adalet.az header logo
  • Bakı 19°C
12 Sentyabr 2018 00:29
21249
ƏDƏBİYYAT
A- A+

Teatr millətin güzgüsü, böyük tərbiyə ocağıdır

Xəzər Gəncəli: "Regional teatrlarda yaradıcılıq sərbəstliyi üçün hər cür imkan var"

(əvvəli ötən sayımızda)

Bu tamaşadakı bəzi hadisələrə radikal rejissor yozumu tələbkar tamaşaçıda maraq doğurdu. Müəllifin pyesində olduğu kimi biz də bu komediyaya satirik bir janrda yanaşdıq və acı gülüşlərlə bu pyesin bütün sətiraltı mənalarını açmağa çalışdıq. Mətbuatda da bu tamaşa ətraflı şəkildə təhlil olunub işıqlandırıldı. Ağaddin Babayevin yazdığı 20 yanvar faciəsinə həsr olunmuş "Ağla qərənfil, ağla..." ədəbi-bədii kompozisiyasına, Camal Yusifzadənin "Səhər qatarı" pyesinə də quruluş verdim. Qısa bir müddət ərzində uşaqlar üçün hazırlamış olduğum Azərbaycan nağılları əsasında qələmə alınmış "Kələkbaz keçəl", qış tətili üşün nəzərdə tutulmuş "Qış nağılı" və Rəhman Rəhmanovun yazmış olduğu "Odunçunun nağılı" pyesləri ilə də repertuarımız zənginləşmiş oldu.
-Siz bir rejissor kimi hansı tamaşalara quruluş verməyi daha çox xoşlayırsınız?
-Etiraf edim ki, məni daha çox müasir mövzulu tamaşalar düşündürür. Janrından asılı olmayaraq istər klassik, istərsə də çağdaş pyeslərdə qoyulan aktual mövzular daim diqqət mərkəzimdədir. Əlbəttə, günümüzlə səsləşən klassik pyeslərə də quruluş verməyi xoşlayıram. Çünki klassik pyeslərdə günümüzlə səsləşən mövzulara daha tez-tez rast gəlmək mümkündür. Yazılış tarixindən asılı olmayaraq elə klassik pyeslər var ki, bu gün də aktualdır. Zaman keçsə də bunlar çağdaşlıq təravətini heç bir zaman itirmir, əksinə bu günün tələb və ehtiyaclarına daha çox cavab verirlər. Vilyam Şekspirin, Jan Batist Molyerin, Nikolay Qoqolun, Anton Pavloviç Çexovun, Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin, Cəfər Cabbarlının əsərlərini yenidən, təkrar-təkrar oxuduqca bir daha əmin olursan ki, bu ədiblər oxucu və tamaşaçılara öz həyat və yaşantılarında bilmədikləri şeyləri, yəni daha çox bilməkdən qaçındıqları, görməməzlikdən gəldikləri gerçəkləri göstərməyə çalışıblar. Bu əsərləri oxuduqca bizlər bir daha dərk edirik ki, bacarıqlı və istedadlı insanların yaratdığı xarüqələr ilə dünyanın bir anda yox olması qorxusunu yaşadan qüvvələrin əməlləri arasında nə edəcəyimizi bilməyən, az qala sərsəmləmiş olan biz insanlar, həyatın verdiyi güvənsizlik qarşısında mütiləşərək teatrdan "AYAQLARIMIZI MÖHKƏMCƏ BASA BİLƏCƏYİMİZ BİR ZƏMİN OLMASINI" imdad edirik.
Vilyam Şekspirin "Hamlet"ində dediyi kimi, "səhnə həyatın aynası və qısaldılmış bir tarixi"dir. Bunun üçün də səhnə öz dövrünü və çağını doğru olaraq, açıq və saçıq, heç bir təhrifə yol vermədən inikas etdiyi anda önəmli bir vasitəyə çevrilir. Adını çəkdiyim ədiblər öz pyeslərində gözəlliyi şişirtməmiş, pis olanı ört-basdır etməmiş, çirkin olanı gizlətməmiş, yaxşı olanı unutmamaqla vəzifələrini yerinə yetirmiş və bu gün də müasir səslənən ölməz əsərlər yaratmışlar.
