adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Yalançı Qarabağ ümidi - “Alınmadı, rəis!..”

9677 | 2018-09-12 10:11
Ümid vacib psixoloji amildir. Adətən deyirik ki, Allahın insana bəxş etdiyi ümid sonuncu ölür.
Amma Nitsşenin ümid haqqında fərqli fikirləri var. Onun düşüncəsində ümidi insanlara bizim təsəvvürümüzdə olan Allah bəxş etməyib. Düzdür, Nitsşenin dediyini də allah bağışlayıb, amma Zevs adlı allah. Pandora fəlakətlər qutusunu açıb yer üzünə səpəndə son anda Zevsin iradəsi ilə qutunu bağlayır və orada bir fəlakət qalır. Zevs bu fəlakəti bəzəkli edir, insanlara xoş gəlməsini istəyir: "Məhz Zevs istəyirdi ki, fəlakətlər insana nə qədər əzab versə də, o, həyatı buraxmasın, həmişə fəlakətin yenidən ona əzab verməyinə imkan versin. Bunun üçün o, insana ümid verdi. Ümid əslində xəstəlikdir, insan əzablarının uzanmasına xidmət edir”.

Azərbaycanın 25 ildir apardığı Qarabağ siyasətinə xalqın ümidi Pandoranın qutusundakı fəlakət ümididir. Onun bu ümidi Qarabağdan bizi daha da uzaqlaşdırır, yenidən Qarabağ fəlakətinin əzabını yaşamağa məcbur edir. Ermənistanda məxməri inqilab nəticəsində Paşinyan hakimiyyətə gələndən sonra Pandoranın fəlakət ümidi daha bəzəkli formada xalqa sırınmağa başladı. Hələ ilk gündən "Ümidini Paşinyan – Putin savaşına bağlayanlar” yazısında yanlış düşüncənin kütlənin beyninə yeridilməsinin zərəri və zədəsi haqqında təhlili nəzərinizə çatdırmışdıq. Amma təcrübəli diplomatların indi də "Rusiya – Ermənistan qarşıdurması” fantaziyasına sadəlövhcəsinə inanması, "Rusiyanın Ermənistanda marağının qalmaması” kimi mülahizələri göstərir ki, Azərbaycan həqiqətən atəşkəsdən bəri yanlış Qarabağ siyasəti aparıb.

8 sentyabrda Paşinyanın Putinlə Kreml söhbəti bu cür düşüncələrin və bundan qaynaqlanan yanlış ümidin suya düşməsi ilə yekunlaşdı. Putin Paşinyanı Kremldə yüksək səviyyədə qarşıladı və yola saldı, hər ikisinin üzündə sevinc təbəssümləri parlayırdı. Əlbəttə, dalaşası deyildilər, amma bu parıltılı təbəssüm diplomatiyada vacib elementdir və nəticə çıxarmağa imkan verir. Bu, razılaşma işarəsidir.

Paşinyanla görüşdən bir gün əvvəl Putin Tehranda Ərdoğana sifət göstərdi, dediklərini qəbul etmədi, Ərdoğanın da üzündən bütün görüş zamanı zəhrimar yağdı. Ərdoğanı Türkiyənin minillik düşmənləri – farsla rus qapı arxasında qoydular, əsl simalarını göstərdilər. Ərdoğanın bu illərdə Rusiyaya yönəlik siyasətinin yanlış olduğunu Putin şəxsən özü sübut etdi.

Paşinyanla Putin isə çox rahat və gülərüzlə söhbət apardılar. Putin demək olar ki, Paşinyana yarınırdı – "çoxəsirlik əlaqələrindən, qarşılıqlı hörmətdən, dost xalq olduqlarından” danışırdı. Paşinyan isə deyilənlərə qarşılıq verib sözünü Putinə necə lazımdırsa çatdırdı: "Dostuq, amma bizim daxili işimizə qarışmayın. Biz Qərbə deyil, Qərb dəyərlərinə üz tutmuşuq”…

Paşinyan Moskvaya yola düşməzdən əvvəl Azərbaycanı tam hədələyib güclü əks-zərbə vuracağını bildirdi. Moskvada Putindən ilham alıb, ya da pas alıb Kremlin divarlarından iki metr aralanan kimi erməni biznesmenlərin qarşısında çıxış edib dedi ki, gələcəkdə Qarabağ Ermənistanın bir hissəsi kimi görür. Sələflərinin belə ehtiyatla, sətiraltı dediklərini açıq bildirdi.

Nə oldu? Bəs deyirdiniz Moskva Ermənistanı cəzalandıracaq? Paşinyanın ilk gündən başladığı siyasətdən Kremlin necə ehtiyat etdiyi, narahatlığı açıq görünürdü. Əsas odur ki, Ermənistanın yeni rəhbərliyi onların Moskvadan deyil, Moskvanın onlardan asılı olduğunu, Cənubi Qafqazda forpost rolunda olmadığını konkret sübut etdi.

Moskvanın İrəvana təzyiq vasitələri tükənib. Paşinyan bir gedişlə Köçəryanın da, Köçəryana ümid edən Moskvanın da ümidlərini puça çıxardı. Bəs bizimkilər hansı Pandora ümidi ilə yaşayırdı?

