adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Sentyabr 2018 12:02
6873
MƏMLƏKƏT
A- A+

Metroda qatarların intervalı 2 dəqiqəyə endirilir

Yay mövsümünün başa çatması və xüsusən yeni tədris ilinin başlanması ilə Bakı Metropolitenində sərnişin axını intensivləşir, metro istifadəçilərinin sayı artır. Bununla əlaqədar metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun yenidən tərtib olunur və digər müvafiq tədbirlər görülür.

"Bakı Metropoliteni” QSC-dən Adalet.az-a verilən məlumata görə, "Bakı Metropoliteni"nin rəisi Zaur Hüseynovun əmri ilə sentyabrın 15-dən metropolitendə qatarların hərəkəti yenilənmiş qrafiklə tənzimlənəcək.

Yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və axşamın gur saatlarında "Həzi Aslanov-28 May" və əksinə olmaqla qatarlar arasında interval 2 dəqiqə təşkil edəcək. Günün qalan vaxtlarında isə qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı axşamın gur saatlarından sonra qatarlar arasındakı fasilə 3 dəqiqə və daha çox olacaq. Bakı metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin ayrıldığı "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Onu da xüsusi qeyd edək ki, qatarların "Bakmil" stansiyasından xəttə daxil olma və ya ”Nəriman Nərimanov” stansiyasından xətdən çıxarılıb, depoya yola salınma ərəfəsində "Ulduz-Həzi Aslanov" sahəsində interval fərqi bir qədər arta bilər.

Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2019-cu ilin yay aylarına qədər qüvvədə olacaq.

Məlumat üçün bildiririk ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması və yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.