adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Sentyabr 2018 00:21
46703
GÜNDƏM
A- A+

Prokuror ömrü yaşamaq həm məsuliyyətli, həm də şərəflidir

Azərbaycan prokurorluğu -100

Müsahibimiz Prokurorluğun fəxri işçisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü,
təqaüddə olan Baş Ədliyyə müşaviri Seyfəddin Həsənovdur

- Seyfəddin müəllim, icazə verin söhbətimizə bir qədər uzaqdan başlayaq.
- Siz əmək fəaliyyətinə Sumqayıtda "Boru-yayma" zavodunda başlamısınız. Orada fəhləlikdən başlayaraq zavodun hüquq şöbəsinə, gənclər təşkilatına rəhbərlik etmişiniz. Bu zavodda 12 min nəfərdən çox adam işləyirdi. Mən özüm də bu zavodun yetirməsiyəm.
- Gələcək karyeranızda o illərin rolu olubmu? Ümumiyyətlə o illəri necə xatırlayırsınız?
-Artıq o illər arxada qalsa da, unudulmayıb. Əksinə bir xatirəyə dönüb. Şəxsən mühakimə yürüdə bilmərəm ki, müəssisədə nüfuzum necə olub. Bu təvazökarlıqdan uzaq olardı. Çalışmışam ki, özümü ətrafdakılara qarşı qoymayım. Həmişə qayğıkeşliyə can atmışam. İstəmişəm çalışdığım müəssisədə gənclərin həyatı yaxşılaşsın. Burada qeyri-adi bir şey görmürəm. Məhəbbəti də, nifrəti də, nüfuzu da insan öz hərəkətlərinin, əməllərinin nəticəsi olaraq qazanır. Yaxşılıq, xeyirxahlıq həmişə insanda xoş hisslər oyadır. Mənim gələcək karyeramda o illərin, təmasda olduğum insanların, yaşadığım mühitin əvəzsiz rolu olub və mən o illəri həmişə xoş ovqatla xatırlayıram.
-Sizcə, prokuror hansı keyfiyyətlərə malik olmalıdır?
-Hər bir prokuror və hakim olmaq istəyən şəxs əsasən iki mühüm keyfiyyətə malik olmalıdır - sağlam düşüncə və ədalət.
Bu iki keyfiyyəti heç bir test müəyyən edə bilmir. Şəxsi təcrübəm və dünyada formalaşmış təcrübə bunu deməyə əsas verir ki, prokurorda və hakimdə bu keyfiyyətlər olarsa onlar düzgün mühakimə edə bilərlər. Prokurorda və hakimdə düzgün hüquq düşüncəsi olmalıdır ki, tətbiq etdiyi hüquqi normanı düzgün analiz və şərh etsin.
-Siz həm də hakim işləmisiniz. Məhkəmə insanların ən sonda pənah gətirdiyi yerdir. Bəzən məhkəmənin çıxardığı hökm bir tərəfi razı salmır. Bu haqda fikrinizi bilmək maraqlı olardı.
- Azərbaycan məhkəməsinin zəngin təcrübəsi vardır. Dərin hörmətə malik bir məhkəmədir. Məhkəməyə etiraz dünyada qəbul edilmiş sivil qaydada edilir. Sivil cəmiyyətdə ifadə tərzinin əsasını əxlaq normaları təşkil edir. Qərarla razı olmayan tərəf yalan və böhtan xarakterli fikirlərlə deyil, hüquqi arqumentlərlə etirazını əsaslandırmalıdır. Hesab edirəm ki, fikir mübadiləsi sağlam qaydada hüquq mədəniyyəti əsasında aparılmalıdır.
-Prokurorluq işçilərinin bugünkü işi sizi razı salırmı?
-Əlbəttə razı salır. Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli islahatların memarı olan ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Azərbaycan Prokurorluğu ulu Öndərimizin, eləcə də, onun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin ona olan qayğısına, inamına daim ləyaqətli xidməti ilə, özünün prokurorluq işçisi adını, qanun keşikçisi mövqeyini şərəflə qoruması ilə cavab verir. Prokurorluq işçisi geyim forması ilə deyil, hər şeydən öncə fiziki və mənəvi yetkinliyi ilə seçilməlidir.
