adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Sentyabr 2018 00:18
15115
GÜNDƏM
A- A+

Unudulmaqda olan yazıçımızın dövrün reallığını əks etdirən hekayəsi...

Abdulla İsmayıloğlu

Azərbaycan dilində Şıxlı sözü dilə gələndə ilk olaraq Azərbaycan folklorunun paytaxtı hesab olunan Qazax şəhərinin Şıxlı kəndləri (1-ci və 2-ci), Əliağa Şıxlinski, İsmayıl Şıxlı, Elçin Şıxlı kimi tarixi şəxsiyyətlər ağlımıza gəlir. "Şıxlı" təxəllüsü ilə yazıb, yaratmış daha bir qələm sahibimiz olsa da, təəssüf ki, gənclərimizin əksəriyyəti onu tanımır. Adı çəkilən yazıçı Seyfəddin Şıxlıdır.
Seyfəddin Şıxlı (Abdullayev Seyfəddin Qiyas oğlu) 6 dekabr 1945-ci ildə Qazax şəhərinin I Şıxlı kəndində dünyaya gəlib. 1968-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdi. 1970-ci ildən həqiqi hərbi xidmətə çağrılmış və Belorusiya Hərbi Dairəsində xidmətə başlamışdır. Sonralar da həyatını hərb ilə bağlamış gələcək yazıçı 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirir. Uzun müddət Şərur və Astara şəhərlərində hərbi komissar kimi çalışır. 1995-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Hərbi kafedrasının" rəisi vəzifəsində çalışmışdır. 2000-ci ildə polkovnik-leytenant hərbi rütbəsiylə Silahlı Qüvvələr sırasından ehtiyata buraxılmışdır. Müharibə və SQ-lər veteranıdır. Dövri mətbuatda uzunmüddətli, səmərəli ictimai fəaliyyətinə və hərbi vətənpərvərlik mövzusunda uğurlu publisistik əsərlərinə görə "Kamil sənətkar" diplomuna, "Nəaliyyətlər" jurnalist mükafatına layiq görülmüşdür. Yazıçı 10 aprel 2007-ci ildə dünyasını dəyişir. Mərhum qələm sahibi ümumilikdə 22 kitab və onlarla müxtəlif mövzulu məqalələr müəllifidir. Onun "Talelər", "Leyli sözüm sənədir", "Zabitlik mənim taleyimdir", "Dan ulduzları (III cilddə)", "Sənsiz də səninləyəm (III cilddə)", "Hərbçi şəxsiyyət olmalıdır", "Mən Azərbaycan zabitiyəm", "Elxan bəy", "Mənim hərbi andım", "Sən şəhərdə qəribdin", "Zirvəsi dumanlıdır, çəndi dağların", "Tale və intizar", "Onun gözləri", "Vətən sənin əsgərinəm", "Mən sabahın səsiyəm", "Veteranlar Vətənimizin qızılı fondudur", "Ana ürəyim ağrıyır" kitabları nəşr olunmuşdur (əksəriyyəti kiril əlifbası ilə). "Nakam sevginin dastanı", "Dumanlı dağlar", "Narahat dünyam", "Mənim dünyam" romanları isə hələ də nəşr olunacağı günü gözləyirlər.
Çoxları hesab edə bilər ki, S.Şıxlı yerlimdi deyə ondan yazıram. Təbii ki, o kateqoriyalı düşünənlər öz "düşüncələrində" qala bilərlər. Qoy belələri öz cılız düşüncələri ilə dar sektorlarında çevrə cızmaqlarında olsunlar...
Mənim S.Şıxlı haqqında (gələcəkdə də digər yazıçılarımız haqqında da) yazmağımın 2 əsas səbəbi var:
1. "Multikulturalist" düşüncəlilərə görə mənəvi terrora məruz qalaraq unudulmaq da olan bir çox tarixi şəxsiyyətlərimizi, ədiblərimizi yenidən yaşatmaq.
