adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Sentyabr 2018 00:09
36049
LAYİHƏ
A- A+

Akademik Bəkir Nəbiyevlə söhbət və ya gündəlikdən sətirlər

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Bir də ona görə yaxşı bilirdim ki, mənə orta məktəbdə rus dilini tədris edən Paşa Əfəndiyev Əməkdar müəllim adına layiq görülmüşdü və Qori Seminariyasını bitirmişdi. O kənd uşaqlarına rus dilini o qədər canla- başla öyrədirdi ki, biz ali məktəbə gəlib qəbul imtahanı verendə yalnız "əla" və "yaxşı" qiymətlər alırdıq. Mən də o cümlədən "əla" aldım. Nəhayət bizim ailədə mənim rəhmətlik anam və böyük bacım rus dilini çox gözəl bilirdilər. Atamın dərin savadı vardı, belə ki, o hələ inqilabdan əvvəl rus-tatar məktəbini bitirmişdi. O, mənə və qardaşıma rus dilini çox gözəl öyrətmişdi. Bütün bunlardan sonra aspirantura imtahanında mənə rus dilindən "4" yazmaqla rəqiblərimdən geri saldılar. Beləliklə də, mexaniki olaraq aspiranturadan geri qalırdım.
Ancaq üçünçü cəhddə mən aspiranturaya girə bildim, ona görə ki, artıq partıyanın XX qurultayı olmuşdu və Stalinin şəxsiyyəti laxlayıb ifşa edilmişdi.
Mən də ərizə verib rəhmətlik atamla əlaqədar bəraət kağızı almış, bu kağızın surətini qəbul sənədlərinin arasına qoymuşdum. Yalnız bundan sonra "əla" qiymət alıb aspiranturaya qəbul edildim.
Həmin vaxta kimi repressiya bir kabusa çevrilib hər yerdə məni qarabqara təqib edirdi. Mənim tərcümeyi-halımda ikinci əlamətdar hal ali məktəbdə çox görkəmli şəxsiyyətlərdən dərs almağımdır. Mənim və tələbə yoldaşlarımın müəllim sarıdan bəxti yaman gətirmişdir. Bu görkəmli alimlərdən professor Mikayıl Rəfili mənə dəqiq dövr ədəbiyyatından, akademik Həmid Araslı orta əsrlər ədəbiyyatından, akademik Feyzulla Qasımzadə XIX əsr ədəbiyyatından, akademik M.A.Dadaşzadə rus ədəbiyyatından, professor Cəfər Xəndan ədəbiyyat nəzəriyyəsi və sovet ədəbiyyatından dərs demişdirlər.
Bu alimlərin hər biri azman ədəbiyyatımızın nəhəng sütunlarını təşkil edən görkəmli simalar idi. Biz nəinki onların mühazirələrinə həvəslə qulaq asır, eyni zamanda onların qələmə aldıqları qiymətli dərsliklərindən yaradıcı şəkildə bəhrələnirdik. Çoxu o zaman mənim kimi atasız olan tələbələrə bu dəyərli simalar mənəvi atalıq edir, haqqın, ədalətin düzgün yolunu göstərirdilər, inkişafımıza kömək edirdilər. Heç unuda bilmirəm, mən aspiranturaya qəbul edildikdən sonra C.Xəndan mənim xahişimi gözləmədən bir kağız yazıb işimin arasına qoymuşdu ki, aspirant Bəkir Nəbiyevin elmi rəhbəri olmağa razıyam. Təzəcə aspiranturaya girmiş adi bir gənc üçün bu çox böyük bir dəstək idi.
- Bəkir müəllim, sizin dövrü mətbuatda ilk elmi məqaləniz Həsən Seyidbəylinin "Kənd həkimi" povesti haqqında idi. Ola bilsin ki, o vaxta kimi çox povestlər, hekayələr, şeirlər oxumuşdunuz. Bu əsərdə sizi hansı hiss, hansı duyğu tərpətdi ki, haqqında ətraflı məqalə yazmaq qərarına gəldiniz? Beləcə də sizin tənqidçi alim bacarığınıza start verildi.
