adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Sentyabr 2018 00:26
14346
ƏDƏBİYYAT
A- A+

Rüstəm Behrudi

Salam, dar ağacı...
Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.
Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.
Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.
Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!
Səni mən əkmişəm... Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!
Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.
Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Vətən!

Qarşı yatan qara dağı-yaylağım,
Düzənləri, ormanları-oylağım.
Əyilməyəm çinarları-bayrağım - Vətən!
Bax, gör, sevgim təzədimi, tərdimi?
Hər doğulan oğuldumu, ərdimi?
Daşlarına yazdım min il dərdimi - Vətən!
Ağ alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı-qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı - Vətən!
Hər ağrılar, hər acılar ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi,
Füzulinin məzarı da Vətəndi - Vətən!
Mənə üz tut - yurda ocaq qurana,
"Turan" - deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana - Vətən!
Mənim andım "Ya bütövlük, ya qandı",
Zalım dostlar, qəbul edin bu andı:
Qara başım bu yol üstə qurbandı, - Vətən!

Vida türküsü

Mən yalqızam bir qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin.
Bir sevda var ləçək-ləçək,
Sən bilməsən, kim biləcək?!
Cəhənnəmdə bir kafir tək
Nə çəkirəm: bilən gəlsin.
Qeyrətdisə qanındakı,
Nə öndəki, nə sondakı?!
Mənim Tanrı dağındakı
Qismətimi bölən gəlsin.
Bu gün şaman imanını,
Öz içində Turanını,
"Damarında Türk qanını
Zərrə-zərrə bulan gəlsin".
Uymayıb düşmən sözünə,
Güzgülər geyib dizinə,
Namazını qurd üzünə
Yarpaq üstə qılan gəlsin.
Nə kafirəm, nə də asi,
Sevdim haqqa yenən kəsi.
Məkkəsiylə Mədinəsi
Ulu Altay olan gəlsin.
Gedin Çinə vara-vara
Xəbər verin Uyğurlara.
Tikə-tikə, para-para
Olunmuşam talan, gəlsin.
Nə veribdi tövbə mənə?!
Tövbə etmək tövbə mənə.
Gəlib çatıb növbə mənə
Mənnən birgə ölən gəlsin.

Boz qurd

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən.
Nə çəkdim...
İlahi! Bilməyəcəklər.
Hər gecə, hər gecə yuxularımda
Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan, biri gündoğan -
Dağından, daşından, adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə-bölünə yox olub itən -
Sevgili bir yurd.
Sevgili bir yurd -
Hər gecə, hər gecə yuxularımda.
Hər gecə, hər gecə yuxularımda
Bu yurdla yanaşı, bu yurd boyunca
Ulaya-Ulaya dolaşıb gəzən,
Obu, Yeniseyi, İtili keçib
Altaytək, Ağrıtək dağ aşıb gəzən
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd.
Ağzı atəş kimi bir qurd -
Hər gecə, hər gecə yuxularımda.
Üstümə qəm gələr əjdahalartək,
Yuxumda bir ağız qurd ular, keçər.
Nədənsə həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.
İndi gizli gəlir yuxuma bir vaxt
Ulaşa-ulaşa ordular basan.
Uluslar, "Bay göllər", Göyçələr səni
Məndən soruşurlar, Boz qurd, hardasan?!
Gəl, mavi işıqtək ələn başımdan,
Gəl, çıx uğuruma qaba ağactək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar gərək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar üstə
Gözündən od yağan övladlar gərək.
Eşidirsinizmi?! -
Qara qazlıq atların
Kişnərtisi gəlir misralarımdan.
Nə olsun səsimə yox qulaq asan?
Dalınca getməyə hazır durmuşam,
Səni gözləyirəm Boz qurd, hardasan?!
Hər gecə, hər gecə yuxularımda,
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd
Və sevgili bir yurd -
Hər gecə, hər gecə yuxularımda
Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm, Onun ucundan.
İlahi, nə çəkdim...
Bilməyəcəklər.

Dağlar duman olmadan

Dön, hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur gedək,
Dağlar duman olmadan.
Al məni də, dur gedək,
Bir kimsə bilməyəcək.
Dur, məni bitirəcək,
Bu bədən, can olmadan.
Xirqəsiz bir dərvişəm,
Külümə bürünmüşəm.
Halıma bax, ölmüşəm,
Təkkəm viran olmadan.
Beşin yarısı - gecə...
Sənsiz gecə - bilməcə.
Qayıt, xəlvət, gizlicə,
Ömür bir an olmadan.
Bəzənib dua ilə,
Allah belə, din belə.
Niyə gecikdin belə,
Gəl, ölmüşəm ölmədən.
Dön, hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur gedək,
Dağlar duman olmadan.

MƏZARLIQDA BİTƏN
YOVŞAN

Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara,
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.
Əlim qoynumda gəlmişəm,
Əfv et, hönkürüb ağlasam;
Öz qəbrim üstə qoyacam,
Sənnən bir dəstə bağlasam,
Məzarlıqda bitən yovşan.
Sən arxasız, mən kimsəsiz,
Sənnən axır göz yaşlarım;
Burda daşlar daş deyil ki,
Bacılarım, qardaşlarım,
Məzarlıqda bitən yovşan.
Bu son bahar da ölmədim,
Ölmədim, yaz, yaz günaha.
Mən öz tabutundan tutub,
Dönən bir ölüyəm daha
Məzarlıqda bitən yovşan.
Məni dərd deyil, adamlar,
Adamlar öldürdü; Sən, sən...
Baş daşıma qoyulacaq
Çiçəklərdən də gözəlsən,
Məzarlıqda bitən yovşan.
Vədə tamamdı, dönəcəm,
Gəlim qarışım tüstünə.
Gələcəm dua oxuyaq,
Ölən bir şairin üstünə,
Məzarlıqda bitən yovşan.
Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara,
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.

ALIB BAŞIMI GETSƏM

Yoruldum, bitdim daha,
Bitdim, mən dəli--sərsəm.
Buralar bir yer deyil,
Alıb başımı getsəm...
Getsəm, bəlkə də bir vaxt,
Ruhum əhv elər məni.
Bir kənd məzarlığına
Alıb gömsələr məni...
Nə yerdi bura, Tanrım,
Hər tərəf qan qoxuyur
Çiçəklər yalan açır,
Quşlar da yalan oxuyur.
Yalan qoxuyur torpaq,
Yalan qoxuyur su,hava...
Bazar yeridi - Hər şey
Bədavadı, bədava...
Dərdə bax, burda canım,
Şüşədə devin canı...
Bu nə yerdi,gözəldi,
Olandan olmayanı
Nə yerdi bura, Tanrım,
Allahların sayı yox!
Ayaq basmağa yeri,
Əl açmağa göyü yox!
Yoruldum, bitdim daha,
Bitdim, mən dəli-sərsəm...
Buralar bir yer deyil,
Alıb başımı getsəm...

ÖLÜMDƏN ƏVVƏLKİ
SON GÖRƏV

Qardaşlar, əfəndilər!
Üst-üstə iki qərinə--
Bir ömür yaşadım
Daha nə anlatsam,
Nə desəm, gecdi, gecdi...
Bircə bilirəm ki,
Ömrüm bir ölümü,
Ölümüm bir tabutu
Süsləyəcək qədər gözəl keçdi.
Yer üzündə bir işim,
Bir işim qaldı ancaq-
Göyü yerlə, duanı ahla,
Adamları şeytanla,
Şeytanı Allahla,
Allahla barışdırmaq!