Prokurorluqda işə qəbul test və müsabiqə yolu ilə keçirilir. Bura ən layiqlilər, savadlılar seçilirlər. Qanunlar ali və müqəddəsdirsə, qanunların keşiyində durmaq da müqəddəs bir işdir. Belə bir işi yalnız yüksək mənəviyyata malik insanlar həyata keçirə bilərlər. Azərbaycanın Baş Prokuroru Zakir Qaralovun rəhbərliyi ilə prokurorluq orqanları inkişaf yolundadır. Prokurorluq işçiləri ulu öndər Heydər Əliyevin siyasətinə həmişə sadiq qalmış və bu gün də qalmaqdadır.
-Bir təcrübəli hüquqşünas kimi deyə bilərsinizmi sevgi və məhəbbətin zirvəsi nədir?
- Bilirsiniz yaş ötdükcə adam qeyri-ixtiyari doğulub boya-başa çatdığı yerləri xatırlayır. Bu dünyanın ağrı-acısı ilə üz-üzə qalanda, dərd-sərdən silkələnmək istəyəndə ürəyindən bir yurd həsrəti keçir. İnsanı doğulduğu məkan kimi duruldan, ona yaşamaq uğrundakı savaşda güc-qüvvət verən başqa ilahi sehr yoxdur. Vətən sevgisi adamı hər əzaba, hər çətinliyə dözməyə məcbur edir. Sevgi və məhəbbətin zirvəsi ana və övlad istəyidir. Kəlbəcərli Şahbazla, Dilqəmin ölümü gözlərinin önünə alıb Kəlbəcərə gedib valideynlərinin qəbirlərini ziyarət etmələri bunun bariz nümunəsidir. Ondan sonra Vətən sevgisi gəlir.
Vətən sevgisi düşmənlərdən başqa heç kimdə qısqanclıq, qəzəb və hikkə doğurmur. Əksinə kim Vətəni sevirsə, soydaşları da onu çox sevir.
Beynəlxalq hüquq və bəşər əxlaqı heç bir sevgiyə görə qisasa haqq qazandırmır.
Yalnız Vətən naminə şəhid olmaq və ya qisas almaq cinayət, günah sayılmır, əksinə şərəf, şöhrət, qəhrəmanlıq hesab edilir. Mübariz İbrahimovun və Azərbaycanın başqa qəhrəman oğlanlarının vətənpərvərlikləri dediklərimə əyani sübutdur. Bizim evimiz Əlincə qalasının düz altındadır. Nəsimi filmi bizim kənddə çəkilib. Gənclik vaxtlarımda Əlincəyə o qədər çıxmışam ki...
Əlincə haqqında bir qədər çox danışmaq istəyirəm. Əlincə qalası tarixin yaddaşında mərdlik, əyilməzlik, qəhrəmanlıq rəmzi kimi yaşayır. Hər dəfə doğma yurda gedəndə və Əlincəyə baxanda bu yerlərin tarixi, Azərbaycan xalqının mübariz ruhu, əzmi qəlbimi qürur hissi ilə doldurur. Əlincə qalası 14 ildən çox Teymurləngin amansız həmlələrinə sinə gərib, onun cəllad oğlu Miran şaha əyilməyib. 2000-ildən çox yaşı göstərilən Əlincə qalası, dəniz səviyyəsindən 1500 - metr hündürlükdə yerləşir və onun zirvəsinə aparan yol 1301 pillədən ibarətdir. Orta əsr yazılı abidələrində qalanın adı "Alınçik", "Alınca", xalq etimologiyalarına görə isə "Əlinçik" yəni "əlini çək" kimi yozulur. Bu da qalanın alınmazlığı, məğlubedilməzliyi ilə bağlıdır. Fəzlullah Nəminin qəbri də bizim kənddədir. Əlincəyə, Nəminin qəbrini ziyarət etməyə çoxlu adam gəlir.
-Yəqin ki, yadınızdan çıxmayan hadisələr də olub....
-Elə hadisələr çoxdur. Ancaq biri heç yadımdan çıxmır. Lap cavan vaxtım idi. Xaçmaz rayon məhkəməsində hakim işləyirdim. Rəhmətlik anam bizə qonaq gəlmişdi. Sən demə, məndən xəbərsiz evdəkilərə deyir ki, məni aparın Seyfəddinin iş yerinə, görüm o, nə işləyir.
