adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Sentyabr 2018 00:26
73697
LAYİHƏ
A- A+

O, əsl insan idi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Mən yazıçı Əlfi Qasımov haqqında nə zamandan bəridir ki, öz xatirələrimi yazmaq istəmişəm. Ancaq əlim gəlməyib. Daha doğrusu, ehtiyar eləmişəm. Ümumxalq hörməti qazanmış bir yazıçının şəxsiyyətinə kölgə salacağımdan ehtiyatlanmışam. Ancaq nahaq... O, mənim üçün həqiqi mənəvi ata idi.
Onun adını ilk dəfə 1970-ci ilin martında, Şamaxıda pedoqoji məktəbin sonuncu kursunda oxuyanda eşitmişdim. O vaxt "Ağ saçlı qız" adlı bir hekayə yazmışdım. Qrupumuzun qızları da yaman bəyənmişdilər. Bax, onda ədəbiyyat müəllimimiz Baxış müəllim dedi:
-Əlisəfa, hekayəni mən də bəyəndim. Gəlsənə, belə edək... Mənim Bakıda bir yazıçı dostum var. Eşitmiş olarsan - Əlfi Qasımov. Onun yanına gedib yazılarını göstərərsən. Deyəsən, səndən bir şey çıxacaq...
Onda iş elə gətirdi ki, Əlfi müəllimlə görüşə bilmədim. Əsgərliyə getdim. Amma ilk yazı təcrübələrimi hələ də davam etdirirdim. Əsgərlik dostlarım bütün əlyazmalarımı oxuyurdular... Bəzən hətta öz sevgililərinə yollamaq üçün mənə sevgi şerləri də yazdırardılar...
Günlərin birində bacım Amalyaya həsr etdiyim "Aran gözəli" hekayəmi Baxış müəllimin zamanında dediklərini xatırlayaraq Yazıçılar İttifaqına, Əlfi Qasımova göndərdim. Daha dəqiq desəm, bizim hərbi hissəyə ölkənin hər yerindən bir çox qəzetlər, o cümlədən "Azərbaycan gəncləri" qəzeti də gəlirdi. Qəzetin bir nömrəsində Sumqayıtda gənclərin Əlfi Qasımovla görüşündən bəhs edən bir yazı vardı. Yazıçı gənc şairlərin bir neçəsinə uğurlu yol arzulayıb şerlərini qəzetdə dərc etdirmişdi. Mən də elə bundan ruhlanaraq şerlərimin üstünə kiçik bir izahat məktubu əlavə edib ona yolladım.
Cavab məktubu Dövlət Mətbuat komitəsindən gəldi. Demə, Əlfi Qasımov orada işləyirmiş. Özü də bu xoş xəbəri mart ayında eşitdim. Günlərin birində növbətçi məni komandirin yanına çağırdı. Masasını üstündə böyük bir məktub vardı. Üstündə "Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuat Komitəsi" yazılmışdı. Komandirlərim elə bilmişdilər ki, mən də bəziləri kimi, rəhbər orqanlara şikayət yazmışam, indi də cavabı gəlib. Tez vəziyyəti ona izah elədim ki, arxayınlaşsın.
Nə isə... Əlfi Qasımovun cavab məktubu məni tanıyanlar arasında böyük əks-səda doğurdu. Məcbur olub əsgərlik yoldaşlarıma həmin məktubu tərcümə də elədim. Əlfi müəllim yazılarımın uğurlu və nöqsanlı cəhətlərini göstərir, mənim şerdən çox, nəsr sahəsində fəaliyyət göstərməyimi istəyirdi. Yazıçı həm də məni və əsgər yoldaşlarımı Novruz bayramı münasibətilə təbrik edirdi...
Ondan sonra bir az da ruhlandım və Əlfi müəllimə daha bir neçə hekayəmi göndərdim. Az sonra cavab məktubu aldım. İlk məktub xüsusi blankda, makina yazısıyla idi. Bu dəfəki məktub isə adi vərəqdə, əllə yazılmışdı. Həmin məktub ində də arxivimdədir. Əlfi müəllim "Cənublu oğlan" hekayəmin "Azərbaycan gəncləri" qəzetində dərc ediləcəyini yazırdı və bunun üçün tərcümeyi-halımı, əsgər şəklimi istəyirdi.
Üzbəüz görüşümüz isə əskərlikdən sonra oldu. Sənədlərimi Universitetin hüquq fakültəsinə vermişdim, imtahanlardan üzüağ çıxaraq tələbə olmuşdum və keyfimin çox kök vaxtı idi. Günlərin birində özümə söz verdim ki, Əlfi müəllimi tapacam. Bircə onu bilirdim ki, Mətbuat Komitəsi Əliheydər Qarayev küçəsindədir. Gəzə-gəzə gəlib ora çıxdım. Qapıdan keçib ikinci mərtəbəyə qalxdım, sıxıla-sıxıla Əlfi Qasımovu soruşdum. Üzərində "Nəşriyyat idarəsinin rəisi" yazılmış qapını göstərdilər. Hiss elədim ki, içəridə adam çoxdur. Amma rayona qayıdacağımdan qapını tıqqıldadıb açdım, salamlaşdım və Əlfi Qasımovu görmək istədiyimi bildirdim. İçəridə təxminən on adam vardı. Baş tərəfdə əyləşən güləş, şux kişi dərhal soruşdu:
-Ə, əsgər oğlan deyilsən ki?
