adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Sentyabr 2018 00:33
15477
ƏDƏBİYYAT
A- A+

Teatr millətin güzgüsü, böyük tərbiyə ocağıdır

Xəzər Gəncəli: "Regional teatrlarda yaradıcılıq sərbəstliyi üçün hər cür imkan var"

Bildiyimiz kimi ölkə başçısının sərəncamına əsasən bu ilin sonuna kimi Azərbaycanın üç aparıcı teatrı - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90 illik, Mingəçevir Dövlət Dram Teatrı 50 illik və Sumqayıt Dövlət Dram Teatrı 50 illik yubileylərini keçirməyə hazırlaşırlar. Yubileylərin keçirilməsi bir də ona görə yaxşıdır ki, həmin yubileylərdə illərlə fəxri ad alacaqlarını gözləyən və Azərbaycan teatrı üçün əvəzsiz işlər görənlərə fəxri adlar, mükafatlar veriləcək. Əlbəttə, bu bayramlar təkcə teatrların yox, həm də Azərbaycan mədəniyyətinin bayramı sayılır. Çünki teatr millətin güzgüsü, böyük tərbiyə ocağı, əvəzolunmaz məktəb və xalqın mədəniyyətinin, incəsənətinin ən aparıcı növüdür. Təsadüfi deyil ki, hələ meydan oyunlarından, antik teatr dövründən başlayaraq teatr hər bir millətin sevdiyi bir məkan, səhnə insanları sehirləyən, onlara mənəviyyat, mədəniyyət öyrədən müqəddəs bir yer, bir varlıq olub. Təsadüfi deyil ki, teatra həyatın kiçildilmiş modeli deyilir. İnsanlar özlərinin problemlərini, dərdlərini və onlara cavabları teatrda tapırlar. Məhz buna görə də zaman-zaman millətlər teatrı qoruyub və bu sehrli məkan bu günümüzə qədər gəlib çatıb. Sevindirici haldır ki, Azərbaycanda da teatrlara axır vaxtlar diqqət çoxalıb. Bu işdə ölkə başçısı İlham Əliyevin və Mədəniyyət naziri Əbülfəs Qarayevin əməyini danmaq olmaz. Onların sayəsində Azərbaycanda beynəlxalq teatr günlərinin, festivallarının keçirilməsi, xarici ölkə rejissorlarının, rəssamlarının teatrlarımızda tamaşalara quruluş verməsi və eləcə də azərbaycanlı rejissorların xarici ölkələrdə tamaşalara quruluş vermək üçün dəvət olunması, Azərbaycan teatrlarının xarici ölkələrdə çox uğurlu qastrolları, beynəlxalq müsabiqələrdə yerlər tutması artıq teatrlarımızın dirçəlişindən xəbər verir. Əlbəttə, biz bütün bunları hələ 1990-cı illərdən təklif edirdik, amma keçmiş mədəniyyət rəhbərləri bizim bu təkliflərimizə biganə yanaşır və bizi milli mədəniyyətimizin düşmənləri, radikal fikirli adamlar hesab edirdilər. Hər an da bizə qarşı tənqidi mövqe tuturdular. Zaman gəldi, ulu öndər Heydər Əliyevin, İlham Əliyevin və Əbülfəs Qarayevin sayəsində bizim bu arzularımız reallaşdı. İndi çoxlu teatr mütəxəssislər fikirləşir və açıq-açığına deyirlər ki, "siz həmin vaxtlar heç də faydasız təkliflər irəli sürmürdünüz"...
Əlbəttə, bu haqda gələcəkdə ayrı yazılar yazacam. Amma indiki mövzü Mingəçevir Dövlər Dram Teatrı haqqındadır. Bu teatr yarandığı gündən respublikanın ən aparıcı teatrlarından biri olub. Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. 1974-cü ildə bu teatra Azərbaycan səhnəsinin korifeylərindən biri SSRİ Xalq artisti Mərziyyə Davudovanın adı verilib. Teatr öz pərdəsini 1969-cu ildə Cəfər Cabbarlının "Almaz" pyesi ilə açıb. Quruluşçu rejissor, teatrın ilk baş rejissoru İldırım Cabbar, rejissor Zülfüqar Abbasov olub.
