adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Sentyabr 2018 00:09
36897
LAYİHƏ
A- A+

O, əsl insan idi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Hətta bir gün mənə dedi ki, yanıma gələrsən, səninlə işim var. Sonra məlum oldu ki, mənimlə bir yerdə rayonumuza gəlmək istəyir - katiblə görüşə. İstəyirdi mənim məsələmi həll etsin. Sən demə, o zaman rayonumuzda birinci katib işləyən Bilal Mahmudovla yaxın imiş. Hətta bir dəfə özünün "Könül sevən" kitabını öz avtoqrafıyla mənə vermişdi ki, Bilal müəllimə çatdırım. Lakin mən onda kitabı katibə şəxsən təqdim etmədim - üzüm gəlmədi...
Bir payız günü birlikdə Kürdəmirə gəldik. O vaxt mən "Bilik" cəmiyyəti rayon təşkilatının məsul katibi idim. Katibin mənə münasibəti də yaxşı idi və bu vəzifəyə məni özü təyin etmişdi. Amma Mahmudovla görüşdən Əlfi müəllim bir az kefsiz çıxdı. Görünür, katibin cavabında ürəkaçıcı bir bir şey yox idi. Məsələ burasında idi ki, müharibə iştirakçısı olan atamın iyirmi il qabaq, haqq-nahaq bir məhkumluğu olmuşdu və 1976-cı ildə məhkəmə tərəfindən məhkumluq üzərindən götürülsə də, bu məlumat şəxsi işimdə qalırdı.
Həmin axşam Əlfi müəllimlə Kür çayı sahilindəki ata ocağımıza - Qaramahmudlu kəndinə gəldik. Bütün dost-tanış bizdə idi. Şəhərdə öz evim də vardı, amma neçə illər idi ki, onu doğma kəndimizə, ailəmizlə görüşə aparmaq həsrətindəydim. Əlfi müəllimin etirazına baxmayaraq, atam ən gözəgəlimli ağ qoçunu kəsdi, qonağın adına layiq bir süfrə açıldı. Yeyib-içən adam olsa da, heç vaxt istəməzdi ki, kimisə əziyyətə salsın. Deyirdi:
-Ə, bura yaxşı şor gətirin, vəssalam. Başqa heç nə lazım deyil...
Otaqda yalnız kişilər idi, O içəri girən kimi, nənəm də, anam da, bacılarım da əsl kəndli utancaqlığıyla o biri otağa keçmişdilər. Əlfi müəllim isə bunu o dəqiqə hiss etmişdi deyə, üzünü dayım Məhəmməd müəllim tutub özünəməxsus yumorla dilləndi:
-Ə, Məhəmməd müəllim, sizin bu kənd nə yaman geridə qalmışa oxşayır. Hakimiyyəti tam almısınız ələ, heç zənən xeylaqları gözə dəymir.
Onun bu sözlərinə ürəkdən gülüşdük. Bunu eşidən qadınlar da qonaqla görüşməyə gəldilər. Nənəm onun boynunu qucaqlayıb üzündən öpdü:
-Sən Allah, Əlisəfadan muğayat ol, - dedi.
O isə qadının sözlərinə ürəkdən gülüb belə cavab verdi:
-Ay xala, Əlisəfa indi böyük adamdır. Yaxşı olar ki, bizi ona tapşırasan - gələcəyin prokurorudu...
Nənəm etiraz elədi:
-Yox, başına dönüm, oxumasına, savadına baxma, əl boyda uşaqdır. Yeri düşəndə nəzərin üstündə olsun.
Həmin günün səhərisi Əlfi müəllim yuxudan çox gümrah durub bizim yerləri təriflədi:
-Ə, bura cənnətmiş ki... Çox rahat yatmışam.
Atamla söhbətləri yaman tuturdu. Təsərrüfat işləriylə maraqlanır, həyət-bacanı, Kürün sahilini gəzirdi...
Günorta dayımın təkidiylə onlarda olduq. Köhünlü kənd orta məktəbinin direktoru işləyirdi deyə, Əlfi müəllim ona "direktır" deyə, müraciət edirdi. Hər ikisi nikbin, deyib-gülən, şən adam idi, həm də yaşıd olardılar. Söhbət necə gətirdisə, dayım onda niyə şer yazmadığımı soruşdu. Əlfi müəllim dərhal dilləndi:
-Ə, direktır, Füzulidən sonra nə şer? Mən gec də olsa, bunu başa düşdüm, daha yazmadım. Əlisəfaya da belə məsləhət bildim. Bir də ki, hamı şer yazmaz ha. Onsuz da az-çox yazanlar var...
Süfrənin üstündə çox naz-nemət vardı, amma kimsəni maraqlandırmırdı. Qohumların marağı ancaq Əlfi müəllimin şəxsiyyətinə, söz-söhbətinə idi. Axı onu yalnız televiziya ekranında görmüşdülər. İndi də ona durmadan sual verirdilər. Dayımla bircə gün ərzində yaman həmsöhbət olmuşdular. Ən çox sualı da o verirdi. Heç gözləmədiyim halda dayım naqolay bir sual verdi:
-Əlfi müəllim, deyirlər yazıçıların həmişə ilk sevgisi nakam olur. Sizin də belə sevginiz olubmu?
Mən narahatçılıq içində dayıma baxdım. Əlfi müəllim də fikrə gedib susmuşdu. Qəlbən pis oldum. Heç bu sualın yeriydi? Lakin bir an sonra Əlfi müəllim aramla sözə başladı deyə, bir az sakitləşdim.
-Mən bugünkü həyatım, adım, şöhrətim üçün həyat yoldaşım Rəhiləyə, Qara qıza borcluyam - mənim üç gülüzlü balamın anasıdır... Onun qayğısını heç vaxt unuda bilmərəm. Həmişə də bunu etiraf etmişəm. Ancaq mənim də ilk məhəbbətim, daha doğrusu, uşaqlıq məhəbbətim olub. Onda yeniyetmə idim, həyatın bərki-boşunu görməmişdim. Doğru deyirlər ki, məhəbbətin gözü kor olur. Heç nədən ayrıldıq. Buna daha çox özü səbəb oldu... Kasıb oğlan idim... Bilmədim nə dəyişdi onu... Var-dövlət hərisliyi, daş-qaş həvəsi dəyişdi, yoxsa...
Əlfi müəllimi heç vaxt belə məhzun görməmişdim deyə, dayımgilə gəlişimə yüz faiz peşman idim. Onun bu etirafı mənim üçün ağır əzab idi, vallah az qalmışdı ağlayam. Əlfi müəllim isə sözünə davam edirdi:
-Mən onunla çox sonralar Şuşada istirahətdə olanda, təsadüfən görüşdüm. Acı, uğursuz taleyindən xəbərdar idim - həyat yoldaşından ayrılmışdı. Sözünü yerə salmayıb onlara getdim. Kasıb ev-eşiyi, yoxsul yaşayışı ürəyimi ağrıtdı... Gəlişimə sevinirdi... Tez süfrə açdı... Mənə bir boşqab dovğa gətirdi... Nə qədər sevdiyim xörək olsa da, yeyə bilmədim. Qaşığı neçə dəfə ağzıma apardım, boğazımdan keçmədi... Ayrılanda hər ikimizin gözü dolmuşdu. Məni ötürəndə doqqazın ağzında nə qədər durduğunu kürəyimlə hiss edirdim... Mən sonralar da ona həmişə yardım göstərməyə çalışmışam... Nə edəsən... Taledir də... Bəzən hər şey insanın istədiyi kimi alınmır...

