adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Sentyabr 2018 00:20
11117
ƏDƏBİYYAT
A- A+

Seyran İsmayıl

***
Daha ayağa qalxmaq
ayağın işi deyil,
Tək adamlıq uçurumdu
dünyanın hər tərəfi...
Bilirəm...
elə bilirsən addım atmaq
yeriməkdi, əzizim.
Axı sənə necə deyim
Addım atmaq
ayağın vərdişidi...
Günəşin bircə dəfə
alnından öpmədiyi
quzeylərə and olsun,
Quzey tənhalığıdı
tənha insanın ömrü...
İndi səndən söz soruşum,
Sən cavabla, əzizim.
De görüm
iki əlin bir ovuc qədərdimi,
...Bir ömür ölürsə insan,
Səncə bu qədərdimi...
Bir dəfə oxşamadığı saçını
dağıtdımı o sərsəri küləklər.
Onda əlini unutma...
Bir ovucluq əlini
üzünə sıx, əzizim,
Cahana bax...
cahana bax, əzizim.
BİR QANDALLIQ AĞRI YERİ

Hesabsız atdıgımız addımlardı
ömür gündəliyimiz.
Bir yaşam hənirtisi gizlənir
çəkdiyimiz ahlarda.

Bir məsum körpə gözü ilə baxmaq
gərəkmiş dünyaya...
Bəlkə də xəfifcə məsumluq gizlənir
ən böyük günahlarda.
Həqiqətin bir addımlığında isinir
insanlar nədənsə -
həqiqət hec kimə lazım olmur
sonunda.
Xoşbəxtlik,
bütün ağrılarını içinə çəkərək
öpüşmək qədərində verilib hər kəsə.
Diqqətlə baxsan,
bir qandallıq ağrı yeri görünür
hər kəsin qolunda.

***
Bəndəlik-
əzab qorxusu,
Ölüm-
həyat qoxusu...
Əzablar
kimsəni ovutmadı,
Tanrım.

Ölüm-
həyat qədər dadlı,
Həyat-
ölüm qədər baxımlı...
Verdiyin vədlər
özünü dogrultmadı,
Tanrım.
Hər şey
atəş sədaların da baş verdi
İllərlə qurduğun kainatın
bir az düzəni,
bir az da
sükutu pozuldu.
Açılan hər atəşdə
vurduğun naxışlardan
bir ilmə qopdu...

Sənin bəxşişin olan o məsum
təbəssümlər
bir körpənin
cadarlanmış dodağında itkin düşdü...
Sənə təsəlli verdilər
Başın sağ olsun,
Tanrım!

Onda səni dərd götürdü,
Onda səni qəhər boğdu.
Səni aciz görməyənlər,
Səni bir az aciz gördü...
...və onda
sükuta qərq oldun,
...və bir az
səssiz oldun,
Tanrım.

gözlərdə gilələnən
o şor suyu
ləl qiymətinə satdılar sənə.
Onda müflüs oldun,
müflis oldun,
Tanrım!

XATİRƏLƏR NECƏ DƏ
TEZ YANIRMIŞ...

Yanmış xatirələr sığortalanmırmış
sən demə...
Təklif edirəm;
ən qiymətli xatirəsini itirən şəxsə
ən çox təzminat verilsin!
Onaltı mərtəbəli binada
ən dəyərli xatirəsini itirən ana,
onu xəstəxana odalarında axtarır...
Bir ana övladının yanmış şəklinə
ağrıyır,
bir ana yanmış övladına!...

***
Sevə bilmək qorxusu
elə sevə bilməməkdi...
Su bildiyin o yollar
su deyil, işartıdı.
Sağ əli qaşının üstünə qoyub,
O uzaq yollara baxmaq həvəsi
Yox ee, yox!
O sən deyən həvəs deyil,
O gözündən gələn yaş da
yaş deyil, yaşartıdı...
Və bir az da öz yarana duz səpməyin
ağrısıdı əslində.

Müqəddəs bildiyin nə varsa
hardasa qırılıb qalmış...
Həm də müqəddəs olmayan
Bir az da kirə bələnmiş
bir arzunun, bir diləyin
sarğısıdı əslində.

Sadiq qala bilmədiyin
ölüm kağızın əlində.
Lakin ölə bilmədiyin,
İçindən hey gəlir deyən
Amma gələ bilmədiyin
O sevdalar, o sevgilər
dünyanın ən möhtəşəm
qorxusudu əslində...