Teatr yarandığı gündən onun repertuarında klassik və müasir dramaturqların pyesləri geniş yer tutur. Bu teatrın bir vaxtlar ən yaxşı tamaşaları: - Mirzə İbrahimovun "Kəndçi qızı", İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm", "Sevgililərin cəhənnəmdə vüsalı", Süleyman Sani Axundovun "Eşq və intiqam", Nikolay Qoqolun "Müfəttiş" , Mirzə Fətəli Axundovun "Hacı Qara", Cəfər Cabbarlının "Aydın", "Solğun çiçəklər", İsa Hüseynovun "Haray", "Təcili teleqram", "Quru budaq", Nəriman Həsənzadənin "Nabat xalanın çörəyi", "Kimin sualı var?" (eyni adlı poeması əsasında), Cəlil Məmmədquluzadənin "Ölülər", Mixail Zarudninin "Yol kənarı", Nəbi Xəzrinin "Qütb ulduzu", Zülfüqar Abbasovun "Vətən dərdi", "Qisas günü", Aleksey Arbuzovun "Sərt oyunlar", Sabir Azərinin "Duman çəkilir", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Vladimr Vinniçenkonun "Günəşli yer", Ağalar İdrisoğlunun "Məhkəmədən əvvəl məhkəmə" və başqa tamaşalar olub.
Bu teatrın bir vaxtlar direktoru işləyən Hüseyn Quliyev, Mirbaba Xəlilov, İsa Əlimov və bədii rəhbər- direktor olan Xalq artisti Zülfüqar Abbasov teatrın inkişafı üçün əllərindən gələni ediblər. Baş rejissor işləyən İldırım Cabbar, Vaqif Ağayev, Rövşən Almuradlı, Füzuli Sərkərov, Günay Səttar və quruluşçu rejissor olan başqa rejissorlar da bir-birindən maraqlı tamaşalar hazırlamaqla Mingəçevir Dövlət Dram Teatrını respublikanın ən aparıcı teatrlarından biri ediblər. Bu teatrda bir vaxtlar öz dəsti-xətti olan maraqlı aktyorlar - Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Vaqif Məmmədov, Nisə Rzayeva, Akif Mirabov, Şıxı Yaqubov, artistlər İsa Əlimov, Kifayət Əliyeva, Heybət Hörmətzadə, Telman Şərifov, Məzahir Məmmədov və başqaları fəaliyyət göstərməklə və maraqlı rollar oynamaqla teatra tamaşaçıların marağını çox artırıblar.
Budur, mən teatrın baş rejissoru, 1973-cü ildən tanıdığım, rejissorluğuna, savadına, şəxsiyyətinə, yüksək mədəniyyətinə dərin hörmətim olan, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli ilə qarşı-qarşıya əyləşib, Mingəçevir tearının keçdiyi 50 illik şərəfli yolundan bəzi epizodları xatırlayırıq.
