Hadi Rəcəbli: “Digər antimilli ünsürlərin də aqibəti Fəxrəddin Abbaszadəninki kimi olacaq”
Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.
"Mən bu hadisəni alqışlayıram. Bu həbs eybəcər fikirlər səsləndirən Orduxanlara, Qurban Məmmədovlara və digərlərinə dərs olmalıdır. Dövlətimiz əleyhinə çağırışlar edən bu adamlara qarşı da müvafiq addımlar atılmalıdır. Onlar da Azərbaycan dövləti qarşısında cavab verməlidirlər. Ölkəmizin içərisində də buna bənzər saytlar, sosial şəbəkə səhifələri mövcuddur. Dövləti zəiflətmək, tanınmış məmurları nüfuzdan salmaq, dövlət başçısını ləkələmək istiqamətində aparılan işləri təşkil edənlər mütləq cəzalandırılmalıdır. Onlara qarşı da ifşaedici addımlar atılmalıdır”.
"Sonuncu hadisə o deməkdir ki, separatçılar orda-burda boş-boş qışqırmaqla, danışmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Dövlətimizi zəiflətmək istəyən, adlı-sanlı insanlarını hörmətdən salmaq mövqeyini sərgiləyənlər qanunlar, beynəlxalq hüquq normaları daxilində mütləq cəzalanacaqlar”.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb.Araşdırmalar Dövlət Təhlükəsizlik Xidmətilə (DTX) birgə aparılır.