adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ŞUNURLULAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
48450 | 2018-09-08 00:15
Yarımçıq etiraf

BAXIŞ BUCAĞI

Bu bir həqiqətdi ki, biz hamımız yeni dövrdə, yeni əsrdə yaşayırıq. Doğrudu, bu daha çox cismən yaşamaqdı. Çünki bir qismimiz ruhən dünəndəyik, yəni keçmişdə, bir qismimiz də gələcəkdəyik. Təbii ki, ora gedib çıxa bilsək. Bax, bu üçbucağın içərisində ümumi bir palaza bürünmüşük, adını da qoymuşuq yeni əsr və özümüz də olmuşuq yeni əsrin cismən adamları. Ona görə də büründüyümüz palaz bizi nə qədər eyniləşdirməyə çalışsa da, nə qədər gizlətsə də, amma süzülən yerlərindən, güvənin və digər həşəratların kəsib, dəlib keçdikləri yerlərdən müəyyən məqamlar aydınca görünür və bu görüntüləri gizlətmək təbii ki, mümkünsüzdü. Ən azından ona görə ki, biz cəmiyyət içərisindəyik, adam arasındayıq. Ən mükəmməl maskalar da həyatın bir anında mütləq büdrəyir, sapıtma verir və cırılır. Onda kimin kim olduğu ortaya çıxır...
Bu yerdə yadıma Ramiz Rövşənin gözəl və məşhur şeirlərindən bir bənd düşür. Həmin şeirdə deyilir ki, "Birdən, gecə qəflətən günəş çıxsa, onda kimin kimin evindən əyilə-əyilə çıxdığını görmək olar"... İndi mən də bütün gerçəkliklərin görünən və görünməyən tərəflərini boy sırasına düzürəm və çox maraqlı, lap bir az da romantik bir mənzərə yaranır. Elə bil ki, ilk baxışdan hamısı bir boyda, bir buxundadı. O qədim mahnıda deyildiyi kimi. Amma mahnı mahnılığında qalsın, bu gün heç gözəllərin də hamısı bir boyda, bir görkəmdə deyil. Hətta onlar daxilən də tamam fərqlidilər. Buradaca qeyd edim ki, hər zaman olduğu kimi, bu gün də bizi aldadan xarici görüntüdü və biz də söz adamı olaraq həmin o xarici görüntünü misralara köçürmüşük. Elə bilmişik ki, bu bir qəhrəmanlıqdı. Lap elə Fərhadın Bisutin dağını çapması kimi bir şeydi. Nə qədər qolumuza güc versək də, bizim qopardığımız elə qamqalaqlar, çarpanaqlar olur, dağ elə dağlığında qalır. Bu lirik yanaşmanın sonunda onu da xatırladım ki, biz gözəlliyi məhz görüntüylə vəsf edirik. Duyduğumuz gözəlliyi ifadə edəndə ya istəyimizi sərgiləyə bilmirik, ya da o, adamları daha çox düşüncəylə yükləyir. Təbii ki, indi düşünməkdən çox görməyə, baxmağa üstünlük verənlər var...

Ulduzlara göz qoymuşam
Qarışıbdı say bu gecə...
Neçə dəfə boylanmışam -
Yatmayıbdı Ay, bu gecə...

Dönə-dönə köklənmişəm
Kökləndikcə köhnəlmişəm...
Mən dərdimə köhlənmişəm -
Bildim bunu tay bu gecə!..

Ömrüm olub aha bələk
Ucuzlaşıb daha bələk!
Sən istəyən baha bələk -
Zay çıxıbdı, zay bu gecə!..
Məni dinlə, gününə gül
Ləçək tökmüş gülünə gül...
Sən bu eşqin külünə gül -
Ruhu elə şay, bu gecə!..