2. Çox yaxın keçmişdə qatil analarla bağlı araşdırma yazı yazmışdım ("Ədalət" qəzetində də dərc olunub). S.Şıxlının əsərləriylə maraqlanan da "Qatil qadın" hekayəsi hədsiz marağıma səbəb oldu. Əsəri oxuyanda anladım ki, əsərin qəhrəmanı 2 həftəlik uşağını zibilliyə atan "ana" haqqındadır. Adı çəkilən hekayəni oxuyanda sevindim ki, nə yaxşı S.Şıxlı cəsarət taparaq belə bir hadisədən yazaraq, hər uşaq dünyaya gətirən "qadın" cinsinə məxsus olanların ana olmadığını cəmiyyətə çatdırmaq istəyib. Bu əsərinə görə, mərhum yazıçının ruhu qarşısında dərin minnətdarlığımı bildirirəm.
İndi isə S.Şıxlının "Qatil qadın" hekayəsini diqqətinizə çatdırıram.
"Yazın oğlan çağı idi. Ətraf gül-çiçəyə bürünmüşdü. Günəşli rayonu yaz aylarında daha təmtəraqlı olur. Bu il də bahar öz xoş gəlişi ilə gözəllik gətirmişdi bu yerlərə. Elə bil ki, bu yerlərin indi də davam edən qanlı-qadalı müharibədən xəbəri yox idi.
Gecədən başlamış şıdırğı yağış gah güclənir, gah da zəifləyirdi. Günəşin çıxması ilə ağacların yarpaqlarını, güllərin ləçəklərini daha da gözəlləşdirmişdi. İnsan belə anlarda bütün dərdi-sərini unudur, təbiətin bu gözəlliyindən doyunca həzz alır, yaşamaq, yaşamaq istəyir.
Rayonun milis rəisi Əmrah Məmili şair təbiətli adam idi. Bu gün də adətinə görə yuxudan tez oyanmışdı. Səhər idmanı ilə məşğul idi. Birdən telefon zəng çaldı. Xeyir ola, belə tezdən kim olar? Yəgin şöbədəndir, - deyə telefonun dəstəyini qaldırdı.
- Eşidirəm, mayor Məmilidir.
- Yoldaş mayor, şöbədən növbətçi zabit Nəbiyevdir. İndicə şöbəyə bir körpə uşaq gətirdilər. Boğulub və küçəyə atılıb. Nəbzi zorla vurur. Sizin göstərişinizi gözləyirik.
- Təcili həkim çağırın, gəlirəm.
- Yoldaş mayor, rayon xəstəxanasından həkim çağırmışam. Üstəlik doğum evindən də şəfqət bacısı göndərəcəklər, - deyə leytenant Nəbiyev məlumat verdi.
- Əməliyyat dəstəsini çağırın, deyib telefonun dəstəyini yerinə qoydu.
Tələsik geyinib küçəyə çıxdı. Özünəməxsus iri addımlarla şöbəyə tərəf tələsdi. Növbətçinin dediyi onu tamam çaş-baş salmışdı. Körpə uşağın günahı nə ola bilərdi? İşlədiyi müddətdə belə hadisəyə təsadüf etməmişdi mayor Məmili. Hər halda bu düşünülmüş bir cinayətin nəticəsidir, - deyə düşündü.
O, şöbəyə çatanda bir anlığa sarsıldı. Növbətçi otağında - stolun üstündə lap körpəcə oğlan uşağı zarıyırdı. Uşağın ətrafında xeyli adam vardı. Həkim uşağın nəbzini yoxladı. Şəfqət bacısına onun qollarını hərəkət etdirməyi tapşırdı. Özü isə körpənin ağzını açdı, dilini ehtiyatla düzəltdi. Şöbənin işçiləri sakitcə həkimlə şəfqət bacısının hərəkətlərini izləyirdilər. Bir azdan həkim başını qaldırdı.
- Yaşayacaq, - dedi. Ona ana südü lazımdır. Həkimin dediyi bu söz elə bil ki, mayor Məmilini yuxudan ayıltdı.
- Leytenant Nəbiyev, - tez bizim evə get, Gülsüm bacını götürüb gəl. Uşağa əski götürməyi unutmasın, dedi.
