adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Sentyabr 2018 00:16
21719
GÜNDƏM
A- A+

Almanlar tərəfindən hərbi təmtəraqla dəfn olunan sovet generalı

1942-ci ildə 33-cü ordunu Vyazmada qurban verməsəydik, Stalinqrad cəbhəsində düşməni darmadağın edə bilməzdik!

İosif Stalinin Stalinqrad döyüşünün yekunlarıyla bağlı Baş Qərargah ilə apardığı
müzakirəsindəng

33-cü ordu niyə məğlub oldu? Adı çəkilən ordunun məğlub olmasında əsas pay sahibləri kim idi? Ordu komandanının bu məğlubiyyətdə günahı var idimi? Gəlin bu suallara cavab tapmaq üçün həmin ordunun komandanını tanıyaq.
Mixail Qriqoryeviç Yefremov 27 fevral 1897-ci ildə Kaluj quberniyasının Taruse şəhərində meşşan (çar Rusiyasında şəhər əhalisinin xırda alverçilər, sənətkarlar, aşağı qulluqçular və s. təbəqəsinə mənsub adam) ailəsində dünyaya gəlib. Gənc yaşlarında zəhmətkeş kimi yaşamağa başlayır, əvvəlcə atasının dəyirmanında sonra isə, Moskvaya gedərək oradakı fabriklərin birində fəhlə kimi çalışmağa başlayır. 1915-ci ilin sentyabrında M.Yefremov Çar ordusuna çağrılır. Tezliklə onu Gürcüstanın Telavi şəhərindəki praporşiklər məktəbinə oxumağa göndərirlər. 1916-cı ilin yazında o, həmin məktəbi uğurla bitirərək cəbhəyə yollanır və Cənub-qərb cəbhəsində yer alır. Həmin ilin yayında Qaliççiyadakı "Brusilov yarma əməliyyatında" Avstriya-Macarıstan qoşunlarına qarşı savaşır.
1918-ci ilin fevralında M.Yefremov Qırmızı ordu sıralarına qoşulur. Həmin ilin yayında Moskva piyada briqadasında bölük komandiri olur. 1919-cu ildə Çariçın döyüşlərində göstərdiyi şücaətlərinə görə ÜK(b)P-na qəbul edilir.
Vətəndaş müharibəsi zamanı daha çox Cənub və Qafqaz cəbhələrində savaşaraq, bölük komandirindən diviziya komandiri vəzifəsinə qədər yüksəlmişdi. Bakının istila olunması üçün nəzərdə tutulan 4 zirehli qatardan ibarət qrupa rəhbərlik edib. Bakının ələ keçirilməsi münasibətiylə o, həm RSFSR-in, həm də Azərbaycan SSR-ın "Qırmızı ulduz" ordenlərinə layiq görülüb. Bir qədər sonra Gəncədə üsyanın yatırılmasındakı xidmətlərinə görə, M.Yefremov ikinci dəfə Azərbaycan SSR-ın "Qırmızı ulduz" ordeniylə təltif edilir, həmçinin XI Qızıl ordu komandanı tərəfindən "Qızıl qılıncla" mükafatlandırılır. O, Azərbaycan SSR-in 2 dəfə "Qırmızı ulduz" ordeniylə təltif edilən ilk şəxsdir.
1920-ci ildə M.Yefremov Ali Hərbi Akademiya kurslarını uğurla bitirir, 1921-ci ilin fevralında əlahiddə 33-cü diviziyanın komandiri olur. Tezliklə M.Yefremovun diviziyası Gürcüstandakı osetin-bolşevik partizan dəstələriylə birləşərək menşevik gürcü hökumətinin devrilməsində mühüm rol oynayır.
1921-ci ilin iyulunda Moskva II piyada kurslarının rəisi, 1924-cü ilin fevralında 14-cü atıcı diviziyanın siyasi şöbəsinin rəisi, həmin ilin aprelində isə 19-cu Tambov diviziyasının komandiri olur. 1927-1928-ci illərdə Çində hərbi müşavir, 1928-ci ildə 18-ci Yaroslav atıcı diviziyasının komandiri olmaqla yanaşı İnqilabi Fəhlə Qırmızı Ordunun "Ali İdarə Heyəti" üçün nəzərdə tutulan kursları bitirir. 1930-cu ildə "Hərbi Siyasi Akademiyan"ı, 1933-cü ildə isə Frunze adına "Hərbi Akademiyanı (ölkənin ən üst ali hərbi təhsil idi)" bitirir. 1931-ci ildə 3-cü atıcı korpusun, sonra isə Privoljsk hərbi dairəsindəki 12-ci atıcı korpusun komandiri olur. 1935-ci ildə diviziya komandiri rütbəsinə layiq görülür. 1937-ci ildə SSRİ Ali Sovetinin I cağırış üzrə deputatı seçilir.
1937-40-cı illərdə Privoljsk, Zabaykal, Orlovsk, Şimali Qafqaz və Zaqafqaziya hərbi dairələrinin komandiri olur.
1937-ci ildə marşal Mixail Tuxaçevski və onun tərəfdarları olan ordu komandanları, generallar dövlət çevrilişinə cəhdə günahlandırılaraq, həbs edilirlər. 1938-ci ildə isə onlar məhkəmənin hökmü ilə güllələnirlər. M.Yefremovu da Tuxaçevski ilə yaxşı münasibətlərinə görə nəzarət altına alınır. Lakin onu həbs etmək əvəzinə "Moskva" mehmanxanasında ev dustağı kimi saxlayırlar. Ən maraqlısı da odur ki, ondan xidməti tapançasını müsadirə etmirlər. Çekistlər düşünürdülər ki, o, özünü güllələyəcək, lakin M.Yefremov bu addımı atmır. 17 apreldə isə SSRİ Xalq Müdafiə Komissarı Kliment Voroşilova aşağıdakı məzmunda məktub yazır:
Kliment Yefremoviç! Bu mənim sizə son sözlərimdi. Qoy bu eynilə yoldaş Stalin üçün də son sözlər olsun.
Mən Lenin-Stalin partiyası, ölkə, sovet hökuməti qarşısında tamamilə təmizəm. İstər Vətəndaş müharibəsi zamanı, istərsə də Çin xalqının imperialistlərə qarşı apardığı milli-azadlıq mübarizəsi zamanı sovet hakimiyətinin möhkəmlənməsi və bərqərar olması üçün canımı vermişəm. Əgər mənə inanırsınızsa xalq düşmənlərinin böhtanlarından xilas edin. Onların mənə ünvanlanmış böhtanları heç bir faktla öz təsdiqini tapa bilməz.
Bu müraciətdən sonra K.Voroşilov Anastas Mikoyan vasitəsilə Stalinə çatdırır. Bu məruzədən sonra Stalinin iştirakı ilə M.Yefremov istintaqa cəlb olunaraq sorğu-suala tutulur. Nəhayət 7 oktyabr 1938-ci ildə bəraət qazanır.
4 iyun 1940-cı ildə M.Yefremov general-leytenant rütbəsinə layiq görülür. 1941-ci ilin aprelində o, Qırmızı ordunun piyada qoşunları general-inspektorunun I müavini vəzifəsinə irəli çəkilir. Böyük Vətən müharibəsi başlayan zamanı, əvvəlcə 21-ci ordunun komandiri olur. Bu ordusu ilə Yefremov almanların ildırım sürətli hücumlarının qarşısında mətinliklə müqavimət göstərir.
7 avqustda "Mərkəz" cəbhəsinin komandanı; sentyabrında Bryansk cəbhəsi komandanın müavini, 1-17 oktyabr aralığında 10-cu ordunun, daha sonra isə 33-cü ordunun komandanı olur.
33-cü ordu Alman hərbi qüvvələrinin mərkəz ordular qrupuna qarşı döyüşmüş və sovet ordusu içərisində yeganə ordu idi ki, həm Moskva uğrunda gedən döyüşlərdə birbaşa əks hücuma keçmiş, həm də "Naro-Fominsk" əməliyyatı zamanı düşmənə böyük tələfatlar vermişdi. 26 dekabr - 19 yanvar aralığında Yefremovun 33-cü ordusu Naro-Fominsk, Borovsk, Vereya şəhərlərini azad edir.
Stalin qələbələrdən işdahlanaraq almanları daha da qərbə doğru qovmaq, strateji əhəmiyyətli Rjev, Vyazma şəhərlərini azad etmək məqsədi güdürdü. Ordunun fiziki, mənəvi, hərbi sursat baxımından hazır olmamasına baxmayaraq, Jukov ağasına "sadiqliyini" göstərərək "Rjevsk-Vyazma strateji hücum əməliyyatına" başlayır. 8 yanvarda Kalinin cəbhəsinin 29-cu, 39-cu ordular ilə 11-ci süvari korpusu almanlar üzərinə hücuma keçir. Lakin Hitlerin sevimli generallarından olan və müasir hərb tarixində "müdafiə" dahisi kimi tanınan general Valter Model nəyin ki, hücumların qarşısını alır, əksinə əks-hücuma keçərək Kalinin cəbhəsinin ordularını bir-birindən ayrı salaraq, mühasirəyə alır. Vəziyyətin kritik olduğunu görən Jukov 26 yanvarda Qərb cəbhəsi qrupundan 33-cü ordunu, 1-ci süvari qvardiya korpusu və 4-cü hava desant korpusunu döyüşə atır. Yefremovun ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq, bəzi rayonları azad etsələr də, dəstək görmədiyindən böyük itkilər verirdilər. Yefremov azad etdiyi ərazilərdə müdafiə mövqeləri qurub, dəstək gələnə qədər gözləmək istəsə də, Jukov mövcud şərait və qüvvələrin vəziyyətini analiz etmədən yalnız hücum əməliyyatını davam etdirməyi əmr edir. Yefremov bu əmrlə razı olmasa da icra etmək məcburiyyətində qalır. Lakin tezliklə 33-cü ordu Vyazma istiqamətində mühasirəyə düşür. Mühasirədəki yefremovçulara Jukov heç bir dəstək vermir. 26 yanvar - 20 aprel aralığında Yefremovun ordusu tamamilə müasirədə olaraq, qüvvələrinin tükənməsinə baxmayaraq almanlara kifayət qədər baş ağrısı oldu. Yefremov radio rabitə vasitəsiylə dəfələrlə Jukova müraciət edərək, ona dəstək göndərilməsini, kömək gəlməyəcəyi təqdirdə isə mühasirədən çıxmağı üçün sərbəst şəkildə yarma əməliyyatı keçirməsinə icazə istəsə də, marşal qətiyyətlə yox cavabı verdi. Sonuncu dəfə o, bilavasitə rəisi olan marşala müraciət edərək, heç olmasa mühasirədə olan əsgərləri üçün dəri botinka və digər ayaqqabı vasitələri istəməsinə baxmayaraq, bu müraciət də nəticəsiz qaldı. Vəziyyətin çıxılmaz olduğunu görən general birbaşa Stalinə müraciət edərək yarma əməliyyatı üçün icazə istəyir. Yefremovun bu hərəkəti Jukovu bərk qəzəbləndirir. Müraciəti qəbul edən Stalin Jukov ilə əlaqəyə çıxaraq, ondan Yefremovun sərbəst yarma əməliyyatı ilə razı olub-olmadığını soruşur. Cavab olaraq Jukov etiraz bildirsə də, Stalin Yefremovun planını dəstəkləyir. Lakin buna baxmayarq, Stalin Yefremovun sonrakı taleyi ilə maraqlanmır. Bütün bunlardan sonra Yefremova kömək əvəzinə onu evakuasiya etmək üçün təyyarə Vyazmaya gəlir. Komandanlığın bu əmrini Yefremov yerinə yetirməyərək deyir: bura əsgərlərimlə gəlmişəm, əsgərlərimlə də tərk edəcəm! General ordunun döyüş bayrağı və atributlarını onun evakuasiyası üçün gəlmiş pilota təhvil verərək xüdahafizləşir, 13 apreldə isə Yefremovun ordusu ilə bütün əlaqələr kəsilir. Gücü tükənmiş, 3 yerindən yaralanan Yefremov döyüşməyi davam edir. Hətta o, onurğasından zədə almasına baxmayaraq da silahı yerə qoymadı. Əsgərləri onu kürəklərində-çiyinlərində daşıyaraq onun uğrunda öldürməyi və ölməyi gözə almışdırlar. Aprelin 19-da isə general Yefremov əsir düşməmək üçün özünü güllələyir, onunla bərabər bütün qərargah zabitləri də bu addımı atır. 33-cü ordudan cəmi 800 nəfərə yaxın döyüşçü mühasirədən çıxa bilir. Almanlar general Yefremovu hərbi təmtəraqla Vyazma rayonunun Slobodka qəsəbəsində dəfn edirlər. Bu dəfn Böyük Vətən Müharibəsində baş tutan yeganə təmtəraqlı dəfn mərasimi kimi tarixə həkk olundu. Dəfn zamanı alman zabitləri onun məzarı qarşısında həm alman əsgərləri, həm də əsir sovet əsgərlərini qarşı-qarşıya qoyaraq deyirlər: general Yefremov Rusiya uğrunda necə döyüşdüsə, sizlər də Almaniya uğrunda elə döyüşün . Sonralar Stalinqrad döyüşündə əsir düşən general Artur Şmid Yefremov haqqında deyəcəkdi:
Yefremov soyadını biz əvvəllər eşitməmişdik. Amma Moskva ətrafındakı 33-cü ordu təltifə layiq düşmən idi. 1941-ci ilin payızında biz bu ordunun müdafiə mövqelərini yara bilmədik. Ona görə də bu istiqamətdə olan birliklərimizi gücləndirməyə daha çox çalışdıq.
Əgər hələ 1941-ci ildə general Yefremovun komandanlıq etdiyi 33-cü ordunu düşmən cəbhəsi yuxarıda qeyd etdiyim tərifə layiq bilirdisə, Vyazma döyüşləri haqqında əlavə nəsə deməyə lüzum görmürəm.
1943-cü ildə Stalinqrad döyüşündə almanlar ağır məğlubiyyətə uğradılar ki, bu Rjev-Vyazma cəbhəsinə də təsirini göstərdi, nəticədə almanlar geri çəkilmək məcburiyyətində qaldı. Lakin Vermaxt qüvvələri Rjev-Vyazma cəbhəsində məğlubiyyət üzü görmədən, 4-dəfə sovet ordusunu ağır məğlubiyyətlərə uğradaraq, bu əraziləri qalib kimi tərk etdilər. Bu geriyə hərəkətlər zamanı sovet qoşunları Vyazmaya daxil oldular və qəhramancasına həlak olan generalın məzarını tapdılar. Daha sonra generalın qalıqlarını Vyazma şəhərinə gətirib dəfn etmək qərara alınır. Yefremovun məzarı açılan zaman onun qızıl cib saatı da orda tapılır. Bu bir daha onun sübutu idi ki, almanlar qəhrəman generala necə hörmət-ehtiram göstərmiş və savaş etikasını da ununtmamışdılar. Bu bəyənmədiyimiz faşist Almaniyasının, düşməninə göstərdiyi dərin ehtiramı idi!
Sovet komandanlığı tərəfindən isə, qəhrəman generalın göstərdiyi rəşadətlərin qarşılığında nəinki ona layiq olduğu "Sovet İttifaqı Qəhramanı" adı verildi əksinə olaraq, onun göstərdiyi şücaətlərdən söhbət belə açılmadı. Marşal Jukov tabeliyində olan generalın adını kölgəyə salmaq üçün əlindən gələni əsirgəmədi. Yalnız 60 il sonra arxivlərdə itib qalmış bir sənəd tapıldı. 1942-ci il tarixli həmin qərəzli "xasiyətnamə"də marşal tərəfindən general Yefremov həqiqətdə layiq olduğu xidmətə görə deyil, həttda 180 dərəcə fərqli biri kimi təqdim olunur. Bu cür əməllərlə Jukov Rjev-Vyazma cəbhəsindəki səhvlərini ört-basdır etdi. Sonralar öz kitablarında tarix üzrə tədqiqatçı olan Viktor Suvorov və Sergey Mixenkov Vyazma-Rjev cəbhəsində Jukovun fiaskoları barədə olan dəlil sübutları dünyaya çatdırdılar.
General Yefremov isə gec olsa da, 1996-cı ildə öz layiq olduğu - "Rusiya Federasiyasının Qəhrəmanı" adına layiq görüldü. Eyni zamanda onu Rusiyanın ən məşhur sərkərdələri sırasına da daxil etdilər.
Fədakar General Yefremov çox şücaətlər, qəhrəmanlıqlar göstərməsinə baxmayaraq ən böyük qəhramanlığının nə olduğunu bilə bilmədi...