***
Bir qış günü Əlfi müəllim, şair Vilayət Rüstəmzadə və mən bulvardakı "Mirvari" yeməkxanasında idik - xudmani bir masa arxasında əyləşmişdik. Dörd bir yanımız şairanə görkəmdə idi. Lopa-lopa yağan qar yerə ağır-sanballı enir, kəpək kimi topaları qalınlaşdırırdı. Bizim masanın yaxınlığındakı stolda iki cavan qadın və bir yaşlı kişi əyləşmişdi. Əlfi Qasımov onlarla salamlaşdı və əlinə qədəh alaraq dedi:
-Bu badələri də içirik xalqımızın şöhrətli oğlu Lətif Kərimovun, bu gözəl xanımların sağlığına!
Gözəl xalça ustamızın da bu diqqətdən çiçəyi çırtladı, masa yoldaşlarının yanında ürəyi dağa döndü. Bəli, Əlfi müəllim sevindirməyi həm bacarır, həm də bunu özünə bir borc bilirdi. Mən dəfələrlə onun Bəxtiyar Vahabzadə, Cabir Novruz, Sabir Rüstəmxanlı, Tofiq Mütəllibov və digər yazıçı-şairlərlə zəngləşməsinin, hal-əhval tutmasının şahidi olmuşam. Həmişə də söhbətini belə başlardı:
-Salam!... Eşq olsun! Necəsən?! Əla!..
"Bir gecənin sirri" povestimi oxuyan kimi Əlfi müəllim mənə təbrik məktubu yazmışdı. Məktub beləcə başlayırdı: "Əla! Sevindirdin məni, qardaş. Gözəl əsər yazıbsan. Mən sənin yerinə olsam, gələcəkdə ancaq bu janrda işləyərəm..."
Sonra da "Toy gecəsi qəsd" povestim barədə... Hər iki povesti söhbət düşəndə tərifləyirdi. Mənə bir neçə dəfə demişdi ki, o povestlər sənə şöhrət gətirəcək. Əlfi müəllimin təklifi ilə "Bir gecənin sirri" povestimi hekayələrimlə bahəm "Yazıçı" nəşriyyatına rəyə verdim. Lakin təəssüf ki, povestə yüksək rəy verilsə də, həmin kitab Əlfi müəllimdən sonra, 1987-ci ildə "Çin qızılgülü" adı altında və yalnız hekayələrdən ibarət çıxdı...
Bir dəfə yenə Əlfi müəllimgildə idim. Daha doğrusu, işdən sonra söhbət edə-edə onlara gəlmişdik. Mənim onda fikrim bir qədər qarışmışdı, şəhərə köçmək istəyirdim. Bəlkə də elə mənə ürək-dirək vermək, sakitləşdirmək üçün evlərinə dəvət etdi. Hətta əyləşəndən sonra oğlu Vüqara dedi:
-Ə, Qarabağdan gətirilən tut arağının dadına baxaq da.

(ardı gələn sayımızda)

Əlisəfa Azayev