adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Sentyabr 2018 00:01
30421
LAYİHƏ
A- A+

Akademik Bəkir Nəbiyevlə söhbət və ya gündəlikdən sətirlər

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

- Məhz akademik olduğunuz üçün sizə bir sual vermək istəyirəm, çünki zaman-zaman mən bu sualın cavabını axtarmış, amma cavab tapa bilməmişəm. Bütün bəşəriyyətin qanlı cəlladı Stalinin doğma vətəni Gürcüstanda da repressiya prosesi bütün qəddarlığı və amansızlığı ilə birgə həyata keçirilib. Sizcə, bu fenomenin kökündə, mayasında hansı müdhiş sirr gizlənirdi? Bu dəhşətli ağrının içindən keçən və eləcə də bu ağrını daxilindən keçirən bir şəxsiyyət kimi, bu müdhiş hadisənin kökü, mahiyyəti və yaranma səbəbləri barədə sizin fikirlərinizi bilmək istərdim.
- Şəxsiyyətə pərəstişin coğrafiyası çox genişdir. Sovetlər ittifaqında onun ayaq basmadığı yer, döymədiyi qapı qalmamışdır. Az ailələr olardı o zaman bu əzab və məşəqqətlərə tuş gəlməsin. Amma bir həqiqət də bundan ibarətdir ki, ümumən Qafqaz ölkələri arasında ən amansız terror məhz Azərbaycan xalqına qarşı tətbiq edilmişdir. Təkcə onu deyim ki, 30-cu illərdə Azərbaycanın hüquq-mühafizə sistemində çalışan kontingentin ən azı 80 faizi ermənilər idi. Qalan hissəsi də daha çox ruslardan və yahudilərdən ibarət idi. Mən başqa millətlərin üzərinə kölgə salmaq istəməzdim, amma ermənilər bizim millətə qarşı həmişə haqsız, həmişə qəddar və amansız olublar. Məmur qiyafəsində peyda olan ermənilər nə qədər cox idisə, ləyaqətləri də o qədər az idi. Ona görə də bizdə şəxsiyyətin amansız işgəncələrinə məruz qalanlar daha çox olmuşdur. Bilirsinizmi, bu fəlakətin nədən doğması çox mürəkkəb və qəliz məsələdi. Sonradan açılan arxivlərdən və oxunan materiallardan belə məlum olur ki, Stalinin özünü, vəzifədə mövqeyini qorumaq xüsusən 2-ci dünya müharibəsi ərəfəsində daha çox düşündürüb. Məsələn, indi dövrü mətbuatda, xüsusən də rus mətbuatında dərc edilən materiallardan öyrənirik ki, Stalinin siyasi büroda kiminsə onun yerinə keçib baş katib ola biləcəyindən və beləliklə də əlindəki hakimiyyət sükanının gətirdiyi hüdudsuz səlahiyyətləri itirə biləcəyindən dəhşətli dərəcədə qorxurdu.
Bunun qarşısını almaq üçün o, hər bir vasitəyə hazır idi. Bu məqsədlə o Leninqrad vilayətinə, eləcə də partiya komitəsinə başçılıq edən S.M.Kirovun qətlini təşkil elədi və sonra bu qətlin ətrafında böyük bir terror şəbəkəsi yaratmaq barədə çox müdhiş planlar hazırladı. Bir halda ki, inqilabın beşiyi olan Leninqrad kimi böyük şəhərin rəhbərini öldürüblər, belə çıxır ki, ölkəsinin hər yerində başçıları aradan qaldırmağa istiqamətlənmiş terrorcu şəbəkələr, mütəşəkkil təşkilatlar mövcuddur. Elə həmin səbəbdən də bu təşkilatlar şəbəkəsi guya tapılıb aşkara çıxarılmalı və məhv edilməli idi. Bunlar da birinci növbədə xalqın üzdə olan tanınmış ziyalıları, aydınları idi.
- 37-ci ildə qatı mənfur bolşeviklərin böyük bir qismi də repressiyanın ət maşınından keçirildi. Bəs bunun sirri nədə idi, mən Əliheydər Qarayev və onun kimi yaramazları nəzərdə tuturam. O həmin Əliheydər idi ki, vaxtı ilə M.Ə.Rəsulzadəyə "Sənin gözlərini çıxararam", bir də ki, "Təzə üzlər sorağında" adlı kitabınız səhv etmirəmsə, 1978-ci ildə çap olunmuşdur. Siz o dövrün çağdaş ədəbi mənzərəsini yaratmış, yeni yazmağa başlayan qələm adamlarının sənəddə möhkəmlənməsinə bir növ mənəvi yardımçı olmuşdunuz. Sonradan bu qələm adamlarının bir qismi sənətdə daha parlaq zirvələrə ucaldı, digər qismi isə bir atımlıq barıtı tükəndiyi üçün unudulub getdi. Bəs bu barədə nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, adını çəkdiyiniz monoqrafiya o dövrdə fəaliyyət göstərən gənc şairlərin yaradıcılığına bir növ güzgü tutmaq, işıq salmaq istəyi ilə qələmə alınmışdı. Kitaba daxil edilən iki məqalədən birincisi "Gənc şairin ilk kitabı" adlanırdı. O zaman gənc şairlərə Azərnəşrdə dörd barmaq boyda kitab buraxağa imkan verirdilər. Arxa tərəfdən bu kitabların üz qabığında müəllifin şəkli və qısa bioqrafiyası dərc olunurdu. O kitablardan mən o vaxt ən azı otuzunu oxumuş və bu barədə "Gənc şairin ilk kitabı" adlı monoqrafiyanı yazmışdım. Ən maraqlısı budur ki, indi görkəmli şairlər kimi tanınan bir çox kitab müəllifləri indi də dönə-dönə mənə bu məqaləyə görə minnətdarlıqlarını bildirirlər. Çünki o müəlliflərin hamısı haqda mətbuatda ilk müsbət fikri mən yazmışdım. Yeri gəlmişkən o müəlliflərin içində həm tərif, həm də tənqit olunanların olmasına baxmayaraq, onların hamısına xoş niyyətimi ifadə eləmişdim. Mən bacardıqca o gənc müəlliflərdən hər birinə qayğı göstərməyə, sənət yoluna yaşıl işıq salmağa çalışmışdım. İkinci məqalə isə artıq o kitablardan bir addım da qabağa getmiş və yeni şeirləri ilə diqqəti cəlb eləmiş şairlər nəsli haqqında idi. Mən onların bütövlükdə ədəbiyyatımızda təzə izlər salan söz adamları, qələm sahibləri hesab eləmişdim. Elə zənn edirəm ki, o vaxt o yazarların mənim məhz o yazıma ehtiyacı vardı.
- Bəkir müəllim, Milli Elmlər Akademiyasının 60 illiyi yüksək səviyyədə qeyd edilirdi, elə həmin günlərdə siz "İstiqlal" ordeni ilə təltif edildiniz. Bu iki hadisəni necə xatırlayırsınız?
- Əslini axtarsanız mən həyəcanlı olduğum üçün sualınızın ikinci hissəsindən başlamaq istəyirəm. Mən elmimizin ən yüksək, ən ali məqamlarına ucalan çox saylı fəxri adlara, dövlət təltiflərinə layiq görünən bir adamam. Sözümün canı budur ki, həyatımda əlamətdar hadisələr çox olub. Lakin bu hadisələrin ən əlamətdarı dünyanın ən layiqli ölkə başçılarından biri olan cənab Prezidentin öz əli ilə ən ali mükafatı, yəni "İstiqlal" ordenini boynuma salmasıdır. O da təsadüfi deyil ki, bu ali mükafat təsis edilən zaman ilk dəfə üç əziz dostuma - Bəxtiyar Vahabzadəyə, Məmməd Araza və Xəlil Rzaya təqdim edildi. Prezidentin əlindən o yüksək mükafatı aldığım məqamları həyatımın ən əlamətdar hadisəsidir. Bu cür uzun söhbətdə məhz bu məqamın axırda qeyd edilməsi heç də təsadüfi deyil, çünki bu mükafat mənim illərlə çəkdiyim zəhmətin, keçirtdiyim yuxusuz gecələrin yazıdığım məqalənin məntiqi yekunudur. Mən yetmiş yaşım tamam olanda ümummilli liderimizin öz əli ilə mənə "Şöhrət" ordenini təqdim etməsini bu gün də dərin minnətdarlıq duyğusu ilə xatırlayıram. Belə hiss edirəm ki, həm bundan sonra da mən bu yüksək təltifi, yüksək ehtimadı doğrultmaq üçün daha böyük əzmlə çalışmalı, diqqətəlayiq işlər görməliyəm.
- Mənə belə gəlir ki, bu gün respublikada bir çox imkanlı iş adamları formalaşmaqdadır. Onların hamısı olmasa da bəziləri ədəbiyyatımıza, mədəniyyətimizə və təhsilimizə çox ciddi töhfələr verir. Onlardan biri də həm iş adamı, həm də qələm adamı olan Gülağa Qəmbərovdur. Barəsində kifayət qədər ziddiyyətli fikirlər dolaşan bu insanın haqqında siz nə deyə bilərsiniz?
- Mən iş adamlarımızın arasında çox nadir şəxsiyyətlər taniyiram ki, onlar öz fəaliyyətləri ilə ədəbiyyatımıza, mədəniyyətə, mənəviyyata, o cümlədən, ayrı-ayrı ziyalılara çox böyük qayğı göstərirlər. Bu cür qayğıkeş iş adamlarından biri də Gülağa Tənhadır. Sizin də qeyd etdiyiniz kimi o həm də maraqlı şeirləri və kitabları olan nəğməkar bir şairdir. Görünür ki, bir sıra iş adamlarından fərqli olaraq onun daxilində yuva qurmuş şair onun ürəyinə hökm edir ki, bu qədər irimiqyaslı, xeyirli əməllərə imza atsın. Onun fəaliyyəti təkcə bizim müasirlərimiz olan qələm adamlarına dəstək verməklə məhdudlaşmır. Məsələn, o, Əlibala Hacızadə kimi məşhur bir yazıçının on cildlik külliyyatını çap etməsi ilə yanaşı ona ömürlük təqaüd də kəsib ki, bu faktın özü ədəbiyyat tariximiz üçün ciddi bir hadisədir. O, eyni zamanda məktəblər tikdirmiş, yardıma ehtiyacı olan qocalar evi, uşaq evi kimi obyektlərə kömək etmiş, Azərbaycan şahmatının inkişafına çox böyük məbləğdə subsidiyalar ayırmışdır. O, hətta həyatda olmayan sənət adamlarının ruhunu sevindirməkdən zövq alır. Mən bu sözü deyərkən dahi şairimiz M.Ə.Sabirin Şamaxıdakı çox möhtəşəm məqbərəsini tikdirməsini nəzərdə tuturam. Bakıda və digər yerlərdə də abidələr var, amma bu məqbərəyə tamaşa etməyə, necə deyərlər, iki göz gərəkdir. Çox böyük zövqlə, çox böyük səriştə ilə layihələşdirilən məqbərə bu gün şairin qəbri üzərində əzəmətlə ucalmaqdadır. 2006-cı ilin may ayında, şairin anadan olduğu gündə həm məqbərənin təntənəli açılışı oldu və mən də böyük məmuniyyətlə həmin tədbirlərdə iştirak elədim.
- Bəkir müəllim dəyərli, məzmunlu, maraqlı söhbətiniz üçün sizə səmimi təşəkkürümü bildirirəm.
(ardı gələn sayımızda)

Bayram Afurcalı