Gülsüm mayor Məmilinin həyat yoldaşıdır. İki həftə olar ki, onların bir qızı dünyaya gəlib. Mayor Məmili əməliyyat işçilərini öz kabinetinə dəvət etdi. Uşağı küçədən tapan süpürgəçi Mələk arvadı da çağırtdırdı.
- Danışın görək, uşağı hardan tapdınız, - deyə mayor Məmili ona sual verdi.
- Yoldaş nəçənnik. Küçələri süpürmək üçün tezdən oyanmışdım. Lakin yağış yağdığından küçəni süpürmək mümkün olmadı. Dedim, heç olmasa zibil yeşiklərini sahmana salım, ətrafını yığışdırım. Yeşiklərə yaxınlaşanda bağlamaya oxşar bir şey gördüm. Ətim ürpəşdi. Bu zibilə oxşamırdı. Ətrafa boylandım. Gözümə heç kim dəymədi. Özümü ələ alıb yaxınlaşdım həmin bağlamaya. Gözlərimə inanmadım. Bu, cır-cındıra bükülmüş uşaq idi. Boğazına qadın corabı keçirilmişdi, sifəti qap-qara idi. Tez corabı açdım uşağın boynundan və qaçdım şöbə növbətçisinin yanına. Sonrası sizə aydındır, yoldaş nəçənnik.
- Mələk bacı, uşaq lap körpədir. Həkimin dediyinə görə, iki-üç həftəlik olar. Siz bu ətrafın adamlarını yaxşı tanıyırsınız. Bu yaxınlarda uşağı olanlardan kimi tanıyırsan?
- Ay başına dönüm. Müharibənin bu qızğın çağında tək-tük qadının uşağı olur. Onlar da əsgər ailələridir. Ordudan təxris olunanlardandırlar.
- Yenə yadına sal. Hamilə qadınları küçədə görməmiş olmazsan. Axı, hamiləliyi gizlətmək olmaz. Nə qədər gizlətsə, yenə də siz yaşlı qadınların gözündən yayına bilməz.
- Yaxşı, ay nəçənnik. Soraqlaşaram. Bir şey öyrənsəm, sizə bildirərəm.
Mələk arvad çıxdıqdan sonra mayor Məmili öz işçilərinə tapşırıq verib, növbətçi otağına keçdi. Arvadı Gülsüm uşağı qucağında tutmuşdu. Yazıq körpənin gözləri yarım bükülü idi.
- Gülsüm, uşağa süd veribsənmi, - deyə arvadından soruşdu.
- Əlbəttə, ay Əmrah. Üst-başını təmizlədim. Bədəni hələ də titrəyir. Yazıq körpə. İcazə versən evə aparardım. Elə Dilbərlə bir olar gün hesabı ilə.
- Bir az gözlə, Gülsüm, - deyib öz kabinetinə qayıtdı.
Prokurora zəng etdi. Hadisəni olduğu kimi danışdı. Üstəlik Gülsümün arzusunu da ona dedi. Prokuror icazə verdi uşağı evə aparmağa, lakin akt tərtib etməyi, həmçinin əməliyyatın gedişi ilə onu tanış etməyi tapşırdı.
Mayor Əmrah Məmili növbətçi leytenantı çağırdı və akt tərtib edib uşağı onlara aparmağı tapşırdı. Özü isə dərin fikrə daldı. Bu hadisəni xəyalında çək-çevir etdi. Səbəbini yüz yerə yozdu. Lakin bir qərara gələ bilmədi. Ana öz dogma balasını boğa bilməz. Ona ana ürəyi yol verməz, ana əli qalxmaz. Bəs, kim boğub bu körpəni və ölmüş bilib atıb zibil yeşiyinin yanına. Yox, bu ana işi deyil. Bu həyatda ən qəddar adamın işidir.
Uzun illər onların da övladı olmamışdı. Hər körpə uşaq görəndə ürəyi döyünmüşdü, sifəti avazımışdı. Hələ arvadı Gülsümü demə. O, da uşaqlı qadın görəndə sifəti tutulardı, Allahdan bir övlad istəyərdi ürəyindən.