Bəli, yazını çox uzaqdan başladım. Əslində yeni əsrin yaşı o qədər də uzaq deyil, barmaq sayıdı. Amma bu barmaqsayı illərin içərisində insanlar az qala işıq sürətini də qabaqlayıblar. Ona görə də indi düşüncəylə yox, barmaqlarla idarə olunan texnikanın, elektronikanın gücünə güvənirik. Elə bilirik ki, barmaqlarımız əqlimizdən, düşüncələrimizdən güclü və qüdrətlidi. Amma unuduruq ki, istifadə etdiklərimizi bizə daha güclü, daha məntiqli, daha ağıllı insanların zəkası bəxş edibdi. Biz sadəcə onların yaratdığından ağına-bozuna baxmadan gen-bol istifadə edirik. Təbii ki, bir qismimizi çıxmaq şərti ilə, qalanlarımız gücümüzü barmaqlarımıza yükləmişik...
Hə, bax elə barmaqların diktəsilə yaşayan insanlardan söz düşmüşkən... Bu günlərdə bir mənzərənin şahidi oldum. Avtobusla gedirdik. Sürücü qəflətən əyləci basıb bütün gücüylə maşının səs siqnalını "qışqırtdı". Həm qəfil tormozdan, həm də bu səsdən narahat olan biz sərnişinlər bir anlıq nə baş verdiyini anlamadıq. Sonra gördük ki, iki cavan xanım heç nəyə məhəl qoymadan yolu keçirlər. Onlar nə maşını görür, nə siqnalı eşidirdi. Çünki qulaqlarında "şunur" vardı. Hətta sürücünün pəncərəni açıb onların ünvanına səsləndirdiyi qəzəbli, bir az da nalayiq sözləri də veclərinə almırdılar, çünki "şunurlu" idilər. Yanımda əyləşmiş yaşlı bir kişi üzümə baxa-baxa dedi:
- Ay oğul, mənə elə gəlir ki, indi cavanlar hamısı tokla işləyir. Hamının qulağından "şunur" sallanır...
Gülmək məni tutdu. Amma doğrudan gülməli bir məqam idi, gerçək məntiqin ortaya qoyduğu məqam!..
Yəqin bu mənzərəni hamı seyr edib. İstər marşrutlarda, istər metroda, istər küçədə, yolda, bulvarda, bir sözlə, hər yerdə cavanların "qulaqcıq"dan (nauşnik) istifadə etdiyinin şahidi oluruq. İlk baxışda burda pis heç nə yoxdu. Ancaq burda pis olan odur ki, bu "şunurlu" adamlar özlərinə çəkilirlər, ətrafı unudurlar.
Bəzən qəzalara səbəb olurlar və yaxud da özləri qəzaların qurbanına çevrilirlər. Üstəlik, bu həm də onlarda ətrafa laqeydlik də aşılayır. Onlar nə ayaqları altında qalanı görürlər, nə də qəflətən ürəyini tutub köməyə ehtiyac duyan hansısa bir Allah bəndəsini. Bütün bunlar da insanlığın erroziyası deməkdi. Biz görə-görə, bilə-bilə aşınırıq. Deyəsən, içimizə dolmuş qurd elə bizi içimizdən də yeyir. Amma çölümüz o qədər gözəl, o qədər məmnundu ki. Axı biz yeni əsrin adamlarıyıq?!
Təəssüf. Bax, bu mənzərə hərdən adamı yeni əsrdən baş götürüb qaçmağa, özünə çəkilməyə, keçmişinə sığınmağa səsləyir. Normal insan, normal ürək boğulur bu, bir-birini əzib keçən cahilliyin içində. Adı inkişaf, tərəqqi olan bir cahillik... Mən belə anlarda özümü nə qədər kimsəsiz, nə qədər bu zamana, bu standartlara uyğun gəlməyən bir bəndə olduğumu açıq-aşkar görürəm və onda gücüm ancaq özümə və ürəyimə çatır, onunla əlbəyaxa oluram.

Kiməsə ümid bağlayıb
Köklənmə ürək, köklənmə...
Sonra da ümidsiz qalıb-
Təklənmə ürək, təklənmə!..

Olanları görə-görə
Baxmadın heç bir alverə...
Tay bu göyə, tay bu yerə-
Şəklənmə ürək, şəklənmə...

Dilləndir o sarı simi
Ovut, söz dolu içini...
Sıx özünü yumruq kimi-
Ləklənmə ürək, ləklənmə!..

