adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Sentyabr 2018 00:21
11131
ƏDƏBİYYAT
A- A+

Zaman və biz

Publisistin düşüncələri

Seyran CAVADOV

(əvvəli ötən sayımızda)

O vaxt Salyan Rayon İcra Hakimiyyətində ərazi-idarəetmə şöbəsinin müdiri idim. Bəylər özlərindən başqa, heç kəsi bəyənmir, keçmişi topa tuturdular. Birinin dediyini o biri eşitmirdi. İqtisadiyyat dağılır, talan olunurdu. Yaxşı yadımdadır, sentyabr ayı idi. Yuxarıdan göstəriş gəldi ki, pambıq yığılmasın, bu, qul əməyidir. Beləliklə, min tonlarla pambıq sahələrdə tökülüb qaldı. Bəylər təhsilinə, təcrübəsinə, ictimaiyyət arasındakı nüfuz və hörmətinə baxmadan kimi istəyirdilərsə, onu da istədikləri vəzifəyə qoyurdular. Kommunal təsərrüfatı müəssisəsində zibildaşıyan maşının sürücüsü polis şöbəsinə gedib rəisə ultimatum vermişdi ki, bugün-sabah sənin yerinə mən gələcəyəm, çaşıb bu telefon aparatlarından-zaddan aparmaq istəyərsən, bu, sonra sənə baha başa gələr. İcra hakimiyyəti aparatında da əvvəlki işçilərə "partokrat" damğası vurub işdən çıxarırdılar. Hər yerdə olduğu kimi, Salyanda da vəziyyət kritik həddə çatmışdı. Artıq başa düşmüşdülər ki, nəinki bir respublikaya, habelə bir rayona, kəndə belə rəhbərlik etmək asan məsələ deyil. Bu vaxt "Etiraf et sən" adlı bir şeir yazdım:

Bir vaxt mitinqlərdə coşub-kükrəyib,
Alovlu nitq edib deyirdin ki, mən
Bu xalqın yolunda canımdan keçib,
Ona xoşbəxtliyi bəxş edəcəyəm.

İnandı çoxları şirin vədlərə,
Dedi: - Əhsən sənə, əhsən min kərə!
Axı hardan bilib unayaydı ki,
Tülkü bəylik üçün axtarır dərə.

Vəzifə, kreslo, bu da ki kürsü...
Yaxşını yamandan sən özün ayır.
Ölkəni, milləti quru vədlərlə
Qorumaq, saxlamaq bil ki, olmayır.

... Tarixin təkəri hərləndikcə bil,
Dəyişir fikirlər, dəyişir meyil.
Ən böyük igidlik zirvədə qalmaq -
Zirvəyə yüksəlmək igidlik deyil.

Zaman gərdişində min dona girib,
Məsləkin, mətləbin dəyişənlər var.
Ucala bilməyib, ucalmayacaq
Süfrəsi dizinin üstdə olanlar.

Ordumuzda vahid komandanlıq olmadığından özbaşınalıq, hərc-mərclik, xaos, pərakəndəlik baş alıb gedirdi. Buna baxmayaraq, igid oğullarımız silaha sarılıb Vətəni müdafiə etməkdə idilər. Onlardan 30 min nəfərə yaxını qəhrəmancasına şəhid oldu, minlərlə döyüşçü öz sağlamlığını itirdi, Vətənə qurban verdi. Ürəyimdə onlara olan ehtiramım o vaxt misralara döndü:

Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə amal seçib,
Ömrün bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
Yaşayan hər ömürdə qanınız, canınız var.

Səs verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
Məzarınız dönübdür ziyarət türbəsinə.
İnanın, and içirik, qanınız alınacaq,
Xatirəniz, ruhunuz həmişə anılacaq!

Bir ata övladından el oğluna döndünüz,
Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir ününüz.
Siz bu gün də, sabah da - əsrlərlə sağsınız,
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulub min çiçəyə, min gülə.
Tərsiniz çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!

Ən çətin vaxtlarda böyük Yaradanın nəzəri həmişə xalqımızın üstündə olub. Bunu öz müşahidələrimdə həmişə görmüşəm və hiss etmişəm. Qanlı 20 Yanvar hadisələri, Qarabağ müharibəsi, 11 aprel 2016-cı il Lələtəpə uğrunda gedən döyüşlər zamanı hamı kimi mən də bunun canlı şahidi olmuşam. Partiya mənsubiyyətindən, dini baxışlarından, qadın və ya kişi, qoca və ya cavan olmasından asılı olmayaraq, hamının Azərbaycanın bütövlüyü, gələcəyi naminə bir bayraq altında sıx birləşdiyini görmüşük. Belə vəhdətdən hər birimiz qürur hissi keçirmişik. 1993-cü ildə respublikamız ölüm-dirim dilemması qarşısında qaldığı bir vaxtda xalqımızın böyük əksəriyyətinin təkidli tələbi ilə tarixin sınaqlarından həmişə üzüağ çıxmış, milləti, ölkəsi üçün canından keçməyə hazır olan, keçmiş SSRİ zamanı bu dövlətin ali rəhbər vəzifələrindən birinə yüksələn, ürəyi həmişə Azərbaycanla bir vuran Heydər Əliyevin hakimiyyətə sahib durmağa çağırışı belə anlardan biridir. Ulu öndər hakimiyyətinin ikinci dövründə ölkəmizə 13 il rəhbərlik etdi. Çox işlər gördü, həlli müşkül olan məsələləri yoluna qoydu. Bunlar heç də asan başa gəlmədi. Bunun üçün canını, qanını əsirgəmədi. Bədxahlarla, terrorla, ölümlə qarşılaşdı. Belə vaxtlarda ulu Tanrı onu qorudu, Azərbaycanı qorudu. Çünki uca Allahın əmri ilə o, yenidən Azərbaycana gəlmişdi. Bu sətirləri yazarkən 1992-ci ilin 25 aprel günü yadıma düşür. Həmin gün Salyan Şəhər Mədəniyyət Şöbəsinin müdiri işləyən, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin (indi o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktorudur) otağında ona Heydər Əliyevə yazdığım bir şeiri oxudum. O vaxt ulu öndər Naxçıvan Ali Sovetinin sədri idi. Qərara gəldik ki, şeiri məktubla Naxçıvana göndərək. "O rəhbərə səs verirəm" adlandırdığım şeirə belə bir ön söz də yazdıq: "Düçar olduğumuz ağır vəziyyətdən qurtulmağımıza, Qarabağı erməni daşnaqlarının caynaqlarından xilas etməyə, respublikada əmin-amanlıq yaratmağa qadir olan, xalq arasında böyük hörmət və nüfuz sahibi Heydər Əlirza oğlu Əliyevi yenidən Azərbaycanın birinci şəxsi görmək arzusu ilə". Məktubu poçtla göndərdik. Zərfi saralıb-solmuş və kiril əlifbası ilə makinada yazılmış bu məktubun bir surətini ən əziz xatirə kimi arxivimdə saxlayıram. Şeirin sonluğu belədir:

... Kim olmağı bacarırsa
bu millətin
Şah İsmayıl Xətaisi,
Atatürkü,
Kim apara biləcəksə
çiyinində
Azərbaycan adlı yükü,
Rəhbərimiz qoy o olsun!
Bəli, belə bir namizəd
Vardır, dostlar.
Mən indidən ürəyimdə,
beyinimdə
Təsdiqlənmiş bülletenlə
o insana -
Bu millətə sahib durub
Baş olacaq vətəndaşa
Səs verirəm.
Bu torpağa, insanlara
Zəhmət dolu, nemət dolu
Xoş günləri bəxş edəcək
O rəhbərə, o ataya
Səs verirəm.

