ELçiBƏY GÖSTƏRiŞi BiN LADENDƏN ALIBMIŞ?!

AQİL ABBAS
33688 | 2006-09-13 08:35
Dünənki "Azadlıq"da belə bir material dərc olunub, başlıq da manşetə çıxarılıb":: "Əliyevlər Bin Ladendən dəstək alıb". Qəzet ABŞ-da çıxan "Qlobal Politikian" jurnalına istinad edərək yazır":: "Öz araşdırmasının gedişində müxtəlif məsələlərdən danışan müəllif əfqanların Azərbaycan hakimiyyətilə əlaqələrinə yer ayırıb. Onun bildirdiyinə görə, Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsində əfqan terrorçusu Hikmətyarın və Rusiyanın dəstəklədiyi terrorçuların böyük rolu olub. O, hətta Bin Ladenin də bu münasibətlərdə iştirak etdiyini yazır".
   
   Ümumiyyətlə, neçə müddətdir ki, müxalif qəzetlər Azərbaycan iqtidarını az qala dünyanın bütün terror təşkilatları ilə işbirliyində ittiham edərək Azərbaycanın beynəlxalq aləmdə imicinə böyük zərbə vururlar. Bununla da həm ermənilərin və Ermənistanın, həm də ölkəmizə düşməncəsinə baxan dövlətlərin və bir də hər hansı bir saman çöpündən də olsa yapışıb Azərbaycana təzyiq göstərmək istəyən üzdəniraq "dost" dövlətlərin də əlinə dəstəvuz vermiş olurlar. Hətta dost dövlətləri də Azərbaycana qarşı qoyurlar, məsələn, Türkiyəni. Elə gün olmaz ki, qəzetlər Azərbaycan iqtidarını PKK ilə işbirliyində ittiham eləməsin. Təbii ki, belə yazılar Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaya bilməz. Bilmirəm Türkiyənin xüsusi xidmət orqanları buna nə qədər inanır, ya yox, amma bunu oxuyan türk xalqı hər halda bizə münasibətində istər-istəməz fikirləşməli, götür-qoy etməli olur.
   
   Bin Laden məsələsini qabartmaqla da Amerika-Azərbaycan münasibətlərinə zərbə vurulur. Düzdür, dünyanın ən güclü kəşfiyyatına malik olan ABŞ çörəyi qulağına yemir. Çox yaxşı bilir ki, Azərbaycanın dünyanın hər hansı bir terror qruplaşması ilə və eləcə də Bin Ladenlə heç bir əlaqəsi ola bilməz. Amma bizim öz yazdıqlarımızdan istifadə edərək və yazdıqlarımıza istinadən bütün bunlardan Azərbaycan iqtidarına təzyiq vasitəsi kimi istifadə edirlər. Və təbii ki, təkcə ABŞ yox, İngiltərə də, Fransa da, digər Avropa dövlətləri də bütün bunları Azərbaycana təzyiq vasitəsinə çevirirlər.
   
   Yuxarıda adını çəkdiyimiz jurnalın əməkdaşı da çox güman ki, öz məqaləsini Azərbaycan mətbuatındakı məlum yazıları araşdırdıqdan sonra belə bir qənaətə gəlib. Təbii ki, əgər o belə bir faktı Mərkəzi Kəşfiyyat İdarəsindən qopara bilsəydi daha bərkdən bağırardı və belə bir fakt Mərkəzi Kəşfiyyat İdarəsinin özündə olsaydı indi ABŞ çoxdan tumanını başına çırmamışdı.
   
   Azərbaycan uzun illərdir dünyada ən çox terrora məruz qalan ölkələrdən biridir. Minlərlə soydaşımız bu terrorların qurbanı olub. Azərbaycanı hər hansı bir terrorçu qrupla işbirliyində ittiham etmək heç bir milli-mənəvi dəyərlərə sığmır. Sən Azərbaycan iqtidarını sevməyə bilərsən və bu iqtidar sənin olmasa da bu dövlət, bu ölkə, bu millət ki sənindir!
   
   Bəli, qəzet yazır ki, Əliyevlər Bin Ladendən dəstək alıb. Heydər Əliyev hakimiyyətə gəlməkdə dəstəyi Azərbaycan xalqından və bir də Elçibəydən alıb. Belə çıxır ki, Azərbaycan xalqı Bin Ladenin terrorçularıdır və Əbülfəz Elçibəy də Heydər Əliyevi hakimiyyətə dəvət etmək üçün göstərişi Bin Ladendən alıb. Heç olmasa Elçibəyin müqəddəs ruhuna hörmət edin. Heydər Əliyev oturmuşdu Naxçıvanda və blokadada olan Naxçıvanı - hətta Heydər Əliyevin acığına Azərbaycan iqtidarı tərəfindən taleyin ümidinə buraxılmış Naxçıvanı - min bir əziyyətlə yaşadırdı, Ermənistanın işğalından qoruyurdu. 4 iyun qiyamı da Azərbaycanı məhv olmaq təhlükəsi altına almışdı. Belə bir vaxtda Elçibəy Azərbaycanı kimin xilas edə biləcəyini çox gözəl bildiyindən məhz Heydər Əliyevi hakimiyyətə dəvət elədi, eləcə də Azərbaycan xalqı Azərbaycan dövlətinin xilasını Heydər Əliyevdə gördü. Bunun heç bir isbata ehtiyacı yoxdur.
   
   Bəli, Heydər Əliyevi hakimiyyətə Əbülfəz Elçibəy dəvət edib. Dünyanın heç bir xüsusi xidmət orqanı və ya kəşfiyyat idarəsi ortaya bir fakt çıxara bilməz, iddia edə bilməz ki, Elçibəylə Bin Ladenin əlaqəsi olub.

TƏQVİM / ARXİV