adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Sentyabr 2018 11:21
83576
MÜSAHİBƏ
A- A+

Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi - Elman Türkoğlu ilə müsahibə

Azərbaycanın istiqlal hərəkatının önündə gedib həmişə həmsöhbətimiz və bu öndə olma da ona bir Bayraqdar titulu qazandırıb. Biz də redaksiyamızda görməyi artıq adət etdiyimiz, həmişə sayğı ilə qarşıladığımız Elman Bayraqdarla elə söhbətimizi onun keçdiyi yol üzərində qurduq.


-Bəy, xoş gördük, necəsiz?

-Xəstəyəm. Qara ciyərdi, ürəkdi, böyrəkdi, qan təzyiqidi, bir də mədə altı vəzidi. Bunlarla savaş aparıram. Həkim dedi ki, xəstəxanda yatmalısan. Yatmadım. Maddi vəziyyətim imkan vermədi. Dədə Elçibəydən sonra mən də düşdüm. Hələ ki yaşayırıq da, görək nə olur.

-Hal-hazırda nə işlə məşğulsunuz?

-Hazırda heç bir işlə məşğul deyiləm, amma bayraqdarlığımı davam etdirirəm. 61 yaşım var, 30 ilini hərəkatda keçirtmişəm. 1976-cı ildə Elçibəyi tanımışam.

-Elçibəylə aranızda münasibətlər necə idi?

-Məmməd Əmin Rəsulzadəyə babam, Elçibəyə isə dədəm deyirəm. Baxmayaraq ki, doğma babam var. İki oğlum var. Birinin adını Məmməd Əmin, birinin adını isə Elçibəy qoymuşam. Məmməd Əmin 17 gün idi ki, məktəbi bitirmişdi, asıldı. Elçibəy Türkiyədə "Anadolu Universiteti”nə qəbul olundu. Ordan-burdan pul tapa-tapa təhsil haqqını ödəsəm də, sonra gücüm çatmadı. Və uşağı universitetdən xaric elədilər. Hamı elə bilirdi ki, mən Qarabağ bölgəsindənəm. Amma 2009-cu ildə hamı biləndə ki, əslən Masallıdanam, şoka düşmüşdülər. Bu ona görə idi ki, mən Azərbaycanı heç vaxt bölgələrə bölməmişəm. 1976-cı il, vəziyyət gərgin idi. Onuncu sinfi bitirib, instituta sənəd verdim, amma imtahanlardan məni kəsdilər. Hərbi xidmətə getməyimə bir il yarım qalmışdı. Daş karxanasında fəhlə kimi işə düzəldim. Həmin ərazidə hündür bir adamın gəzişdiyini görürdüm. Elə işlədiyimiz yerdən dəmir yolu keçirdi. Möhkəm də yağış yağmışdı. Mən də bilmirdim ki, relslər elektrik keçirdir. Ayağımdakı yaş ayaqqabıyla bilmədən relsin üstünə çıxdım. Elektrik məni vurdu, yıxıldım, başım kərpicə dəydi, huşumu itirdim. ayılanda gördüm ki, hündür boy bir kişi başımın üstünü kəsdirib.

- O kişi kim idi?

Hələ onuncu sinifdə oxuyanda qəzetlərin birində belə bir xəbər çıxmışdı qarşıma. Antisovet fikirlərinə görə Əbülfəz Əliyevi həbs etmişdilər. Bizə də atamız uşaq vaxtından türkçülüyü öyrədirdi. Atama bu xəbəri oxudum. O da dedi ki, deyəsən nəsə eləsə elə bu Əbülfəz edəcək. Çünki o vaxtlar atam məni məscidə aparardı. Məsciddəki mollalar, axundlar imkan düşəndə üstörtülü də olsa Sovet rejiminin tezliklə dağılacağından danışırdılar.