Həyat əbədi deyil. Xoşbət o kəsdir ki, yaşadığı zaman çərçivəsində xalqına, millətinə dövlətinə xidmət edir. Heydər Əliyev müstəqil Azərbaycan və onun vətəndaşları üçün misilsiz işlər gördü. Vətənimizin inkişafı üçün nə lazımdırsa, elədi. Ümummilli liderlik zirvəsinə yüksəldi. 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev siyasi və mənəvi varislik missiyasını uğurla yerinə yetirərək ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün gərək olanları edir. İqtisadi inkişafımız müstəqil siyasət yürütməyin başlıca şərti olmuşdur və ölkəmiz hərtərəfli inkişaf edir. İndi o, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycan bu gün dostluq və həmrəyliyin simvolu olan idman ölkəsi kimi tanınır. Üçüncü peykimizi kosmosa göndərmək ərəfəsindəyik. Bu inkişaf, tərəqqi hər birimizə sonsuz fərəh hissi yaşadır.
Təhsilimiz, səhiyyəmiz sahəsində əldə olunan nailiyyətlər sevindiricidir. "Neft kapitalını insan kapitalına çevirmək" (İlham Əliyev) siyasəti öz bəhrəsini verir. Ali məktəbə qəbulda yaranan şəffaflıq, müsbət iş nəticəsində test üsulu ilə ölkənin, eləcə də xarici dövlətlərin ali məktəblərinə ən bilikli, bacarıqlı abituriyentlər qəbul olunurlar. Təhsildə yaranan yeniliklər bütün sahələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasına səbəb olmuşdur. Təhsildən söhbət gedəndə çoxumuz nədənsə keçmiş - SSRİ dövründəki təhsil sisteminə üstünlük veririk. Düzdür, onda orta məktəblərdə davamiyyət bundan yüksək idi, onda da öz işinin ustası olan qabaqcıl pedaqoqlar var idi. Nədənsə unuduruq ki, zəif müəllimlər onda da az deyildi və indikindən fərqli olaraq, təhsil sahəsi başlı-başına buraxılmışdı. Deməli, məsələyə kompleks şəkildə yanaşmalıyıq. Müasir təhsilimizin uğurlarını görməmək, qiymətləndirməmək insafsızlıqdır. Əvvəla, ölkəmizdə 3 min 500-ə qədər yeni məktəb binası tikilmiş, köhnələri əsaslı təmir edilmişdir, həm də proses davam edir. Həmin məktəblər hər cür avadanlıqlarla yüksək şəkildə təchiz edilmişdir. İkincisi, hər bir orta məktəb məzunu test yolu ilə keçirilən imtahanlarda müəllim qarşısında oturmadan sərbəst, nisbətən həyəcansız halda suallara cavab tapıb yerinə qoyur. Sovetlər zamanı isə imtahan vermək daha çətin idi. İmtahan götürən müəllimlərin zəhmi bəs edirdi ki, bildiklərinin hamısını ortaya qoya biləsən?! Digər bir əsas məsələ. Qəbul imtahanları başlamamış indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq, hüquq, Dövlət Tibb Universitetinin müalicə işi, İqtisadiyyat Universitetlərinin aparıcı fakültələrində kimlərin oxuyacağının siyahısı hazırlanırdı. Bunlar, əsasən, vəzifəli və pullu adamların uşaqları olurdu. Bir sözlə, heç bir quruluşu ideallaşdırmaq lazım deyil. Deyəsən, nə qədər ki insan mənafeyi var, bu belə də olacaq. Amma bunlar cəmiyyətdəki humanist, bəşəri ideyaları qaralamaq, onların üstündən xətt çəkmək kimi başa düşülməməlidir.
