adalet.az header logo
  • Bakı 7°C
10 Sentyabr 2018 12:17
87243
MÜSAHİBƏ
A- A+

Məni 150 min adam tanıyır... – Aqşin Evrənlə MÜSAHİBƏ

"Ədalət” qəzetinin bu dəfəki qonağı tanınmış şair Aqşin Evrəndir. Aqşin ədəbiyyatda sözünü demiş imzalardanıdr. Kult.az portalnın redaktoru, bir kitab müəllifidir.

Adalet.az müsahibəni təqdim edir.

- Özünü necə hiss edirsən? Tətil necə keçdi? Deyəsən, Türkiyəyə getmişdin...

- Yaxşıyam. Tətil maraqlı oldu, əvvəlcə Tiflisə, ordan Batumiyə, daha sonra Trabzona getdim. Tiflis yaddaşımda səmavi şəhər kimi qaldı. Bununla belə, gözlədiyim kimi olmadı. Mən daha möhtəşəm şəhər gözləyirdim. Tiflis mədəni baxımdan əliaçıq, sosial baxımdan quldur şəhərdir. Çox mədənidirlər, amma səni hər an aldatmaq istəyirlər.

Batum isə Avropa ilə Afrikanın sintezindən yaranmışdı sanki. Hətta mənə elə gəldi ki, Qara dənizdə üzdüyüm yerdə anidən suyun altından vəhşi Afrika qartalı hücum çəkəcək. Səbəbini bilmirəm, məndə belə təəssürat yaratdı.

Trabzon isə daha çox yer altındakı bir mağarada insanların qəbilə halında yaşadığı yeri xatırlatdı. Bunu geridəqalmışlıq, konservatizm anlamında demirəm. O mənada ki, Trabzonda insanlar çox mehriban, bir-birilərinə yaxın idilər. Çox sevdim Trabzon insanını.

Fikrimi yekunlaşdırım: Tiflisin sənətini, Batumun təbiətini, Trabzonun insanını sevdim. İstirahət müddətimdə lazım olan 3 şeyi - sənəti, təbiəti, insanlığı tapa bilmişəm. Demək, istirahətim əla keçib.

- Aqşin, müasir Azərbaycan poeziyasında ən istedadlı şairlərdənsən. Sevilirsən, ancaq ədəbi mühitdə, insanlar içində yoxsan. Yoxsa səndəmi yaradıcı insanın tənha olmasını istəyirsən?

- Məndən asılı olan şey deyil. Əvvəldən özümə qapalı, soyuq olmuşam. Yəni özüm "tənha şair” obrazı-zad yaratmağa çalışmamışam. İndi bu sualı verdin, qəfil xatırladım ki, doğrudan da uzun müddətdir yazar dostlarla görüşmürəm. Amma görüşəndə əksəriyyət təəccüblənir ki, biz səni belə deyib-gülən, zarafatcıl bilmirdik, elə bilirdik, özündənrazısan. Əslində, bu görüşlər çox maraqlı alınır: fəlsəfədən tutmuş tarixə, sosiologiyaya qədər hər şeydən danışırıq, müzakirələr aparırıq və bir-birimizdən nələrsə öyrənirik. Amma dediyim ki, son vaxtlar bu görüşlər alınmır. Təbii, bunda müəyyən səbəblər rol oynayır: İş, vaxt azlığı, yorğunluq, başqa qayğılar...

- Sənin haqqında fikir birmənalıdır: Aqşin gənclərin içində ən istedadlısıdır.

- Nəsə son vaxtlar bu fikri çox adamdan eşidirəm. Halbuki mən ən yaxşı şeirlərimi hələ yazmadığımı düşünürəm. Açığı, haqqımda deyilmiş gözəl sözlər mənə xoş təsir edir. Ancaq ən istedadlı olmaq məsələsi hər zaman mübahisəlidir. Bəlkə də bu dəqiqə hansısa ucqar bir kənddə elə bir şair var ki, bu günə qədər yazdıqlarımız onun bir misrasına belə dəyməz.