Mənim də heç nədən xəbərim yox. Zala daxil oluram. Səs eşidilir.
-Qalxın məhkəmə gəlir.
Zala baxıram. Hamı ayaq üstədir. Anam da qabaq cərgədə. Heç nə deyə bilmədim. Quruyub qaldım. Gözlərim yaşardı. Məhkəmənin çıxardığı qərar hamını razı saldı. Anam evdə mənə dua etdi, sonda dedi ki, elə işlə ki, hamı sənə dua etsin. Ən böyük mükafat elin duasıdır. Mən də buna əməl etdim. Bu hadisəni heç vaxt unutmaram. Və mən qüsursuz işlədim. Konstitusiyaya uyğun olaraq vaxtında təqaüdə çıxdım.
- Azərbaycan Prokurorluğunun 100 yaşı tamam olur.
-Azərbaycanın prokurorluq orqanları zəngin təcrübəyə malikdir. Bu orqanın tarixi 1918-ci il may ayının 28-dən Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra başlanmışdır.
1993-cü ildə xalqın israrlı tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə xilasedici qayıdışından sonra Azərbaycandakı özbaşınalıqlara, siyasi hakimiyyətsizliyə birdəfəlik son qoyuldu və Respublika prokurorluğu sinfi mənafelərə xidmət edən orqan deyil, cinayətkarlığa qarşı mübarizə, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması ilə fəaliyyətini davam etdirən bir orqana çevrildi. Milli Liderimiz Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.
-İnsan yaşa dolduqca dönüb arxaya baxır yola saldığı illəri xatırlayır. Təbii ki, kimi heyfsilənir, kimi fərəh duyur. Siz artıq təqaüddəsiniz. Ötən illər yaddaşınızda necə qalıb?
- Konstitusiyaya uyğun olaraq təqaüd yaşım çatıb və mən təqaüdə çıxmışam. Özüm haqqında deməliyəm ki, düz 63 il bundan əvvəl, sentyabrın 7-də Naxçıvan MR Culfa rayonunun Xanağa kəndində anadan olmuşam. İki qızım, bir oğlum var. Hər üçü ali təhsillidir. Oğlum da hüquqşünasdır. Mən Xaçmazda hakim, sonra prokuror, Qubada prokuror, Respublika prokurorluğunda idarə prokuroru, Biləsuvarda, Sabirabadda prokuror işləmişəm. İnsan qazandığı uğur üçün həddən ziyadə sevinməməlidir. Onun ölçüsünü, dərəcəsini bilməlidir. Mən həmişə demişəm, bu gün də deyirəm - yaxşılığın əvəzini Allah verir. Mənim üçün Azərbaycanın hər bölgəsi gözəldir. Hörməti insanın özü qazanır. Prokuror sözünün latınca mənası "qayğı göstərən" deməkdir. Harada işləmişəmsə, hamının xeyrində, şərində iştirak etmişəm, bu gün də iştirak edirəm. Rayonlarda çoxlu dostlarım var. Onlarla sıx əlaqə saxlayıram. Bu gün mən təqaüddə olsam da zəng edirlər, axtarırlar.
Qayıdıram sözümün əvvəlinə.
Prokuror sağlam düşüncəli və ədalətli olmalıdır. Millətindən, yaşından asılı olmayaraq cinayətkar cəzasını almalıdır.
Prokuror ömrü yaşamaq çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Bu ömrü elə yaşamalısan ki, yaxşı mənada daim xatırlanasan.
Mən başda Baş prokuror Zakir Qaralov olmaqla bütün prokurorluq işçilərini təqaüddə olanları Peşə bayramımız münasibəti ilə təbrik edir, hamısına can sağlığı, işlərində uğurlar arzulayıram.

P.S. Biz də dəyərli insan, təcrübəli prokurorluq işçisi, Baş Ədliyyə müşaviri Seyfəddin Həsənovu 7 sentyabr doğum günü və 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik edir, can sağlığı arzulayırıq.