- Xahiş edirəm, Mingəçevir teatrının kollektivi haqqında məlumat verin. Bir vaxtlar bu teatrda yaxşı aktyor ansamblı olub.
- Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi barədə yalnız xoş sözlər deyə bilərəm. Bu teatrı da, onun yaradıcı kollektivini də çox sevirəm. Bəli. Bu teatr yarandığı gündən aktyor ansamblı və rejissorları ilə fəxr edib.
Bu gün isə burada Azərbaycanın Xalq artisti Ella Yaqubova, Əməkdar artisti Şıxı Yaqubov kimi səhnə ustaları ilə yanaşı, Elmira İbrahimova, Afət Əliyeva, Asim Məmmədov, Aydın Quliyev, Qabil İbrahimli kimi təcrübəli aktyorlar fəaliyyət göstərir. Kollektivin əksəriyyəti gənclərdən ibarətdir. Hüseyn Mustafayev, Fəridə Məmmədova, Paşa Salmanov, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, İlqar Rəhimov, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Amil Fərzəliyev, Turqut Məsimli, Elvin Əkbərov və başqa bu kimi perspektivli gənclərlə işləmək çox xoşdur. Açığını deyim ki, bu kollektivlə dağı-dağ üstə qoymaq mümkündür. Və bu səhnədə "Müfəttiş" tamaşasını hazırlayarkən mən bir daha bunun şahidi oldum. Bu kollektivin çalışmaq, qurub-yaratmak əzmi o qədər sağlam, o qədər möhtəşəmdir ki, bir rejissor kimi bu qüvvələrlə mükəmməl tamaşa yaratmamaq ən azından günahdır. Belə bir maraqlı deyim var: "Pis aktyor yoxdur, pis rejissor var!"
Teatrın nəzdində "İnam" adlı studiya yaratmışıq. Yerli həvəskarları, teatra marağı olan gəncləri bu studiyaya dəvət edib, teatr sənətinin sirlərini onlara öyrətməyə çalışırıq. Mingəçevir Dövlət Dram Teatrının aktyorları və yaradıcı kollektivi ilə fəxr edirəm və inanıram ki, onlar daha yüksək sənət zirvələrini fəth etməyə qadirdirlər. Hələ bizi qarşıda daha böyük uğurlar gözləyir.
- Teatrda hansı aktyorların işindən daha çox razısınız?
- Teatrda elə bir aktyor yoxdur ki, onun fəaliyyətindən narazı qalım. Hamı öz işinə vicdanla, yaradıcı nöqteyi-nəzərdən yanaşır, etik və estetik prinsiplərə riayət edir, mənəvı-əxlaqi dəyərlərə önəm verir, maraqlı, məzmunlu tamaşalar yaratmaq üçün əllərindən gələni əsirgəmirlər. Mən prinsip etibarı ilə qarışıq aktyor ansablının birgə fəaliyyətinə daha çox istinad edirəm. Yəni tamaşalarımda yaş və təcrübəsindən asılı olmayaraq bütün aktyorlar bir araya gəlir, ümumi bir vəhdət təşkil edirlər. Belə bir sintez şübhəsiz uğurlu nəticələrə gətirib çıxarır. Bir sözlə, Türkiyə kimi böyük və möhtəşəm bir dövlətdə çalışmaq nə qədər xoş idisə, Mingəçevir Dövlət Dram Teatrının bu gözəl kollektivində çalışmaq mənim üçün ikiqat xoşdur. Türkiyədə daha çox pedaqoji fəaliyyət göstərirdim. Burada isə sırf ixtisasımla - rejissorluq məsləkim üzrə fəaliyyət göstərməkdəyəm. İkincisi, Türkiyə bizim üçün nə qədər doğma, nə qədər əziz olsa da, qucağını bizim üçün nə qədər geniş açsa da, Vətən - elə Vətəndir. Axı, dahilər Vətənə iman əsəri deyiblər. Doğma Azərbaycanı heç nə ilə əvəz etmək olmaz! Niyə bildiklərimizi, oxuduqlarımızı, eşitdiklərimizi, gördüklərimizi istedadı, qabiliyyəti, bacarığı heç bir xalqın nümayəndəsindən əskik olmayan gənclərimizə, həmvətənlərimizə öyrətməyək? Doğrudur, çətinliklərimiz, problemlərimiz də az deyil, amma bu buzim kollektiv üzvlərini qorxutmur, kollektiv irəliyə nikbinliklə baxır və hər şeyin günlərin bir günü ərsəyə gələcəyinə inamını itirmir. Bir sözlə, Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olmağıma heç də peşman deyiləm. Fikirləşirəm, yaxşı ki, bura işləməyə gəlmişəm.