Dilbərin həyata gəlməsi kişini lap cavanlaşdırmışdı. Həyat onun gözündə gözəlləşmişdi. Bircə bu müharibə tez qurtaraydı. Camaat deyib-güləydi, uşaqlar xoşbəxt böyüyərdi.
Hadisədən on gün keçmişdi. Körpənin anasını tapmaq hələlik mümkün olmamışdı. Gülsüm isə uşağa elə isinmişdi ki, elə bil dogma balası bir yox, iki idi. Uşaq ağ sifət, iri gözlü idi. Dilbərə oxşayırdı. Elə körpələr çox vaxt bir-birinə oxşayırlar...
Adəti üzrə işə gələn mayor Məmili onu gözləyən Mələk arvadı gördü.
- Ay nəçənnik, uşağın anasını tapmışam, - dedi Mələk arvad.
- Keçin içəri, kabinetdə danışarsınız.
- Nə deyirəm, ay başına dönüm, keçim də.
Mələk arvad mayorun arxasınca keçdi kabinetə. Məmili ona yer göstərdi.
- İndi de görüm kimdir uşağın anası, - soruşdu mayor Məmili.
- Uşağın anası cavan bir gəlindir. İcazə versəniz çağıraram, yanınıza, özünüz soruşarsınız.
- Yaxşı, çağırın gəlsin.
Mayor Məmili göstəriş verdi növbətçiyə, lazım olan əməkdaşları çağırtdırdı yanına.
Bir azdan otağa Mələk arvadla, 23-24 yaşlarında orta boylu, girdə sifətli, bənizi solğun bir qadın daxil oldu. Əynində çox köhnə paltar var idi. Başındakı yaylığın yuyulmaqdan rəngi tamam getmişdi. İlk baxışdan aydın olurdu ki, bu qadın qatil ola bilməz. Nə isə hər ürək bir sirrdir. O sirri öyrənmək isə çox çətindir.
- Buyurun, danışın hadisə necə olub, - dedi şöbə rəisi mayor Məmili həmin qadına.
Qadın dözmədi ona dikilən məzəmmətli baxışlara, ağladı hönkürtü ilə. Mələk arvad onu sakitləşdirdi.
- Uşaq mənimdir. Qanunsuz doğmuşam onu. On səkkiz gün idi ki, olmuşdu. Özümə çörək tapa bilmirdim. Əvvəllər orada-burada, onun-bunun qapısında işləyirdim səhərdən-axşama, bir qarın çörəyə. Uşaq olandan sonra mən haraya gedəydim, kim mənə uşaqla iş verərdi. Bu on səkkiz gündə su ilə dolandım, bəzən gecələr o biri küçələrdə diləndim. Buna da dözə bilmədim. Mənə çox pis baxırdılar. Bir də ki, heç onların da özlərinə çatacaq çörəkləri yox idi, mənə nə verəydilər.
Odur ki, corabımı doladım uşağın boğazına, atdım zibilliyə. Daha dözə bilmədim. Onun gözüm görə-görə ölməsini görməkdən, acından səhərə qədər kəsilməyən cığırtısını eşitməkdənsə, gözümdən uzaq zibillikdə ölməsini istədim. Daha bacarmadım onun ağlamasına dözməyi. Qonşular ağlamasını eşitməsin deyə onu döşümə sıxıb otururdum evdə. Qadın qəşş edib yıxıldı yerə. Mələk arvad tez özünü atdı onun üstünə, su gətirdilər. Bir azdan özünə gəldi qadın. O ağlayırdı, səssiz-səmirsiz. Yanırdı odsuz-alovsuz.
- Adınız, familiyanız? - deyə soruşdu mayor Məmili.
Qadın adını dedi. Bəzi məsələləri aydınlaşdırdılar.
- Uşağınız sağdır, istəyirsiniz onu?
- Uşağın sağ qalmasını da bilirəm, sizdə olmasını da. Ancaq onu saxlaya bilmərəm. Bu sizə aydın deyilmi? Çörək yoxdur, yoldaş nəçənnik, çörək. Kim istəyirsə, qoy götürüb saxlasın, etirazım yoxdur. Məndə olsa acından gözümün qabağında, öz əllərimin üstündə öləcək. Elə mən də öləcəyəm acından.
