş verən cinayət hadisəsindən deyil, həm də mənəvi-əxlaqi məsələlərdən, bir ailə daxilində cərəyan edən konfliktlərdən də söz açır. Daha doğrusu, ailədə baş verən etimadsızlığın, qarşılıqlı münasibətlərin olmamasının cinayətə aparıb çıxarmasını nəzərə çarpdırır. Məlum olur ki, bir evdə 45 yaşlı Turə Paşa qızı və onun 21 yaşlı qızı Maya qətlə yetirilmişlər, səkkiz yaşlı Könül isə ağır yaralı halda xəstəxanaya aparılıb. O da məlum olur ki Turə uzun illər bazarda alver edir, qızı Maya isə heç yerdə işləmir və hər ikisi yügül həyat tərzinə meyillidirlər. Ailənin başçısı Hümmət kişi isə şikəstdir, arvadının və qızının öhdəsindən gələ bilmir. Bəs cinayəti kim törədib? "Əli Zaminli bundan da ağır hadisələrin şahidi olmuşdu. Doğrudan da cinayətkarlar fərqli olsalar da, cinayəti törədən anda bir ananın əkiz övladları kimi olurlar. Nahaqdan deyilməyib ki, cinayətkarın Vətəni, milliyyəti, dini-imanı olmaz".
Törədilən cinayətin sonuncu şahidi Könüldür, komadan ayıldıqdan sonra son nəfəsində "Qadir" deyib gözlərini yumur. Qadir isə Hümmət kişinin ikinci qızının əridir. Onu həbsə alırlar. Amma Qadir israrla cinayəti törətmədiyini söyləyir, məlum olur ki, Qadir cinayət baş verəndən sonra bu evdə olmuş və Könül də son anda onu görüb. Beləliklə, məsələ qəlizləşir və bu da detektivə məxsus bir priyomdur. Yalnız sonda məlum olur ki, qətlləri törədən Hümmətin ögey qardaşı Cəlil Muradovdur. Bu adam uzun illər Rusiyada yaşamış, indi isə iki-üç aydır kəndə qayıdıb. Amma müəllif qatilin kim olduğunu söyləsə də, Cəlilin nə üçün bu qətli törətdiyini açıqlamır.
"Saatın 61-ci dəqiqəsi" kitabında Qafar Cəfərlinin hekayələri və novellaları da təqdim edilir. Bu hekayə və novellalarda çağdaş həyatımızın müxtəlif hadisə və olaylarından söz açılır. Cəmiyyətdə baş verən hadisələrin əks-sədası, həm müəyyən bir kollektivdə, həm ailədə, həm də insanların qarşılıqlı münasibətlərində nəzərə çarpan ayrı-ayrı neqativ hallar bu yazıların əsas məzmununu təşkil edir. Niyə məhz neqativ hallar? O səbəbdən ki, mənfiliyin ifşası müsbətin, işığı, xeyirxahlığın təsdiqi kimi səslənir. Yəni müəllif demək istəyir ki, bizim həyatımız, yaşadığımız bu gerçəklik hələ ideal səviyyədə deyil. Hələ də qanuna zidd hallar, mənfi tendensiyalar mənəvi həyatımızı pisliklərə sürükləyir. Amma nə qədər belə hallar baş versə də, həyatın gözəlliyinə xələl yetirə bilməzlər. "Altıncı barmaq", "Malış", "Sonuncu hesablaşma", "Qisas gecəsi" hekayələrində biz yenə müəllifin detektiv povestlərinin qəhrəmanı Əli Zaminlini hadisələrin əsas çevrəsində görürük. "Altıncı barmaq"da narkomaniyanın insan həyatında nə fəsadlar törətdiyi diqqət mərkəzinə çəkilir. Əli Zaminlinin köməyi ilə narkoman ata ailəsinə qayıdır, kiçik oğlu qarşısında söz verir ki, bir daha o zəhrimara əl vurmaram. Narkotik qəbulunun vurduğu ağır ziyan "Malış" hekayəsində davam etdirilir. Ancaq bu dəfə narkotiki həyata qaytarmaq mümkün olmur. Yeri gəlmişkən qeyd edək ki, Qafar Cəfərlinin təqdim etdiyi cinayətkar ünsürlərin əksəriyyəti narkotikaya meyl edən və beləliklə, həyatlarını ölüm təhlükəsinə tapşıran cavanlardır. Biz televiziya kanallarında tez-tez həmin insanların düşdükləri acınacaqlı taleyi azmı izləmişik? Qafar Cəfərli yeri gəlmişkən bir neçə il öncə qələmə aldığı "Əlvida, həyat!" povestində öz oxucularına narkomaniya ilə bağlı bilgilər də verir ki, bu dəhşətli bəla haqqında təsəvvürləri olsun: "Narkomaniya" yunan sözü olub, "narkos" - donmaq, mat qalmaq, "maniya" isə həzz, keyf deməkdir. "Narkomaniya" sözünə dilimizin izahlı lüğətində isə belə tərif verilib: "Narkomaniya" - narkotik maddələrdən müntəzəm istifadə etmək və ondan daimi asılılıqla səciyyələnən ictimai-psixoloji xəstəlikdir.