- Bir rejissor kimi bugünkü Azərbaycan teatrına baxışınız necədir?
- Bir rejissor kimi bugünkü Azərbaycan Teatrına baxıb şükür edirəm. Nə yaxşı ki, milli teatrımız hələ ayaq üstədir, hələ nəfəs alır, yaşayır. Bakıda və regionlarda elə bir teatr yoxdur ki, fəaliyyətsiz qalsın. Janr etibarı ilə müxtəlif səhnə əsərlərinə və müxtəlif dramaturqlara müraciət edən teatrlarımızın tamaşalarında əsasən müasir ruhlu ideyalar səslənməkdədir. Bir qayda olaraq milli teatrımız hal-hazırda öz tamaşaları ilə bəşəri ideyaları tərənnüm etməyə çalışır. Rejissorun ideyası, nə demək istədiyi, hansı fikri təbliğ etdiyi tamaşaçıya aydın olmalıdır və tamaşaçı teatr zalını əliboş tərk etməməlidir. Yaxşı əsəri tamaşaçıya sevdirən həmin əsərdə onu narahat eləyən problemə cavab tapması ilə əlaqədardır, ondakı ideyalılıqdır, reallıq və inandırıcılıqdır. Bu keyfiyyətlər obrazlı şəkildə sənətkarlıqla işləndikdə tamaşa daha dolğun və təsirli olur, heç bir zaman öz təravətini itirmir, illər keçsə belə tamaşaçıda yüksək amallar, nəcib insani hislər tərbiyə edir. Düşünürəm ki, hal-hazırda rejissorlarımızdan Ağakişi Kazımov, Azərpaşa Nemətov, Cənnət Səlimova, Vaqif Şərifov, Mərahim Fərzəlibəyov, Zülfüqar Abbasov başda olmaqla, Vaqif Əsədovun, Oruc Qurbanovun, Ağalar İdrisoğlunun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin, Mirbala Səlimlinin, Nicat Kazımovun, İradə Gözəlovanın, Günay Səttarın, Firudin Məhərrəmovun, Novruz Cəfərovun və bu kimi onlarla rejissorun quruluş verdikləri tamaşalar məhz bu kriteriyalar əsasında köklənib.
- Bakıdan uzaqda teatra rəhbərlik etmək çətindirmi? Şəhər rəhbərliyinin və Mədəniyyət Nazirliyinin sizin teara münasibəti necədir?