Avtomobillərin yol hərəkəti qaydalarında belə bir prinsip var: yanğın zamanı döngələrdə bütün nəqliyyat vasitələri, hətta təcili yardım və polis maşınları birinci olaraq yanğınsöndürən maşına yol verməlidir. Yanğın zamanı baş verə biləcək ölüm, tələfat hallarının, hadisənin miqyasının genişlənməsinin qarşısını almaq üçün belə edirlər. Bu mənada təhsil xalqımızın, dövlətimizin həyatında mühüm rol oynayan ən prioritet sahədir. Burada ulu öndərin "Təhsil millətin gələcəyidir" kəlamını xatırlamaq yerinə düşür. Buna görə də dövlət büdcəsindən ayrılan vəsaitin həcmi baxımından, ölkəmizin ərazi bütövlüyünü qoruyan ordumuz birinci yerdədirsə, onun gələcək inkişafını təmin edən təhsil ikincidir.
İndi respublikamızdan xaricə müalicəyə gedənlərin sayı qat-qat azalmışdır. Belə bir əminlik yaranır ki, yaxın gələcəkdə bu hal tamamilə aradan qalxacaqdır. Digər tərəfdən, təhsil və səhiyyə sahələrində aparılan tikinti-quruculuq, abadlıq, texniki təminat işləri bunun üçün real imkanlar yaratmışdır.
Belə bir deyim var: "İnsanlar valideynlərindən daha çox zəmanələrinə oxşayırlar". Gəlin etiraf edək ki, dövrü, zamanı dəyişən, formalaşdıran, şəkildən-şəklə salan elə insanın özüdür. Təbii fəlakətləri, Günəşin, Ayın tutulmasını nəzərə almasaq, dünyada baş verən böyüklü-kiçikli, yaxşılı-yamanlı nə varsa, hamısı insan əməlinin nəticəsidir. Tarixin müəyyən dövrlərində baş verən inqilablar, müharibələr, çevrilişlər, eləcə də kəşflər, yeniliklər, dəyişikliklər isə cəmiyyətin bütün üzvləri və təbəqələri tərəfindən heç də eyni cür qəbul olunmur. Bunları bir tərəf alqışlayırsa, digər tərəf qarğışlayır. İnsan təbiətin ən ali, qiymətli varlığı olmaqla yanaşı, həm də ən mürəkkəb məxluqudur. Arzusu, istəyi tükənməzdir. Dünən qalxmaq istədiyi zirvə bu gün alçaq təpə kimi görünür ona. Daha yüksəklərə can atır. Bunlar insan xarakteri üçün təbii haldır.
Müstəqillik əldə etdikdən, sosializm sistemi ləğv olunduqdan sonra insanlarımız başqa bir quruluşun - bazar iqtisadiyyatının qanunları ilə yaşamaq mərhələsinə qədəm qoydular. Sərhədlər açıldı. Hər kəs istədiyi ölkəyə gedib-gəlmək imkanı əldə etdi. SSRİ qayda-qanunlarından fərqli olaraq, xaricdə gördükləri onlara daha çox xoş təsir bağışladı. İndi də belədir, həmin proseslər, düşüncələr, yanaşma tərzi davam edir. Bir şey pisdir ki, varlanmaq, mala-mülkə, dəbdəbəli villalara, bahalı maşınlara və s. sahib olmaq arzusuna düşüb əksər insanlar. Bunun üçün bəziləri hər cür əməllərə əl atırlar. Bəzən insan şəxsiyyəti, mənəviyyatı, milli mentalitet, ar-namus arxa plana keçir. Dubay yollarında insan alqı-satqısı ilə məşğul olanlar da meydana gəldi. Bunları görəndə çoxumuz zəmanədən şikayətlənir, ah-vay edirik. Bu haqda "Belə dəyişməsin" şeirimdə demişəm:

Deyirlər, dəyişib dövrümüz yaman,
Nə doğru söz qalıb, nə də həqiqət.
İnsanlar dəyişib büsbütün tamam,
Nə sədaqət qalıb, nə də məhəbbət.

... Belə dəyişirsə insan və zaman,
Yoluna sədd çəkin, bərəsin kəsin.
Yoxsa, hər şey itər, məhv olar tamam,
Yaxşılar ömür etsin, qoy dəyişməsin.