NAĞIL DİLLİ YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
45560 | 2018-09-12 00:09
BAXIŞ BUCAĞI

Payıza köklənmişəm


Belə baxanda əslində günlər bir-birindən o qədər də fərqlənmir. Necə deyərlər, səhər naxıra, axşam axura... Bax, belə bir ömür hər gün təkrarlanır və biz də təkrarlanan ömürdə metro eskalatoru kimi durmadan fırlanırıq - yuxarıdan aşağı, aşağıdan yuxarı...
Bəli, bir-birindən fərqlənməyən bu ömürdə irad tutulası, qeybəti ediləsi çox şeylər var. Bu da təbii ki, reallıqla, hadisələrdən baş çıxarmaqla, zamana uyğunlaşmaqla, lap loru dildə desəm, çayın axarına qoşulub getməklə bağlıdır. Təəssüf ki, biz bəzən axına qarşı üzməyə çalışırıq. Elə bilirik ki, nəyisə dəyişəcəyik, nəyisə yerinə qoyacağıq. Amma unuduruq ki, biz fərdik və fərd olaraq heç nəyi kökündən dəyişə bilmərik. Olsa-olsa, bir restavrasiyaya gücümüz çatar.
Doğrudur, insan bəzən özünü fövqəlgüc hesab edir, amma bu gücün qarşılığı olaraq aldığı zərbələr çox şeyi alt-üst edir...
İndi ömrün elə bir vaxtı, zamanın elə bir nöqtəsindəyik ki, özümüz də hiss etmədən tökülən yarpaqları seyr edirik. Bu bütün mənalarda yarpaq tökümüdü - həm ağacların, həm çiçəklərin, həm otların, həm də elə insanların. Şərt o deyil ki, insan bu dünyaya əlvida desin. Yox, söhbət burda məcazi yarpaq tökümündən gedir. O yarpaq tökümündən ki, ömrün payızı sənə xatirələr danışır, xatirələr pıçıldayır və sən özün də hiss etmədən saralan yarpaqlarda gəncliyini, dünənini axtarırsan. O gəncliyi, o dünəni ki, onda səsin də dağ şəlaləsi kimi çağlayırdı, onda gücün də sənə tabe olmaq istəmirdi. Və sən elə bilirdin ki, elə həmişə belə də olacaq. Lakin...

Uzaqdan yad kimi baxıb,
Yanımdan dinməz keçirsən.
Payızı gözünə yığıb
Durna tək sən də köçürsən.

Qəriblik küləyi əsir,
Kirpiklərinin ucundan.
Payız uşaq tək tələsir -
Tellər yolmağa saçımdan.

Elə bil ətraf köklənir
Xatirə notları üstə.
Payızda içim təklənir -
Bu cürə olur hər kəsdə?!

Baxışın xəzəl dilidi,
Payızın tilsimin açır...
Xatirələr təsəllidi -
Qayıdır üstümə qaçır.

***
Dağlara baxıram, artıq başının üstünü azacıq da olsa qar alıb. Hava da sübh çağı və gecələr soyuq olur. Elə bil ki, qış da özünü hiss etdirməyə çalışır. Amma hələ payızdır. Mən Haramı düzünün ən yüksək yerində dayanıb üzü dağlara - Ərgünəşə baxıram. Kəndimiz ovuc içi kimi görünür. Hətta bir az da ciddi diqqət yetirəndə yarpaqların rəngini də seçmək olur. Hərbçi binoklu mənə bu mənzərəni seyr etmək imkanı verir.
Amma çox təəssüf ki, seyr etdiyim mənzərədən yalnız kövrəlirəm. Çünki bu tanış mənzərə məni uzaqlara aparır. Daha doğrusu, özünə doğru çağırır, səsləyir. Və mən yerində donub qalmış Allah bəndəsi kimi öz gücsüzlüyümdən xəcalət çəkirəm. Yeriyə bilmirəm kəndimizə tərəf. Yeriyə bilməməyimin də səbəbi gün kimi aydındır. Nə olsun...
Hə, kəndimə baxıram... Yaddaşım vərəqlənir və elə bilirəm ki, bu vərəqlənən yaddaş da səhifə-səhifə qopur, çünki ora heç nə yazılmır. Ancaq göz yaşı axır içimə... Ancaq və ancaq dünəndi, bu gün yoxdu içimdə. Elə mən özüm də bu gün yoxam. Böyük Nəsimi demişkən, ruhum çoxdan gedib, cismim qalıb. O da ayaq üstə gəzən bir kölgə. İlahi, bu hesabla nə qədər yeriyən kölgələr var bu məmləkətdə?!