- Məni Bakıdan cəmi 330 km məsafə ayırır. Deyim ki, bu baxımdan heç bir əziyyət çəkmirəm. Lazım olan vaxt Bakıya gəlir və indi mənim üçün Bakı qədər doğma olan Mingəçevirə geri dönürəm. Mingəçevir Teatrı mənim üçün doğma və əziz bir yerə çevrilib və düzünü deyim ki, ömür nə qədər vəfa etsə, orada qalıb çalışmaq istərdim. Mən "sən getməsən, mən getməsəm, bəs rayona kim gedər?" - devizini rəhbər tuturam. Məncə, regional teatrlarda yaradıcılıq sərbəstliyi üçün hər cür imkan var və bu da rejissor istedadının formalaşması üçün əlverişli fürsət yaradır. Doğrudur, ilk dönəmlərdə mənim üçün də regional teatrda işə başlamaq heç də asan başa gəlmədi. Yaradıcı kollektivin ayrı-ayrılıqda səciyyəvi xüsusiyyətlərinə bələd olmaq, onları bir fərd, bir şəxsiyyət kimi araşdırmaq üçün keçirdiyim adaptasiya dövründə bir çox "testdən" keçməli oldum. Müəyyən əngəllərə rast gəlsəm də, büdrəməməyə çalışdım, az öncə yuxarıda qeyd etdiyim kimi ayaqlarımı yerə möhkəmcə basa bilmək üçün öz yaradıcılıq fəaliyyətimdə qüsurlara yol verməməyə çalışdım. Nəticə etibarı ilə adaptasiya dönəmi ümumən uğurla keçdi və öz rejissor "Mən"imi ortaya qoya bildim. Onu da deyim ki, mən regional teatrlarda fəaliyyət göstərən rejissor həmkarlarıma öz peşəsinə sadiq olan, fədakar insanlar kimi baxıram. O ki, qaldı şəhər ictimaiyyəti və rəhbərliyinin bizim teatra olan münasibətinə - burada vəziyyət əlbəttə qənaətbəxşdir. Elə bir tamaşamız yoxdur ki, şəhər rəhbərliyi gəlib iştirak etməsin. Eləcə də başda nazir Əbülfəs Qarayev olmaqla Mədəniyyət Nazirliyi teatrımıza əlindən gələn bütün köməklikləri edir ki, biz daha yaxşı işləyək.
Prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu yaxınlarda Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Niyazi Bayramov Mingəçevirdə çalışdığı müddət ərzində daim bizim teatrla maraqlanırdı, zaman-zaman tamaşalarımıza gəlirdi və tamaşalarımızdan aldığı təəssüratlarını daim bizimlə bölüşürdü, öz maraqlı fikirləri ilə dərin tövsiyələr verirdi, tamaşalarımızın təşkili ilə əlaqədar xeyli işlər görürdü. Yaradıcı kollektivimiz Niyazi Bayramovun teatrımıza göstərdiyi qayğını heç bir zaman unutmayacaq.
- Siz teatrın 50 illik yubileyini böyük bayram kimi keçirməyə hazırlaşırsınız. Bu böyük yubileylə bağlı işlərə necə hazırlaşırsınız?
- Bəli, biz bu yaxınlarda, yəni oktyabr ayında teatrımızın yaranmasının 50 illik yubileyini qeyd etmək ərəfəsindəyik. Bildiyiniz kimi, Ulu Öndərin əsasını qoyduğu və möhtərəm prezident İlham Əliyev cənablarının davam etdirdiyi mədəniyyət siyasətinin inkişaf etdirilməsi problemi dövrümüzün ən zəruri məsələlərindən biridir. Bu baxımdan möhtərəm Prezidentimiz bu il Mingəçevir Dövlət Dram Teatrının yaranmasının 50 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalayıb. Bu məqsədlə oktyabr ayında həmin yubileyin keçirilməsi nəzərdə tutulur. Yubileydə vaxtı ilə teatrımızda hazırlanan tamaşalardan müxtəlif səhnəciklər nümayiş etdiriləcək. Tədbirin hazırlanması Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanova həvalə edilib.
- Teatrlarda tez-tez direktorla baş rejissor arsında konfliktlər olur. Bu da kollektivin yaradıcılığına pis təsir edir. Sizdə bu sahədə işlər necədir?