İlk öncə Xəzər Gəncəli haqqında oxuculara qısa məlumat vermək istəyirəm. O, 1956-cı il yanvar ayının 26-da yazıçı, şair-dramaturq Novruz Gəncəlinin ailəsində dünyaya göz açıb. Novruz Gəncəli "Ananın səsi", "Unuda bilmirəm" kimi qızıl fondda saxlanılan məşhur mahnıların sözlərinin müəllifidir. İki ildən sonra 100 yaşı tamam olacaq Novruz Gəncəlinin 16 kitabı nəşr olunub. Yazdığı publisist yazılar, şeirlər, pyeslər sevə-sevə oxunan sənətkarlardan biri olub. Xəzər Gəncəlidən səndə teatra maraq haradan yaranıb sualıma o, belə cavab verdi:
- "Məndə teatra olan ilkin marağı atam yaratmışdı. Yaxşı xatırlayıram. 1964-cü ilin teatr mövsümündə onun Dövlət Musiqili Komediya Teatrında libretto müəllifi olduğu "Ev bizim, sirr bizim" tamaşası oynanılırdı. Həmin vaxtlar məni də tez-tez o tamaşaya aparırdı. Mən də lap ön cərgədə oturub böyük maraqla tamaşanı seyr edir, Nəsibə Zeynalovanın, İmamverdi Bağırovun, Səyavuş Aslanovun ifasına baxmaqdan zövq alardım. Elə bu maraq da mənim 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (Mədəniyyət və İncəsənət Universitetinin) "Dram teatrı rejissorluğu" fakültəsinə daxil olmama səbəb oldu. Rejissorluq sənətinin sirlərini mən, SSRİ Xalq artisti, professor Mehdi Məmmədovdan, təcrübəli müəllimlər Nəsir Sadıqzadədən və Ədalət Ziyadxanovdan aldım. Sonra Naxçıvana gedib oradakı Cəlil Məmmədquluzadə adına Dövlət Musiqili-Dram Teatrında görkəmli, qocaman rejissor Baxşı Qələndərlinin rəhbərliyi ilə Həmid Arzulunun "İnam" pyesinə quruluş verdim. Həmin vaxtı mən məşhur rejissor, Naxçıvan Dövlət Musiqili-Dram Teatrının inkifaşında əvəzsiz xidmətləri olan Baxşı Qələndərlidən bir ustad sənətkar kimi çox şeylər öyrəndim. Sonra 1978-80-ci illər arasında Sibirin ən uzaq guşələrindən biri olan Xabarovsk vilayətində keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə qulluq etdim. 1981-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində yerləşən Tədris Teatrında rejissor kimi fəaliyyət göstərmişəm, eyni zamanda da universitetin teatr sənəti fakültəsində 2000-ci ilə qədər "Rejissorluq və aktyorluq sənəti" üzrə müəllim vəzifəsində də çalışmışam. Tədris Teatrında rejissor kimi fəaliyyət göstərdiyim müddət ərzində bir sıra azəri, rus və qərb yazarlarının pyeslərini həmin teatrın səhnəsində tamaşaya hazırlamışam. Bu işimlə paralel 1987-90-cı illər arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş rejissorun truppa üzrə köməkçisi vəzifəsində də çalışmışam. 1997-ci ildə elmi iş müdafiə edib, Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışam.
-Xəzər Gəncəlinin işləri belə uğurla davam etdiyi bir vaxtda, rejissor və müəllim kimi uğurlar qazandığı bir zamanda siz, 2000-ci ildən Türkiyə Respublikasında işləməyə getdiniz. Bu, nədən yarandı?
- Həmin vaxtı Türkiyə Respublikasından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə müraciət edib, orada dərs demək üçün müəllimlər istəyirdilər. Mən də maraq üçün 2000-ci ildən etibarən Türkiyə Cümhuriyyətinə gedib, istər rejissorluq, istərsə də pedaqoji fəaliyyətimi 2000-2014-cü illər kəsimində İstanbul Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzində və eləcə də İstanbul Mərmərə Universitetinin "Atatürk Egitim fakültəsində" həyata keçirməyə başlamışam. İstanbul Göstəri Sənətlər Mərkəzində və Mərmərə Universitesi səhnəsində bu 14 il ərzində qərb, türk, rus və azəri yazarlarının dram əsərlərinə səhnə təcəssümü vermişəm. Bu baxımdan Mirzə Fətəli Axundovun "Yıxılasın Paris!" ("Müsyö Jordan və Dərviş Məstəli şah"), Nikolay Qoqolun "Müfəttiş", Vilyam Şekspirin "Venetsiyalı tacir", Jan Batist Molyerin "Meşşan dvoryanlıqda", türk yazarları Turqut Özakmanın "Töre", Tuncər Cücənoğlunun "Dosya", Nəcib Fazil Kısakürəyin "Para", Cahid Atayın "Pusquda", İbrahim Şinasinin "Şair evlənməsi" və sairə pyeslərinin tamaşasını hazırlamışam. Mütəxəssislərin və tamaşaçıların dediyinə görə bütün tamaşalar maraqlı olub. Onu da deyim ki, dahi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" tamaşasını ilk dəfə məhz mən türk dilində hazırlamışam və bütün türk tamaşaçıları Axundov istedadına, Axundov təfəkkürünə heyran qalıblar. Yeri gəlmişkən onu da qeyd edim ki, "Yıxılasan Paris!" adı altında hazırladığım bu tamaşada Dərviş Məstəli şah rolunu da mən özüm ifa etmişəm. 2011-ci ildə İstanbulda rejissorluq problemlərini əhatə edən "Yönetmen ve oyun" ("Rejissor və pyes") adlı elmi-nəzəri kitabım nəşr olunub. Bu kitab Türkiyədə çox maraqla qarşılanıb. Türkiyədə həm rejissor, həm də pedaqoq olaraq fəaliyyət göstərdiyim illərdən çox razıyam. Mərmərə Universitetində teatr sənəti üzrə pedaqoq, İstanbul Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzində "Dünya teatr tarixi" fənni üzrə müəllim, "Öncü Egitim Müəssisəsi" adlı təhsil ocağında isə sırf rejissor olaraq çalışmağımla fəxr edirəm. Orada bu möhtəşəm sənət ocaqlarında çalışan yeganə azərbaycanlıydım. Türkiyə-Azərbaycan Dərnəyi İstanbul şöbəsinin üzvüyəm. Bəzən tərcüməçi kimi də fəaliyyət göstərirəm. Azəri, rus yazarlarının pyeslərinin bəzisini Türkiyə türkcəsinə çevirmişəm.
-Türkiyə Respublikasında teatra maraq necədir?
- Türk qardaşlarımızın teatra olan sonsuz marağını vəsf etməkdə acizəm. Teatr sənəti onların həyatının bir parçasına cevrilmişdir desəm, heç bir mübaliğəyə yol vermərəm. Bu sənətin sirlərinə yiyələnmək, mümkün qədər çox şey öyrənmək, bacardıqca görüb-götürmək, məşhur teatr islahatçısı Kostantin Sergeyeviç Stanislavski sistemini tətbiq etməkdə onların tayı-bərabəri yoxdur. Stanislavskinin əsərlərindən ibarət bütün külliyyatı türk dilinə tərcümə olunub nəşr edilib və İstanbulun elə bir kitab dükanı yoxdur ki, orada satılmasın. Türklər əbəs yerə demirlər ki, "dünyada Stanislavski sistemini ruslardan sonra ən yaxşı tətbiq edən Türkiyədir". İş o yerə çatıb ki, teatr sənəti bir fənn kimi artıq bir çox kollecdə, məktəblərdə, universitetlərdə, hətta qeyri-humanitar texniki təhsil ocaqlarında belə dil, ədəbiyyat, coğrafiya, riyaziyyat və sairə kimi predmetlər statusunda keçirilməkdədir. Özü də bu fənn təhsil ocaqlarında çox yaxşı qarşılanır. Türklərin müəllimə olan hörməti və münasibəti də yüksək səviyyədədir. "Hocam" sözü onlar üçün sanki müqəddəs bir ifadədir!.. Yeri gəlmişkən onu da vurğulayım ki, müştərək bayramımız olan Ramazan və Novruz mərasimlərində istər türk qardaşlarımız, istərsə də Türkiyədə yaşayan azəri türkləri hər zaman bir araya gəlir, bu bayram şənliklərini təntənəli surətdə qeyd edir, xalq musiqiləri səsləndirir, folklordan nümunələr göstərilir, şeir yarışmaları, tamaşalardan səhnəciklər, çal-çağır heç bir zaman əskik olmur. Məqsəd iki dövlət bir millət olan xalqın dostluğunu, qardaşlığını, həmrəyliyini, sarsılmazlığını əks etdirmək, bu dostluğa qeyri-səmimi yanaşan qüvvələrə öz gücünü, əzəmətini göstərməkdir.
- Artıq Türkiyədə də işlərinizin çox uğurlu getdiyi bir vaxtda yenidən Azərbaycana qayıtdınız...
- Bəli. Ailə vəziyyətimlə əlaqədar olaraq 2014-cü ildən etibarən doğma Bakıya geri dönmüşəm. Belə ki, həyat yoldaşım Roza xanım dünyasını dəyişəndən sonra orada yaşaya bilmədim... Doğma Azərbaycana geri dönməyimin əsas səbəblərindən biri də burada yenidən çalışmaq, milli kadrların yetişməsində daha yaxından iştirak etmək və milli teatrımızın inkişafı prosesinə müəyyən qədər faydalı olmaq idi. Bu məqsədlə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etdim. Nazirlik mənim müraciətimə biganə qalmadı və məni Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin etdi.
- Bir qədər də Mingəçevir Dövlət Dram Teatrında qoyduğunuz tamaşalar haqqında qısa məlumat verin.
- Mən 2015-ci ilin dekabr ayından etibarən Mingəçevir Dövlət Dram Teatrında çalışmaqdayam. Bu 3 illik müddət ərzində irili-xırdalı 10 tamaşaya quruluş vermişəm. İlkin olaraq bu teatrda fəaliyyətimə türk yazarı Cahid Atayın "Pusquda" adlı oyunu ilə başladım. Azəri türkcəsinə uyğunlaşdırdığım bu tamaşada cəmi 3 iştirakçı var. Kəndin ağası, bostançı və müəllim. Pyes əsasən cəhalət və ziya arasında cərəyan edən konflikt zəminində qələmə alınıb. Sonra süjeti Xocalı faciəsinin doğurduğu ailə münasibətləri çərçivəsində əhatə olunmuş və Sevinc Elsevərin müəllifi olduğu "Ürəyində arzu tut" tamaşası isə mənim ikinci çalışmam oldu. Üçüncü tamaşam isə dahi Nikolay Qoqolun "Müfəttiş" pyesi oldu və mən bu tamaşa üzərində düz 8 ay çalışdım. "İnsan ruhunun qaranlıq həyatını" göstərən bu tamaşa şəhər ictimaiyyatinin da dərin marağına səbəb oldu. İki saat yarımlıq oyunu fasilə vermədən nümayiş etdirsək də tamaşaçı bu oyunu sanki "nəfəs dərmədən" böyük məmnuniyyətlə, maraqla izlədi.
Sonrakı çalışmamız Süleyman Sani Axundovun "Bir eşqin nəticəsi" tamaşası oldu. Müəllif bu əsəri 1921-ci ildə yazıb. Özfəaliyyət və dram dərnəklərini nəzərə almazsaq, bu pyes indiyə qədər respublikamızın heç bir dövlət dram teatrında səhnə təcəssümü tapmamışdı. Beləliklə, bu pyesi tamaşaya hazırlamaqla onun taleyində tarixi bir missiyaya da imza atmış olduq. Növbəti işimiz Mirzə Fətəli Axundovun məşhur "Sərgüzəşti-Vəziri- Xani-Lənkəran" tamaşası oldu və bu tamaşa da eyni ilə "Müfəttiş" kimi tamaşaçıların alqışları altında anşlaqla oynanıldı.

(ardı gələn sayımızda)

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi