Faiq QİSMƏTOĞLU: O BALACA UŞAQ

FAİQ QİSMƏTOĞLU
43515 | 2018-09-12 12:34
… Mənim dünyamda həmişə o balaca uşaqlara, o günəşdən doğulmuşlara, o nurlu və işıqlı cocuqlara xüsusi bir yer var. Çünki o uşaqları, o cocuqları və o günşədən doğulmuşları görəndə sanki mələklərlə üzləşirəm. Bu uşaqlar uşaqdan çox mələyə bənzəyirlər. Onların ürəyi, qəlbi kimi özləri də təmizdilər. Onlar xəbislik bilmirlər, qeybət eləmirlər, kiminsə dalınca danışmırlar…

Həmişə Yeni Günəşlidə yaşadığım binanın yaxınlığındakı məktəbin stadionuna idman eləməyə gedirəm. Düz 2015-ci ildən bu günə kimi hər gün bu vərdişlər davam eləyir. Yəni hər gün nə az, nə çox bir saat sürətlə yeriməliyəm. Və bir saat sürətlə yeriyəndən sonra qan tərin içində oluram, tez də evə qayıdıram. Əvvəllər səhər saat 5-də stadiona gedirdim. Sonra ölkənin tanınmış kardio-cərrahı və mənim ürəyimə stend qoymuş, dostum və qardaşım Firdovsi İbrahimov məsləhət bildi ki, səhər-səhər idmana getməyim və ürəyi yükləməyim. Ən yaxşısı günorta və axşam saatları idmanla məşğul olum. Elə onun dediklərini də həmin vaxtdan yerinə yetirirəm.

Qonşumuzda bir uşaq var – İbrahim. O uşaq sonradan leykoz xəstəliyinə tutuldu. Hər gün mənimlə birgə stadiona gedirdi. O qədər mehrini mənə bağlamışdı ki, hətta ikinci mərtəbədə qaldığıma baxmayaraq, məni çağırırdı və qoşulub gedirdik məktəbin həyətindəki stadiona. Xəstəliyi onun üstünü alanda sözün düzü çox pis oldum. Hətta ona kömək məqsədilə bir yazı da qələmə aldım. Allahın və bəndələrin xeyirxahlığı ilə uşaq müalicə olunub, vəziyyəti də yaxşıdı. O gün gördüm ki, velosiped sürür. Qaça-qaça gəldi mənim yanıma, qucaqladı və üzümdən öpdü. Mən də onun üzündən öpdüm. Anası bu səhnəni görüb kövrəldi və əlinin arxasıyla gözünün yaşını sildi…

… Bir aydır ki, orda bir balaca uşağın da idman elədiyini, atasına qoşulub qaçdığını görürəm. Bu uşaq çox qeyri-adi və çox da heç bir uşağa bənzəməyən görünüşə malikdir. Mənim oğlum Emin o uşağa aslan parçası deyir. Bir dəfə bu uşağa baxan adam o dəqiqə hiss edəcək ki, nəsə onda qeyri-adi bir cizgilər var. İri alnı, günəşə bənzəyən çöhrəsi, çox sıx da saçları var. Adama elə xoş təsir bağışlayır ki, istəyirsən onu bağrına basıb öpəsən. Uşaq atasıyla gedəndə özümü saxlaya bilməyib onu qucaqlayıb öpdüm. O da məni öpdü…

Bu uşağın adı Mirəlidir. Sən demə, Mirəli Ağcabədi rayonunun Hindarxı kəndindən olan sayılıb-seçilən məşhur seyidlərindən biri – Ərəbov Seyid Mirələm Mirheydər oğlunun nəvəsi imiş. Onun atası Mirağadır. Böyük qardaşnın adı isə Miraslandı.

… Dünən axşam işdən evə qayıdırdım. Bir az da yorulmuşdum. Binamızın qarşısındakı mağazanın yanında onun atası Mirağanı gördüm. Soruşdum ki, aslan parçası hardadır? O da qayıdıb dedi ki, nə qədər elədim evdən çıxmadı. Dedi ki, səndən küsmüşəm. Axşam söz vermisən parka aparacam, aparmadın. İndi də səninlə getmirəm. Ancaq böyük oğlu Miraslan yanındaydı. Miraslanı da çox istəyirəm. Lakin o balaca uşağı bütün uşaqlardan çox istəyirəm. O balaca uşaq mənim ürəyimi, qəlbimi fəth edib və adını yazıb qəlbimə. Heç özüm də bilmirəm bu uşağı niyə belə çox istəyirəm.