Kiçik bir detal bütün mənzərəni ortaya qoyur. 7 sentyabrda, yəni Putin-Paşinyan görüşündən bir gün əvvəl İTV-də Azərbaycan parlamentinin iki deputatından müsahibə götürülürdü. Müsahiblərdən biri "Paşinyan xəyanətkardır, o, Rusiyaya xəyanət edib. Bunun xəyanətdən başqa adı yoxdur…” deyirdi. Paşinyanı sanki Azərbaycan parlamentinin deputatı deyil, rusiyalı siyasətçi ittiham edirdi. Ardınca: "…və biz də torpaqlarımızı azad etmək üçün…” deyəndə müsahibə kəsildi. Torpaqlarımızın azad edilməsi fikri televiziyada natamam şəkildə çatdırıldı və yazıq cəmiyyət də güman etdi ki, vəzifəli deputat torpaqlarımızın azad edilməsini yalnız Paşinyanın Rusiyaya xəyanəti ilə bağlamaq istəyir.

"Alınmadı, rəis!”. Zatən də ağıllı adamlar bilirdi ki, belə bir situasiya yaranmayacaq. Paşinyan təzə məsələdir. Moskvaya xəyanət etməyən Ter-Petrosyanın, Köçəryanın, Sərkisyanın vaxtında, bu 25 ildə nəyi gözləyirdiniz? Nə vaxtsa erməninin xəyanət edəcəyini?

Bu telemüsahibəni təsadüfən yada salmadım, bu müsahibə, onun təqdim olunma forması Azərbaycanın Qarabağ siyasətinin aynasıdır. Yarımçıq, imitasiya xarakterli və ən əsası sevgisiz…

Paşinyanın mövqeyi Ermənistanı yox, Moskvanı qayğılandırırdı. Artıq Rusiya politoloqları açıq yazırlar ki, "Rusiya postsovet ölkələri ilə münasibətdə demokratiya faktorunu və siyasi dəyərləri nəzərə almalıdır”. Rusiyanı da narahat edən Paşinyanın xalqın çiynində hakimiyyətə gəlməsi və Qərb dəyərlərinə üstünlük verməsidir. Belə çıxır ki, Azərbaycanın da narahatlığının əsasında eyni səbəb dayanır. Və yalnız bu yox.

Moskva mətbuatı yazır: "Ermənistanda keçmiş hakimiyyət və korrupsiya ilə mübarizə rus elitasını narahat edir. Qalan problemlər – KTMT, Ermənistanın başqa ölkələr vasitəsilə silahlanmağa marağı Rusiya hakimiyyətinin əsəbi halına haqq qazandırmaqdan başqa bir şey deyil. Bu əsəbiliyin bir səbəbi var: Moskvanın Ermənistanın siyasətinə heç bir təsir mexanizmi yoxdur – belə bir mexanizm Serj Sərkisyanın vassal hakimiyyəti ilə bərabər ləğv olundu”.

Reallıq budur, cənablar! Etiraf budur!

Son dörd ayda baxın, hansı Pandora ümidi ilə cəmiyyət aldanıb: "Qoy dünya futbol çempionatı qurtarsın, hücum olacaq”, "Paşinyan Gümrüdəki rus qoşununu çıxarmağa hazırlaşır, həmin gün Qarabağın azad olunması başlanır” və bu kimi yalanlar, sonra da "Zəruri tarixi-siyasi şərait yarananda Qarabağı alacağıq”. 25 ildə yaranmadı bu tarixi şərait?

Bu son dörd ayda hərbi ritorika da aradan qalxıb. Yenə hərdən camaat ürəklənirdi ki, "lazım gəlsə, torpaqlarımızı hərbi yolla azad edəcəyik”. İndi bu da yoxa çıxdı. Əvəzində hərbi ritorika ilə Paşinyan danışmağa başlayıb. Moskvaya gedəndə də, Kremldən çıxanda da, Tavuşda da Azərbaycana "sarsıdıcı əks-zərbə” vuracağı ilə hədələdi.

Moskvadan güc alan Paşinyan üç gündən sonra Parisə, Fransa prezidenti Emmanuel Makronla görüşə gedir. Müharibə ritorikasında danışmamağı Makron ona da məsləhət görsə Paşinyan can-başla buna razı olacaq. Onun bu məsləhətdə itirəcəyi heç nə yoxdur. İşğal etdiyi Azərbaycan torpaqlarında rahat qurub-yaratmaqla məşğul olacaq.

Qısası, "Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıracaq” nağılı bitdi. Bizim bu nağılda rolumuz yoxdur. Əksinə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra yaranmış situasiya bizi tam dalana dirəməmiş çevik diplomatik hücum xarakterli yeni siyasət başlansa və cəbhədə Kasprşikin ofisinin adamlarına fikir vermədən düşmən tərəfi silkələyən addımlar atılsa, bəlkə bizimlə də hesablaşan tapıla…

İlham İsmayıl

TƏQVİM / ARXİV