Qafar Cəfərlinin yeni kitabında "Dəyyus", "Çənlibeldə", "Bərzəx sakininin etirafları" kimi maraqlı, düşündürücü hekayələri var ki, bu hekayələr müəllifin həyatı, insanları müşahidə qabiliyyətini, obrazları real və inandırıcı, hətta bəzi məqamlarda naturalistcəsinə təsvir etməsiylə diqqət çəkir. "Dəyyus" hekayəsi mənəvi heysiyyətini itirmiş iki insanın-Rafiqin və Qurbanın eybəcər həyat tərzindən söz açır. Bu adamlar namuslu həyat tərzinə yabançıdırlar, onları dəyyusluğa, qadın alverinə aparan yolları elə ağır cinayətlər kimi təhlükəlidir. "Bərzəx sakininin etirafları"nda isə bu dünya-o dünya, cənnət-cəhənnəm "qarşıdurması" diqqəti mərkəzindədir. İnsanın dünyasını dəyişəndən sonra o dünyadan -"ikinci həyatdan" səslənməsi ilə bağlı onlarla yazılar oxumuşuq. Elə bizim görkəmli klassikimiz-Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" əsərini xatırlamaq kifayətdir. Əlbəttə, model-süjet bir-birinə bənzəsə də, o dünyadan gələn səslər bir-birinə oxşamır. "Bərzəx sakininin etirafları"nda biz bu günlərin-çağdaş həyatımızın mənzərələri ilə tanış oluruq. "Olduğum bu yerin adına Bərzəx deyirlər, yəni iki aləmi bir-birindən ayıran, daha doğrusu, sizin dünya ilə axirət arasında olan bir dünya, necə deyərlər, gözləmə məntəqəsi. Mənə elə gəlir ki, göyün hansısa qatındayıq, amma neçənci qat olduğunu bilmirəm, bildiyim isə yerin behiştlə cəhənnəmin yol ayrıcında olmasıdır" - bu Bərzəz məkanında Ölən insan müxtəlif insanlarla tanış olur. "Burda hər cür söhbətlərə şahid oluram. Hər kəs başına gələnləri danışır. O gün biri qışqırıb bağırırdı ki, iki ali təhsilim olsa da, özümə iş tapa bilmədim. Dərmana pulum olmadığından xəstəlik axırıma çıxdı. Vəzifədə olanlar isə ancaq qohum-əqrəbalarını, yerlilərini başına yığırlar, yaxud da yaltaq, satqın, şərəfsiz adamları tapıb işlədirlər, amma ağıla, bacarığa, zəhmətə qiymət verən yoxdur". Beləliklə, Bərzəx məkanında o dünyanın deyil, yaşadığımız bu dünyanın mənfilikləri tənqid olunur. Elə Ölən adam sağlığında həkimlərin biganəliyi ucundan, onu sağaltmaq üçün xeyli pul tələb etmələrindən və bunu heç cür ödəyə bilməyəcəyindən mənəvi sarsıntılar keçirib, sonra dünyasını dəyişib. Bərzəx sakinləri - əgər müsəlmandırlarsa - həftənin bir günü bu dünyaya düşməyə icazə verilir və Ölən adam birbaş evinə yollanır. Yolu vaxtilə işlədiyi məktəbdən keçir. O, "qanunsuz hərəkətlərinə" görə məktəbdən uzaqlaşdırılmışdı. İndi o məktəbdə vəziyyət daha pisdir. Öz evinə gəlir, Dörd ailənin sığışdığı üçotaqlı mənzildə pisə doğru dəyişiklikləri görür, iki oğlu hələ də işsizdir. Yolüstü Bakı şəhərinə də dəyir, burada çoxlu nöqsanlarla rastlaşır, sanki insanlar hər şeyə laqeyd və biganədirlər. Qayıdıb öz yerinə - Bərzəxə gəlir.
Əlbəttə, təsvir etdiyi Ölən insan ömrü boyu zillət içində yaşayıb və onun düşündüklərinə bəlkə də haqq qazandırmaq olar. Amma bu insan mübariz deyil, haqsızlıqlara qarşı səsini də çıxarmır. Qafar Cəfərli bu cür məzlum, öz hüququ uğrunda passiv də olsa səsini ucaltmayan obrazlardan sərf-nəzər etsə, daha yaxşı olar.
Qafar Cəfərlinin hekayə və povestlərində təsvir olunan obrazların həyatdan, gerçəklikdən gəldiyinə şübhə yox. Amma Əli Zaminli obrazından başqa mükəmməl bir obraza təsadüf etmədik. Həyatımızda kifayət qədər Əli Zaminli tipli insanlar isə çoxdur. Bundan əlavə gələcək yazılarında obrazların psixoloji alminə, daxili dünyasına da nəzər yetirməlidir.
Bu qədər.

Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru


İmza:

YAZARIN ARXİVİ

2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK