VARLININ YASINA GƏLƏN çOX OLUR

AQİL ABBAS
32576 | 2006-09-13 08:35
Azərbaycanda belədi də, bir varlı öləndə, bir vəzifəli öləndə (Allah bütün ölənlərə rəhmət eləsin) yas mağarına girmək üçün uzun-uzadı növbələr olur. Molla əlindən də tərpənməyə yer tapılmır. Amma bir kasıb ölür, bir vəzifəsiz ölür, yasa molla tapmaq da müşkülə çevrilir.
   
   Amma bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.
   
   Bəli, 11 sentyabrda ABŞ-da insanlığa sığmayan çox böyük bir faciə baş verdi. Minlərlə günahsız insan terrorun qurbanı oldu. Və düz 5 ildir bütün dünya Amerikada ölənlər üçün yas saxlayır, dəsmal götürüb ağlayır, mərasimlər keçirilir, xatirə lövhələri qoyulur, hər il sentyabrın 11-də bütün dünyada matəmdi. Nöşün, çünki Amerika varlıdı, Amerikanın vəzifəsi var və amerikalılar göydən zənbillə düşüblər və sair və ilaxır. Və yas mərasimlərində də başsağlığı vermək üçün bütün dövlətlərdə hamı növbə tutur, üz-gözündə bir üzüntü, elə bil ölən öz dədəsi-nənəsidi.
   
   26 fevralda da dünyada çox böyük bir terror hadisəsi baş verdi. Dünyada, Azərbaycan deyilən bir məmləkətdə Xocalı adında bir şəhər bütövlükdə terrorun qurbanı oldu.
   
   Faciədə paralelliyə fikir verin. Nyu-Yorkda terror nəticəsində şəhər əhalisinin 25 milyonundan 3600-ü bu terrorun qurbanı oldu. Yəni ümumi şəhər əhalisinin 0,000144 faizi eləyir.
   
   Xocalıda baş verən terror nəticəsində şəhər əhalisinin 2500-dən 1000 nəfəri terrorun qurbanı olub. Bu da eləyir 40 faiz, yəni şəhər əhalisinin yarısı. Miqyasını götürəndə Xocalıdakı terror Nyu-Yorkdakı terrordan neçə min dəfə böyükdür.
   
   Bəli, 26 fevralda da dünyada çox böyük bir terror hadisəsi baş verdi. Dünyada, Azərbaycan deyilən bir məmləkətdə Xocalı adında bir şəhər bütövlükdə terrorun qurbanı oldu.
   
   Amma nə yasımıza gələn oldu, nə başsağlığı verən oldu, nə də dünyanın vecinə olmadı ki, minlərlə günahsız insan dəhşətli bir terrorun qurbanı olub. Əksinə, dünya dövlətləri həmin terrorçuları hələ də maliyyələşdirir, hələ də dəstəkləyir. Nöşün, nöşün ki, bizim vəzifəmiz yoxdu, biz kasıblar zümrəsinə daxilik, bir də dünyanın yekə dövlətlərinin yanında xəcalətliyik ki, onlar kimi xristian deyilik, müsəlmanıq.
   
   Belə -belə işlər! Allah bütün terror qurbanlarına rəhmət eləsin! Əvvəl Xocalıda terrora qurban gedənlərə, sonra da Nyu-Yorkdakı terror qurbanlarına.
   
   Və sonda. Nyu-Yorkda terrora qurban gedənlərin heç bir günahı olmasa da, ABŞ dövləti öz günahları ilə bu terroru qazanmışdı.
   
   Amma Xocalıda terrora qurban gedənlər nə özləri bu terroru qazanmışdı, nə də vətəndaşı olduqları dövlət. Bu da belə!
   
   Və nəhayət, məhz sentyabrın 11-də 1973-cü ildə Amerikanın dəstəklədiyi terrorçular Çilinin prezidenti Solvador Alyendenin iqamətgahını bombaladılar, özünü də kabinetində güllələdilər, minlərlə insanı futbol stadionlarına yığıb işgəncə ilə qətlə yetirdilər. Və ABŞ-ın o vaxtkı dövlət katibi Kissincer gəldi Santyaqoya. Terror qurbanlarına başsağlığı verməyə yox, terrorçuların başçısı Avqusto Pinoçeti təbrik eləməyə! Bu da lap belə!..
   
   
   
   

TƏQVİM / ARXİV