Qayıdaq, yıxıldığım həmin günə. Yadımdadır ki, mənim pulumu verməmişdilər. Mən ayılanda o hündür boy kişini başımın üstündə görəndə, ətrafımdakı hamı dağılışımışdı. Saçlarım da o vaxtın dəbinə uyğun, uzun idi. O kişi əllərilə başıma sığal çəkib, dedi ki, uzun saç sənə yaraşır. Adımı soruşdu, dedim, Elman Həsənbəyli. Mən də onun adını soruşdum. Dedi, Əbülfəz Əliyev. Onda bildim ki, o həmin həbs olunan milliyətçidi. Sonra mənə onun dostları daşları necə yığmağı öyrətdilər. Daha sonra Əbülfəz bəy soruşdu ki, başqa nə problemin var. Dedim, pulumu vermirlər. Tapışırdı ki, pulumu versinlər və verdilər də.




-Bəy orada nə işə baxırdı?

-Sadəcə gəzirdi. Özü dustaq olsa da, böyük hörməti vardı, sözünü eşidirdilər. Sonra hərbi xidmətə getdim. Qayıdan kimi "Tibb Univesiteti”nə sənədlərimi verdim. Qəbul olundum. Amma morqda bizə meyiti yarmağı tapşıranda bacarmadım və tibbdə oxumağı dayandırdım. Ümumiyyətlə, həkimliyə, aktyorluğa və başqa sahələrə eyni anda marağım vardı. 1981-ci ildə tarxin fakultəsinə qəbul olundum. Fakultəni bitirdim. Sonra özümə biznes qurdum. Pul qazandım. O pullar 1988-ci ildə köməyim oldu. Azərbayacana silahın gətirməkdə rol oynadım. 1984-cü ildə Bakıda olanda çayxanaların birində Əbülfəz Elçibəylə rastlaşdım. Ona yaxınlaşıb məni tanıyıb-tanımamağını soruşdum. Tanımadığını deyəndə dirəşmədim. Demədim ki, relsin üstündən qaldırdığı oğlan mənəm. Çayxanadan uzaqlaşdım. Uzun sözü qısası, 1988-ci ildə hərəkat başlandı. O mitinqlərdə dəfələrlə döyülmüşük. Burnum, qabırğalarım sınıb.

-Bütün bunlardan Elçibəyin xəbəri vardı?

-Bəli var idi. Yüz minlərlə adamın içindən məni yanına çağırardı və "mənim əsgərim, qəhrəmanım” deyə müraciət edərdi. Elə Türkoğlu ləqəbini də bəy verib mənə.

-Hərəkat dövründə Elçibəydən başqa kimlərlə dostluq edirdiz?

-Mir Mahmud Ağa, İsa Qəmbər bu adamlar mənə çox kömək ediblər. Ancaq indi İsa Qəmbərlə küsülüyük.

-Niyə küsüşmüsüz?

-Elçibəyi, Məmməd Əmin Rəsuzladəni nə qədər sevmişəmsə İsa Qənbəri də o qədər sevmişəm. Mənim əsas düşmənçiliyim Əli Kərimliylədir.

-1988-ci ili nəzərdə tutursuz?

-Xeyr. Əli Kərimli 1989-cu ildə ortaya çıxdı. Onun Qarabağ uğrunda vuruşması, mitinqlərin təşkil olunmasında iştirak etməsi yalan söhbətdir. Dəfələrlə mitinqlərdə ara qarışan kimi qaçıb gizlənib. 1991-ci ilin mayında Azneftdən "Kukla teatrı”na kimi 50 min adam yürüşdə iştirak edirdi. Həmin yürüşün bayraqdarı mən idim. Əli Kərimli də orda idi. Qəfil polislər işə qarışdı. Əli Kərimli yoxa çıxdı. Dədəm Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi. Mənim Əli Kərimliylə vacib haqq hesabım var. Vaxtı çatanda bunu onunla həll edəcəm.

-Elçibəyin oğluyla münasibətiniz, əlaqəniz varmı?

-Bəli. Elçibəyin anım günlərində, qəbrini ziyarət edəndə və bəzi tədbirlərdə rastlaşırıq. Mən həmişə onun atası, dədəm Elçibəyi çox istəmişəm. O öləndən sonra 45 gün, yağışlı günlərdə məzarının yanında dayanmışam. Hətta Elçibəyin vaxtında belə Əli Kərimlinin istefa məsələsini gündəmə mən gətirmişəm.