Mən yaşayan halların
Çözümü yoxdur, Allah?!
Bu hallara qəlbimin-
Dözümü yoxdur - Allah!

Yaşat, ya da ki, üz gəl
Dərdi sıraya düz gəl!..
Onun deməyə özgə-
Sözümü yoxdur, Allah!

Sən verən məhəbbətin
Tapıblar qəbahəting
Gözündə Əbülfətin -
Özümü yoxdur Allah!...

***
Gecənin qaranlığıdı. Daha doğrusu, hamı indi evində, ocağının başında iş gününün ağrı-acısını canından çıxarır, bacardığı kimi. Mən sahilə enmişəm. Dəli bir külək at çapır sahildə. Cilovsuz bir at. İşıqlar bütün sahili elə nura boyayıb ki, heç nə gözdən yayınmır. Xəzər də bu dəli küləkdən qorxubmuş kimi səsini içində boğur. Heç ləpələrin pıçıltısı da eşidilmir. Amma dənizə düşən işıqların altında görünür qağayılar. Mən ilk dəfədi ki, qaranlıqda, qağayıların bu qədər bir yerə toplaşdığını görürəm. Görünür onlar da dənizin sakitliyindən, gecənin qaranlığından beləcə istifadə edirlər...
Adamlar da seyrəkdi sahildə. Bilmirəm küləkdən qorxublar, soyuqdan çəkiniblər... bilmirəm bu payız gecəsinin ağırlığı onları öz içlərinə çəkib. Amma hər nədisə sahil yaman adamsızdı. Heç belə görməmişdim sahili. Barmaqla sayılacaq qədər adam var sahildə...
Başımı qaldırıb göy üzünə baxıram. Ağ buludlar şəhər tərəfdən dənizə doğru elə axıb gəlir ki, sanki onlar da dənizdə çimməyə və bu sakitliyin içərisində qərq olmağa can atırlar. İnanın ki, bir anlıq içimdən özümü dənizə atmaq, elə bu sakitliyin içərisində əriyib getmək gəlib keçdi. Amma o səs qoymadı. Lap yaxından eşitdim o səsi. Elə bil qoluma girib mənimlə yanaşı addımlayırdı sahil boyu. Və mən o səsi görmək üçün boylandım, görə bilmədim. Aşkarca eşitdiyim səs sanki qulağıma qışqırırmış kimi həyəcanlı bir şəkildə "nə edirsən? Dedi, "nə düşünürsən?" söylədi. Və mən bilmədim necə cavab verim. Bir göz qırpımı an içində dayandım. Və həmin o an içində də düşündüm. Doğrudan da ağlımdan gəlib keçən ona necə məlum oldu? Hardan hiss etdi bunu? Axı o yanımda yoxdu. Öz sualıma özüm də cavab verdim:
- Onun olmadığı yer varmı? Mən hardayamsa, elə orda deyilmi?
Öz cavabımdan özüm də məmnun qaldım. Və bu məmnunluq içərisində son günlərdə yazdığım misraları xatırladım. O misraları da ona yazmışdım. Yazmışdım ki:

Mən sahildə tək ağac
Gəl yanımda ək ağac!
Ya da düşün, çək ağac-
Şəklini ürəyimdə...

Sər saçını yelə, çək
Əllərini telə çək
Sən adımı elə çək-
Titrəsin ürəyim də...

Ömrümə işıq tək sız
Mənə əzab verən qız!...
Sevginin rəsmini cız-
Görünsün ürəyi də!..

Bəli, yəqin bu misraları oxuyub içinizdəki qəribə sualların cavabını axtaracaqsınız. Bu mütləq belə olacaq. Çünki biz daha çox sözün üst qatına, sözün görünən tərəfinə meyil göstəririk, qulp qoyuruq. Dərinliyə enmək, alt qata işıq salmaq bizi yorur. Ona görə qaçırıq dərinliklərdən. Mən isə bütün hallarda gecənin bu çağında, Xəzərin səssiz sahilində qoluma girib mənimlə yanaşı addımlayan o səsin özünü düşünə-düşünə üzümə toxunan yarpağı çiynimdən götürürəm. Xan çinarın yarpağıdı... sapsarı... Bəli, yarpaq yağışı başlayıb... Payızın yarpaq yağışı... Düşünə bilərsiniz ki, dünya fırlanır, fəsillər bir-birini əvəz edir...
Bəli, bu bir gerçək. Onu kimsə dana bilməz. Amma ömrün bir payızı da yarpaq yağışına tuş gəlir. Və yanındakı səsin titrədiyini hiss edirəm:
- Bu payız sənə nəyisə xatırlatmır ki?
Nə cavab verəcəyimi bilmirəm. Amma yazı-pozu qabiliyyətim köməyimə çatır. Elə hamının düşündüyünü mən də dilə gətirirəm:
- Payız ki, bir nöqtədə durub qalmayacaq. O da ötüb gedəcək, yenə yaz gələcək... ömrün yazı...
Və mən... Elə bu düşüncələrin içərisində bir sızıltının ürəyimin sarı siminə necə toxunduğunu da hiss edirəm.
Əməlli-başlı göynəyir, ağrıyır ürəyim. Bu ağrının bir ucu da payıza gedib çıxır. O payıza ki, mənim də ömrümə gəlib. Və mən o payızı həmişəki ovqatla qarşılaya bilmirəm. Yaşadıqlarım, yaşamağa məhkum olduqlarım və mənə yaşadılanlar dinclik vermir ürəyimə... Hətta ürəyimin yaşadığı payıza da... Mən indi az qala üsyan etmək istəyirəm... Elə bir üsyan ki, payızı da alt-üst etsin, ürəyimi də. Lakin gücsüzəm. Bacara bilmirəm üsyan etməyi də. Ən yaxşı halda gücüm sözə, kağıza, qələmə çatır. Təəssüf ki, indi sözlərin çoxunu külək aparır, elə kağızların da. Qələm isə hər rəngdə yazmaq gücündədi. Deməli, yenə yük düşür ürəyə. Mən də ürəyin qənimi. Təbii ki, öz ürəyimin. Elə qənimi olduğum bu ürəyin bir küncündə həmin o hər rəngdə yazmağı bacaran qələmlə cızmışam:

Şəklini
çəkmək istəyirəm
fırçayla yox
gözlərim ilə...
bax belə-
ovcumun içində
çiçəklənmiş saçların
və bir də
təbəssümün...
sən
əgər istəsən
kənardan
bir nəzər sal elə
görmək üçün
gözlərini,
dodaqlarını
şəkildəki düzümün...
bil ki,
bu şəkil
səni deyə bilmərəm
çox xoşuma gəlir
vallah
mənim özümün!..

Hə, mən bu payız gecəsində Xəzərin sahilində qoluna girib addımladığım səsin, ürəyimdə daşıdığım sevginin mənə nələr söylədiklərinin hamısını yaza bilmirəm. Daha doğrusu, yazmaq istəmirəm. Çünki nağıl uzananda dinləyici bəzən yuxuya gedir. İstəmirəm bu nağıl kimlərisə yatırtsın. Ona görə də...
Bu da nağılın sonu. Əslində bu nağıl deyildi. Elə beləcə nağıldan bir yarpaq idi. Necə saraldı, necə soldu xəbərim olmadı. Bir də baxıb gördüm ki, saplağından üzülür. Üzülmə məqamında bir pıçıltı gəldi dilimə - ümidli, işıqlı bir pıçıltı. Onu da şeirə çevirdim və yazdım. Oxuyun, bu payız nağılının son bəndi kimi...


TƏQVİM / ARXİV