-Bəli, - dedim.
O, sevincək:
-Ə, bəri gəl görüşək, - dedi.
Mən dərhal irəli gedib onun əlini sıxdım və başa düşdüm ki, nə vaxtdan bəri görüşmək arzusunda olduğum yazıçı Əlfi Qasımov elə bu kişidir. Yəqin ona göndərdiyim əsgər şəklimdən tanımışdı məni. Şad halda yoldaşlarına da təqdim etdi məni:
-Tanış olun, Kürdəmirdəndir. Əlisəfa Azayev. Əsgər dostumdur. Hərbi xidmətdən yazmışdı mənə. O vaxtdan tanışıq Ədəbiyyat həvəskarıdır. Gözəl hekayələr yazır.
Sonra otaqdakılar bir-bir qapıdan çıxdılar. Tək qaldıq. Üzrxahlıq edərək dedi:
-Gərək bağışlayasan, hələlik sözümə əməl edə bilməmişəm. Xaricdə idim - Avstriyada. Bugünlərdə dönmüşəm. Amma arxayın ol, sözümüz sözdür - hekayən lap yaxın zamanlarda "Azərbaycan gəncləri"ndə çıxacaq.
Mən də razılıq edərək sevincimi onunla bölüşdüm - hüquq fakültəsinin qiyabi şöbəsinə qəbul olunduğumu söylədim. İlahi, necə sevindi! Elə bil öz doğma oğlu idi universitetə qəbul olan...
Həmin görüşdən bir-iki ay sonra mənim hekayəm və əsgər şəklim Əlfi Qasımovun "Uğur olsun, əsgər oğlan!" yazısıyla birgə qəzetdə dərc olundu. Hekayənin adını Əlfi müəllim dəyişib "Xatirə" qoymuşdu. Səhərisi gün müəllim işlədiyim Ərəbxana kənd orta məktəbində dərs dediyim üçüncü sinif şagirdlərini də çox sevincək gördüm. Hərəsinin əlində həmin qəzetdən biri vardı - evlərindən gətirmişdilər. O gün mənim üçün əsl toy-bayrama çevrildi. İlk övladımızın da adını Xatirə qoyduq. İndi söz düşəndə deyirik ki, sənin adını yazıçı Əlfi Qasımov qoyub...
Əlfi müəllimin həmin yazısı mənim üçün ədəbi aləmə əsl pasport oldu. Sonralar həm rayon, həm də respublika qəzetlərində müntəzəm çap olunmağa başladım... Amma Əlfi müəllimlə yazışmalarımız davam edirdi və həmin məktubların biri də itməyib, hamısını göz bəbəyi kimi qoruyuram.
20 noyabr 1975-ci il tarixli məktubundan: "Hörmətli Əlisəfa! Salamlar. Mən sənin "Ata həsrəti" hekayənə balaca əl gəzdirib "Azərbaycan qadını" jurnalına verdim. Öz əlyazmanı (mənim üzərində işlədiyimi) və makinada yazdırdığım hər iki nüsxəni tanışlıq üçün sənə göndərirəm... Evdəkilərə, dostlara məndən salam de... Yaltaya, yaradıcılıq evinə gedirəm. Gələn ayın sonu Bakıda olacam. Gələn kimi jurnala zəng çalıb maraqlanacam. Elə bilirəm, yaxşıdır, mütləq gedəcək".
2 fevral 1978-ci il tarixli teleqramından: " Əzizim Əlisəfa, birincisi, səhər "Azərbaycan gəncləri" qəzetində hekayəni oxuyarsan, ikincisi, sənin hekayələr kitabın 1979-cu ilin planına salınıb. Mütləq yanıma gəl".
Səhər həqiqətən də sonralar "Yeddi il sonra" adlı kitabımda çap olunan "Əminə" hekayəmi qəzetdə oxudum və kitab nəşri ilə əlaqədar işlərimi qaydaya salmaq üçün şəhərə yola düşdüm.
1979-cu ildə yazıçı Əlfi Qasımovun ön sözü ilə mənim "Yeddi il sonra" hekayələr kitabım "Gənclik" nəşriyyatında işıq üzü gördü. Bəlkə də o günlər məndən çox Əlfi Qasımov sevinirdi. O dəfələrlə üzümə demişdi ki, yaradıcılığıma ümidlə yanaşır, mənimlə fəxr edir. Bunu mənə olan münasibətindən də hiss edirdim. O, həmişə məni tanışlarına, dostlarına "Əsgər oğlanla tanış olun!..." deyə təqdim edərdi. Və "dostumdur" deməyi də heç vaxt unutmazdı. Onda hüquq fakültəsi hələ köhnə binada idi. Bir dəfə onunla böyük şairimiz Hüseyn Cavidin xatirə lövhəsi vurulmuş qapının önündə rastlaşdıq. Bilirdim ki, böyük oğlu İlqar şərqşünaslıq fakültəsində oxuyurdu. Onun dərsləriylə maraqlanmağa gəlmişdi. Məni görcək ayaq saxladı, ailəmizi soruşdu, yaradıcılığımla maraqlandı. Tapşırdı ki, hər dəfə Bakıya gələndə onunla görüşüm...
Mən hüquq fakültəsini bitirdim, lakin ixtisasım üzrə işə düzəlmək problemə çevrildi. Bu, elə bil Əlfi müəllimi məndən artıq sıxırdı. Söhbət düşəndə, deyirdi:
-Axı nə üçün. Zəhmət çəkmisən. Sistemdə olsan, həyatın ən qaynar yerinə düşərsən, daha yaxşı yazarsan.

(ardı gələn sayımızda)

Əlisəfa Azayev