Ümumiyyətlə, gənc yaşında özü haqda yüksək fikirdə olan insan doymuş məhlul kimi şeydir. Belə demək mümkünsə, beton divardır. Yaşantılar ona nə qədər yeni fikirlər, hisslər yükləməyə çalışsa da, alınmayacaq. Belədə həmin insan inkişaf etməyəcək, tükənəcək.

Bizdə gənclərin ən çox yol verdiyi yanlış budur. 22-23 yaşlı dostlarımız artıq ədəbiyyatda təsdiq olunduqlarını düşünürlər. Bu, kənardan çox gülməli görünür. Çünki hələ ədəbiyyatın "Ə”-sini belə yazmayıblar. Bu günə qədər ədəbiyyatımızda elə nəhəng şairlər, yazarlar olub ki, indi adı belə çəkilmir. Yəni tarix amansız maşındır, ciddi sütunlar qoymayanları əzib toza çevirir.

Sualından bir qədər yayındım, ancaq bunları deməli idim ki, dostlarımız yanlışdan qayıtsınlar, inkişaf etməyə çalışsınlar.

- Aqşin, bu yaşda qazandığın şöhrət səni qorxutmur ki?

- Babat da şöhrət qazanmışam axı (gülür). Ümumilikdə toplasaq, məni 100-150 min adam tanıyır. 7 milyardlıq dünya üçün bu, Tağı Əhmədov demiş, iki tam onda beş nəfərdir. Bu yay səfər etdiyim 2 ölkədə məni görüb tanıyanlar oldu, zarafatyana dedim ki, yavaş-yavaş dünya ədəbiyyatına çıxıram(gülür). Əslində, bəlkə də şöhrətin toruna düşə bilərdim. Çünki zaman-zaman adım nəhəng Füzuli ilə yanaşı çəkildi, gözəl şairimiz Ramiz Rövşənlə, çağdaş poeziyamızın önəmli mərhələsi Aqşin Yeniseylə müqayisə olundum. Bəlkə də mənim yerimə kim olsaydı, indi özünü Kristiano Ronaldo, ya da Afaq Aslan kimi aparırdı (gülür).

Təkrar edirəm, mən arzuladığım şeirləri hələ indi-indi yazmağa başlayıram. Hər gün son vaxtlar yazdığım şeirləri oxuyub xoşbəxt oluram. Amma bu da kifayət etmir. Daha çox oxumalı, öyrənməli, daha böyük yaşamalıyam. Ən yaxşı şeirim hələ yazmadığımdır.

- Şeiri fikrinlə, yoxsa ürəyinlə yazırsan? Səncə, şeirin yükü necə olmalıdır?

- Ümumiyyətlə, bioloji olaraq hər şey beyinlə bağlıdır, ürək sadəcə qan vuran nasosdur. Amma şeirin yazılması üçün vacib olan komponentlər var. Bunlar da yaşantı, müşahidə və ideyadır. Sırf beynimin, müşahidəmin məhsulu olan şeirlər də var, bütünlüklə yaşantıdan yaranan şeirlər də. Mən son olaraq onlarda sənət faktı axtarıram. Daim hansısa şeirimdən imtina edirəm. Bu proses gələcəkdə də davam edəcək.

- Belinski deyir ki, öz həyatından yazmayanlar istedadsızdır. Kitablar, filmlər, yoxsa uşaqlıq xatirələrin səni yazmağa məcbur edir?

- Belinskinin bu fikri hansı situasiyada deməyindən çox şey asılıdır. İnsan yalnız öz həyatındamı yazmalıdır? Məncə, bu prizmadan deyibsə, absurddur. Çünki bəzən səni "Uşaq evi”ndə stolun üzərinə yazılmış çoxlu "ana” sözləri yazmağa məcbur edə bilər.

Uşaqlıq xatirələrimin hisslərinin şeirlərini yazıb bitirmişəm. Yəni keçmiş bitib, indi bu günümü və gələcəyimi yazıram. Kitablar, filmlər, amma ən çox yaşadıqlarım və musiqilər yazmağa vadar edir.