- Dediyim kimi, mən teatrda 3 ildir ki, çalışıram və bu müddət ərzində teatrın müdiriyyəti ilə mənim aramda heç bir konflikt yaşanmayıb. Əksinə, teatrın direktoru Səxavət Məmmədovla hər zaman bir-birini başa düşməyə çalışmışıq. Aramızda baş verən kiçik mübahisələr isə yalnız yaradıcılıq müstəvisində olur və onun hüdudlarını heç bir zaman aşmırıq, gərgin bir polemikaya yol verməmişik. Bir də ki, teatr sənətinin gerçək yaradıcısı baş rejissordur. Səhnə üzərində tamaşanın hazırlanma prosesində o, həm bir mütəfəkkir, şərhçi, yozumçu, həm də məzmunla formanı, forma ilə texnikanı uyumlu bir şəkildə araya gətirərək bütönlüyü qazandıran şəxsdir. Elə buna görə də rejissor istər məlumat, istərsə də yaradıcılıq nöqteyi-nəzərindən qeyri-adi fərdiyyətdir. Onun güc qaynaqları zəngin dünyagörüşünə, fərdi yaradıcılığa və elmi istedada əsaslanır. Dünyaya geniş bir pəncərədən baxan rejissor, cahanda baş verən hadisələri yaxından izləyən, öz elmi ilə bunları şərh edən bir insan, müəllim, pedaqoq, təşkilatçı, estet və hər şeydən öncə də bir şəxsiyyətdir. Hər halda direktorla bu illər ərzində ümumi dil tapmamızda düşünürəm ki, bu faktorlar müəyyən dərəcə hər ikimiz üçün faydalı olub. Axı, bizim hər ikimizin ali məqsədi Mingəçevir Dövlət Dram Teatrını dünya səviyyəsində tanıtmaqdır. Hər ikimiz də əl-ələ verib birlikdə buna çalışırıq.
- Gələcək planlarınız necədir? Xarici ölkələrə qastrollar planlaşdırırsınızmı?
- Artıq sentyabr ayının 3-dən yeni teatr mövsümümüz başlayıb. Əlbəttə, arzularım çoxdur, yeni tamaşalar hazırlama istəyim bir an da olsun səngimək bilmir. Hal-hazırda Abdulla Şaiqin "Bir saat xəlifəlik" pyesi üzərində çalışıram. Məşhur türk yazarı Tuncər Cücənoğlunun "Dosya" pyesi üzərində bir ilə yaxındır ki, təhlil işi aparıram və onu azəri türkcəsinə uyğunlaşdırmışam və yaxın zamanda tamaşaya hazırlamağı planlaşdırıram. Əgər tamaşa uğurlu alınarsa, onu Türkiyədə hər il keçirilən festivalların birinə aparmaq niyyətindəyik. Yazıçı Çingiz Ələsgərlinin vətənpərvərlik mövzusunda yazdığı "Şahidə şevrilən şəhid" pyesini hazırlamaq istəyirəm. Çox maraqlı yazıçı, publisist, dramaturq, kinossenarist Vaqif Əlixanlının "Dənizə baxan pəncərə" pyesi çox xoşuma gəlib və qismət olsa, bu pyesə də səhnə təcəssümü vermək arzusundayam. Xalq şairi Nəriman Həsənzadənin pyeslərindən də birini repertuara salmaq istəyirəm. Çünki o, maraqlı şair olmaqla yanaşı bir-birindən maraqlı pyeslər də yazıb. Bu pyeslər də Azərbaycan teatrlarında böyük uğurla hazırlanıb. Repertuara bir-birindən maraqlı əsərləri salmaq istəyirik. Hal-hazırda çoxlu xarici və Azərbaycan dramaturqlarının pyeslərini oxuyuram. Bilirsiniz ki, teatrın repertuarı həmin teatr haqqında ilk təəssüratdır. Teatrın pasportudur. Ona görə də çalışırıq ki, ən yaxşı və zamanla səsləşən, insanlarımızın problemlərini özündə əks etdirən, onlara bu yolda kömək edən pyesləri repertuarımıza daxil edək ki, tamaşaçılar teatra böyük maraqla gəlsinlər. Bundan əlavə Yeni il tətili, Novruz bayramı üçün bir neçə pyes üzərində də çalışırıq ki, bu tamaşalar da əziz uşaqlarımız üçün bir töhfə olacaq. Bir sözlə, iş başımızdan aşır. Bundan gözəl nə ola bilər ki?..
Atam Novruz Gəncəli deyirdi:

-Həyatdan acizlər edər şikayət,
Qar deyil səmadan, yağa səadət.
Əmək cəbhəsində can qoyanların,
Başına tac qoyub daima zəhmət!

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi