ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazıçılarımız gündəliklərində nələr yazıb? - SORĞU

10260    |   2018-09-13 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nobel mükafatçısı çex yazıçısı Çeslov Miloş deyir ki, gündəlik tutmaq mənasız bir şeydir, bu yalnız tədqiqatçıların işinə yaraya bilər. Gündəlik tutursunuz? Nə vaxtsa tutmusunuzmu? Gündəlik tutanlara necə baxırsınız, münasibətiniz necədir?


Yazıçı Səfər Alışarlı: "Əvvəllər gündəlik yazmağa ehtiyac var idi, indi yoxdur. İndi İKT xeyli inkişaf edib, günün xronikasını hətta videoformatda da qeyd etmək mümkündür. Tolstoyun gündəliyindən, məsələn, XIX əsrin hansısa günündə havanın necə olduğunu da öyrənmək mümkündür. Tolstoy kimi faydalanmayacaqsansa, bu faktın qeyd olunmasının heç bir əhəmiyyəti yoxdur. Bütün məsələ istedad məsələsidir: istedadlı adam olmayan faktı elə verir ki, ona şəkk-şübhən qalmır; istedadsız adama nə qədər fakt versən də mənası yoxdur.




Yazıçı Etimad Başkeçid: "Çeslav Miloşu bilmirəm, amma mən 2004-cü ildən, Slavyan univesitetində "işə düzələndən» bu yana gündəlik yazıram. Bu mənada Tolstoyun, Kafkanın və başqa sənətkarların yolunu gedirəm. Gündəlik tutmaq qətiyyən mənasız iş deyil. Dostoyevski deyirdi ki, «hamımız Qoqolun şinelindən çıxmışıq». Bu ibarənin açdığı cığırla getsək, deyə bilərik ki, böyük filosofların hamısı Montenin gündəliyindən çıxıblar. Deməli, gündəlik tutmaq gözəl şeydir.

Gündəlik tutmaqda məqsədim vardı – istəyirdim sonradan onun əsasında bədii əsər yazım. Amma indi bəzən oturub vərəqlədikcə, hiss edirəm ki, bunu elə belə də çap eləmək lazımdır. Heç bir roman, hekayə bu koloriti və gerçəklikləri əks etdirə bilməz. İnşallah, vaxtı çatanda belə də edəcəyəm.



Yazıçı Murad Köhnəqala: "Mən heç vaxt gündəlik tutmamışam, ancaq gündəlik yazanlara həsəd aparmışam. Düşünürəm, gündəlik tutanlar öz həyatında səliqə-səhman yaratmağa çalışan adamlardı. Gündəlik, həm də, bir növ, özünə hesabatdı. Şəxsən, kiminsə gündəliyini oxumaq mənim üçün çox maraqlıdı.”






Yazıçı Şərif Ağayar: "Tələbə vaxtı tuturdum, sonra yazmadım. Məncə, ömrümüz o dərəcədə maraqlı keçmir. O ki qaldı sayın Miloşun fikrinə, dünyada nə qədər yazıçı var, o qədər mətbəx var. Qəti fikir deməkdən çəkinirəm. Bir adam çıxar, gündəlikdən şedevr yaradar, qalarsan mat-məəttəl. Yazıçıların fikrindən çox onların mətnlərinə inanıram. Hər şey yaxşı mətn üçün səbəb və bəhanə ola bilər. Gündəlik də, xatirə də, Miloşla razılaşmaq da, ona etiraz etmək də."








Şair Aqşin Yenisey:"Gündəlik tutmamışam heç vaxt, amma həmişə qeyd dəftərim, yaxud buna bənzər kağız-kuğuzum olub üstümdə.İndi isə"Facebookprofilimi bu dəftərin əvəzinə istifadə edirəm. Ədəbiyyat çıxara biləcəyim müşahidələri, fikirləri, təsvirləri profilimdə paylaşıram, oxucular özləri də bilmədən şərhlərlə boşluqları doldururlar. Üstündən zaman keçdikcə dolğun bir təssürat yaranır, sonra lazım olan qeydi yazıya çevirirəm.







Yazıçı Narıngül Nadir: "Çeslov Miloşun fikrinə mən də qatılıram. Doğrudan da mənasız bir işdir. Gündəliyi adətən sentimental adamlar yazırlar. Onsuz da heç nəyi həyata qaytarmaq olmur. Gələcəkdə nələrisə oxuyub xatırlamaq isə insana kədər gətirir, pessimizmə aparır. Təcrübə göstərir ki, intihara meylli insanlar daha çox belə şeylərlə məşğul olurlar. Məncə, bu ənənə daha çox keçmişə aiddir. Buna həm də vaxt və səbr lazımdır. Mən özüm heç vaxt gündəlik yazmamışam. Xatirələrə boylanmağı sevmirəm, heç xatirə şəkillərinə də baxmıram.

Yazıçılıq peşəsi üçün də gündəliyi faydalı hesab etmirəm. Çünki yaradıcı insan onsuz da lazım olanları yaddaşına yığır. Qeydə alınmış dəqiq faktlara istinad etməkdənsə, yaddaşda qalanları, hissə, ürəyə təsir edənləri intuitiv şəkildə seçib yazıya Köçürmək daha faydalıdır. Ancaq Dünya ədəbiyyatında bir forma olaraq uğulu süjet xətti kimi gündəlik yazılarından istifadə olunur. Məsələn, İtaliya yazıçısı Susanna Tamaronun "Ürəyimin götürdüyü yerə get” romanı ən çox sevdiyim əsərlərdəndir.”



Şair Qismət Rüstəmov: "Əvvəllər gündəlik tutmuşam, çalışırdım hər gün yazım, sonralar çox ara verdim və yenidən qayıtmaq istəyim olmadı. Bu gün gündəliklərdə o vaxt yazdıqlarıma baxanda bəzi ədəbi fikirləri çıxmaq, yazı eskizlərini çıxmaq şərtilə, demək olar ki, lazımsız şeylər yazmışam. Gündəliyi gərək macəralı həyatı olanlar tutsun, amma burda da ayrı bir paradoks çıxır: həyatı macəra içində keçən adam niyə gündəlik yazmaq kimi maraqsız işlə məşğul olsun axı?!”








Yazar Rəbiqə Nazimqızı: "Miloşa bütün hörmətimə və sevgimə rəğmən, gündəlik tutmağın mənasız bir iş olduğunu düşünmürəm. Gündəliyin müxtəlif formatları ola bilər. Yaddaşı olmayanlar üçün əla vasitədir. Mən məktəb illərindən gündəlik tutmuşam, mütəmadi yazmasam da, hər gün bir neçə dəfə gündəlik yazdığım vaxtlar olub. Arada fasilə vermişəm, sonra tələbəlik illərində davam eləmişəm. O vaxt bloknotlara yazırdım. Hadisələrdən daha çox hisslər vardı. Məktəbdə oxuyanda özümə əsəbiləşib yandırmışdım gündəlikləri. Tələbəlik vaxtı yazdıqlarımı uzun müddət saxladım, amma bir neçə il əvvəl onları da atdım. Yeddi-səkkiz il əvvəl elektron varianta keçdim. Mən sistemsiz adamam, ona görə alınmır. Çox az qeyd var o gündəliklərdə. Daha yaxşı olardı ki, hadisələr qeydə alınsın, sonradan bunu memuar kimi dəyişikliklərlə nəşr etdirmək də olardı. Bir çox yazıçıların gündəlikləri qalır və onlarla tanış olmaq dövrün və şəxsin həyatı, onun həmkarlarına münasibəti, ədəbiyyat və həyat barədə düşüncələri barədə daha geniş informasiya əldə etməyə imkan verir.

İndi gündəlik yerinə məktublar və ya esseler, nəsr fraqmentləri yazıram, təxminən eyni şeydir."



Yazıçı Mirmehdi Ağaoğlu: "Dəfələrlə gündəlik tutmağa cəhd etsəm də alınmayıb. Əgər bunun bir səbəbi gündəlik tutmaq vərdişini özünə aşılaya bilməməkdirsə digər səbəbi də özümə qarşı səmimi ola bilməməyimdir. Yoxlamışam, görmüşəm ki, səmimi ola bilməmişəm. Gündəlik elə bir şeydir ki, orda maksimum səmimi olmalısan, elə bil keşiş qarşısında tövbə edirsən. Zərrə qədər də yalan, qeyri-səmimiyyət olmaz. Və mən hər dəfə gündəlik tutmağa cəhd göstərəndə görmüşəm ki, nələri isə gizlədəcəm, yazmayacam, yazsam da dürüst davranmayacam. Gündəlik insanın özü ilə söhbətidir, publika üçün deyil, heç olmasa gündəlik tutanda səmimi ola bilmirsənsə yaxşısı budur yazmayasan. Heç olmasa özünə vicdansızlıq etmə. Buna görə də vaz keçmişəm.”