- Çıxın bir az bayırda gözləyin, - dedi rəis qadına. Evə zəng çaldı. Gülsümə hadisəni danışdı. Uşağı oğulluğa götürməyi ondan xahiş etdi. İş belə olanda mayor Məmili zəng vurdu prokurora, ondan uşağı oğulluğa götürməyə icazə istədi.
- Qanuni yolla sənədləşdirin, - dedi ona prokuror. Prokurorun göstərişini və arvadı Gülsümün istəyini dedi şöbənin əməkdaşlarına, hamı razı oldu.
Qadını çağırdılar yenidən otağa. Mayor Məmili öz fikrini dedi ona. Qadın razı oldu. Lazımi sənədlər hazırlandı. Körpə oldu Məmiligilin oğlu. Adını qoydular Məcnun. Məcnun Dilbərlə bərabər böyüyürdü. Müharibə qurtarmışdı. Günəşli camaatı dinc quruculuq işinə başlamışdı. Hər şey öz qaydasında idi. Bir axşam çağı onların qapısı döyüldü. Qapını Məmili özü açdı. Qapıda həmin qadın dayanmışdı. O, duruxdu. Bu illər ərzində heç onu görməmişdi.
- Buyurun içəri, - deyə qadını evə dəvət etdi.
- Yox, keçməyəcəm. Gəlmişəm oğlumu aparmağa.
- Siz nə danışırsınız? O, sizi heç tanımır. Bir də ki, siz öz razılığınızla ondan imtina etmişsiniz. Axı, siz onu atmışdınız zibilliyə.
- O vaxtlar keçib. İndi çörək boldur, - dedi qadın. Səsə Gülsüm gəldi. Nə qədər dedilərsə, nə qadın içəri girdi, nə də dediyindən döndü.
- Yaxşı, səhər gəlin şöbəyə, danışarıq, - dedi Məmili qadına.
Səhər Məmili hadisəni olduğu kimi öz rəisinə danışdı. Məsləhət bildilər ki, işə məhkəmədə baxılsın.
Məhkəmədə Məcnun qadını tanımadığını bildirdi. Onun ata-anasının Əmrahla Gülsüm olduğunu söylədi. Qanun da Məcnunun tərəfində idi. Rəis belə məsləhət gördü ki, mayor Məmili dəyişdirilsin başqa rayona. O, razı oldu.
İllər keçdi. İndi mayor Məmili artıq əmək istirahətindədir, təqaüdçüdür. Lakin meyvəçilik sovxozunda hesabdar işləyir. Gülsüm xala Dilbəri köçürüb ər evinə. Məcnuna da toy edib çoxdan.
İndi Məcnun təyyarəçidir. Özünün övladları var. Gülsüm xala gedib aylarla onun yanında qalır, nəvələrini lap çox istəyir.
Əmrah Məmili arzu edir ki, bir daha dava olmasın. Onda belə cinayətlər olmaz. Aclığın üzü qara olsun. Ananı qatil edən də bu müharibədir, qanlı-qadalı müharibə".
Hekayənin son cümləsi, yəni baş verən hadisəni müharibənin fəsadları ilə bağlamaq, yazıçının son dərəcə humanist ruhlu olmasının təzahürüdür. Lakin heç bir hal "ana" adlandıra bilmədiyim ikiayaqlı dişilər sinfindən olanlara yeni doğulmuş körpənin həyatına qəsd edərək boğmaq, şaxtalı havada zibilliyə atmaq və digər bu kimi əməllərə haqq qazandıra bilməz. Yaşayışını eyş-işrət, əyləncə, gün ərzində min bir cür intim zövqlər (kiminlə gəldi) dadaraq yaşayan ikiayaqlılar sinfi təsadüfən uşağa qalanda, bu cür cinayətlər də çoxalacaq. Zatən qeyd etdiyim stereotiplərdə analıq ruhu, hissi, fədakarlığı yoxdur.
Unutmayın, hər uşaq dünyaya gətirən qadın cinsinə məxsus ikiayaqlı ana ola bilməz!