- Şeir mənə yastı təpələri xatırladır, nəsr isə dağın döşündə ora-bura qaçan vəhşi heyvanları. Sənin gözlərində üfüqdə nə görünür?

- Dağlardan yorulub, yastı təpələrdə dincələn, rahatlıq tapan vəhşi heyvanlar görürəm.

- Hər hansı bir ədəbi quruma üzvsən? Yaradıcı adamın bir quruma üzv olmasına münasibətin necədir?

- Heç bir ədəbi quruma üzv deyiləm, üzv olmaq fikrim də yoxdur. Başqalarının üzv olmasına gəlincə isə, bu da təbiidir. Amma son illər gülməli bir vəziyyət yaranıb. Məsələn, AYB-yə üzv olan gənc bunu böyük uğur, ədəbiyyatda təsdiqlənmə kimi başa düşür. Böyük təmtəraqla "AYB-yə üzv qəbul edildim” yazıb paylaşır, hamı da təbrik edir, bunu möhtəşəm uğur adlandırır. Nəticədə yeni yazmağa başlayan gəncdə eqo və arzuların kiçilməsi prosesi başlayır. Hansısa quruma, ədəbi birliyə üzv olmaq uğur deyil, qardaş. Ümumiyyətlə, yaradıcı adam hansısa vəsiqəni almağı özünə uğur hesab etməməlidir. Yaradıcı adamın bir uğuru var – yaxşı mətn yazmaq!

- Aqşin Yeniseydən sonra ikinci bir Aqşin adı ilə şeir yazmaq çətin olmadı ki?

- Açığı, mən yazmağa başlayanda qarşıma Yeniseyi keçmək məqsədi qoymamışdım. Zatən, ədəbi mühitə gəlməyimdə Aqşin Yenisey rol oynayıb. Kartof satırdım, zəng elədi ki, görürəm istedadlı gəncsən, gəl bizimlə işlə, məhv elə özünü (gülür).

Amma ümumilikdə bu sualının cavabını qardaşın Ayxan Ayvaz "Bizim evrənin Aqşini” yazısında verib.

- Facebookda aktiv deyilsən. Statusların çox az olur. Əksərən şeirlərini paylaşırsan. Yəqin ki, sosial şəbəkələr sənin üçün ciddi yer deyil...

- Düzdür, əvvəllər şeir paylaşırdım, ancaq son vaxtlar daha çox gülməli, yumoristik statuslar paylaşıram. Bəzən özümdən lətifələr uydurub yazıram. Bütün bunlar insanların üzündə gülüş yaradır. Ümumiyyətlə, mən müəyyən məqamlarda oxucuların beynindəki "daim ağlaşma quran şair” obrazını qırmağa çalışmışam. Şairə "əlini qoynuna qoyub, uzaqlara baxan kədərli ahıl” kimi baxmaq anlayışından çıxmaq lazımdır.

- Yeni kitabın necə əks-səda doğurdu?

- Kitab çıxarmağa tələsmirdim, amma oxucular, dostlar çox israr etdilər, nəşr etdirməli oldum. Yaxşı ki, nəşr etdirdim. Çünki o kitab çıxandan sonra beynimdə yeni üfüq açıldı, daha bəşəri, daha dərin qatları olan şeirlər yazmağa başladım. Bu, öz qənaətim deyil, poeziya haqqında dərin bilgiləri olan insanların fikridir.

Yazıçı dostumuz Şərif Ağayar da demişdi ki, kitab çıxar, yeni üfüq açılacaq, yazacaqsan. Kitabla bağlı məni məyus edən o oldu ki, çap olunandan qısa müddət sonra satılıb bitdi, çox adama çatmadı. Açığı, bir müddət fasilə verib, köhnə şeirlərimi saf-çürük edib, ömür vəfa etsə, 30 illik həyatımın yekunu olan bir kitab çıxaracam.

Söhbətləşdi: Oğuz Ayvaz