Yazar Sevinc Elsevər: "Orta məktəbdə oxuyanda gündəlik tutmuşam. Gündəliklə tam səmimi olmaq olmur. Çünki bilirsən ki, gündəlik bir gün başqasının əlinə keçə bilər. Xalamın həyat yoldaşının gündəliyini oxumuşdum gizlicə. Onun gündəliyi ilə olan səmimiyyətindən dəhşətə gəlmişdim. Bilirdim ki, mənim də gündəliyim ələ düşə bilər. Ona görə onun kimi səmimi ola bilmirdim. Bəlkə də Çeslav Miloşun sözlərində həqiqət var. Onsuz da tam səmimi ola bilmirsən gündəliklə. Elə hisslər, elə duyğular var ki, sən özünə belə etiraf etməkdən çəkinirsən. Hardasa, 2 il gündəlik yazmışam. Bəzən keçmiş səhifələrdə qeyd elədiyim hadisələrin, duyğuların yadımda belə qalmadığını görürdüm. Bir şey ki, sənin ruhuna təsir edir, sən onu onsuz da unuda bilməyəcəksən. Məsələn, qəribə bir şey deyim. Hazırkı mobil nömrəmi yadımda saxlaya bilmirəm. Halbuki nömrə çoxdan məndədi. Amma 14 yaşımda tez-tez əlaqə saxladığım rəfiqəmin nömrəsi hələ də yadımdadı. Eləcə də dayımgilin, xalamgilin köhnə nömrələri. Çoxdan satdığımız, içindən köçdüyümüz evimizin telefon nömrəsi. Yəni, unudulacaq mənasız şeyləri xatirələşdirmək zaman xərcidir. Bəzi şeylər də var, unutmaq istəyirsən, amma unuda bilmirsən. Ömür kitabından bəzi səhifələri qoparıb atırsan, baxırsan yenə yerindədi. Onuncu sinifdə oxuyurdum gündəliklərimi yandırdığımda. Üç dəftərdən ibarət idi. Sonra gündəlik tutmağa heç ehtiyac duymadım. Amma gündəlik tutmağımın bir yararı oldu. Mən yazmağı öyrəndim. Uşaq vaxtı şeirlər yazırdım. Ancaq orta məktəbin yuxarı siniflərində daha çox yazmağa başladım. Həmişə yazmaq ehtiyacı hiss edirdim. Hətta yazmağa bir kəlmə belə sözüm olmayanda, dəftərdə boş-boşuna kiçik şəkillər çəkirdim. Ulduzlar, ürək şəkilləri və s. Yazmağı çox sevirdim. Sevimli şairlərin şeirlərini topladığım dəftərlərim olurdu. İndi o dəftərlərdən qalır evdə. Hərdən vərəqləyirəm. Amma gündəlik yazmıram. Müasir dövrdə gündəliyi feysbuk əvəz edir. Sosial şəbəkələrdəki profillərimiz elə bizim gündəliklərimizdir. Baxırsan, o gündəliklərdə də hamı tam səmimi deyil. Necə ki, dəftərlərdə də tam səmimi olmaq olmur. Öz içini gizlincə oxumaq belə hürküdür adamı çox vaxt. Hər gün onlarla şəkil çəkirik. Telefonlarımızın qalereyası doludu. Məsələn, bəzən filan vaxtı harda olduğumu xatırlamaq istəyirəm. Bunun üçün telefonumun qalereyasını incələməyim kifayətdir. Orda şəklin çəkildiyi tarix dəqiq yazılıb. Şəklə bir baxdımmı, günün bütün təəssüratı canlanır. Gündəlik yazmaq ehtiyacım yoxdu. Məncə, müasir insanın buna elə də ehtiyacı yoxdu. Amma uşaqlarım yazır. Məktəbdə olan hadisələrdən, müəllimlərlə, validdeynlərlylə, sinif yoldaşlarıyla münasibətlərindən yazırlar. Yəqin ki, sosial şəbəkəyə gəlsələr, onlar da gündəlik yazmağı tərgidəcəklər. Ciddi ictimai adamların gündəlik yazmaları bəlkə də vacibdir. Susduqlarını, səmimiyyətlə danışa bilmədiklərini bəlkə də yazmalıdı belə adamlar. Belə məşhur gündəliklər var. Bəlkə də kimsə, hardasa belə əhəmiyyətli gündəlik yazır. Və olduqca səmimiidir. Mən biləni, gündəliklər başqaları oxusun deyə yazılır daha çox. Mən gündəliyimi başqaları ilə bölüşəcək qədər səmimi deyiləm.



Şair Rəvan Cavid: "4 ildi ki gündəlik tuturam. Gündəlik mənə mətni yazmaq üçün hazırlıq prosesidi. Əgər üzərində işlədiyim mövzunu yazmaqdan yoruldumsa, gündəliyimə yeni günün hüznünü, yorğunluğunu əlavə edirəm. Bu həm də gələcək üçün vacibdi. Bəzən gündəliklər çox yaxşı bədii əsərə çevrilir.”



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK