adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Sentyabr 2018 00:14
5311
GÜNDƏM
A- A+

Mən rəqs edəcəyəm...

Çox götür-qoy elədim, ha fikirləşdim ki, bu yaşımda yenədəmi oxuyum, təhsilimi davam etdirim? Axı bir zaman məmləkətimizdə ən dəbdə olan və çətinlik tələb edən bir məktəbin diplomunu almışam! Pedaqoji İnstitut idi, indi olub Universitet. Amma dəbdəbəli addır bu Ocağa! Köhnə adda kadrlarına dərin hörmət-izzət vardı, maddi durumları pis deyildi. Yeni ad isə ona düşmədi. Gah təyinat məsələsi əngəlləşir, gah da aldığı qəpik-quruşla Biləcəridən o yana gedib çıxa bilmir.
Hərdən məni narahat eyləyən məsələ (problem) ortaya gələndə həmkarlarımla məsləhətləşirəm: Bu dəfə lap beş-on nəfərin içərisində soruşdum:
-Siz necə düşünürsünüz? Məni əzəldən tanıyırsız, həm orta, həm də ali məktəblərdə dərs deyən günlərdən.
- Bu nə sözdür, müəllim? - Məndən beş il sonra qurtaran riyaziyyat müəllimi təəccübləndi və əlavə elədi ki, təvazökarlıq etməyin.
- Həqiqi sözümdür, Necə müəllim-pedaqoq olmağıma şübhəniz yoxdur ki?
Sakitcə dilləndim, məndən beş il qabaq bitirmiş tarix müəllimi hövsələsini basmaqda acizlik göstərdi:
- Adlı-sanlı idin, rayon metodbirləşmə iclaslarında sənə söz verirdilər. Hər kəsə qismət deyildi.
Başımı aşağı dikdim: Belə tərifi xoşlamıram.
- Ali məktəbdə dərs deyirsiz, elmi adınızı qoyuram bir yana. Neçə-neçə məqalə, kitab, dərslik çıxıbdır qələminizdən. Bizi indi hövsələdən çıxarırsız. Hər halda niyyətiniz nədir ki, üzünüzü bizə tutmusuz.
- Məni, səmimi qəbul edərsinizsə, məsləhətimi bildirəcəyəm Siz sənət - peşə dostlarıma. - Bir qədər özümə gəlmişdim. - Konkret: - İxtisasımı dəyişirəm. Canımda hələ su var, hərçənd cibimdə pul yox. İxtisasımı xoşlayıram, sevirəm, ancaq...
Susdular həmkarlarım...
- Bilirsiz də, müəllim tayfası dəymədüşər olur, vasvasılığı xoşlayır. Bir xeyli də əsəbi. Uşaqlar onları mindirir cin atına, özləri isə minirlər "Mersedes"ə. Nə gəl-sə, nə cəsarət olsa cavanlardan gəlir. Tələbəm ayağa durdu (çünki mən oturmamış-dım), mülayim səslə dilləndi:
- Əziz müəllimim, bə hansı ixtisasa yiyələnmək istəyirsiz, bəlkə mənim köməyim dəydi?
Ürəyim çırpınırdı içimdə, çölümdə tər diyirlənirdi. Tələbəm intelellektual oğlandı, seminar məşğələlərini konspektsiz danışardı, mühazirə dəftərini hey itirərdi. Universitetdə oxuya-oxuya haradasa işləyirdi, pul qazanırdı, xatırladım.
- Deyəsən, çox süründü niyyətim. Mənim qılçalarım nazikdir yaşıma baxmayaraq. Qollarım uzundur, axı hər gün məktəbə piyada gedirəm, həm sağlamlığım üçün, həm də ekanom eləyirəm: əvəzində siqaret alıram, çəkirəm tüstüsünü ciyərlərimə. Hə, qısaca: Mən rəqs edəcəyəm!
Gülüşdülər. Məndən beş il sonra məktəbi qurtaran dedi:
- Cümləni dırnaqda işlədirsən?
Gülümsündüm. Məndən beş il əvvəl məktəbi qurtarana dedim:
- Səncə, hansı olar? Dırnaqlı, yəni məşhur rəqqas Mahmud Esenbayev haqqında Tofiq Tağızadənin çəkdiyi film?
Tələbəm əvəzində nə güldü, nə də gülümsədi:
- Dırnaqsız. Mən rəqs edəcəyəm! Mən bu gün də rəqs edirəm, tələbəliyimdən həvəsim vardı. Bəs müəllimim? Siz ki, adlı-sanlı pedaqoqsuz?
- Əziz tələbəm, - dedim. - Müəlliminə neçə aya, günə rəqs eləməyi öyrədə bilərsən?
- Sizin kimi məşhur pedaqoqları bir aya. Lap edim "əməkdar artist", yalnız müəllimləri. Bir vaxt siz idiniz ustadım, bu gün mən olaram ustadınız.
- Danışdıq, günü sabahdan. Deməli, sentyabrın birindən mən rəqs eləyə bilərəm. Şux havacatlar düşər sümüyümə. Baxmayaraq havacat tündləşəndə revmatizm baş qaldırır. Yox, mən rəqs edəcəyəm! - Səsimi qaldırmağıma peşiman oldum.
Bütün beş-on nəfərin hamısı ayağa qalxdı və bir ağızadan qışqırdılar:
- Bizə də rəqs öyrət, biz də sentyabrdan rəqs edəcəyik!
- Sizlər nə üçün?
- Adekvat cavab aldım:
- Bəs siz nə üçün?

Allahverdi Eminov