***
Yəqin ki, bu yazının birinci hissəsini oxuyanların bir qismi məni qınayacaq və ardını oxumaqdan imtina edəcək. Mən buna təbii baxıram. Çünki mən köhnə dünyanın adamı kimi yalançı görüntüləri, əllaməçiliyi, saxta yeni dövr adamını qəbul edə bilmirəm. Təsir əks təsirə bərabər olduğu üçün təbii ki, onlar da məni qəbul etmir. Ona görə də hər kəs öz məntiqində, öz seçimində haqlı olaraq qalsa, yəqin ki, çox da böyük faciə baş verməz. Amma yenə də vurğulayıram ki, insanlığın aşınmasına bu qədər meyl göstərmək doğru deyil!..
Hə, ilin sonuncu on gününə qədəm qoyuruq. Belə baxanda 366-nın 356-sı əriyib gedib. Özü də təkcə özü əriməyib, bizləri də içində əridibdi. Ötən ilin xatirələrini çözüb qurtarmamış, bu ilin xatirələrinin addım səsləri qapı dalında özünü gözlədir. Deməli, əsrin sürəti günün də sürətini elə artırır ki, dan yerinin nə vaxt sökülüb, qaranlığın nə vaxt başımızın üstünü aldığını hiss etməmişik. Bir az köklü-köməcli düşünəndə arxada qalan 356 gündə bir insan, bir vətəndaş olaraq ortaya heç nə qoymadığımı, tarixə heç nə vermədiyimi düşünüb, dərk edib ağrıyıram. Səmimi deyim ki, içimdə bir sızıltı baş qaldırır. Axı mən 356 günün cəlladı olmuşam... Bunu da başqa səmtlərə yozmayın. Düşünməyin ki, sudan quru çıxmaq istəyirəm. Yox, bu həyat gerçəkliyidi. Sadəcə, yapışdığım bir saman çöpü var, o da yazdığım yazılardı. Mənə elə gəlir ki, o yazıların hər biri hardasa bir ürək sevindirib, bir oxucu diqqəti çəkib. Bunun özü də hər şeyin bütünlüklə pis olduğunu düşünməməyə imkan verir. Nəhayət...
Bəli, içərisində olduğum həyatın bütün özəllikləri və gözəllikləri ilə birlikdə mən hər yerə özümlə apardığım, hər yerdə yanımda olan sənin də barəndə düşünməyə vaxt tapıram. Elə bilmə ki, bu sənə xoş gəlmək üçün etdiyim bir jestdi. Yox, sadəcə, sən də yeni əsrin adamısan, yeni əsrin içərisindəsən. Bir-birinin içində olan varlıqlar isə eyni düşüncənin daşıyıcısı olmasalar da, eyni həyatı bölüşməyə məhkumdular. Bax, mən də bu mənada yeniliklə köhnəliyin yanaşı, paralel addımlarının həm şahidiyəm, həm də o addım səslərinin içərisində mənim də addım səslərimi az, ya çox hənirini duya bilirəm. Və...
Hərdən düşünürəm ki, bir ömür yaşayan insan niyə arxadakı günlərini unudur? Niyə bir anlıq da olsa dönüb geri baxmır? Bu məqamda xalq yazıçısı İlyas Əfəndiyevi də xatırlayıram, onun məşhur romanını da. Amma heç razılaşmıram. Çünki geriyə baxmaq mütləq lazımdı. Onda kim olduğunu, hardan gəldiyini anlayacaqsan, unutmayacaqsan. Bax, mən də bu prizmadan, bu baxış bucağından çıxış edərək hər kəsə səslənirəm:
- Nə qədər istəyirsiniz müasir olun, amma nə olar aşınmayın! Errorziyaya bu qədər qol-qucaq açmayın! Yoxsa...
Hə, mən deyəcəyimi dedim. Eşidənlər eşitsin, eşitməyənlər özləri bilsin. Amma sənə də deyəcəyim var. Bilirəm ki, sən eşidəcəksən. Özü də birbaşa deyəcəm...

Sən
səsimdə güldün,
sən
sözümdə güldün,
sən
gözümdə güldün-
səsimdə,
sözümdə,
gözümdə
saxladım səni!..
Sən
səsimi öldürdün,
sən
sözümü öldürün,
sən
gözümü öldürdün-
səsimdə
sözümdə,
gözümdə
ağladım səni!...
sən
səsimin ağ işığı,
sən
sözümün ağ işığı,
sən
gözümün ağ işığı-
səsimə,
sözümə,
gözümə
ağ aldım səni!..

Bəli, budur gerçək. Ölən səs də var, ölən söz də var, ölən göz də var, bunları görməyən "şunurlular" da var və üstəlik günlərin qatili də var, hamısı da gözümüzün önündədi. Yaxınlaşın, tutun yaxasından...

TƏQVİM / ARXİV