- Mən hələ universitetdə tələbə ikən Yazıçılar İttifaqında keçirilən "Gənclər günü" tədbirlərində fəal iştirak edir, bu tədbirlərdə Səməd Vurğun, Rəsul Rza, Osman Sərıvəlli, Zeynal Xəlil, Məmməd Rahim, Əhməd Cəmil kimi təfəkkür nəhənglərinin aparıcısı olduğu tədbirlərdə onlarla canlı təmasda olmaq imkanı əldə edirdim. Bu tədbirlərdə müxtəlif şeirlər, poemalar oxunub müzakirə edilir, yaxşılara elə oradaca çap üçün məsləhət bilinirdi. Müzakirələr zamanı hər bir kəsə öz fikrini sərbəst şəkildə ifadə etmək imkanı yaradılırdı.
Mən də bu və ya digər dərəcədə çıxışlar edir, oxunan əsərlər barədə fikrimi bildirirdim.
Bu tədbirlərin bir neçəsini də gözəl, lirik şairimiz Əhməd Cəmil idarə etmişdi. Əhməd Cəmil o zaman "Ədəbiyyat" qəzetinin redaktoru vəzifəsində çalışırdı. Əhməd Cəmil növbəti gənclər günü tədbirindən sonra mənə müraciət edib dedi:
- Bəkir, mən görürəm ki, siz bu tədbirlərdə fəal iştirak və çıxış edirsiniz. Bəs nə əcəb siz qələminizi sınayıb bizim "Ədəbiyyat" qəzeti üçün ayrı-ayrı əsərlər barədə məqalə yazmırsınız? Mən sizə təklif edirəm ki, bizimlə əməkdaşlıq edəsiniz. O söhbət əsnasında məni çəkə-çəkə öz iş yerinə baş redaktorun otağına apardı. Sonra stolunun siyirməsindən bir neçə kitab çıxartdı.
Bunlar son vaxtlarda yeni çapdan çıxmış kitablar idi. O, kitabları mənə göstərib dedi ki, bunlardan hansını istəyirsən seç götür. Mən əvvəlcə yüksək etimadına görə ona təşəkkür elədim, sonra isə dedim ki, siz özünüz hansı kitabı məsləhət görsəniz, onu da götürərəm. Onda Əhməd müəllim mənim rəyimdən asılı olmayaraq qeyri-ixtiyari olaraq əlini Həsən Seyidbəylinin "Kənd həkimi" povestinin çap olunduğu kitaba uzatdı və qaldırıb mənə verdi, aparıb evdə çox diqqətlə oxudum. Çox maraqlı povest idi. Əsərdə gəncliyin həyatından, İraqın sərhədində Astara və onun ətrafında müxtəlif xəstəliklərə qarşı aparılan mübarizədən, eləcə də köhnəliklə yeniliyin mübarizəsindən bəhs edilirdi. Mən də böyük həvəslə işə girişib əsəri oxuduqdan sonra ilk iri ədəbi məqaləmi yazdım.
- Bundan sonra isə bir-birinin ardınca sizin çox fundamental kitab və məqalələriniz çap olunmağa başladı. Almas İldırım, Əhməd Cavad haqqında kitablarınız işıq üzü gördü. Bu kitablar haqqında danışmalı olsa idiniz nə deyərdiniz ?
- Mən əvvəlcə X. R. Ulutürk haqqında yazdığım irihəcmli monoqrafiya haqqında bir neçə kəlmə danışmaq istəyirəm. X.Rza Azərbaycan poeziyasının ən nadir simasından biridir və bu keyfiyyətlərə məxsus yeganə şairimizdir. Yəni ki, şair olub vulkan kimi püskürəsən, yeri gəldikdə həzin bir lirikə çevriləsən, yeri gələndə isə od- alov saçasan. Mənim kitabımda da əksini tapdığı kimi X.Rza od-alov saçan şairdir.