… Hər dəfə stadiona gedəndə diqqətlə mənə baxır, sonra əyləşdiyi yerdən qalxır, qaça-qaça gəlib məni qucaqlayır. Oğlum Emin də hər adam yovuşan deyil. Son vaxtlar Emini də özümlə stadiona aparıram. Soruşur ki, ata, aslan parçası orda olacaq? Mən də deyirəm hə. Bax onda Emin qoşulub mənə stadiona gedir. Orda Mirəlin görməyəndə görürəm ki, qanı qaralır. Bu vaxt Mirəlinin atası Mirağa gəlir. Görür ki, Emin dilxordu. Maraqlanır ki, Emin, qanın niyə qaradı? Mən də qayıdıb deyirəm ki, Mirəli yoxdu deyin qanı qaralıb. O da telefonla böyük oğlu Miraslanla danışıb deyir ki, tez Mirəlini götür gətir stadiona. Miraslan da beş-on dəqiqə keçmir ki, Mirəliylə özlərini çatdırırlar bizim yanımıza. Bunları görən kimi Eminin gözlərinə işıq gəlir və qucaqlayıb o balaca uşağı, o aslan parçasını öpür...
Atası Mirağa deyir ki, Mirəli dünyaya gələndən bizim evimizdə ruzi, bərəkət daha da çoxalıb. Bizim nəsildə seyidlər çoxdu. Amma bu uşağı kim görürsə, onunla kim söhbət eləyirsə, ondakı müsbət enerjini, işığı, nuru uzun müddət yadından çıxara bilmir.

Mirəli Suraxanı rayounun Yeni Günəşli yaşayış sahəsindəki 282 nömrəli tam orta məktəbin 2-ci sinifində oxuyur və 9yaşı var. Müəllimləri də bu uşağın qeyri-adi istedadından, təfəkküründən və çöhrəsindəki nurdan sevinclə danışırlar. Qəribədir ki, uşaq bu cizgilərin heç birini his eləmir. Ancaq ona diqqətlə baxanda, söhbət eləyəndə görürsən ki, Mirəli heç də digər uşaqlara bənzəmir. Ağayana hərəkəti, ətrafa olan sevgisi və bir də günəş kimi üfüqdən boylanan çöhrəsilə çox insanların diqqətini özünə çəkir.

… Qaça-qaça mənə yaxınlaşır və deyir:

- Baba, tərləmisən, yaxşısı budu get paltarını dəyiş!

Diqqətlə ona baxıram və dillənirəm:

- Axı, sən məndən çox tərləmisən, patların da selin-suyun içindədi. Külək də möhkəm əsir. Yaxşısı budur sən də evə get!

Atası Mirağa qayıdıb bildirir:

- Müəllim, onun başını kəssən də tək evə gedən deyil. Gərək ya mən, ya da qardaşı Miraslan evə aparsın. Elə yaxşı deyirsən, tərin içindədir, xəstələnər. Məni bağışla, aparım evə paltarını dəyişsin...

… Getməmişdən qaça-qaça yenə mənim yanıma gəlir. Öpüşüb görüşür. Sonra da oğlum Eminə tərəf yeriyir. Onunla da görüşür. Əl eləyib bizdən uzaqlaşır…
Biz artıq bir-birimizə çox öyrəşmişik. Bir gün bu balaca, bu günəşə bənzəyən nurlu uşağı görməyəndə elə bil nəsə itirmişəm. O dəqiqə atasına zəng eləyirəm, o da uşağı götürüb gəlir stadiona. Onu görən kimi Eminin gözlərinə işıq gəlir və deyir:
- Ata, aslan parçası gəlir!

… O balaca uşaqlar, o balaca cocuqlar, balaca kişilər gələcəkdə bu millətin, bu xalqın ümid yeridi, güvənc yeridi. Onlar böyüyüb savad alacaqlar. Əlinə silah alıb torpağımızı, vətənimizi qoruyacaqlar. O balaca uşaqlar böyük kişi olacaqlar və bizim görə bilmədiyimiz ağır işlərin altına çiyin verəcəklər. Allah onları qorusun və hifz eləsin!



TƏQVİM / ARXİV