Təsadüfi deyil ki, mən o kitabın adını "İstiqlal şairi" qoymuşdum. Azərbaycanın istiqlaliyyəti uğrundakı mübarizədə Xəlil Rza ancaq Əhməd Cavad kimi istiqlalımız yolunda ilk yazan azman şairlərlə müqayisə oluna bilər. Lakin məhsuldarlığı, məna və əhəmiyyəti, şeirlərinin, poemalarının həcmi, sanbalı baxımından, odu, alovu baxımından həqiqətən də X.Rza bizim birinci dərəcəli istiqlal şairimizdir. Məni bu kitabı yazmağa sovq eləyən bir də o oldu ki, mən Xəlil Rza ilə tələbəlik illərinin dostu və yoldaşı olmuşam. Mən onunla 5 il universitetdə bir fakültədə oxumuşam, onunla 5 il bir otaqda yaşamışam.
Rəhmətlik Qulu Xəlilovla X.Rza universitet illərində həm tələbə yoldaşım, həm də otaq yoldaşlarım olublar. X.Rzanın beləliklə də mən xarekterini, üslubunu kifayət qədər müşahidə edib mənimsəmiş və bəyənmişdim. Bu kitab həcmcə böyük olmasına baxmayaraq arxivlərdən, bir sıra tarixi mənbələrdən geniş şəkildə istifadə etməyimə baxmayaraq, yazılış prosesi mənim üçün o qədərdə çətin keçmədi. Arada məsafə çox kiçik olduğu üçün bir sıra çox vacib mətləbləri beynimdən kağıza köçürtməkdə o qədər də çətinlik çəkmədim. Çünki X.Rza haqqında təəssüratlarım kifayət qədər zəngin idi. Digər kitablarıma gəldikdə isə mən bayaq adını çəkdiyim Əhməd Cavad müstəqil Azərbaycan dövlətini, onun bayrağını tərənnüm edən, himnini yazan birinci şairimizdir ki, eyni zamanda gözəl alim və tərcüməçi kimi sonradan amansız repressiyaya məruz qalmışdır. Onun taleyi də ürəkləri parçalayan qədər kədərli və faciəli oldu. Namərd M.C.Bağırovun bu sözlərini sonradan dönə-dönə çap olunub. "Baxın, Yazıçılar İttifaqında kimlər oturub, Hüseyn Cavid kimi, M. Müşviq, Əhməd Cavad kimi düşmənlər oturub", onun bu sözləri müvafiq orqanlara əsas verdi ki, ən yaxşı, layiqli qələm sahiblərimizi gedər-gəlməzə göndərsinlər.
- Həqiqət naminə mən öz subyektiv fikirlərimi bildirmək istəyirəm, mənə belə gəlir ki, o dövrün bir sıra yalançı məddahları və bədxah qurucuları paxıllıq edərək H.Cavid kimiləri qəsdən gözdən salmağa, onlara qara yaxmağa calışmış, onları Bağırovun nəzərində nüfuzdan salmaq üçün ciddi cəhdlər göstəriblər, sonradan Bağırov tarixi məhkəməsi zamanı peşman olduğunu, aldadıldığını, məhz buna görə də məhkəmədən aman diləməyib özünə ən ağır cəzanın verilməsini tələb etmişdir.
- Bu dediklərimiz tarixi gerçəklikdi, bununla belə mən qətiyyən inana bilmirəm ki, Bağırov kimi təcrübəli bir adam ürəyində Cavid kimi qüdrətli zəka sahiblərinə məhəbbət olduğu halda, kənardan söz deyən bir çuğulçunun vasitəsi ilə öz mövqeyini bu dərəcədə dəyişdirə biləydi. Nisbətən yüngül cəza tədbirləri də tətbiq etmək olardı.
Adamı vəzifəsindən azad etmək, töhmət vermək, kitabının nəşrini, teatrdakı tamaşasını ləngitmək olardı. Birdən-birə bu qədər gərəkli və günahsız adamı qırğına göndərmək, məncə, çuğulçuların işi yox, onun daxilindən gələn bir bəd əməlin nəticəsidir.

(ardı gələn sayımızda)

Bayram Afurcalı